"Təmiz
Şəhər" ASC fəaliyyətini uğurla davam etdirir
Ulu öndər Heydər Əliyevin
sosial-iqtisadi siyasətini layiqincə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin
ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi
diqqət göstərir. Son illər ölkə rəhbərinin
bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə
həsr olunmuş müşavirələrin keçirilməsi,
ətraf mühitlə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrasına diqqətin
artırılması, mövcud ekoloji problemlərin aradan
qaldırılması məqsədilə müvafiq sərəncamların
imzalanması bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən
biri olduğuna dəlalət edir.
Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən təsis edilmiş "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovla görüşdük. Onunla müsahibəmizi təqdim edirik.
- Zakir müəllim, "Təmiz Şəhər" ASC fəaliyyətə başladığı vaxtdan Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq üçün bir çox tədbirlər həyata keçirilmişdir. "Ekologiya ili" elan edilmiş 2010-cu ildə "Təmiz Şəhər" ASC uğurlu fəaliyyət göstərmişdir. Bəs 2011-ci ildə cəmiyyətiniz tərəfindən hansı işlər görülmüşdür?
- 2011-ci ildə "Təmiz Şəhər" ASC dövlətin dəstəyi ilə tullantıların idarə edilməsi sisteminin düzgün şəkildə qurulması və ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə bir çox işlər görmüşdür. Belə ki, fəaliyyətə başladığımız ilk gündən etibarən əsas hədəfimiz Balaxanı şəhər tullantılarının zərərsizləşdirlməsi poliqonunda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmaq idi. Balaxanı poliqonunun ASC-nin balansına verilməsindən cəmi 3 il ötməsinə baxmayaraq, burada aparılan bir sıra işlər nəticəsində poliqonun ətraf mühitə mənfi təsiri nəzərə çarpacaq dərəcədə azalmışdır. Balaxanı poliqonunda görülmüş işlərin qiymətləndirlməsi üçün mütəmadi olaraq ekoloji monitorinqlər aparılır. Bu məqsədlə beynəlxalq səviyyəli müasir laboratoriya ilə xidmət müqaviləsi imzalanmışdır. Ekoloqlar tərəfindən aparılan su və torpaq nümunələrinin müqayisəli analizlərinin nəticələrinə əsasən məlum olmuşdur ki, su nümunələrində bütün elementlərin miqdarı yol verilən qatılıq həddindədir, torpaq nümunələrində isə zərərli elementlərin azalması müşahidə olunur. Analizlər göstərir ki, hava nümunələrində zərərli qazların miqdarı aşağı düşmüşdür və yol verilən həddə çatdırılmışdır.
Bundan əlavə, "Təmiz Şəhər" ASC Balaxanı poliqonu ərazisində sanitariya və gigiyena normalarına riayət edilməsinə çox böyük diqqət yetirir. Bildiyiniz kimi tullantı maşınları şəhərimizin müxtəlif küçə və məhəllələrindən topladığı tullantıları Balaxanı poliqonuna daşıyır. Burada tullantılar boşaldıldıqdan sonra bu maşınlar paytaxtımızda yenidən dolaşaraq öz fəaliyyətlərini davam etdirir. Bu proses nəticəsində ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə Balaxanı poliqonu ərazisində yuma və dezinfeksiya məntəqəsinin tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. 4 yuma kabinəsindən ibarət olan yuma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara cavab verəcək və gün ərzində poliqon ərzasinə daxil olan 400-dən çox maşına xidmət göstərə biləcək.
Müasir ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına cavab verən məntəqə Almaniyanın tanınmış "Christ" şirkətinin yuma avadanlıqları ilə təchiz edilmişdir. Poliqonda yerləşən bu məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan tərkibində xlor olmayan maddələrdən istifadə edilərək təmizlənəcəkdir. Həmçinin yuma zamanı istifadə edilən su müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndiriləcəkdir.
Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə burada mütəmadi yaşıllaşdırma kampaniyaları keçirilir. 2010-cu ildən başlayaraq ənənə halını almış bu aksiyalar çərçivəsində poliqon ərazisində ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi Balaxanı poliqonu ərazisində 3000-ə yaxın ağac və bəzək kolları əkilmişdir.
Bu 3 il müddətində Balaxanı poliqonu ərazisində görülən və gələcəkdə planlaşdırılan işlərin əsas məqsədi Balaxanı poliqonunun beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, buranın tam sanitariya və gigiyena normalarına cavab verən poliqona çevrilməsidir. Buna İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında imzalanmış saziş əsasında həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi də dəstək verir.
