Yardımlı
Neçə aydan sonra yenə də
daşların "güldüyü", güllərin
daşdığı dağlar diyarı Yardımlıya gedirəm.
Ucadan-uca, qocadan-qoca zirvələrin "gümüş"
sərgisi məni gözləyir. Buralar göyə elə
yaxındır ki, adamın xəyalı bir anda ilahi yüksəkliklərə
qanadlanır. Mən elə bu səbəbdən dağlarla hər
görüşü fürsət bilirəm, zirvələrdə
keçirdiyim hər günün xətrini əziz tuturam. Bir qartal vüqarı dolur könlümə...
Budəfəki
səfərim qış gününə düşsə də,
bəxtimdən hava yumşaq idi. Duman çəkilmiş,
sanki ətraf bir az da işıqlanmışdı.
Xatırladım ki, düz əlli iki il öncə
Yardımlının Arus kəndi yaxınlığına
göydən meteorit düşüb və sıx duman
olmasına baxmayaraq, dörd yanda güclü işıqlanma
yaradıb. Həmin gün qonşu Nisəqalada indinin
tanınmış şairi Sakit İlkin dünyaya göz
açıb. Göydən düşən xırda planet hissəciklərini
camaat ulu tanrının "daş məktubu" sanıb.
Şair xəyalı yerlə-göylə əlləşən
qələm dostumuzun yaradıcılığında
"daş" obrazının xüsusi yer tutması da bəlkə
elə bununla bağlıdır.
Ya
başına döndər məni,
Ya
daşına döndər məni.
Yaddaşına
göndər məni,
Elə
qızıl, qalay, dağlar...
Yardımlının
göylərə yaxınlığı, ucalıqlara söykənməsi,
fəzadan buraya meteorit düşməsi, məncə, yurdun bəzi
övladlarının taleyində də müəyyən
"kosmik" rol oynayıb. Hər halda, əlaqələndirmək
olar. Məsələn, Kürəkçi kəndindən Təhməzxan
kişinin oğlu, texnika elmləri namizədi Möhtəmən
Eyniyev MEA Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda
aparıcı elmi işçi və Beynəlxalq Tətbiqi
Kosmonavtika İnstitutunda müəllim işləyir.
Torpaqlarımızın kosmosdan öyrənilməsi və xəritələşdirmə
işinin fəal iştirakçısı kimi "Kosmos Azərbaycan
Respublikasının xidmətində" kompleks
proqramının hazırlanmasında gərgin əmək sərf
edib. Ostayır kəndinin övladı, texnika elmləri namizədi,
doktorant Mükafat Əsgərovun elmi nəticələri aviasiya
quruculuğunda və eləcə də geniş formatlı təyyarələrin
qaldırıcı mexanizmlərində uğurla tətbiq
olunur. O, hazırda Kiyev Politexnik İnstitutunda gələcəyin
konstruksiya mütəxəssislərinə dərs deyir. Nəhayət,
bu gün Azərbaycan səmasında uçan hərbi təyyarəçi,
baş leytenant Səyyar Tağıyev Yardımlının
Telavar kəndindən pərvazlanıb.
Görürsünüzmü, göylərlə nə qədər
bağlılıq var!
Ötən
ili dağlar diyarı üçün uğurlu saymaq olar.
Payız-qış mövsümünün həmişəkindən
fərqli olaraq daha tez gəlməsi, dağlara hələ
noyabr ayında dizəcən qar yağması, yolun-rizin
bağlanması, havaların kəskin soyuması problemləri
artırmış, işıq və qaz təchizatını
müəyyən qədər çətinləşdirmişdir.
Amma təbiətin şıltaqlıqlarına öyrəncəli
olan yardımlılılar dövlət orqanlarının
yaxından köməkliyi ilə qayğılarını yenməyi,
həyatı axarında saxlamağı bacarırlar. Rayon rəhbərliyi
bütün sahələrin normal fəaliyyətini təmin
etməkdən ötrü əməli tədbirlər
görür.
