Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu

 

Son illər ölkəmizdə informasiya texnologiyasının inkişafı istiqamətində bir sıra uğurlu nəticələr əldə edilmişdir. Bu sahədə həyata keçirilən davamlı tədbirlərin nəticəsidir ki, Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verir.

 

2003-cü ildə ölkədə qəbul edilmiş İKT-nin inkişafı üzrə Milli Strategiya ilə müəyyən edilmiş prioritetlərə və dövlət proqramları ilə müəyyən edilmiş hədəflərə nail olmaq bu sektorun perspektiv inkişafının əsasını təşkil edir. Perspektivdə İKT sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə yerli və regional əhəmiyyətli layihələr həyata keçirilir. Belə layihələrə Regional İnnovasiya Zonasının yaradılması, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi, "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, rəqəmsal yayım sisteminə keçid və elektron hökumətin yaradılmasını göstərmək olar. Yaxın perspektivdə İKT-nin geniş anlamda cəmiyyətdə, dövlət idarəetməsində və iqtisadiyyatın bütün sferalarında tətbiqi təmin ediləcək, İKT infrastrukturu, İT üzrə yerli istehsal inkişaf edəcək və sektorun ixrac potensialı yüksələcəkdir. 2011-ci il İKT sektoru üçün uğurlu il hesab oluna bilər.

Qeyd edək ki, bu il əvvəlki illərdə icrasına başlanmış bir çox layihələr tamamlanmış, İKT infrastrukturunun modernləşdirilməsinə və genişləndirilməsinə yönəlik tədbirlər həyata keçirilmişdir. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanı ölkədə e-xidmətlərin tətbiqi üçün geniş imkanlar açmışdır. Belə ki, Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış, elektron imza tətbiq edilmiş, dövlət orqanlarının elektron xidmətlərinin "bir pəncərə" əsasında təşkili və istifadəsinin təmin edilməsi məqsədilə "Elektron Hökumət Portalı" yaradılmışdır və dövlət orqanlarının xidmətlərinin burada yerləşdirilməsi üçün işlər aparılır. Ölkə ərazisində 01avqust 2011-ci il tarixdən yeni zona kodları tətbiq edilərək vahid yeddirəqəmli nömrələnmə sisteminə keçilmiş, "Azercell Telecom" və "Bakcell LTD" MMC-yə 3G xidmətlərinin tətbiqi ilə bağlı lisenziyalar verilmişdir.

Bu il ənənəvi olaraq Bakıda keçirilən BakuTel Beynəlxalq sərgi-konfransı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunduğu üçün fərqli formatda keçirilmiş və sərgiyə daha çox dövlətin, həmçinin beynəlxalq təşkilatların rəsmiləri və şirkətlər qatılması ilə yadda qalmışdır. İnternet milli seqmentinin inkişaf etdirilməsi, istifadə qiymətlərinin dəfələrlə azaldılması, internetə müasir qoşulmaların, o cümlədən genişzolaqlı, simsiz və mobil vasitələrlə qoşulmaların tətbiqi, internet-servis provayderinin və internet-klubların fəaliyyətinə əlverişli şəraitin yaradılması nəticəsində 2010-cu ildə Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 50-yə çatmış, hazırda isə Azərbaycan əhalisinin 60 faizi internet istifadəçisidir. İnternet istifadəçilərinin təxminən yarısı genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulmuşdur. Bunlara misal olaraq, AzDataCom, Deltatelekom Azərtelekom və s. göstərmək olar. Beynəlxalq internet kanallarının ümumi tutumu 45Gb/saniyəyə çatdırılmış və bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı" və bu proqramın həyata keçirilməsi üçün Tədbirlər Planının ilkin variantı hazırlanmışdır.

"Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi çərçivəsində maraqlı tərəflərin iştirakı ilə konsorsium yaradılması üzrə intensiv danışıqlar da aparılır. Bu danışıqlar çərçivəsində konsorsiumun struktur və biznes modelinin yaradılması üzrə iki iri görüş keçirilmişdir. Biri bu ilin iyul ayında Qəbələ şəhərində, digəri isə noyabr ayında İstanbul şəhərində. Ümumilikdə, danışıqları konstruktiv və dinamik kimi xarakterizə etmək olar.