- 2009-cu ilin noyabr ayında təməli qoyulan Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunun tikintisində hansı irəliləyişlər var?
- Xatırlatmaq istərdim ki, bərk məişət
tullantılarının yandırılması zavodu Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyi və
Fransanın "CNİM S.A." şirkəti ilə
imzalanmış müqaviləyə əsasən Balaxanı qəsəbəsində
tikilməkdədir. bərk məişət tullantılarının
yandırılması zavodu ildə 500 min ton bərk məişət
tullantısı və 10 min ton tibbi tullantıları
utilizasiya etmək gücünə malik olacaq. Zavod alternativ enerji kimi ildə 231,5
milyon kVt/s elektrik enerjisi istehsal edəcək. Müəssisənin
fəaliyyəti nəticəsində tullantıların
ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə
azalacaq. İstehsal gücünə görə həmin zavod
Şərqi Avropada və MDB məkanında ən iri bu tipli
zavod hesab olunur.
Dördüncü
nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu
müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi
sahəsində ən sərt normativlərinə tam cavab verəcək.
Hal-hazırda zavodun tikinti-quruculuq işləri qrafikə
uyğun olaraq davam etdirilir. Belə ki, zavodun birinci
yarımstansiyasının tikinti-quraşdırma işləri
başa çatmış, yarımstansiyanın bütün
avadanlıqları uğurla sınaqdan keçirilmişdir.
Eyni zamanda, zavodun su soyutma sisteminin və su çənlərinin
quraşdırılması, yanğınsöndürmə
nasos stansiyasının özül və cilalama işləri
yekunlaşdırılmışdır. Hazırda isə polad
dam örtüklərinin, zavod binasının fasad
örtüklərinin quraşdırılması, inzibati
binanın kabel xətlərinin çəkilməsi,
boruların quraşdırılması üzrə işlər
həyata keçirilir. 2012-ci ilin sonlarında zavodun istismara
verilməsi planlaşdırılır.
- "Təmiz
Şəhər" ASC həm də bərk məişət
tullantılarının çeşidlənməsinə
böyük önəm verir. Bu istiqamətdə səhmdar cəmiyyət
tərəfindən hansı işlər görülməkdədir?
-
Ümumiyyətlə, tullantıların idarə edilməsi
sahəsində onların çeşidlənməsi və təkrar
emalı mühüm utilizasiya üsullarındandır.
Çeşidləmə həm də ucuz xammal bazarı, təbii
sərvətlərə, enerjiyə, torpaq ərazilərinə
qənaət deməkdir. Bütün bunlar nəzərə
alınaraq tullantıların çeşidlənməsi
"Təmiz Şəhər" ASC-nin
tullantılarının idarə edilməsi siyasətinin vacib
istiqamətlərindəndir. Hazırda Balaxanı poliqonu ərazisində
bərk məişət tullantılarının
çeşidlənməsi məntəqəsi fəaliyyət
göstərir. Çeşidləmə məntəqəsində
təkrar emala yararlı tullantılar (şüşə,
plastik, kağız, əlvan metallar və s.) əl ilə
çeşidlənir. Burada növbəli rejimdə 80 nəfər
çeşidləyici çalışır. Eyni zamanda məişət
tullantılarının çeşidlənməsi və
ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi
məqsədilə hazırda Balaxanı qəsəbəsində
illik 200 min ton tullantı qəbul etmək gücünə
malik olan yarım-avtomatik çeşidləmə məntəqəsində
tikinti-quruculuq işləri davam etdirilir. Çeşidləmənin
aparılması nəticəsində təkrar emal
üçün yararlı materiallar ayrılacaq ki, bu da
tullantıların ümumi həcmini azaldacaq, ucuz xammal
bazarı formalaşdıracaq, ölkədə təkrar emal
işinin qurulması üçün zəmin yaradacaq.
Çeşidləmə zavodunun istismara verilməsi təbii sərvətlər
və enerjiyə qənaəti, ən önəmlisi, ətraf
mühitə mənfi təsirin azaldılmasını
mümkün edəcək. Çeşidləmə məntəqəsinin
2012-ci ilin ikinci rübündə işə salınması
planlaşdırılır.
- Sizcə,
tullantıların evlərdə əhali tərəfindən
çeşidlənməsi tullantıların zavodda
çeşidlənməsini daha da asanlaşdırmazmı?
