XXI əsrin geosiyasəti: əsas trendlər və geosiyasi perspektivlər

 

(əvvəli qəzetin 11-12 yanvar 2012-ci il tarixli saylarında)

 

Professor Novruz Məmmədov belə bir məqama diqqət çəkir ki, nasistlər Almaniyada hakimiyyətə gələndən sonra geosiyasətdən özlərinin "irqi üstünlüyünü", "həyati əhəmiyyətli məkanın" fəth edilməsini, "Almaniyanın bütün qalan dünya üzərində hökmranlıqdan ibarət böyük tarixi missiyasını" əsaslandırmaq üçün istifadə etməyə başladılar. Bununla əlaqədar, həm Avropada, həm də Amerikada tədqiqatçıların çoxu bu terminin özünün elmi cəhətdən əsaslandırılmış olmasına şübhə etməyə başladılar. Bu halda alimlərin bir qismi "geosiyasət" anlayışını Avropada mövcud nizamın dəyişdirilməsi istəklərinə haqq qazandırmaq cəhdlərinə xidmət edən psevdo-elmi neologizm, hakimiyyət vasitəsi, təbliğat aləti kimi qiymətləndirir. Başqaları bu termini tam inkar etməsələr də, onun imkanlarına çox şübhə ilə yanaşdıqlarını bildirirlər. Üçüncülər belə güman edirlər ki, geosiyasət müəyyən elmi nəticələr verə bilər, lakin bu sahə çox məhdud olacaq, dövlətlərin və ya onların ittifaqlarının siyasətinin və coğrafi məkan xarakteristikalarının qarşılıqlı təsirini əks etdirəcək. Dördüncülər bu fikirdədirlər ki, geosiyasət elm və ya tədris fənni deyil, yalnız coğrafi mühiti və dövlətlərin beynəlxalq fəaliyyətini əlaqələndirən sosioloji yanaşma metodu hesab edilməlidir. Nəhayət, belə düşünənlər də var ki, geosiyasət elm deyil, bundan qat-qat mürəkkəb bir anlayışdır.

Müəllif haqlı olaraq belə hesab edir ki, "geosiyasət" anlayışı məhdud və geniş mənada işlənir. Məhdud anlayışın tərəfdarlarının fikrincə, "geosiyasət" terminindən yalnız dövlətlər arasında ərazi mübahisələrindən söhbət gedəndə istifadə edilməlidir. Bu halda tərəflərdən hər biri tarixə istinad edir. Lakin postsənaye inqilabı dövründə - klassik geosiyasətin bütün ənənəvi imperativlərinin puç olduğu şəraitdə geosiyasətin bu anlamı get-gedə zəifləyir. Müasir dünya məkanını onun bölünməsi üsulları, sosial birliklərin fəaliyyət prinsipləri, dünya tarixinin müasir ənənəsinin tələbləri baxımından "dövlətlərarası məkan" kimi səciyyələndirmək getdikcə çətinləşir. Beynəlxalq münasibətlər sosiologiyasının nümayəndələri bir məqama xüsusi diqqət yetirirlər ki, beynəlxalq münasibətlər haqqında klassik təsəvvürlərin təməlini təşkil edən üç əsas prinsipin - ərazi, suverenlik və təhlükəsizlik prinsiplərinin heç biri yeni reallıqlara tam adekvat və toxunulmaz hesab edilə bilməz. İnsanların kütləvi miqrasiyası, kapital axınları, ideyaların dövriyyəsi, ətraf mühitin çirklənməsi, kütləvi qırğın silahlarının yayılması və s. fenomenlər, dövlət və onun təhlükəsizliyi haqqında, milli maraqlar və siyasi prioritetlər haqqında adət etdiyimiz təsəvvürlər dəyişikliyə məruz qalır. Hələ keçən əsrin 60-cı illərində fransız filosofu R.Aron geosiyasətin "məhdud" anlamının başqa bir mühüm nöqsanını - onun cılızlaşaraq ideologiyaya çevrilməsini göstərmişdir.

