Azərbaycanı dünyaya turizm ölkəsi kimi tanıdaq

 

Son illər inteqrasiya proseslərinin sürətlənməsi ayrı-ayrı milli iqtisadiyyatların, eləcə də ümumilikdə dünya iqtisadiyyatının strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdur. Artıq istehsal sferasına məxsus aparıcı mövqeni tədricən xidmətlər bazarı "ələ keçirməkdədir". Hələ keçən əsrin 90-cı illərindən başlayaraq inkişaf etmiş ölkələrdə ÜDM-in tərkibində bütün növ xidmətlərin payı təqribən 70 faizə çatmışdır. Beynəlxalq Valyuta Fondunun (BVF) göstəricilərinə əsasən dünyada il ərzində həyata keçirilən ümumi xidmətlərin dəyəri dinamik artaraq 2010-cu ildə təxminən 2500 milyard dollara çatmışdır.

 

Müasir dövrdə turizm ən sürətlə inkişaf edən xidmət sahələrindən biri kimi, insanların fiziki və mənəvi qüvvələrinin reabilitasiyası, istirahət və ümumilikdə insan inkişafı üçün vacib amillərdən biridir. Eyni zamanda, turizm ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Dünya təsərrüfatının ən gəlirli və səmərəli sahələrindən olan turizm iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Məsələn, hazırda dünyada ümumi milli məhsulun 10 faizə qədəri turizmin payına düşür, dünya ixracatının 8 faizi və ticarət xidmətinin 30-35 faizi beynəlxalq turizmin hesabına əldə edilir. Bundan başqa, turizmin inkişafı sosial problemlərin həllində də mühüm rol oynayır. Belə ki, turizm ölkələr arasında sülhün möhkəmlənməsi, ayrı-ayrı xalqların bir-birinə yaxınlaşması, qloballaşma, incəsənət və mədəniyyətin təbliği, millətlərin mənəvi inkişafı, fiziki sağlamlığı və istirahəti üçün əsas vasitədir.

Turizmin genişləndirilməsi yeni iş yerlərinin açılması, ölkənin ödəniş balansının yaxşılaşdırılması, insan inkişafının fiziki və mənəvi tərəflərinin təmin olunması deməkdir. Əksər mənbələrdə turizm sənayesinə hətta neft emalı və maşınqayırma sənayesindən sonra birinci vacib istiqamət kimi yanaşılır. Araşdırmalar göstərir ki, son 20 ildə dünya üzrə xarici turistlərin sayı orta hesabla ildə 5,1 faiz artmış, valyuta daxilolmalarının ümumi həcminin 14 faizini təşkil etmişdir. Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının məlumatlarına görə, XX əsrin sonlarından etibarən dünyada turist axını daha da sürətlənmişdir. 1950-ci ildə dünyada turistlərin sayı 20 milyon nəfər, onlara göstərilən xidmətlərin həcmi 2,1 milyard dollar təşkil edirdisə, 2010-cu ildə bu göstəricilər 940 milyon nəfər və 919 milyard dollar olmuşdur. Hazırda beynəlxalq turizm sistemində 325 milyon nəfərdən çox adam işləyir. Son illərdə dünyada baş verən böhran turizm sektorunun inkişafına müəyyən təsirlər etsə də, bu sahədə müsbət dinamika özünü göstərməkdədir. Bütün bunlarla yanaşı, Türkiyə, Panama, Uruqvay, Misir, Hindistan, Cənubi Koreya və s. ölkələr daha çox turizm qəbul edən ölkələr kimi qeydə alınmışdır. Ümumiyyətlə, son illər dünyada turizm xidmətlərinin kütləviləşməsi və coğrafiyasının genişlənməsi müşahidə edilməkdədir. Bunu statistik məlumatlar da təsdiq edir.