-
Doğrudur. Tullantılar evlərdə əhali tərəfindən
çeşidləndikdən sonra çeşidlənmiş
şəkildə zavoda yönləndirilməsi daha çox
tullantı kütləsinin çeşidlənməsi deməkdir
və bu tullantıların ümumi kütləsindən daha
çox təkrar emala yararlı materialların əldə
olunmasına və ümumi kütlədə "itməməsinə"
yardım göstərir. Dünya təcrübəsinə nəzər
salsaq tullantıların çeşidlənməsi prosesi adətən
iki mərhələdən ibarət olur: tullantıların
evlərdə müxtəlif növlər üzrə
çeşidlənməsi və ayrı-ayrılıqda
atılması, sonra zavodlara nəql edilməsi və burada
yenidən avtomatik çeşidlənməsi. Xatırladım
ki, tullantıların yığılması və
daşınması işlərini Bakı Şəhər
İcra Hakimiyyəti həyata keçirir. Cəmiyyətimiz
isə öz növbəsində tullantıların yerləşdirilməsi
və zərərsizləşdirilməsini təmin edir.
"Təmiz
Şəhər" ASC tullantıların evlərdə
çeşidlənməsi işinin təşkili istiqamətində
hazırda iki pilot layihə həyata keçirməkdədir.
Birinci pilot layihə "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə
birlikdə İçərişəhər ərazisində
2010-cu ilin fevral ayında başlanılmışdır və
hazırda davam etdirilir.
Digər
pilot ərazimiz isə Qala qəsəbəsidir. Burada Heydər
Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz
Qala" layihəsi həyata keçirilir. Layihənin məqsədi
Qala qəsəbəsi ərazisində tullantıların
çeşidlənmiş şəkildə
yığımının və daşınmasının, o
cümlədən sonrakı utilizasiyasını müasir
standartlara uyğun təşkil etməkdir. Layihə çərçivəsində
qəsəbə ərazisində tullantıların
toplanması üçün 120-dən artıq tullantı
meydançası qurulmuş və tullantıların mütəmadi
daşınması təşkil edilmişdir. Bundan əlavə,
tullantı konteynerləri sanitariya və gigiyena normalarına
uyğun mütəmadi yuyulur və dezinfeksiya edilir. Qəsəbə
ərazisində fəaliyyət göstərən
bütün texnika GPS naviqasiya sisteminə qoşulub, bu isə
istənilən zaman texnikanın işini, harada yerləşdiyini
izləmək və nəzarət etmək imkanı
yaradır.
Hər
iki pilot ərazidə tullantıların idarə edilməsinin
düzgün və səmərəli icrası məqsədi
ilə tullantıların üzvi və qeyri-üzvi növlər
üzrə çeşidlənməsi sistemi tətbiq edilir. Cəmiyyətimiz
tərəfindən çeşidlənən tullantı
növləri üzrə hər iki ərazidə yaşıl
və göy konteynerlər yerləşdirilmiş və
konteyner meydançaları izahedici stendlərlə təchiz
edilmişdir. Bu iki layihənin uğurlu icrasını və əhalinin
layihədə fəal iştirakını təmin etmək
üçün daim geniş təşviqat və maarifləndirmə
proqramı həyata keçirilir. "Təmiz Şəhər"
ASC-nin təşkil etdiyi təşviqat proqramı Qala qəsəbəsi
və İçərişəhər əhalisinin
bütün yaş təbəqələrini əhatə edir.
Belə ki, uşaq bağçasında uşaqlarla ekoloji
yarışlar və oyunlar təşkil edilir, məktəblərdə
maarifləndirici söhbətlər aparılır, qəsəbə
sakinləri ilə evlərdə maarifləndirmə xarakterli
görüşlər keçirilir, əhaliyə ekoloji mövzularda
müxtəlif izahedici və təşviqat materialları
paylanılır, mütəmadi iməciliklər
keçirilir, əhalinin çeşidləməyə
münasibətini öyrənmək, onların təklif və
xahişlərini nəzərə almaq, bu prosesi gələcəkdə
daha da təkmilləşdirmək üçün hər il
ictimai sorğu təşkil edilir.
- "Təmiz
Şəhər" ASC tərəfindən həyata
keçirilən digər maarifləndirici tədbirlər barədə
də məlumat verməyinizi xahiş edirik.
- Ekoloji
problemlərin həllində dövlət və dövlət
qurumlarının fəaliyyəti ilə yanaşı,
ictimaiyyətin dəstəyi də əvəzolunmazdır.
