Qanlı Yanvar faciəsi imperiyanın süqutunu sürətləndirdi

 

Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi və bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdi. O, çıxışında bildirdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya və siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı".

 

XX əsrin ən nəhəng imperiyalarından sayılan Sovet dövləti azadlıq uğrunda mübarizə aparan xalqımıza divan tutmaq üçün səyini getdikcə artırırdı. Azərbaycanın qonşu İranla sərhədlərinin pozulması bəhanəsi də bu mənada qanlı qırğına haqq qazandıra bilərdi. Buna görə də imperiya başçıları məhz sərhədçilərə insanlara dəyməmək əmri vermişdilər.

Artıq dekabrın 31-də Araz çayı ətrafı 137 kilometrlik Sovet-İran sərhədində izdiham baş qaldırdı. Nəticədə sərhəd qurğuları uçuruldu. Hər iki tərəfin adamları Arazı keçərək bir-biri ilə görüşdülər.1990-cı il yanvarın 7-də SSRİ-Türkiyə sərhədində də həyəcanlar baş qaldırdı.Yanvarın 18-də Biləsuvar və Cəlilabad ərazilərində sərhəd qurğuları dağıdıldı. Xalq Cənubdakı qan qardaşları ilə qovuşdu. Belə bir şəraitdə Lənkəranda hadisələr sakit şəkildə davam edirdi. AXC-nin Lənkəran şöbəsi rayonda hakimiyyət orqanlarının işini müvəqqəti dayandırmağı qərara aldı.1990-cı il yanvarın 11-də rayon partiya komitəsi, daxili işlər şöbəsi,mətbəə və digər sahələr mühasirəyə alındı. Rayonda müvəqqəti müdafiə komitəsi yaradıldı.Yanvarın 12-də xalqa divan tutmaq məqsədilə ölkənin mexanikləşdirilmiş hərbi hissələri Lənkərana yeridildi.Bunun qarşısını kəsmək üçün qonşu Salyan, Sabirabad, Kürdəmir bölgələrində xalq ordu hissələri hərəkət edən yolların qarşısını kəsdi.

Bütün bunlar hakimiyyət böhranının, eləcə də Moskva canişininonun aparatının Azərbaycanda baş verən hadisələrə nəzarəti tam itirməsinin təcəssümü idi. Belə bir şəraitdə ermənilərin təhrikçilik hərəkətləri , onların sərhəd kəndlərimizə, eləcə də Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan bölgələrə silahlı hücumları güclənirdi.Yanvarın 12-də Ermənistandan 500 nəfərlik silahlı quldur dəstəsi 20 vertolyotla Xanlar rayonunun Quşçu kəndinə basqın edib silahsız əhaliyə divan tutdu, çoxlu insan - qadınlar, uşaqlar vəhşicəsinə öldürüldü. Bütün bunlara müxtəlif yollarla şərait yaradan Moskva rəhbərliyi isə öz məqsədinə çatmış, xalqı radikallaşdıra bilmişdi.

Yanvarın 12-də Azərbaycandakı radikal qüvvələr Milli Müdafiə Şurası (MMŞ) yaratdılar. Onların əsas məqsədi silahlı özünümüdafiə dəstələrini bir yerə cəmləşdirmək, yeni hərbi dəstələr yaratmaq və erməni hərbi birləşmələrinin basqınlarının qarşısını kəsmək idi. Respublikada AXC-ni dağıtmaq, xalq hərəkatını yatırmaq üçün münasib şərait yetişmişdi. Yanvarın 13-də Bakıda bir erməninin 2 nəfər azərbaycanlını öldürməsi paytaxtda iğtişaşları gücləndirdi. Yerli hüqüq-mühafizə orqanları, eləcə də Bakıda yerləşən SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı dəstələri isə bunun qarşısını almağa heç bir cəhd göstərmədi . İmperiya Bakıda Sovet hakimiyyətinin devriləcəyindən, eləcə də Azərbaycanın əldən çıxacağından qorxub paytaxt ətrafına əlavə ordu bölmələri, ağır texnika yeritməyə başladı. MMŞ-in fəallığı ilə paytaxtətrafı ərazilərdə və Bakı qarnizonunun yaxınlığında yük, minik maşınları, avtobuslardan ibarət barrikadalar yaradıldı. Yolların ətrafında 26 iri maneə təşkil edildi. Salyan kazarmasının yolu kəsildi.

1990-cı il yanvarın ortalarında Azərbaycan KP MK-nın büro iclaslarında respublikadakı mövcud vəziyyət müzakirə olunurdu. Çıxış edənlər Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova və başqaları, eləcə də Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının zəruriliyini bildirdilər. Buna etiraz edən və ya başqa təklif verən isə olmadı. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya teleqram göndərərək tələb edirdi ki, "Antisovet,antipatiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər.Bunun üçün hüquqi əsaslar vardır". Bunun ardınca Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya göndərdiyi teleqramda bildirirdi ki, respublikanın SSRİ güc nazirliklərinin hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək üçün hər cür imkanı vardır.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərman verdi. İmperiya Azərbaycan Ali Sovetinə təklif etdi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində komendant saatı tətbiq edilməsi də daxil olmaqla lazımı tədbirlər görsün.

