Küveytdə yaşayan soydaşlarımız 20 Yanvar faciəsinin ildönümünü
qeyd edirlər
Xarici ölkələrdə
yaşayan soydaşlarımızın
xalqımızıın milli-mənəvi, əxlaqi dəyərləri,
şanlı tarixi, zəngin mədəniyyəti barədə
həmin dövlətlərin ictimaiyyətinə dolğun məlumat
verməsi təqdirəlayiq haldır. Bu sahədə fərqlənən
diaspor təşkilatlarından biri də Küveytdə fəaliyyət
göstərən Küveyt-Azərbaycan Dostluğu - Vətənsevərlər
Cəmiyyətidir. Bu günlərdə təşkilatın
üzvləri dost ölkədə xalqımızın qan
yaddaşında kədər, eyni zamanda, qəhrəmanlıq
səhifəsi kimi həkk olunan 20 Yanvar hadisələri ilə
əlaqədar bir sıra tədbirlər həyata
keçirirlər.
KADVC-nin sədri Könül Hacızadə ilə bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayında tanış olmuşdum. Küveytdə gördükləri işlər barədə vaxtaşırı qəzetimizə məlumat verəcəyini vəd etmişdi. Qəlbində sonsuz Vətən sevgisi olan bu xanım vədinə xilaf çıxmayaraq rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti haqqında qəzetimizin elektron poçtuna dəfələrlə məlumatlar göndərib. Dünən onunla telefon bağlantısı yaradıb 20 Yanvar faciəsi ilə bağlı təşkilatın həyata keçirdiyi tədbirlər barədə söhbət etdik. Könül Hacızadə əvvəlcə bunları dedi:
- Mən hesab edirəm ki, 20 Yanvarın Azərbaycan tarixində özünəməxsus yeri var. 22 ildir ki, xalqımız bu faciənın ağrısı ilə yaşayır, o müdhiş gecədə Vətən yolunda, azadlıq və istiqlaliyyət uğrunda şəhid olmuş övladlarının xatirəsini ehtiramla yad edir.
Ulu öndər Heydər Əliyev bu hadisənin müasir tariximizdəki yerini olduqca dəqiq ifadə edib. Deyib ki, "20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi. Ona görə də bu gün biz həmişə qəm, kədər içində oluruq. Amma eyni zamanda böyük qürur hissi keçiririk ki, xalqımız qəhrəman xalqdır, əyilməz xalqdır, sınmaz xalqdır".
Nə qədər, müdrik sözlərdir! Həqiqətən də 20 Yanvar hadisələri Azərbaycan xalqının tarix boyu ən sərt sınaqlara mərdliklə sinə gərmək əzmini sübuta yetirdi. Bu hadisələr Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm səhifə təşkil etməklə, milli iradə və mənlik şüurunun ali təcəssümünə çevrildi.
Azərbaycan xalqı bu yaxınlarda dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyini böyük qürur hissi ilə qeyd etdi. Xalqımızın buna böyük mənəvi haqqı var! Bəli, Azərbaycanın azadlıq və müstəqilliyə gedən yolu heç də hamar olmayıb, yüzlərlə soydaşımızın qanı-canı, saysız-hesabsız məhrumiyyətlər hesabına başa gəlib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı görünməmiş vəhşiliklə üzləşsə də, yüzlərlə fədakar oğul və qızlarını itirsə də, sarsılmadı və istiqlaliyyəti uğrunda mübarizəsini zəfərlə başa vurdu. Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaq üçün biz çox iş görməliyik. Mən bu barədə çox düşünürdüm. Beş il əvvəl Küveyt-Azərbaycan Dostluğu - Vətənsevərlər Cəmiyyətini (KADVC) təsis etdik. O vaxtdan Küveytdə xalqlarımız arasında dostluq, mədəniyyət əlaqələrini daha da gücləndirmək üçün ciddi və ardıcıl işlər aparırıq. Küveytdə 20 Yanvar faciəsi ilə bağlı materialları mütəmadi olaraq bu ölkənin aparıcı qəzet və jurnallarına, radio və televiziyalarına, informasiya agentliklərinə çatdırırıq. Jurnalistlərlə şəxsi görüşlərimiz də çox olur. Küveytin alim və ziyalıları, iş adamları ilə söhbətlərdə də 20 Yanvar, Xocalı faciələri ilə bağlı dolğun məlumatlar veririk. Bu il yanvar ayının 19-da Küveytdə yaşayan azərbaycanlıların geniş iştirakı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirməyi nəzərdə tutmuşuq. Bu hadisələrin çağdaş tarixmizdəki yeri, ibrət dərsləri barədə çıxışlar edəcək, xalqımızın istiqlalı yolunda həlak olan şəhidlərimizin müqəddəs ruhunu yad edəcəyik. Küveytlilər də Azərbaycana böyük maraq göstərirlər. Onlar öz növbələrində Azərbaycanda İslam mədəniyyətinin təşəkkülü və formalaşması ilə çox maraqlanırlar. Azərbaycanda neft sənayesinin inkişaf mərhələlərinə də çox maraq göstərirlər. Bizim klassik ədəbiyyatımız, eləcə də çağdaş uğurlu ədəbi nümunələrimiz də ərəb dostlarımızın diqqətindən yayınmır.