"Təmiz Şəhər" ASC ictimai ekoloji təlim-tərbiyə
işlərinin aparılmasına, təhsil müəssisələrində
mühazirələrin oxunmasına, sakinlərlə
görüşlərin keçirilməsinə və ətraf
mühitin mühafizəsi sahəsində insanların biliklərinin
artırılmasına böyük önəm verir. Bu məqsədlə
səhmdar cəmiyyət tərəfindən 2011-ci ildə də
bir sıra işlər görülmüşdür. "Təmiz
Şəhər" ASC-nin əməkdaşları tərəfindən
Azərbaycan Dövlət Neft Akademiyasında "Ətraf
mühit və neft sənayesi" istiqaməti üzrə
magistratura pilləsində təhsil alan tələbələrə
tullantıların idarə edilməsi mövzusunda mühazirələr
oxunmuşdur. Bundan başqa "Təmiz Şəhər"
ASC-nin ofisində fəaliyyət göstərən
Tullantıların İdarə Edilməsi üzrə Məlumat
və Resurs Mərkəzi bazasında tələbə və
jurnalistlər üçün "Bərk məişət
tullantılarının idarə edilməsi" mövzusunda təlim-tədris
kursları təşkil edilmişdir. Təlimlərdə
iştirak edən tələbə və jurnalistlərə
tullantıların idarə edilməsi sahəsində
mövcud qanunvericilik bazası, tullantıların emalı sahəsində
müasir texnologiyaların tətbiqi və digər aidiyyəti
mövzularda mühazirələr oxunmuşdur. Təlim-tədris
kursunda fərqlənmiş iştirakçılara sonda
müvafiq sertifikatlar verilmişdir.
Maarifləndirmə
işində xüsusi hədəf qrupumuzu yeniyetmə və gənclər
təşkil edir. Keçirilməsi artıq ənənə
halını almış yay məktəbi bu il də gənclər
tərəfindən çox böyük maraqla
qarşılanmışdır. 55 tələbənin
iştirakı ilə "Təmiz şəhər naminə"
adlanan yay məktəbi çərçivəsində "Təmiz
Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən
mühazirələr oxunmuş, əldə olunan məlumat əsasında
mərhələli debat turnirləri təşkil
edilmişdir, eyni zamanda gənclərin asudə vaxtının
dəyərləndirilməsi üçün müxtəlif
idman və intellektual oyunlar, viktorinalar təşkil
edilmişdir.
Bu yaxınlarda böyük ekoloji fotolayihəni yekunlaşdırmışıq. İctimaiyyətin diqqətini Bakı şəhərinin təmizliyinin qorunmasına cəlb etmək və əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək məqsədilə "Təmiz Şəhər" ASC Mobiloqrafiya fotoyarışmasını elan etmişdir. 4 ay davam edən müsabiqə zamanı fotomüsabiqənin rəsmi internet səhifəsində 2000-ə qədər istifadəçi qeydiyyatdan keçmişdir. Müsabiqədə iştirak üçün 600-dən çox şəkil təqdim edilmiş, seçilmiş 58 fotoşəkil səhifədə yerləşdirilmiş və səsvermə aparılmışdır. Fotomüsabiqə facebook sosial şəbəkəsinin istifadəçilərinin xüsusi marağına səbəb olmuş və müsabiqə haqqında yeniliklər mütəmadi olaraq izlənilmişdir .
Ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin formalaşdırılması kiçik yaşlardan başlamalıdır. Bunu nəzərə alaraq ASC ibtidai sinif şagirdləri üçün tullantılarla düzgün rəftar və təmizlik mövzularında nağıl və rəngləmə kitabının hazırlanması məqsədilə nağıl müsabiqəsi elan etmişdir. Müsabiqədə qalib gələn 4 nağıl "Təmiz şəhər nağılları" nağıl və rəngləmə kitabına daxil edilmişdir. Kitab çox tirajda buraxılaraq Bakı şəhərinin 11 rayonu üzrə bütün məktəblərin ibtidai siniflərinə pulsuz olaraq paylanılmışdır. Bu işdə bizə Bakı Şəhər Təhsil İdarəsi köməklik göstərmişdir.
Ətraf mühitdə baş verən istənilən dəyişikliklərdə insanların rolu və məsuliyyəti böyük və qaçılmazdır. Bütün bu ictimai-maarifləndirici fəaliyyətimizin məqsədi də məhz bunu insanlara çatdırmaq, ətraf mühitin mühafizəsi sahəsinə daha çox diqqət cəlb etməkdir. Yalnız birlikdə əməyin nəticəsində yaşadığımız mühiti qoruya, sağlam gələcəyə nail ola bilərik.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 12 yanvar. - S.4.