Ana təbiətin fəryadı,yaxud EKOLOJİ KABUS

 

Bəşəriyyətin mövcudluğu çay və göl sularının təmizliyindən də çox asılıdır. Bu cüzi su ehtiyatları (0,016%) insanların təsərrüfat fəaliyyəti nəticəsi olaraq ən intensiv təsirlərə məruz qoyulur. İldə bütün ehtiyaclara 2200 kubkilometr su sərf olunur. Sudan istifadə daim artır. İnsanların qarşılaşa biləcəyi təhlükələrdən biri su ehtiyatlarının tükənə bilməsidir. Sututarlar isə daim həm sənaye istehsalı tullantıları ilə, həm də kənd təsərrüfatında işlədilən üzvi kimya məhsulları, mineral gübrələr, pestisidlər ilə çirklənir.

 

Dəniz suları da çirklənməyə məruz qalır. Çaylar və sahilyanı sənaye və kənd təsərrüfatı müəssisələrindən axıdılan çirkab dənizlərə milyon tonlarla kimyəvi tullantı aparır. Tankerlərin və neftçıxarma qurğularının qəzaya uğraması nəticəsində müxtəlif mənbələrdən okeanlara ildə ən azı 5 milyon ton neft tökülür. Bunun nəticəsində bir çox su heyvanları, dəniz quşları qırılır. Radioaktiv tullantıların dənizlərin dibində basdırılması, nüvə reaktoru ilə işləyən və nüvə daşıyan gəmilərin batması da böyük təhlükə mənbəyinə çevrilir.

Meşəlik sahələrin təsərrüfat tələbatına uyğun olaraq kütləvi şəkildə qırılması dövrümüzün ən arzuolunmaz qlobal ekoloji problemidir. Meşələr planetimizin ekoloji sisteminin ayrılmaz hissəsidir. Təbii yaşıllıqlar antropogen mənşəli atmosfer çirklənmələrini neytrallaşdırır, torpağı eroziyadan qoruyur, səth sularının axınını tənzimləyir, qrunt sularının səviyyəsinin düşməsinə mane olur. Yer faunasının böyük hissəsi meşələrdə yaşayır. Meşələr oksigenin səviyyəsini saxlayır, karbon qazını udur, Yerin sutkalıq temperaturunu tənzimləyir. Öz rütubətini verməklə yağıntı əmələ gəlməsinə imkan yaradır, torpaqları yağış sularının yuyub aparmasının qarşısını alır.

Meşələrin qırıldığı ərazilərdə yağışlar tez bir zamanda münbit torpaq qatını yuyub apararaq torpaqları məhsul verməyən səhralara çevirir. Eyni otlaqlardan mal-qaranın intensiv otlaması üçün istifadə olunması torpaq eroziyası ilə nəticələnir. Çünki mal-qara hər dəfə qalxmaqda olan otu yediyi üçün onun özünü bərpa etməsinə imkan vermir. Hazırda maldarlığın inkişafı üçün nəzərdə tutulmuş ərazilər münbit torpaq qatı məhv edilmiş bütün örüş sahələrinin 85 faizini təşkil edir.

Meşəlik ərazilərin azalması biosferdə oksigenin və karbonun dövranını pozur. Meşələrin qırılmasının acı nəticələri məlum olsa da, bu neqativ proses davam edir. Nəticədə Yer üzünün meşə sahələrinin zəngin fauna və florası məhvə məruz qalır.

İnsanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqlar hədsiz dərəcədə istifadə edildiyindən çirklənir. Kənd təsərrüfatı istehsalının bir o qədər də mükəmməl olmaması səbəbindən münbit torpaqların sahəsi getdikcə kiçilməkdədir. Geniş çöllük ərazilərin şumlanması toz fırtınalarına və milyon hektarlarla münbit torpaqların məhvinə səbəb olur. Torpaq eroziyası da dövrümüzün bəlasına çevrilmişdir. Müəyyən edilmişdir ki, su və külək eroziyası nəticəsində planetimizdə 2 milyard hektar münbit əkin sahəsi itirilmişdir.