Buna görə də son illərdə geosiyasət anlayışı daha geniş mənada - dövlətin fiziki və sosial, maddi və mənəvi resurslarının məcmusu kimi qəbul edilir. Bu resursların təşkil etdiyi potensialdan istifadə edilməsi (bəzi hallarda isə onun sadəcə mövcud olması) dövlətin beynəlxalq səhnədə öz məqsədlərinə nail olmasına imkan verir. Bu yanaşmanın nümayəndələrindən biri P.Qalluadır. P.Qalluanın fikrincə, bu gün geosiyasətə xas olan dövlətin ərazi-məkan xarakteristikaları (onun coğrafi mövqeyi, sərhədlərinin uzunluğu və konfiqurasiyası), Yerin təki, landşaftı və iqlimi, ölçüləri və əhalinin strukturu kimi ənənəvi elementlərə yeni elementlər əlavə olunur, nəticədə dövlətin qüdrəti barədə bizim əvvəlki təsəvvürlərimiz alt-üst olur, beynəlxalq siyasətə təsir göstərən amilləri nəzərə alarkən prioritetlər dəyişir. Söhbət kütləvi qırğın silahlarının, ilk növbədə, raket-nüvə silahlarının yaradılmasından və yayılmasından gedir, çünki bu silahlara malik olan dövlətlər, aralarındakı məsafədən, onların coğrafi mövqeyindən, iqlimindən və əhalisindən asılı olmayaraq sanki bərabərləşirlər. Bundan əlavə, ənənəvi geosiyasət insanların kütləvi davranışını nəzərə almırdı. Ondan fərqli olaraq müasir dövrdə geosiyasət nəzərə almalıdır ki, informasiya və rabitə vasitələrinin inkişafı, dövlətin siyasətinə əhalinin bilavasitə müdaxilə etməsi fenomeninin geniş yayılması bəşəriyyət üçün nüvə kataklizmi təhlükəsinin nəticələri ilə müqayisə edilə biləcək nəticələr doğura bilər. Nəhayət, ənənəvi geosiyasətin tətbiq sahəsi Yer kürəsinin quru məkanı və dənizlərlə məhdudlaşırdı. Müasir geosiyasi təhlil isə kosmik fəzanın öyrənilməsinin bugünkü və gələcək vəziyyətini, onun dünya siyasətində qüvvələr nisbətinə və bu qüvvələrin yerləşməsinə təsirini nəzərə almalıdır.

N.Məmmədovun aşağıdakı sözləri mövcud geosiyasi reallıqları çox yaxşı əks etdirir: "Klassik geosiyasət baxımından, coğrafi mühit dövlətlərin beynəlxalq siyasi davranışına təsir göstərən sabit və toxunulmaz amildir. Lakin müasir geosiyasi təhlil bu gün baş verən ciddi dəyişiklikləri nəzərə almaya bilməz. Bu baxımdan, insanın ətraf mühitlə qarşılıqlı fəaliyyətində və buna müvafiq olaraq geosiyasətin təkamülündə bir neçə tarixi mərhələ göstərmək olar. Bütün bunlar beynəlxalq münasibətlər sahəsində həmişə ciddi nəticələr vermişdir".

Şübhə yoxdur ki, geosiyasət istər beynəlxalq münasibətlərin öyrənilməsinə, istərsə də dövlətlərin və onların hökumətlərinin beynəlxalq strategiyasına təsir göstərmişdir və göstərməkdə davam edir. P.Qallua kimi, N.Məmmədov da ABŞ-ın qüdrətini onun məkanı ilə əlaqələndirir. Müəllif yazır: "...Əvvəlan, onları, yəni amerikalıları Köhnə dünyadan ayıran məsafə amerikalıların onun qanunlarından, təsisatlarından, adətlərindən imtina etməsinə və həm məsafəcə, həm də okeanla qorunan yeni cəmiyyət yaratmasına imkan vermişdir. İkincisi, ilk vaxtlarda mühacirlər üçün təhlükə mənbəyi olmuş ucsuz-bucaqsız Amerika qitəsi həmin mühacirlərin davamçılarının sahibkarlıq ruhuna stimul yaratmış, millətin böyüklüyünün əsasına çevrilmişdir. Geosiyasətin baniləri və "klassikləri" sayılan H.Makinder, R.Çellen, K.Haushofer, F.Ratsel, A.Mehen, N.Spaykmen və başqalarının nəzəri araşdırmaları sayəsində bu cür misallar "dəniz dövlətləri" ilə "quru dövlətləri" arasında münasibətlərin izahı üçün onların irəli sürdüyü, böyük dövlətlərin siyasi dairələrində və hərbi qərargahlarında əks-səda doğurmuş onların qlobalist ambisiyaları üçün "elmi" baza yaratmış mülahizələri anlamağa kömək edir. İkinci dünya müharibəsindən sonra geosiyasi yanaşmaların izi Amerikanın "sovet işğalını ləngitmək" strategiyasında və SSRİ rəhbərlərinin bu dövlətin sərhədlərindən qərbə doğru "sanitar sədd" yaratmaq və onu əldə saxlamaq cəhdində, "Brejnev doktrinasında" müşahidə olunur. Müasir dövrdə geosiyasi ideologiya elementləri təkcə böyük dövlətlərin planlarında və onların dünya səhnəsində davranışında deyil, həm də regional dövlətlərin ekspansionist siyasətində, dövlətlərin milli sərhədlərindən uzaqda yerləşən ərazilərə strateji və ya iqtisadi nəzarət uğrunda rəqabətində də özünü göstərir". Professor Nazim Məmmədov çox düzgün olaraq qeyd edir ki, rabitə və nəqliyyat vasitələrinin inkişafı, informasiya texnologiyalarının inqilabi tərzdə genişlənməsi, ən müasir silah növlərinin yaranması insan ilə ətraf mühit arasında münasibətləri, "böyük məkanlar" və onların rolu haqqında təsəvvürləri kökündən dəyişir, dövlətin coğrafi məkan, demoqrafik və iqtisadi amillərin məcmusu kimi gücünün və qüdrətinin başa düşülməsi köhnəlir və qeyri-qənaətbəxş olur. Bununla belə, qloballaşma coğrafiyanı yoxa çıxartmır, sadəcə olaraq, onu yeni şəklə salır. Həqiqətən də hər növ mübadilənin artması, zaman və məkanın aşkar şəkildə qısalması coğrafiyanı ortadan qaldırmır, əksinə, bu köklü dəyişikliklər coğrafiya, tarix, mədəniyyət, din və sairənin timsalında daimiliyin, ləng tərzdə dəyişən və durmadan yenilənən bu gerçəkliklərin əhəmiyyətini və müqavimətini bir daha təsdiq edir.

