Dövlətin qayğısı aqrar sahəni dirçəldir

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi islahatlar ilk olaraq kənd təsərrüfatı sahəsində aparıldı. Sovet dövründən miras qalmış kolxozsovxozlar ləğv edilərək onların əmlakları torpağın əsl sahibkarı olan kəndlilərə paylandı. 70 il birgəyaşayış qaydalarına alışan kəndli sərbəstlik qazandıqdan sonra nə edəcəyini müəyyənləşdirməkdə çətinliklə üzləşdi. Belə məqamda dövlət öz vətəndaşının köməyinə gəldi.

 

Aqrar sahənin əməkçiləri vergilərdən azad edildilər, üstəlik əkin-biçin zamanı onlara dövlət tərəfindənmaddi yardımlar olundu. Kəndli-fermer təsərrüfatlarının üzvlərinə, fərdi torpaq sahibkarlarına güzəştli kreditlər, subsidiyalar verildi. İllər keçdikcə aqrar sahədə əldə edilən uğurlar da artmağa başladı.

Müstəqilliyimizin bərpasının iyirminci ilində qazanılan nailiyyətlər bir daha göstərir ki, dövlətin qayğısı sayəsində dirçələn kənd təsərrüfatının potensialı ölkə əhalisini təhlükəsiz, safdaha qidalı ərzaq məhsulları ilə təmin etməyə qadirdir. Bu, ilk növbədə heyvandarlıq məhsullarına, taxıla, bostan bitkilərinə, tərəvəzə, kartofa və müxtəlif meyvələrə olan tələbata aiddir. Göstərilən məhsullardan istənilən qədər istehsal etmək üçün respublikamızda hər cür imkan və şərait vardır.

Ötən ildə zəmilərdən 2,3 milyon tondan çox buğdaarpa məhsulları yığılmışdır. Bu, ölkə üzrə əkilmiş taxıl sahələrinin hər hektarından 24,7 sentner məhsul götürülməsi deməkdir. Əvvəlki ilə nisbətən hər hektardanməhsuldarlıq 4,8 sentner artmışdır. Deməli, Azərbaycanda taxıl istehsalını yaxın illərdə 3 milyon tona çatdırmaq üçün yaxşı imkanlar var. Şəki, Cəlilabad, Neftçala rayonlarının və Naxçıvan Muxtar Respublikasının təcrübəsi inam yaradır ki, qarşıya qoyulan məqsədə çatmaq mümkündür. Hələlik isə Dövlət Statistika Komitəsinin keçən ilin yekunlarına dair hazırladığı məlumatda göstərilir ki, qarğıdalı və günəbaxan dənləri də daxil olmaqla ölkədə 2 milyon 477 min 841 ton payızlıq və yazlıq dənli və dənli-paxlalı məhsullar tədarük edilmişdir.

El arasında ikinci çörək hesab edilən kartof məhsulunun istehsalında da yaxşı göstəricilər əldə olunmuşdur. Belə ki, ötən il respublikada 65180 hektar kartof sahəsindən 938508 ton məhsul götürülmüşdür. Hər hektardan yığılan kartofun miqdarı orta hesabla 144 sentnerə bərabərdir. Ölkə üzrə tədarük olunan kartofun 540276 tonu Gəncə - Qazax iqtisadi rayonunun payına düşür. Bunun 201 min tonu Gədəbəy, 192888 tonu Tovuz, 107551 tonu isə Şəmkir rayonlarında istehsal olunmuşdur. Fermerlər və fərdi torpaq sahibkarları ölkə əhalisinin tələbatını ödəməklə yanaşı, xarici dövlətlərə də kartof ixrac etmək imkanına malikdirlər.

