Ümumrusiya Azərbaycan Konqresi fəaliyyətini genişləndirir

 

2011-ci il də Azərbaycan Respublikası üçün möhtəşəm uğurlarla yadda qaldı. Həyata keçirilən daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan sosial-iqtisadi inkişafına görə 2011-ci ildə hətta inkişaf etmiş ölkələri belə geridə qoydu. Ötən illər ərzində ölkəmizdə aparılan davamlı islahatlar nəticəsində demokratik cəmiyyət formalaşmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, dövlət idarəçiliyində müasir metodların tədbiqi müsbət nəticələrini vermiş və bütün bunların fonunda beynəlxalq aləmdəki nüfuzumuz xeyli artmışdır.

 

Təsadüfi deyil ki, keçən il ölkəmiz daha bir möhtəşəm uğura imza ataraq BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv seçilmişdir. BMT-yə üzv olan 193 dövlətin 155-nin Azərbaycana dəstək nümayiş etdirməsi isə respublikamızın beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübuta yetirmişdir. Bütövlükdə, dünyada tolerantlığı ilə seçilən Azərbaycana qarşı göstərilən xoş münasibət müxtəlif ölkələrdə mövcud olan diasporumuzun fəaliyyəti üçün də geniş imkanlar açır.

Xaricdəki soydaşlarımıza və cəmiyyətlərimizə hər mənada dayaq olan Azərbaycan Respublikasının fəal dəstəyi nəticəsində ötən dövr ərzində diaspor təşkilatları daha da güclənmiş, mütəşşəkkil bir qüvvəyə çevrilmiş, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənmiş, haqq səsimizin eşidilməsi, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra əhəmiyyətli uğurlar əldə olunmuşdur. Ancaq mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan bu sahədə qarşıya çıxan problemlərin və həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulur. Bu mənada 2011-ci ilin iyul ayında keçirilən Dünya Azərbaycanlılarının III qurultayı tarixi əhəmiyyət kəsb edir. Dünyanın 42 ölkəsindən onlarla nümayəndənin iştirak etdiyi qurultayda xaricdəki cəmiyyətlərimizin birgə fəaliyyət strategiyası müasir dövrün tələbləri istiqamətində bir daha müəyyənləşdirilmiş, mədəni irsimizin və tariximizin təbliği, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya məsələləri yenidən nəzərdən keçirilərək mühüm qərarlar qəbul edilmişdir.

İstənilən ölkədə diaspor təşkilatları çox olduğu halda, onların ictimai rəyə təsir imkanları az olarsa, onda mövcud cəmiyyətlərin gücünü birləşdirmək, birlikdə hərəkət etmək və pərakəndəliyə son qoymaq lazımdır. Yəni az, ancaq güclü təşkilatların olması artıq dövrün tələbidir. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayının iştirakçıları qarşısındakı çıxışında da məhz birlik, həmrəylik mesajı vermişdir. Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini daim rəhbər tutan Rusiyadakı cəmiyyətlərimiz də öz fəaliyyətlərini yeni tələblər çərçivəsində genişləndirmiş, birliyə, həmrəyliyə xüsusi diqqət yetirmişlər. 2001-ci il martın 5-də ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə təsis edilən Ümumrusiya Azərbaycan Konqresininin (ÜAK) məqsədi də Rusiyada yaşayan azərbaycanlıların sıx birləşməsinə, onların hüquq və azadlıqlarının müdafiəsinə, xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan haqqında düzgün informasiyaların Rusiya və dünya ictimaiyyətinə çatdırılmasına xidmət etməkdir. Sevindirici haldır ki, ÜAK artıq bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirmişdir.

2011-ci ilin noyabr ayında Moskvada Ümumrusiya Azərbaycan Konqresininin III qurultayının keçirilməsi Azərbaycan diaspor hərəkatının tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Tədbirdə Rusiyanın 72 regionundan 150-dən çox nümayəndənin toplaşması da ölkədəki soydaşlarımız arasında sıx həmrəylikdən, birlikdən xəbər verirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunda qeyd etdiyi kimi, ötən dövr ərzində Konqres Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış ÜAK qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilmişdir.