Əkin sahələrinin, xüsusən isti iqlim şəraitində bol suvarılması torpaqların şoranlaşmasına səbəb ola bilir. Torpaqların radioaktiv maddələrlə çirklənməsi böyük təhlükə mənbəyidir. Bu maddələr bitkilərə, sonra da heyvanların və insanların orqanizmlərinə keçir, orada toplanaraq müxtəlif xəstəliklər törədir.

Bitki ziyanvericilərinə, xəstəliklərinə və alağa qarşı mübarizədə işlədilən kimyəvi maddələr, xüsusilə üzvi birləşmələr böyük təhlükə mənbəyidir. Bacarıqsızlıqla və nəzarət olmadan işlədilən pestisidlər torpaqda, suda, sututarların dib çöküntülərində toplanır.

Təbii sərvətlərin həddindən artıq istismara cəlb olunmaqla çirkləndirilməsi, bəzən də vəhşicəsinə məhv edilməsi heyvan növü müxtəlifliyini kəskin şəkildə azaldır. Son 300 ildə əvvəlki 10 min il ərzindəkinə nisbətən çox sayda quş, məməli heyvan növü Yer üzündən silinmişdir. Bunun əsas səbəbi həmin heyvanların, ilk növbədə, insanlar tərəfindən sistemsiz surətdə vəhşicəsinə qırılması, habelə kənd təsərrüfatı istehsalı üçün yeni-yeni ərazilərin istifadəyə verilməsi, sənaye sahələrinin inkişaf etdirilməsi və ərazilərin çirklənməsi ilə əlaqədar ekoloji sistemin pozulmasıdır. Həmin neqativ halların nəticəsində onlarla və yüzlərlə heyvanbitki növü məhvə məruz qalmışdır. Onların arasında elmə məlum olmayan növlər də olmuşdur.

Tropik meşə sahələrinin məhv edilməsi, eyni zamanda, intensiv heyvandarlıq Yer iqliminin dönməz dəyişikliyi və istixana effektinin sürətlənməsi ilə nəticələnir. Son iki yüz ildə tropik meşələrlə örtülü ərazilər təqribən iki dəfə azalmışdır. Bu proses dəqiqədə 15-20 hektarı əhatə etməklə, sürətlə davam etməkdədir.

Avrasiyadakı sıx ot bitən düzənliklər və ABŞ-dakı hündür ot örtüklü sahələr, demək olar ki, tamamilə şumlanmışdır. Tundra da insanın intensiv təsirinə məruz qaldığından korlanmaqdadır.

Yer səthində temperatura təsir göstərən qazların tərkibi uzun geoloji dövrlər ərzində tədricən dəyişmişdir. 19-cu əsrin sonlarından başlayaraq sənayenin güclü sıçrayışla inkişaf etməsi nəticəsində yandırılan təbii yanacağın miqdarı xeyli artmışdır. Bunun nəticəsində atmosferə külli miqdarda karbon qazı qarışmağa başlamışdır. Karbon qazı istixana effekti yaradan əsas qazdır. Yaşıl bitki örtüyünün böyüklüyündən asılı olaraq ilin müxtəlif mövsümlərində karbon qazının konsentrasiyası dəyişir: payız və qışda artır, yazyayda azalır. Karbon-oksidin 80%-i qazıntı yanacağının yandırılması, 20%-i isə meşə ağaclarının geniş miqyasda qırılması, torpaqlardan istifadə xarakterinin dəyişməsi nəticəsində yaranır.

Hazırda istixana effekti yaradan qazların konsentrasiyası böyük sürətlə artır. Əvvəlki minilliklər ərzində baş verən iqlim dəyişikliyi indi onilliklər ərzində özünü göstərir. Son 30 ildə atmosferdə karbon qazının konsentrasiyası iki dəfə artmışdır. Nəzərə almaq lazımdır ki, istiliyin bir hissəsini okean udur. Əgər 10-15 ildən sonra okean ətraf temperaturu aşağı salmaq qabiliyyətini itirsə, istixana effekti qəfildən güclənə bilər. İstixana effekti adi təbiət hadisəsi olub istiliyin Yer üzərində qalmasından ibarətdir.