Hələ sovet dönəmində "Ümumittifaq bostanı" elan edilmiş Lənkəran - Astara bölgəsində müxtəlif növ tərəvəz məhsulları yetişdirilməsində zəngin təcrübə əldə edilmişdi. Sonralar bu təcrübə respublikanın başqa rayonlarında da geniş tətbiq olunmuşdur. İndi həmin təcrübə müstəqillik illərində kəndli fermer təsərrüfatlarına, fərdi torpaq sahibkarlarına böyük səmərə verir. Bunu hər il ölkə üzrə bir milyon tondan çox istehsal olunan tərəvəz məhsulları da sübut edir. 2011-ci ildə Azərbaycanda 80911 hektar sahədən 1 milyon 196 min 491 ton müxtəlif növ tərəvəz məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ildə tədarük olunanlardan xeyli çoxdur.

Tərəvəz məhsullarının istehsalında Aran, Lənkəran - Astara, Gəncə -Qazax, Quba - Xaçmaz iqtisadi rayonları xüsusi fərqlənmişdir. Əgər respublika üzrə hər hektardan orta hesabla 147,9 sentner tərəvəz götürülmüşdüsə, 8 rayonda bu göstərici 200 sentnerdən yuxarı olmuşdur. Həmin rayonlar arasında isə Masallı (252,4 sentner), Xaçmaz (247,7 sentner), Lənkəran (246,6 sentner), Göyçay (244,2 sentner), Şəki (238,2 sentner) fermerləri və fərdi torpaq sahibkarları daha çox fərqlənmişlər.

Ərzaq üçün bostan məhsullarının ildən-ilə artması sevindirici haldır. Çünki yay aylarında qarpız və yemişin bolluğu əhalinin əlindən tutur. Yubiley ilində fermerlərimiz və fərdi torpaq sahibkarlarımız 33241 hektar sahədən 477931 ton bostan məhsulları yığaraq satışa çıxartmışlar. Bunun 70 faizdən çoxu Aran iqtisadi rayonunun payına düşür. Burada isə ən çox bostan məhsulları Saatlı (91876 ton), Sabirabad (72568 ton), Kürdəmir (47565 ton) və Bərdə (31185 ton) rayonlarında istehsal edilmişdir. Naxçıvan iqtisadi rayonunda bu göstərici 40193 tona bərabər olmuşdur. Respublika üzrə hər hektardan orta hesabla 143,8 sentner məhsul götürüldüyü halda, Zərdab rayonunda 312 sentner, Saatlı rayonunda 301,7 sentner, daha 7 rayonda isə 200 sentnerdən yuxarı qarpız və yemiş yığılmışdır.

Müstəqilliyimizin bərpasının iyirminci ilində bağbanlarımızın da göstəriciləri ürəkaçandır. Onlar hesabat dövründə bağlardan 770 min tondan çox müxtəlif növ meyvə məhsulları yığaraq satışa və emal müəssisələrinə göndərmişlər ki, bu da əvvəlki ilin göstəricisini xeyli üstələyir. Keçən il ən çox meyvə Quba - XaçmazAran iqtisadi rayonlarının bağlarından yığılmışdır.

Vaxtilə 2 milyon tondan çox üzüm istehsal edilən respublikamızda bu qiymətli ərzaq bitkisinin sahələri yenidən artırılır. Təzə salınan üzüm plantasiyalarının hesabına məhsul istehsalı da getdikcə çoxalır. Əgər 2010-cu ildə ölkədə 123417 ton üzüm istehsal olunmuşdusa 2011-ci ildə həmin rəqəm 135027 tona çatdırılmışdır.

Müstəqillik illərində ən çox inkişafa şəkər çuğunduru istehsalı sahəsində çalışanlar nail olmuşlar. Onlar ötən il 6975 hektar sahədən 235292 ton şəkər çuğunduru yığmağa müvəffəq olmuşlar. Bu, əvvəlki ildəkindən 17313 ton çoxdur. Ölkə üzrə hər hektardan orta hesabla 337,3 sentner şəkər çuğunduru yığılır ki, bu da yüksək nəticədir.

2011-ci ildə əldə edilən bütün bu göstəricilər sayəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki ildəkindən 10 faizdən çox artmışdır.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 13 yanvar.- S. 6.