Müəllifin fikrincə, geosiyasətin müasir beynəlxalq sistemə, onun mühitinə göstərdiyi təsir heç də birmənalı deyildir. N.Məmmədovun başlıca qənaəti belədir: Bu cür təsirin nəticələrindən biri insanların ünsiyyətinin bütün cəhətlərinin, cəmiyyətdaxili və beynəlxalq münasibətlərin qarşılıqlı asılılığının kəskin artması, bu münasibətlərin beynəlmiləlləşməsidir, ümumdünya miqyaslı obyektiv və deməli, ümumi sosioloji meyillər kimi təzahür edən inteqrasiya prosesləridir. Lakin beynəlxalq münasibətlərin sosiallaşmasına gətirib çıxaran, özünəməxsus qlobal vətəndaş cəmiyyətinin təşəkkülünə stimul yaradan bu sistemyaradıcı amillər elmi-texniki, iqtisadi, sosial və siyasi inkişafın müxtəlif səviyyələrində olan müxtəlif ölkələrdə məhsuldar qüvvələrin qeyri-bərabər artması ilə müşayiət olunur. Milli dövlət xüsusiyyətləri, qlobal beynəlxalq sistemdə gərginliyi artıran, bu sistemin sabitliyini pozan və onun münaqişə potensialını artıran iqtisadi mənafelərin toqquşması davam edir, bəzi yerlərdə isə daha da artır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq formaları getdikcə möhkəmlənir və inteqrasiya prosesləri bu faktın səciyyəvi təzahürləridir.

N.Məmmədov qanunauyğun olaraq dünya tarixinin elə dövrünə müraciət edir ki, onun fikrincə, həmin dövr dünya geosiyasətində tektonik dəyişikliklər ilə səciyyəvidir. O, yazır: "...Bizim gözlərimiz önündə baş verən qızğın proseslər dünya nizamında ciddi dəyişikliklərlə müşayiət olunur, bəzi dövlətlər öz əvvəlki qüdrətini itirir, yeni güc mərkəzləri yaranır, onların təsiri çox böyük məkanlara yayılır, "rəngli inqilablar", "ərəb baharı", çoxsaylı lokal münaqişələr dünyanın geosiyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, informasiya inqilabı yeni zamanın, məkanın virtual ölçülərini tətbiq edərək, geosiyasətin qeyri-ənənəvi subyektləri üçün səhnə açaraq, dünya kommunikasiyalarının yeni şəbəkəsini yaradaraq, nəzəriyyəçiləri bütün əsas problemlərin yenidən dərkinə məcbur edir".

Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, professor Novruz Məmmədovun "Geosiyasətə giriş" adli ikicildliyi, ilk növbədə, bir sıra fərqli xüsusiyyətlərə malik olan fundamental elmi əsərdir. O, sözün əsl mənasında, çox müasir kitabdır. Kitab həm dünya siyasəti və iqtisadiyyatının, o cümlədən Azərbaycanın ən aktual problemlərini özündə əks etdirir. Eyni zamanda, fikirlər, nümunələr, nəzəriyyə və ümumiləşdirmələr dəqiq seçilmiş faktlarla əsaslandırılır. XX əsrin sonu - XXI əsrin əvvəlində dünya inkişafının prinsipial müddəaları yeni, həmçinin, yenilənmiş geosiyasi ssenarilər şəklində oxucuya təqdim olunur.

