Ana dilimizin saflığının və nüfuzunun qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur

 

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənəsini yaşatmalıyıq.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Ana dili hər bir xalqın həyatında mühüm rol oynayan əsas faktorlardan biridir. Dil həm də mədəniyyətdir. Milləti birləşdirən, onun tarixin ən ağır sınaqlarından keçməsində, qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ana dilinin rolu əvəzedilməzdir.Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

 

Ana dilimizin istifadəsinin genişlənməsinə, qorunub saxlanılmasına və bu sahəyə xüsusi qayğı göstərilməsinə qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha çox önəm verildi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik kəlamlarının birində deyilir. "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir".

Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə ediləsi mümkün olmayan nailiyyətlər öz gerçəkliyini tapdı. Xalqımızın həyatında əsaslı dönüş məhz bu dövrdə yarandı. İlk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyuldu. Bütün sahələr üzrə misli görünməmiş uğurlar qazanıldı. Böyük tarixi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda diqqət çəkən ən vacib və zəruri məqamlardan biri də hələ o vaxt bugünkü müstəqilliyin təməlinin yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuşmilli tərəqqiyə yönələn mühüm əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. 1969-cu ildən başlayaraq ana dilimiz tədricən xilas olundu. Bu işdə böyük zəhmət və məsuliyyət tarixi şəxsiyyət Heydər Əliyevin üzərinə düşdü.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Heydər Əliyev Kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda ana dili məsələsinin taleyini uğurla həll etdi. Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili kimi salınmasına nail oldu. Konstitusiya layihəsinin ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda Heydər Əliyev qətiyyətlə bildirdi: "73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Əslində bu, Konstitusiyaya tamamilə yeni bir maddənin salınması demək idi.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında şəxsi, tarixi, əbədiyaşar xidməti olub və gələcək müstəqil dövlətmizin mühüm atributlarından birini məharətlə qoruduğunu göstərirdi.

Ana dilinin qorunub saxlanılmasında və inkişafında müdrik şəxsiyyət Heydər Əliyevin bir-birinin ardınca qəbul etdiyi qərarlar xalqımızın yaddaşına əbədi həkk olundu.

Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən türk dünyasının lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi. Ümummilli lider Heydər Əliyev ana dilinin inkişafına, zənginləşməsinə qətiyyətlə çalışırdı. Ulu öndər hələ sovet hakimiyyəti dövründə ana dili haqqında cəsarətlə deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir". Heydər Əliyevin ana dilinə qayğısı nəticəsində Azərbaycanda milli dildə nəşr edilən kitabların tirajı artırıldı. Faktlara diqqət yetirdikdə məlum olur ki, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.

1989-1992-ci illərdə ölkədə cərəyan edən hadisələr, özbaşınalıq, hakimiyyətsizlik ana dilimizin qorunub saxlanılmasına və inkişafına da öz mənfi təsirlərini göstərdi. Bu dövrdə idarəetmədə naşı olan qüvvələr ana dilimizmilli kimliyimizlə bağlı ümummilli maraqlarımıza zidd olan siyasət yürütdülər. 1992-ci ildə Azərbaycanın dövlət dilinin "türk dili" olması barədə yanlış qərar qəbul edildi. 1993-cü ilin iyununda hakimiyyətə gələn və Ali Sovetin sədri kimi fəaliyyətə başlayan Heydər Əliyev "Azərbaycan dili" və ya "Türk dili" məsələsini gündəmə gətirərək xalqın müzakirəsinə verdi. Müzakirələrdə ziyalılarla yanaşı, sadə xalq kütlələri də iştirak etdi.

Qüdrətli şəxsiyyətin ikinci dəfə hakimiyyətə gəlişindən sonra respublikamızın bütün idarə və müəssisələrində ana dilimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və dövlət dili kimi tətbiq edilməsi istiqamətində ciddi işlər görüldü və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələ birdəfəlik olaraq öz həllini tapdı.

Azərbaycan Konstitusiyasının 21-ci maddəsi "Dövlət dili" adlanır və bu maddənin I bəndində yazılır: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". Beləliklə, ana dilimiz, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz özümüzə qaytarıldı, adət-ənənələrimiz qorundu, inkişaf etdirildi. Azərbaycan müstəqil dövlət kimi Avropayadünya birliyinə inteqrasiya yolunda inamla irəlilədi, beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrildi. Daim xalqı dilini sevməyə, ona milli varlıq kimi yanaşmağa sövq edən ümummilli lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək deyirdi: "Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir... İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu, ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".

Dahi şəxsiyyət Azərbaycan dilinin inkişafı və qorunub saxlanılması istiqamətində bir-birinin ardınca müxtəlif fərmanlar imzalamışdır. Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli sərəncamlar və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2004 - il tarixli sərəncam imzalamışdır. Ana dilimizə göstərilən xüsusi qayğı baxımından "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004 - il tarixli fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i Ana dili günü kimi qeyd olunur. Bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq, həyat durduqca hər birimizin qəlbində yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaq. Ulu öndərin əsasını qoyduğu daxilixarici siyasət Azərbaycanın adını daim yüksəkliklərə qaldıracaq, dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşacaq. Hər birimiz fəxr edirqürur hissi keçiririk ki, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev kimi dünya səviyyəli, yüksək intellektə sahib davamçısı var.

 

 

Əqidə AXUNDOVA,

Azərbaycan Dillər Universitetinin

Azərbaycan dilçiliyi kafedrasının

müəllimi, filologiya üzrə fəlsəfə

doktoru

 

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 3.