Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur

 

Ulu öndərin 1982-ci il yanvarın 14-də Şuşaya səfərindən 30 il keçir

 

Ümummilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan torpaqlarının bir qarışı da Ermənistana verilməmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi.

 

Azərbaycan KP MK-nın 1969-cu il mayın 21-də keçirilən büro iclasında Azərbaycan Ali Sovetinin iki respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair qərar layihəsi bəyənilmişdi. Həmin qərarın qəbul edilməsinə Moskvadan təzyiqlər də böyük təsir göstərmişdi. O vaxtki Azərbaycan rəhbərləri Moskvanın təzyiqlərinə qarşı dura bilməmişdilər.

Ümummilli lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilən kimi bu məsələni ön plana çəkdi. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyevi nə qədər təhlükəli olsa da təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

Xalqımızın böyük oğlu Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ DTK sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmışdı.

Heydər Əliyev Şuşada ilk dəfə 1967-ci ildə olmuşdu. O vaxt Xankəndində (Stepanakert) azərbaycanlılarla ermənilər arasında münaqişə olmuşqan tökülmüşdü. Erməni millətçiləri Dağlıq Qarabağda 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Heydər Əliyev həmin məsələni dərindən araşdırmaq üçün 15 gün Dağlıq Qarabağda olarkən Şuşaya getmiş, 1905-1907, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüş. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı.

Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Xalqımızın böyük oğlu Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Şəhərdə azərbaycanlılar üçün əlavə yerləri açıldı, həyat səviyyəsi yaxşılaşdı. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş miqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki "Qala divarları"nın və "Gəncə qapısı"nın bərpasına yalnız 1975-ci ildə 25 min manat vəsait xərcləndi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salındı.

Dağlıq Qarabağda həyata keçirilən geniş miqyaslı tədbirlərin gedişində azərbaycanlılar yaşayan kəndlərə xüsusi diqqət yetirilirdi. Belə ki, uzun illər boyu maşın işləməyən kəndlərə yollar çəkilmiş, məktəblər, klubkitabxanalar, digər sosial-məişət obyektləri inşa edilmişdi. Bütün bunlar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində yeni yerlərinin açılmasına, ailələrin pul gəlirlərinin çoxalmasına, həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafa səbəb olurdu.

Ümummilli lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər.

Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. "Ağdam - Stepanakert" dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol ümummilli liderin iştirakı ilə istifadəyə verildi.

Həmin dəmiryol xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi. Şuşada olarkən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş verdi. Ulu öndər eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlandı, Azərbaycan poeziyasının klassikləri M.P.VaqifinXurşudbanu Natavanın yaşayıb yaratdığı yerlərlə tanış oldu.

Ümummilli lider Şuşa rayonunun rəhbərləri ilə görüşdə dedi: "Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır". Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhəri tarix-memarlıq qoruğu elan edildi.

Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə, məqbərə tikildi. 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında, soyuqda ümummilli liderin iştirakı ilə Şuşada həmin məqbərə böyük təntənə ilə açıldı. Heydər Əliyevin M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində bu məqbərə eyni zamanda gözəl memarlıq abidəsi idi.

Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Şuşaya səfəri zamanı Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.

Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verdi. Ümummilli liderin Şuşa məscidinə getməsi bir tərəfdən xalqımızın böyük oğlunun dini dəyərlərə olan ehtiramının göstəricisi idisə, digər tərəfdən, azərbaycanlı əhalinin millidini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Ulu öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuşbu gün də xatirələrdə yaşayır.

Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natavana abidə qoyuldu. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi, yeni yerləri açıldı. Heydər Əliyevin göstərişi ilə Xankəndində (Stepanakertdə) Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.

Ümummilli lider təkcə Yuxarı Qarabağın deyil, bütövlükdə Qarabağın inkişafına diqqət yetirir, bununla da əhalinin həyat səviyyəsini yaxşılaşdırır və özünə inamını gücləndirirdi. Azərbaycan KP MK-nın 1974-cü il avqustun 6-da keçirilən büro iclasında Laçın şəhərinin 50 illiyinin qeyd edilməsi qərara alınmış və yubiley tədbiri böyük təntənə ilə keçirilmişdi. 1979-cu il dekabrın 5-də keçirilmiş büro iclasında isə Laçında tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edilmişdi.

Heydər Əliyevin Dağlıq Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri zamanı orada yaşayan azərbaycanlıların sayının artırılması başlıca yerlərdən birini tuturdu. Ümummilli lider ermənilərin əsassız iddialarını rədd edərək Dağlıq Qarabağın milli diyara çevrilməsi üçün qətiyyətli addımlar atmış və bu da vilayətdə demoqrafiya sahəsində azərbaycanlıların inkişafına səbəb olmuşdur.

Xalqımızın böyük oğlu Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən az sonra ermənilər Dağlıq Qarabağ məsələsini qaldırdılar. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Dağlıq Qarabağ və ətrafdakı 7 Azərbaycan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

1993-cü ilin ikinci yarısından, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artdı. İctimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımlar atıldı.

Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tuturdu. Ulu öndər Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışırdı. Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşır, onun işində müntəzəm və əməli şəkildə iştirak edir.

1993-cü ildən başlayaraq doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün bütün qayğıları və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Ümummili lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutur. Azərbaycan Prezidenti bütün görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulayır. Bununla yanaşı, cənab Prezident münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.

Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar.

Dövlət başçısı İlham Əliyevin 2010-cu il iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahının açılışında söylədiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını qeyd edərək bildirmişdir: "Bu məsələ bizim üçünPrezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".

Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın Azərbaycanlı İcmasına göstərilən qayğı və diqqət icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermişbu istiqamətdə İctimai Birlik öz fəaliyyət istiqamətlərini genişləndirərək, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəfələrlə "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır" fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırmışdır.

 

 

Bayram SƏFƏROV,

Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı

İcması İctimai Birliyinin sədri, Şuşa

Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2012.- 14 yanvar.- S. 3.