Cədvəldən də göründüyü kimi, dünya üzrə turist axınının 50,7 faizi yalnız Avropanın payına düşmüşdür. Eyni zamanda, 2009-cu ilə nisbətən ən yüksək artım Asiya və Sakit okean hövzəsinə aiddir. Ən az paya malik Afrikada isə ötən illə müqayisədə 7,3 faizlik artım təmin edilmişdir. Baxmayaraq ki, turist gəlmələrində Avropa və Amerika liderlik edir, ümumilikdə turist gəlmələrinin orta illik artım tempinə görə regionları Orta Şərq, Afrika, Asiya və Sakit okean hövzəsi, Avropa və Amerika kimi sıralamaq olar.

Qloballaşma və inteqrasiya prosesləri bütün dünyada turizmi hərəkətə gətirmişdir. Artıq turizm, ayrı-ayrı ölkələrin büdcəsində, ÜDM-in formalaşmasında xüsusi çəkiyə malikdir. Araşdırmalar göstərir ki, regionlar üzrə turizmdən ən çox gəlir Avropaya məxsusdur. Belə ki, ÜTT-nin 2010-cu il məlumatlarına görə, dünya üzrə turizmdən əldə edilən ümumi gəlirin 44,2 faizi məhz bu regionun payına düşür. Bu sırada ikinci yeri 27,1 faizlik payla Asiya və Sakit okean hövzəsi tutur. Bu göstərici üzrə 2009-cu ilə nisbətən artım tempində liderlik Orta Şərqə aiddir. 2009-cu ilə nisbətən artım tempinə görə Asiya və Sakit okean hövzəsi 12,8 faizlik payla ikinci yerdə dayanır.

Ayrı-ayrı ölkələrdə turizmin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən göstəricilərdən biri də dünya üzrə hər bir turistdən ölkəyə gələn gəlir göstəricisidir. ÜTT-nin 2010-cu il üzrə məlumatlarına görə dünya üzrə bu göstərici 940 ABŞ dolları təşkil edir ki, bu sırada da Avropa liderliyini qoruyub saxlayır. Belə ki, bir gəlməyə düşən gəlir Avropada 476,5 dollar, Amerikada 149,5 dollar, Asiya və Sakit okean hövzəsində 203,9 dollar, Afrika və Orta Şərqdə isə uyğun olaraq 49,4 və 60,3 dollar təşkil edir.

Qeyd olunduğu kimi, beynəlxalq turizmin inkişaf səviyyəsinə görə Avropa ən qabaqcıl regionlardan biridir. Ona görə ki, burada daha əlverişli sosial-iqtisadi, siyasi şərait, zəngin mədəni-tarixi irs mövcuddur, eləcə də operativ (sürətli) nəqliyyat-rabitə xidmətləri göstərilir. Məhz buna görə də bir çox mühüm göstəricilər üzrə üstünlüyə malik olan Avropa regionu gərgin turist axını ilə dünyanın digər regionlarından seçilir və beynəlxalq turizm sahəsində aparıcı mövqeyə malikdir. ÜTT-nin statistikasına görə dünya üzrə turist gəlmələri sayının 1995-ci ildə 59,8 faizi, pul axınlarının isə 51 faizi məhz bu qitənin payına düşmüşdür. 2010-cu il üçün isə analoji göstəricilər 50,7 faiz və 44,2 faiz təşkil edir. Eyni zamanda, 2020-ci il üçün bu göstəricilər dünya üzrə ümumi rəqəmlərin 45,9 faizi və 39,2 faizi həcmində proqnozlaşdırılır. O cümlədən, ÜTT-nin proqnozlarına görə, 1995-2020-ci illər ərzində turizm cəlbediciliyi üzrə ən çox illik artım Orta Şərqdə proqnozlaşdırılır. Belə ki, ÜTT 1995-2020-ci illəri əhatə edən turist axını üzrə dünyada 4,1 faiz, o cümlədən, Orta Şərqdə 7,1 faiz, AsiyaSakit okean hövzəsində 6,5 faiz, Afrikada 5,5 faiz, Amerikada 3,9 faiz, Avropada isə 3,0 faizlik artım proqnozlaşdırır. Bu isə o deməkdir ki, turist cəlbediciliyi artımı üzrə uzun illər Avropaya məxsus olan aparıcı mövqe tədricən Orta Şərqə keçəcəkdir.