Hazırda Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyə ölkələrinin iri telekommunikasiya şirkətləri tərəfindən aparılan danışıqlarda iki ehtimal marşrut müzakirə olunur. Onlardan birincisi Əsas Cənub marşrutu-Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Şərqi Avropa və Almaniya ərazisindən keçirilməsi, ikincisi isə ehtiyat şimal marşrutu-Çin, Qazaxıstan, Rusiya, Ukrayna, Polşa və Almaniya ərazisindən keçirilməsidir.

Qeyd etmək lazımdır ki, sözügedən marşrutların coğrafiya müxtəlifliyi beynəlxalq magistral rabitənin tələblərinə cavab verərək, yüksək etibarlılığı təmin edir. Layihə iştirakçılarının növbəti görüşünün 2012-ci ilin mart ayının əvvəlində Macarıstanın Budapeşt şəhərində keçirilməsi gözlənilir.

Azərbaycanın "Azerspace-1" telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation (Orbital)" şirkətinin zavodunda istehsal mərhələsindədir. Hazırda peyk platformasının tərkib hissələrinin yığılması və platformaya faydalı yükün quraşdırılması üzrə işlər aparılır. Buna paralel olaraq, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzləri üçün lazım olan yerüstü infrastrukturun yaradılması işləri Azərbaycanda həyata keçiriliryerüstü peyk idarəetmə avadanlığının mühüm hissəsi Orbital şirkəti tərəfindən bu il ərzində Azərbaycana göndəriləcək.

"Azerspace-1" peyki Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raketdaşıyıcısı vasitəsilə Cənubi Amerikada Fransız Qvianası əyalətinin Kuru Kosmodromundan orbitə çıxarılacaqdır. Peykinin istehsalı və onun buraxılması prosesinə texniki monitorinq üzrə Kanadanın Telesat şirkəti məsləhətçimizdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin avqustun 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icra edilməsi məqsədilə Azərkosmos Açıq Səhmdar Cəmiyyəti ardıcıl tədbirlər həyata keçirir. Qeyd edək ki, Azerspace-1 peyki adıçəkilən Dövlət Proqramı çərçivəsində istifadəyə veriləcək ilk kosmik aparatdır. Bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir və onlar elektron bankçılıq və kommersiyanın yayılması proseslərində aktiv iştirak edirlər. Azərbaycanın İT şirkətləri region bazarlarına çıxış əldə edibregionda bir çox layihələrdə müvəffəqiyyətlə iştirak edir, region bazarlarına öz məhsullarını ixrac edirlər.

Dünya ölkələrində İKT sektorunun strukturunda informasiya texnologiyaları (İT) sahəsi əhəmiyyətli çəkiyə malik olmasına və ölkəmizdə də bu sahə üzrə gəlirlərin həcminin ilbəil artmasına baxmayaraq, İT sahənin İKT sektorunda xüsusi çəkisi 7,7 faiz təşkil edir. Bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Bunu mövcud şərait və dünyada gedən yeni inkişaf meyilləri tələb edir. Dünya təcrübəsi və son dövr maliyyə böhranı göstərdi ki, İKT-nin daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə böhranın təsiri daha az müşahidə olunmuşdur. Dünyada müxtəlif formalarda yüzlərlə xüsusi iqtisadi zona fəaliyyət göstərir. Mütəxəssislərin proqnozlarına görə, dünya əmtəə dövriyyəsinin 40 faizə qədəri bu zonalardan keçir. İnkişaf etmiş ölkələrdən zəif inkişaf edən ölkələrədək dünyanın bir çox regionlarında bu cür zonalar yaradılıb. Gələcək inkişafın qarantı texnoparkların və innovasiya zonalarının yaradılması ilə sıx bağlıdır.