Ümumilikdə, kitabda əsas geosiyasi ideyalar, prinsiplər və anlayışlar öz əksini tapıb. Əsərdə elm sahəsi kimi geosiyasətin sistemli təhlili verilib, geosiyasi ideya və konsepsiyaların inkişaf prosesi izlənilib, geosiyasətin müasir vəziyyəti açıqlanıb. Burada milli geosiyasət məktəbləri ayrı-ayrılıqda izah olunur, onların problem kompleksləri və əsas kateqoriyalarının özünəməxsusluqları, həmçinin, tətqibi mənaları açıqlanır. Bəşəriyyətin müxtəlif inkişaf dövrlərində dünyanın siyasi idarə üsullarının əsasını təşkil edən geosiyasi məkan modellərinin formalaşma nəzəriyyəsi şərh olunur.

İlk dəfə olaraq geosiyasət bir elm kimi, həmçinin, müasir dünyada ölkələrin strateji potensialını müəyyən edən amillər məcmusu kontekstindən yanaşdıqda dövlətlərin qlobal qarşılıqlı münasibətlərinin siyasi nəzəriyyəsi kimi qiymətləndirilir.

Bu əsərə xüsusi dəyər verən amillərdən biri müəllifin ABŞ və onun müttəfiqlərinin xarici siyasət strategiyasını formalaşdırmış və onları əks etdirən Hantinqtonun Atlantik həyəcanlarından başlayaraq, H.Kissincer, Z.Bzejinski və müasir dövrün digər Qərb geosiyasətçilərinin doktrinalarına təfərrüatı ilə baxış keçirməsi yolu ilə ikiqütblü dünya geosiyasətinə nəzər yetirməsidir.

Xüsusi diqqət ayrılan sahələrdən birini dünya birliyi, dünyanın aparıcı ölkələri və Azərbaycanın müasir geosiyasi inkişaf dövrünün təhlili təşkil edir. Bundan başqa, müasir dünyada qarşılıqlı asılılığın artdığı və siyasətin qloballaşdığı bir şəraitdə, XXI əsrdə ərazilər uğrunda mübarizənin əsas amil və formaları aşkar edilir, qlobal və regional səviyyədə təhlükə və çağırışların dinamikası, həmçinin, milli təhlükəsizliyin təmin edilməsi, o cümlədən, qlobal və lokal münaqişələrin həlli yolları axtarılır.

Bu, Azərbaycanın və bütövlükdə regionun ən yeni tarixi və müasir reallıqlarını, həmçinin, regionun beynəlxalq münasibətlər sistemi və qlobal siyasətdə yerini aşkarlamağa imkan verən, beynəlxalq müstəvidə baş verən bir çox hadisələrə yeni baxış irəli sürür.

Əsərdə, eyni zamanda, Azərbaycanın geosiyasi maraqlarının təminatı və onun digər ölkələrlə qarşılıqlı münasibətləri nəzərdən keçirilir. Burada Qərbdə baş verən proseslərlə yanaşı, Asiya, Afrika və Latın Amerikası ölkələri ilə əlaqələrin inkişafı və genişlənməsinə də xüsusi diqqət ayrılır. Bundan əlavə, kitabda ali təhsil müəssisələrinin tələbə, müəlim və tədqiqatçıları üçün bəşəriyyətin XXI əsrdə inkişaf perspektivləri üzrə geosiyasi proqnozlar verilir.

Müəllif çox taktiki şəkildə xarici ekspertlərlə müasir siyasət və iqtisadiyyat elmlərinin təməl prinsipləri üzrə akademik mübahisə edir. Bununla da, kitabın bir neçə bölməsi müasir dövrün aktual məsələlərinə həsr olunur. N.Məmmədov relyativizm-idealist fəlsəfi nəzəriyyəsinin nümayəndələri olan S.Hantinqton, F.Fukuyama, B.Lüis və başqaları ilə elmi diskussiyaya girişir.

Problemlərin qoyuluşu və analizinə sırf elmi, eyni zamanda, siyasi və mədəni yanaşmanı vurğulamaq istərdik. Sivilizasiyaların qarşılıqlı əlaqələrinə həsr olunmuş səhifələr də eyni incə, həmçinin dərin qiymətləndirmə ilə fərqlənir.

Müəllif əldə etdiyi nəticələri təsdiqləmək üçün faktiki materiallardan məharətlə yararlanmışdır. İstifadə olunmuş ədəbiyyatın əhatəsi, mövzu və problemlərin genişliyi əsəri təkcə beynəlxalq münasibətlər və siyasətşünaslıq fakültələri tələbələri üçün deyil, həmçinin, geosiyasətlə maraqlanan hər kəs üçün maraqlı edir. Ümumilikdə isə, kitab geniş oxucu kütləsi üçün ən yaxşı hədiyyədir.

 

 

Kamal ADIGÖZƏLOV,

Bakı Dövlət Universiteti diplomatiya

və müasir inteqrasiya prosesləri kafedrasının

doktorantı

 

Xalq qəzeti.- 2012.- 14 yanvar.- S. 4.