1990-cı il yanvarın 17-dən Azərbaycan KP MK-nın binası qarşısında əzəmətli mitinq başlandı, ümümi tətil elan olundu. Mitinqdəki çıxışlarda tələb edildi ki, Moskva Ermənistanın Azərbaycana ərazi iddialarına qəti olaraq son qoysun. İmperiyanın Bakıya və ətraf bölgələrə yığdığı qoşunlar Dağlıq Qarabağa və erməni hücumlarına məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mərkəz Naxçıvanda da xalqı cəzalandırmaq məqsədilə fövqəladə vəziyyət tətbiq edilməsi üçün təzyiqlərini artırırdı.Yanvarın 18-də Şərur rayonu Kərki kəndinin erməni işğalçıları tərəfindən zəbt edilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi. Bundan məqsəd isə Azərbaycanda baş verən hadisələrə, Sovet ordusunun qanlı əməllərinə dünya xalqlarının diqqətini cəlb etmək idibu addım müəyyən rol oynaya bildi.

SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqa divan tutmaq, qırğın törətmək üçün ordudan istifadə olunacağı nəzərə alınaraq fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Bakıda fəaliyyətlərini davam etdirən radikallar insanlara "Silah, kömək gələcək" - deyə yalan vədlər verir, xalqın bir hissəsini barrikadaları sonadək qorumağa və buranı tərk etməməyə çağırırdılar. Piketdə iştirak edənlər imperiyanın, eləcə də Azərbaycanın səlahiyyətli nümayəndələrinin qoşunun şəhərə daxil olmayacağı ilə bağlı dəfələrlə təkrar etdikləri yalan vədlərə inanmışdılar.

Xalq baş verə biləcək qırğından xəbər tutmasın deyə, yanvarın 19-da respublika televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Qoşun bölmələri yanvarın 19-da Türkan-Qala istiqamətindən şəhərə hərəkət etməyə başladı. "Bakı əməliyyatı"na Sovet dövlətinin müdafiə naziri D.Yazov birbaşa başçılıq edirdi. Ağır hərbi texnika asanlıqla barrikadaları dağıtmağa başladı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Hərbçilər təsadüf nəticəsində yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını,nəqliyyatı atəşə tutur, yaralı insanları öldürür, meyitləri yandırırdılar. Bakı küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların və uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibbi heyətin yaralılara köməyə getməsinə imkan vermir, hər vəchlə buna mane olmağa çalışırdılar. Əldə olunmuş rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə Sovet qoşunlarının basqını vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi və 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər isə itgin düşmüşdür. Fövqəladə vəziyyət haqqında fərman artıq iş-işdən keçəndən sonra, yanvarın 20-də elan olunmuşdu. Azərbaycanda rəhbər vəzifədə olanlar xalqa kömək etmək, ona arxa durmaq əvəzinə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Ziyalıların bir qismi yanvarın 20-də Elmlər Akademiyasında etiraz mitinqi keçirdi. Ziyalıları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan 3 tanınmış alim,professor Bakı-Sumqayıt yolunda tankın altına salınıb məhv edildi.

Başsız qalmış xalq qorxu içində idi. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdibu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdi. O, çıxışında bildirdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiyasiyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Heydər Əliyev çıxışında respublika rəhbərlərinin yarıtmaz fəaliyyətini ifşa etdibildirdi ki, Ə. Vəzirov bu yüksək vəzifədə olduğu müddətdə Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır". Ümummilli lider qorxmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında soydaşlarımızı ağır gündə "ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırdı". Xalq Heydər Əliyev kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin onunla olduğunu, onu qorxmadan müdafiə etdiyini gördü, ürəkləndi...

Şəhidlər Bakının ən uca yerində - Dağüstü parkda dəfn edildi. 1990-cı ilin qanlı yanvarı Azərbaycan xalqı üçün yalnız böyük faciə deyildir. Bu hadisə həm də ləyaqətini, qeyrətini qorumaq üçün mübarizə aparmaqla bu yolda qurbanlar verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Heydər Əliyevin "Bizim İttifaqdan nicatımız yoxdur" sözləri xalqın ümumi rəyinin ifadəsi oldu. Xalq hərəkatı bu şüar altında keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Özlərini xalqın övladı sayıb dar gündə ona xəyanət edən rəhbərlər mühakimə olunmalıdırlar. Heysiyyətini itirmiş o zamankı respublika rəhbərləri məsuliyyətdən xilas olmaq üçün bütün günahları SSRİ rəhbərliyinin üzərinə atırdı. Lakin heç kəs heç vaxt tarix qarşısında günahını gizlədə bilməz...

 

 

Firudin CÜMŞÜDLÜ,

tarix elmləri namizədi,

ADPU-nun Azərbaycan tarixi

kafedrasının dosenti

 

Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 3.