Azərbaycanın iqtisadi-siyasicoğrafi cəhətdən bağlı olduğu MDB regionunda Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrdə İKT-nin inkişafını nəzərdə tutan xüsusi iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi istiqamətində intensiv işlərə başlanılmışdır. Ölkədə bu işlər üçün zəruri hüquqi çərçivə, rəqabət və investisiya mühiti mövcuddur. Azərbaycanda artıq Regional İnnovasiya Zonasının (RİZ) yaradılmasına başlanmışdır. Azərbaycanda RİZ-in yaradılması layihəsinin əsas üstünlüyüspesifik xüsusiyyəti bu günədək dünyada mövcud olan bu tip zonaların müsbət və mənfi təcrübələrinin ətraflı öyrənilərək reallaşdırılması praktik baxımdan mümkün olaneyni zamanda nəzəri biliklərə əsaslanan Azərbaycan modelinin işlənilməsidir. Güzəştli rejimlərin tətbiq olunacağı RİZ yerli şirkətlərlə yanaşı, xarici şirkətləri də bu sahəyə investisiya qoyuluşuna təşviq edəcək və İT məhsulları istehsalı əhəmiyyətli dərəcədə artacaqdır.

RİZ çərçivəsində yerli və xaricdən idxal olunmuş xammal və yarımfabrikatlar əsasında ixracyönümlü məhsullar istehsal ediləcəkdir. Qeyd edə bilərəm ki, bu gün xarici şirkətlərin ölkəmizə marağı böyükdürbu da layihənin uğurlu perspektivinin təminatçısıdır. Belə ki, bu gün dünyanın ən yüksək reytinqli 20 İKT-şirkətindən 10-u, yəni "Microsoft", "Cisco Systems", "Hewlett Packard", "IBM", "Apple Computer", "Intel", "Oracle", "Google", "Nokia-Siemens Networks", "Ericsson" kimi şirkətləri Azərbaycanda fəaliyyət göstərir və müxtəlif layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər.

İKT sahəsində sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə RİTN-də yeni layihə üzrə işə başlanılmışdır. Bu layihənin əsas məqsədi yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə İKT sahəsində istehsalı stimullaşdıran və inkişafı təmin edən "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu"nun yaradılmasıdır. Bu fondu İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etməyə, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmağa, hər layihə üçün əsaslandırılmış rəy tərtib etməyə və birgə layihələri idarə etmək üçün menecment bazası yaratmağa, intellektual biznesin inkişafına xidmət edəcəkdir.

"İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu" İKT sahəsində innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə vençur maliyyələşdirməsini təmin edəcəkdir. Vençur maliyyələşməsi yolu ilə kiçikyeni şirkətlər tərəfindən aparılan riskli, lakin perspektivli xarakter daşıyan innovasiya layihələrində xarici investorların kapitalından istifadə imkanı yaranmalıdır.

"Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na əsasən, dövlət orqanlarının informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, o cümlədən geniş elektron hökumət layihələri həyata keçirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu yaxınlarda RİTN tərəfindən elektron imzanın istifadəsi üçün Milli Sertifikat Xidmətləri Mərkəzi istismara verilmiş və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır. Bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin "Elektron hökumət" portalına qoşulması təmin edilmiş və növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. Tezliklə "Elektron Hökumət Portalı"nın istifadəyə verilməsi planlaşdırılmışdır.

Dövlət qurumlarının elektron hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Belə ki, təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və s. informasiya resursları dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərini sadələşdirmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaratmışdır. "Elektron hökumət"in mühüm tərkib hissəsi olan "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"nin formalaşdırılması, elektron bəyannamələrin, elektron hesab fakturaların, ali təhsil məktəblərinə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması və s. deyilənlərə əyani misaldır.

"Elektron hökumət"ə keçid prosesini sürətləndirmək üçün e-hökumət infrastrukturununqanunvericilik bazasının inkişaf etdirilməsi işləri intensivləşdiriləcəkdir.

2012-ci ildə bu sahədə daha böyük uğurlar qazanılacağı şübhəsizdir.

 

 

İltimas Məmmədov,

rabitə və informasiyatexnologiyaları

nazirinin müavini

 

Xalq qəzeti.- 2012.- 13 yanvar.- S. 5.