Rayon
üzrə məhsul istehsalının həcmi 50 milyon manata
yaxın olmuşdur ki, bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə çoxdur. Sənaye və
kənd təsərrüfatı məhsullarının, nəqliyyat,
ticarət, rabitə xidmətlərinin həcmi artmış,
tikinti işləri sürətlənmişdir. Əhalinin həyat
səviyyəsi yüksəlmişdir. Bu, fərdi
yaşayış evlərinin tikintisində də
özünü göstərir. İlin əvvəlindən
ümumi sahəsi 5 min kvadratmetrədək olan
yaşayış evləri tikilmişdir. Yardımlıda əhalinin
əksəriyyəti kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olur. Ötən müddətdə
rayon üzrə 16 milyon manatlığadək kənd təsərrüfatı
məhsulu istehsal edilmişdir. İribuynuzlu mal-qaranın
sayı əvvəlki illə müqayisədə 360 baş
artaraq 27196 başa, davarların sayı isə 537 baş
artaraq 77514 başa çatmışdır. Heyvandarlar 20 min
sentner ət, 103 min sentner süd istehsal etmişlər.
Prezident İlham Əliyevin sərəncamı ilə buğda
istehsalına marağın artırılması, buğda əkinlərinin
stimullaşdırılması məqsədilə
yardımların verilməsi bu sahənin inkişafına səbəb
olmuşdur. Belə ki, rayonda 3409 hektar sahədən 63790
sentner taxıl götürülmüşdür. Bundan
başqa, 809 hektar sahədən 73734 sentner kartof, 137 hektar sahədən
20 min sentner tərəvəz, 152 hektar səhədən 4350
sentner meyvə yığılmışdır. Əvvəlki
ilin eyni dövrü ilə müqayisədə taxıl
istehsalı 11 min sentner, kartof istehsalı 1085 sentner
çoxdur. Heyvandarlıq məhsullarının istehsalı
Arus, Bürzümbül, Alar, Vəlixanlı inzibati ərazi
dairələrinin kəndlərində, "Fərid",
"Əflatun və ortaqları" kənd təsərrüfatı
müəssisələrində daha yüksək olmuşdur.
Onu da deyək ki, kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət büdcəsi
hesabına yanacaq və motor yağlarına görə 111 min
manat yardım ödənilmişdir.
Rayon
telekommunikasiya qovşağı tərəfindən 18 kənd
EATS-ini mərkəzi stansiya ilə birləşdirən xətlər
təmir edilmişdir. Ümumilikdə 110 ədəddən
çox çürümüş ağac dayaq beton dayaqlarla əvəz
olunmuşdur. İstismar müddəti ötmüş 30
kilometrlik naqil yenisi ilə əvəz olunmuşdur. Mərkəzi
və kənd EATS-lərinin fasiləsiz elektrik enerjisi ilə təmin
edilməsi məqsədilə dizel generatorları
alınmışdır. Sürətli internet xidməti
yaradılması məqsədilə hazırda Yardımlıdan
Masallıya və əks istiqamətdə fibrooptik kabellər
çəkilir. Bu xətt Avropa-Asiya şəbəkəsinə
qoşulacaq və rayonda bu son informasiya texnologiyasından
istifadə olunacaq.
Qaz
istismarı sahəsi 1025-i əhali olmaqla 1035 abonentə xidmət
göstərir. Mövcud qaz kəmərinin uzunluğu 106,2
kilometrdən çoxdur. İdarə tərəfindən xətlərdəki
bütün sızmalar aradan qaldırılmış,
küçələrdən keçən qaz boruları rənglənmiş,
müxtəlif diametrli yeraltı keçid hissələrində
qaz kəmərlərinə gilizlər
quraşdırılmışdır. Əhaliyə qazdan təhlükəsiz
istifadə məqsədilə bukletlər
paylanmışdır. İl ərzində abonentlərə
verilən qazın dəyəri 100 faiz ödənilmişdir.