Hazırda Avropanın özündə coğrafiturizmin iqtisadi səmərəliliyi nöqteyi-nəzərindən qitənin Qərbi Avropa, Cənubi Avropa, Cənubi və ya Aralıq dənizi Avropası, Mərkəzi və Şərqi Avropa subregionları fərqləndirilir. 2010-cu ilin nəticələrinə görə turizm gəlmələri və turizmdən gəlirlərin subregionlar üzrə paylanması müvafiq olaraq aşağıdakı kimi olmuşdur: Cənubi Avropa - 32,5 faiz və 36 faiz, Qərbi Avropa - 37 faiz və 38,4 faiz, Mərkəzi və Şərqi Avropa - 26 faiz və 15,9 faiz, Şimali Avropa -4,5 faiz və 9,1 faiz.

Cənubi və Qərbi Avropa turizmin ən çox inkişaf etdiyi regionlardır. 330 milyon nəfərə yaxın əhalini əhatə edən bu ərazidə vahid Avropa turist bazarı yaradılmaqdadır və turizm səyahətlərinin 81 faizi də məhz regiondaxili yerdəyişmələrin payına düşür. Müşahidələr göstərir ki, qərbi avropalıların sevimli çıxış turizmi ölkələri isə ABŞ, Kanada və Meksikadır. Turistləri qəbul edən Avropa ölkələri içərisində liderlik Fransaİspaniyaya məxsusdur. Gələn turistlərin sayına görə bu ölkələr dünyada da ilk yerləri bölüşürlər.

Burada ilk dörd yeri ABŞ, İspaniya, FransaÇin bölüşürlər. Belə ki, dünya üzrə turizmdən daxil olan gəlirlərin 11,3 faizi Amerikanın, 5,7 faizi İspaniyanın payına düşür. ÇinFransada bu göstərici 5,0 faizə bərabərdir. Ümumilikdə isə dünya turizmindən daxil olan gəlirlərin təqribən 50 faizi, məhz bu on ölkənin payına düşür. Turizmdən əldə edilən gəlirlər üzrə 2010-cu ildə 2009-cu ilə nisbətən ən yüksək artım 39,5 faizlik göstərici ilə Honk-Qonqa, 18,6 faizlik göstəriciylə isə Avstraliyaya məxsusdur. Bu sırada üçüncü yeri 15,5 faizlik payla Çin tutur. Turizmdən daxil olan gəlirlər üzrə 2010-cu ildə 2009-cu ilə nisbətən İspaniya, Fransa, İtaliya və Türkiyədə geriləmə müşahidə edilmişdir. Dünya üzrə bir turistdən ən çox gəlir götürən ölkələr isə Avstraliya (3400 dollar), ABŞ (1340 dollar) və Böyük Britaniyadır (1010 dollar). Bu sırada ilk onluq üzrə ən axırıncı ölkə isə Fransa (920 dollar), İspaniya (930 dollar) və İtaliyadır (930 dollar).

Araşdırmalar göstərir ki, hər bir regionun turizm cəlbediciliyinə və bir turistdən əldə edilən gəlirə müxtəlif amillər təsir edir ki, onların ən vaciblərindən biri bu sahədə fəaliyyətin dövlət tənzimləməsidir. Ona görə də tənzimləmə ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübə ilə tanış olmaq məqsədəuyğun olardı.