- Bu günlərdə Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı" ilə bağlı qərarı Küveytdə yaşayan soydaşlarımız tərəfindən necə qarşılandı?
- Çox ədalətsiz, tarixi və heç bir hüquqi əsası olmayan bir qərardır. Təbii ki, soydaşlarımız bunu böyük hiddət və qəzəb hissi ilə qarşıladılar. Küveytdə kifayət qədər böyük diasporumuz var. Təkcə Azərbaycandan deyil, Türkiyədən də burada çoxlu insan var. Aralarında iş adamları çoxluq təşkil etsə də, elm və sənət adamları da az deyil. Fransa parlamentinin ədalətsiz qərarı ilə əlaqədar biz türk qardaşlarımız ilə birlikdə toplantı keçirdik. Toplantı iştirakçılarının etiraz bəyanatını Fransa parlamentinə, eləcə də Fransanın Küveytdəki səfirliyinə göndərmişik. Məxsusi qeyd etmək istəyirəm ki, Orta Asiyadan olan türkdilli xalqların Küveytdə yaşayan nümayəndələri - qazaxlar, özbəklər, qırğızlar və türkmənlər də bizim toplantıya qoşularaq səsimizə səs verdilər. Toplantıda qeyd olundu ki, bizim cəmiyyət (KADVC nəzərdə tutulur) Küveytdə faktiki olaraq türkdilli diaspor təşkilatlarının mərkəzinə çevrilib. Əlbəttə, bu, bizi çox məmnun etsə də, məsuliyyətimizi də birə beş artırır.
- Könül xanım, sizcə Azərbaycan diasporunun Küveytdə gücləndirilməsi üçün daha nə etmək lazımdır?
- Mən səmimi deyirəm, son illər Azərbaycan diasporu dünyanın hər yerində, o cümlədən Küveytdə faktiki çox böyük inkişaf yolu keçib. Bu fakt Dünya Azərbaycanlılarının III Qurultayında da xüsusi qeyd olundu. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev qurultayda Azərbaycan diaspor təşkilatları qarşısında proqram xarakterli nitqində olduqca mühüm vəzifələr irəli sürdü. Dövlət başçımızın bu parlaq çıxışını mən şəxsən böyük coşqu ilə qarşıladım, orada irəli sürülən mühüm vəzifələri bir an belə unutmuram. Başa düşürəm ki, indi qarşımızda daha böyük vəzifələr durur. Yadımdadır, qurultaydakı digər çıxışlarda da dönə-dönə vurğulandı ki, bizim diaspor təşkilatları məskunlaşdığı ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ etmək üçün daha fəal çalışaraq güclü lobbiçilik fəaliyyətinə keçməlidir. Küveytdə biz öz fəaliyyətimizi məhz bu prinsiplər üzərində qururuq. Bu istiqamətdə Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Küveytdəki səfirliyinin, şəxsən hörmətli səfir Tural Rzayevin hərtərəfli dəstəyini daim hiss edirik. Sonda bir daha qəlbimdən dilimə axan bu sözləri demək istəyirəm ki, ürəyində Azərbaycan sevgisi olan hər bir soydaşımız hər yerdə, hər an bu millətin adını uca tutmağa sadəcə borcludur. Bu bizim böyük vətəndaşlıq borcumuzdur.
Söhbəti yazdı:
M.HACIXANLI
Xalq qəzeti.- 2012.- 15 yanvar.- S. 4.