İndiki dövrdə Yerin orta temperaturu Selsi üzrə 14 dərəcədir. Əgər təbii istixana effekti olmasaydı orta temperatur Selsi üzrə təqribən mənfi 19 dərəcə təşkil edərdi. İstixana effektinin yaranmasında suyun buxarlanması karbon qazı öncül rol oynayır. İstixana effektinin atmosferdə olan digər qazlar, əsasən metan qazı tərəfindən törədilməsi mümkündür. Metan qazı heyvanlar gövşəyən zaman gedən fermentativ proseslər nəticəsində əmələ gəlir. Dünyada olan inəklərin sayı 1,3 milyard başdır. Hər inək gündə 200 litr metan ifraz edir. Yer üzündəki inəklərin hamısı atmosferə 100 milyon ton, qoyunlar, keçilər dəvələr isə 40 milyon ton metan ifraz edir. Yer kürəsinin şumlanan 130 milyon hektar ərazisinin 46 milyonu mal-qara saxlanması üçün istifadə olunur.

Amerika alimlərinin fikrincə, əgər ABŞ-ın (Alyaska istisna edilməklə) ərazisinə bərabər olan ərazidə yeni meşə zolaqları salına bilsə, təbii yanacağın yandırılması nəticəsində əmələ gələn karbon qazını neytrallaşdırmaq mümkün olar. Təzə salınmış meşələr oksigen əmələ gətirməklə karbon qazını udmaqla bərabər, həm torpağın tərkibini sabitləşdirə, eroziyanın qarşısını ala, atmosfer yağıntılarını tənzimləyə daşqınlardan yaxa qurtarmağa kömək edə bilər.

İqlim dəyişikliyi problemi son dərəcə aktualdır. Planetimizdə iqlim sürətlə dəyişir. Bunu alimlər etiraf edirlər. İqlim dəyişməsi yalnız temperaturun yüksəlməsi demək deyildir. İqlimin qlobal dəyişməsi anlayışı bütün geosistemin yeni dəyişikliyə uğraması kimi başa düşülməlidir. İstiləşmə isə bu dəyişikliyin aspektlərindən biridir. Aparılan müşahidələr Dünya okeanı səviyyəsinin qalxdığından, buzlaqların, əbədi donuşluqların əridiyindən, atmosfer çöküntülərinin getdikcə bir bərabərdə düşmədiyindən, çayların axma rejiminin dəyişdiyindən iqlimin qeyri-sabitliyi ilə əlaqədar olan digər qlobal dəyişikliklərdən xəbər verir.

İqlim dəyişməsinin nəticələri özünü indidən göstərir. Təhlükəli hava hadisələrinin tezliyinin intensivliyinin artması, infeksion xəstəliklərin yayılması bunun sübutudur. Bütün bunlar xeyli iqtisadi ziyan vurur, ekoloji sistemlərin sabit mövcudluğuna, insanların sağlamlığına təhlükə törədir. Alimlərin fikrincə, davam etməkdə olan iqlim dəyişiklikləri, müvafiq ehtiyatlılıq tədbirləri görülməzsə, gələcəkdə daha böyük təhlükələrlə nəticələnə bilər.

Antarktika buzlaqlarının analizi göstərir ki, son 650 min ildə atmosfer havasında indiki qədər karbon qazı olmamışdır. 1906-cı ildən 2005-ci ilədək olan dövrdə Yer kürəsinn orta temperaturu 0,74 dərəcə yüksəlmişdir. Yerin quru hissəsi su hissəsindəkinə nisbətən daha çox istiləşmişdir. Eyni zamanda, güclü yağışların tezliyi böyük istilərin müddəti artmış, dənizlərin səviyyəsi qalxmış,Yerin hər iki qütbündə dağların zirvələrində buzlar əriməyə başlamışdır. Bütün bunlar qlobal istiləşmə effektinin təzahürüdür. Bəzi alimlərin fikrinə görə, iqlimin dəyişməsinin əsas səbəbi istixana qazları Yerin fırlanma sürətinin dəyişməsidir.

İnsanın təsərrüfat fəaliyyətindən böyük zərbələr alan təbiət fəryad edir, öz doğma övladlarını köməyə çağırır. Təbiətin yaralarını sağaltmaq insanların öz əlindədir. Təbiəti qorumaq xoşbəxt gələcəyimizi qorumaqdır.

 

 

Arif HÜSEYNOV,

yazıçı-publisist

                                

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 8.