Turizmə aid bir sıra göstəricilərdə ilk onluqdailk üçlükdə yer alan Böyük Britaniyada turizmin dövlət tənzimləməsini Mədəniyyət, Tamaşalarİdman Nazirliyinə tabe olan Britaniya Turizm Agentliyi (BritishTouristAuthority - BTA) həyata keçirir. Dövlətsizləşdirmə siyasətinin "populyar"olduğu və xüsusən də Azərbaycan kimi keçid ölkələrində tətbiq olunması beynəlxalq iqtisadi qurumlar tərəfindən tövsiyə olunduğu bir dövrdə qeyd etmək vacibdir ki, kommersiyayönümlü bu müəssisənin fəaliyyəti 68 faiz dövlət büdcəsindən formalaşır. BTA-nın əsas funksiyaları daxili turizmin inkişafı, xarici turistlərin Böyük Britaniyaya cəlb edilməsi, hökumətin və digər dövlət strukturlarının informasiya təminatı və məsləhətləşdirilməsindən ibarətdir. Təşkilat bilavasitə öz vəzifələrini həyata keçirmək üçün informasiyareklam fəaliyyəti ilə məşğul olur, sərgilərdə iştirak edir. Bundan başqa, şirkət özəl müəssisə kimi pullu konsaltinqmarketinq xidmətləri təklif edir, sərgi və seminarlar təşkil edir, bukletlər və digər reklam materiallarının tərtibatını, videomaterialların hazırlanmasını və satışını həyata keçirir, xarici kapitalın iştirakı ilə müxtəlif turizm layihələrinin reallaşdırılması ilə məşğul olur. 300 nəfər işçisi olan BTA-ya beş nəfərdən ibarət direktorlar şurası və prezident rəhbərlik edir, təşkilatın 26 ölkədə nümayəndəliyi mövcuddur.

Araşdırmalar göstərir ki, Fransada turizmin idarə olunması, tənzimlənməsi və beynəlxalq turizm məsələləri icraedici hakimiyyət səviyyəsində Nəqliyyat və İctimai İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Turizm üzrə Dövlət KatibliyiTurizm İdarəsinə həvalə edilmişdir. Bundan başqa, turizmin inkişafına təsir göstərən və adı çəkilən əsas strukturlarla sıx əlaqədə fəaliyyət göstərən digər dövlət strukturları da mövcuddur. Bu strukturlar əsasən fərqli istiqamətlərdə fəaliyyət göstərir. Məsələn, Nəqliyyat və İctimai İşlər Nazirliyinin nəzdində Turizm Şurası- məsləhətverici orqan kimi fəaliyyət göstərdiyi halda, turizm incirinqi üzrə Fransa Agentliyi - turizm sahəsində marketinq tədqiqatlarını həyata keçirir. O cümlədən, turizm sahəsində statistik bazanın hazırlanmasını Turizm üzrə Milli Müşahidə Şurası həyata keçirir. Eyni zamanda, bu ölkədə turizmin növləri üzrə də strukturlara rast gəlinir. Belə ki, məzuniyyət səyahətləri üzrə Milli Agentlik əsasən, sosial turizm sahəsində fəaliyyət göstərdiyi halda, ekoloji turizm xidmətləri Fransanın çiçəklənməsi üzrə Milli Komitə tərəfindən göstərilir.

Fransada diqqəti çəkən məqamlardan biri də, Fransa turizm imkanlarının dünyaya tanıdılması, Fransa turizminin dünya turizm bazarına yeridilməsi ilə xüsusi təşkilatın məşğul olmasıdır. Belə ki, Fransada XX əsrin sonlarında yaradılmış Maison de la France Assosiasiyası məhz bu fəaliyyətlə məşğuldur. Assosiasiya yerli administrasiya və müxtəlif növ turist xidmətləri (turizm agentlikləri, mehmanxanalar, ekskursiya şirkətləri və s.) göstərən firmaların təsisatı ilə yaradılmışdır və hazırda minədək üzvü vardır. Özəl hüquqi müəssisə olan bu təşkilatın maliyyələşdirilməsində dövlət də iştirak edir. Təqribən təşkilatın maliyyələşdirilməsinin 57-64 faizi dövlət vəsaitləri hesabına aparılır. Assosiasiyanı 27 nəfərdən ibarət Direktorlar Şurası idarə edir ki, onların da 35 faizi dövlət məmurlarından, 65 faizi isə biznes nümayəndələrindən təşkil olunur. Təşkilatın dünyanın 30-a yaxın ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir ki, onların da başlıca işi Fransa turizmini dünyada təbliğ etməkdən, dünya turizm bazarında Fransanın mövqeyini daha da möhkəmlətməkdən ibarətdir.

 

(ardı var)

 

 

Aqil ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, iqtisad elmləri namizədi,

dosent

 

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 5.