Bu gün Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi kifayət qədər yüksəkdir. Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin vurğuladığı kimi Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. O, əlaqələrimizin indiki səviyyəsini yüksək qiymətləndirərək demişdir: "Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmlənməsi üçün mükəmməl təməl yaratmışlar. İndiki dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev bu xətti səmərəli şəkildə davam etdirirlər. Biz Qəbələ RLS-in statusu və istismar şərtləri, Xəzər dənizinin statusu, dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkə olmuşdur. Azərbaycan - Rusiya münasibətləri yüksəliş mərhələsindədir". Akademik Ramiz Mehdiyevin dediyi kimi, iki tarixi qonşu arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən dost Rusiya da bizim namizədliyimizi dəstəkləmişdir. İkitərəfli münasibətlərimizin inkişafında və dərinləşməsində hər iki ölkədəki diaspor təşkilatlarının da rolu böyükdür. Sevindirici haldır ki, strateji tərəfdaşlıq bütün sahələrdə olduğu kimi, hər iki xalqa məxsus diaspor təşkilatlarına münasibətdə də özünü göstərir. Bu gün Azərbaycanda yaşayan rus icmasının nümayəndələri üçün hər cür şərait yaradılmışdır. Onların böyük mədəniyyət mərkəzləri var, Azərbaycanda rus dilinə qayğıkeş münasibət göstərilir.

Eynilə Rusiyada da Azərbaycan diaspor təşkilatlarına müsbət münasibət bəslənilir, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz hissəsi hesab olunur və federasiyanın inkişafına və tərəqqisinə layiqli töhfə verirlər. Bu, ölkə rəsmiləri tərəfindən yüksək qiymətləndirilir. Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında RF Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin rəisi Sergey Vinokurovun iştirakı və burada Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin qurultay iştirakçılarına təbrikini səsləndirməsi də deyilənlərə sübutdur.

Cənab Medvedev təbrik məktubunda demişdir: "Olduqca qiymətli mehriban qonşuluq və tərəfdaşlıq ənənələri inkişaf edir və nəsildən-nəslə keçir, yüz minlərlə azərbaycanlı üçün Rusiya ikinci vətəndir. Bu gün Azərbaycan diasporu ölkə iqtisadiyyatının modernləşməsinə sanballı töhfə verir, elmi, idman və mədəni həyatda fəal iştirak edir, cəmiyyətdə millətlərarası və konfessiyalararası sülhün və həmrəyliyin möhkəmlənməsi, suveren Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görür".

Həqiqətən də, ÜAK iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verməklə yanaşı, istər təşkilatlanmaq, istərsə fəaliyyətini genişləndirmək istiqamətində xeyli iş görmüşdür. Yarandığı gündən, yəni 2001-ci ildən etibarən ÜAK Rusiya Federasiyasının subyektlərindəki regional bölmələri öz ətrafında sıx birləşdirə bilmişdir. Bununla yanaşı, gəncləri ətrafında birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) özünün fəallığı və təşəbbüskarlığı ilə seçilir. Hazırda demək olar ki, bütün gənc həmvətənlərimiz bu təşkilatda birləşmişlər. RAGT-in çoxşaxəli fəaliyyəti isə Rusiyada Azərbaycan gənclərinin fiziki və mənəvi sağlamlığının dəstəklənməsinə yönəlib.

Sevindirici haldır ki, təşkilatın coğrafiyası sürətlə genişlənir. Artıq Moskva və Sankt-Peterburq ilə yanaşı, Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir. RAGT-nin Rusiyada 60-dan çox regional şöbəsi var. Onun fəaliyyətinin prioritet istiqaməti gənc azərbaycanlıların yaşadıqları, təhsil aldıqları və çalışdıqları çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etməkdir. RAGT Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmalarına, Azərbaycanın hüdudlarından kənarda da Vətənə faydalı olmalarına kömək edir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, xüsusən, uşaqlara və xəstələrə yardım göstərir. RAGT görüşlərin təşkilini, ideyaların əlaqələndirilməsini və əməli sahibkarlığı dəstəkləyir, həm Rusiyada, həm də Azərbaycanda gənc azərbaycanlıların məşğulluq səviyyəsinin daha da yüksək olmasına çalışır.

Bu mənada, Ümumrusiya Azərbaycan Konqresinin III qurultayında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın ÜAK-ın Mərkəzi Şurası Rəyasət Heyətinə üzv seçilməsi, konqresin fəaliyyətinin daha da genişlənməsinə və yeni-yeni uğurlar qazanmasına səbəb olacaqdır. Rusiyadakı Azərbaycan diasporunun həyatında tarixi və əlamətdar hadisə olan konqresin son qurultayında qəbul edilən qərarlar isə təşkilatın gələcək inkişaf yollarına işıq saçacaq.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2011.- 13 yanvar.- S. 5.