Hazırda Sırıq kəndində 133 abonenti əhatə edən
evlər qazlaşdırılır. 42 abonenti olan Əngövül
kəndində evlərə qazın verilməsi məqsədilə
köhnə tipli sayğacların yenisi ilə əvəz
olunması işlərinə yaxın vaxtlarda
başlanılacaq.
Elektrik
təsərrüfatının xətləri bir qədər
nasaz olsa da, əhalinin fasiləsiz enerji ilə təmin
olunması üçün tədbirlər həyata
keçirilmişdir. Belə ki, 35 kilovoltluq
Masallı-Yardımlı xəttində bəzi ağac dayaqlar
dəyişdirilmiş, xətt boyunca budama işləri
aparılmışdır. Eyni zamanda, rayondaxili xətlərdə
ağac dayaqlar dəyişdirilmiş, 4 kənddə
transformatorlar yenisi ilə əvəz olunmuş, 15 kəndin
transformatorları cari təmir edilmişdir. Rayonda sərf
olunmuş enerji üzrə 86 faiz ödəniş
aparılmışdır. Hazırda Yardımlı şəhəri
24 saat, kəndlərsə 16-18 saat işıqla təmin
olunur. Alternativ enerji mənbələrinin yaradılması məqsədilə
şəhər ərazisində Viləş çayı
üzərində yeni su elektrik stansiyası tikmək nəzərdə
tutulmuşdur. Bu stansiya təqribən 1000 abonenti işıqla
təmin edəcək.
Şəhərdaxili
su xətlərində 76 millimetrlik borular yenisi ilə əvəz
olunmuş, bir küçədə siyirmələr təmir
edilmiş, Məceyir-Yardımlı xəttinin
nasazlıqları aradan qaldırılmışdır.
Dünya Bankı ilə imzalanmış kredit sazişinə əsasən
"Milli Su Təchizatı və Kanalizasiya xidmətləri
üzrə İkinci Layihə" çərçivəsində
rayonda uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometrlik
kanalizasiya xətlərinin çəkilməsinə
başlanmışdır. Bu layihənin icrasından sonra
şəhərə bütün gün ərzində su veriləcək.
Meşə
mühafizəsi və bərpası müəssisəsində
40 hektar sahədə mədəni meşə əkini
aparılmış və 1 hektar sahədə tinglik
salınmışdır. Müəssisə tərəfindən
1400 kubmetr odun hazırlanaraq təhsil şöbəsinə,
digər təşkilatlara və vətəndaşlara
verilmişdir. Meşə qanunvericiliyini pozduğuna görə
10 vətəndaş cərimələnmişdir.
Prezident
İlham Əliyev yol infrastrukturunun daha da
yaxşılaşdırılması üçün əlaqədar
təşkilatların qarşısında ciddi vəzifələr
qoymuşdur. Xüsusilə, rayondaxili-kəndarası
yolların əsaslı təmiri mühüm tələb kimi
irəli sürülmüşdür. Rayonda bu yöndə
işlər sürətləndirilmişdir.
Yardımlı-Hamarkənd yolunun 3 kilometrlik hissəsi
çınqılla örtülmüş, 700 metrlik hissəsi
asfaltlaşdırılmışdır. Yardımlı-Masallı
magistral yolunda qismən təmir işləri
aparılmışdır. Bundan əlavə, Deman-Arvana,
Arus-Astanlı yolları təmir edilmişdir. Digər
yolların, o cümlədən, rayon mərkəzindən 4
istiqamətdə ən azı 10 yaşayış məntəqəsini
birləşdirən yolların əsaslı təmiri məqsədilə
respublika hökuməti qarşısında məsələ
qaldırılmışdır.
Rayonda
sənaye sahəsi üzrə orta aylıq əmək
haqqı 266 manat, ticarət xidmətində 144 manat, tikintidə
222 manat, kənd təsərrüfatında 112,5 manat, büdcədən
maliyyələşən təşkilatlarda 203 manat,
poçt-rabitə sahəsində isə 161 manat təşkil
edir. 619 ailənin 3534 nəfər üzvünə yarım
milyon manatlıqdan xeyli artıq ünvanlı dövlət
sosial yardımı ödənilmişdir. Rayonda məşğul
əhalinin sayı 37390 nəfərdir ki, bu da ümumi əhalinin
62 faizini təşkil edir. Ötən müddətdə
işə düzəlməklə bağlı rayon məşğulluq
mərkəzinə 190 müraciət olmuş, 118 nəfər
işlə təmin edilmişdir.
Möhtərəm
Prezidentimiz bütün rayonlarda abadlıq və quruculuq
işlərinin yüksək zövqlə və keyfiyyətlə
aparılmasını tələb edir. Bu baxımdan
Yardımlı şəhərinin
abadlaşdırılması sahəsində mümkün olan
bütün işlər görülməkdədir. Şəhərin
girişindən başlayaraq bir kilometrədək məsafədə
naxışlı istinad divarları hörülmüş,
giriş hissədəki "Qala qapısı" və yeni
istinad divarları ağ üzlük daşlarla bəzədilmişdir.
Həmin istiqamətdə yollar genişləndirilir,
suaxarları salınır, piyada səkiləri tikilir.
İşlər başa çatdıqdan sonra yolun genişləndirilmiş
hissəsinə asfalt döşənəcək. Həmin ərazidə
yerləşən Heydər Əliyev adına park və bulaq
kompleksi də müasir zövqə uyğun şəkildə
əsaslı təmir olunmuşdur.
İcra
hakimiyyətinin başçısı Xəzər Aslanovun təşəbbüsü
və rəhbərliyi ilə rayonda 200 yerlik müasir
xeyir-şər evi tikilmişdir. Eyni zamanda, YAP rayon təşkilatı
üçün yeni inzibatı binanın inşasına
başlanmışdır.
Son
illər rayon üçün ənənəvi hal alan məktəb
tikintisi 2011-ci ildə də davam etdirilmişdir. Sentyabr
ayında müasir avadanlıqla təmin olunmuş 150 yerlik
uşaq musiqi məktəbi istifadəyə verildi. Hazırda,
220 yerlik Ostayır, Alçabulaq və Şəfəqli, 80
yerlik Gendərə və Gügəvar, 360 yerlik Kürəkçi
məktəblərinin tikintisi və Çayüzü kənd
uşaq bağçasının əsaslı təmiri
aparılır. Qeyd etmək fərəhlidir ki, 2010-cu ildə
rayonda 5 müasir məktəb tikilmişdir. Məktəblərdə
müasir tədris metodlarının tətbiqi
üçün bütün şərtlər nəzərə
alınır, idman zalları inşa olunur.
Təhsil
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması tədrisin keyfiyyətinə
də müsbət təsir göstərir. Ötən il 149 məzun
ali və orta ixtisas məktəblərinə daxil olmuşdur
ki, onların da 37 nəfəri qızlardır. Tələbə
adını qazananların sayı son 3 ildə təqribən
3 dəfə artmışdır.
Son
illər Yardımlıda nəzərə çarpan iqtisadi
yüksəliş, o cümlədən, yeni iş yerlərinin
açılması, infrastruktur yeniləşməsi vaxtilə
rayondan köçüb getmiş əhalinin geri
qayıtmasında mühüm amilə çevrilmişdir. Hazırda
rayon əhalisinin sayı 60310 nəfərdir. Başqa sözlə,
keçən ildəkindən min nəfərədək
çox! ...Beləcə, Yardımlıya bu səfərimdən
də təəssüratla qayıdıram. Dağlar
diyarının başqa bir şair oğlu - Maşallah Məftunun
misraları sanki məni müşayiət edir:
Yolumda
gör neçə ümid görünür,
Çırpılır qayaya, daşa gur sular.
Köksümün altında ümmana
dönür
Ötən xatirələr, şirin
arzular...
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 7.