20 Yanvar faciəsi: səbəblər, nəticələr

 

Hər bir ölkənin, hər bir millətin tarixində elə hadisələr baş verir ki, onlar yaşından, peşəsindən, təhsilindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər kəsin əbədi qan yaddaşına hopur. 20 Yanvar faciəsi belə hadisələrdəndir. O gün Azərbaycan xalqı onilliklər boyu özünə arxa-dayaq bildiyi sovet hökuməti və ordusu tərəfindən gülləbaran olundu. Xalqın hissləri, inam və gümanı atəşə məruz qaldı. Küçə və meydanlara toplaşan yüz minlərlə insanın haqq səsini, etirazını susdurmaq naminə Bakıda misli-bərabəri olmayan vəhşilik və vandalizm tədbirlərinə əl atıldı.

 

1990-cı ilin 20 Yanvar günü Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı törədilən kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət edildi. Sovet imperiyası Çexoslovakiya, Macarıstan və Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni bu dəfə Azərbaycanda təkrarlamaqdan çəkinmədi. Təəccüb doğuran odur ki, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə əsasən Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan milliyətcə erməni əsgər, kursant və zabitləri daxil edilmişdi. Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olduğu bir şəraitdə bu, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar erməni mövqeyinin müdafiə olunması idi. Bu ondan xəbər verirdi ki, geniş ictimaiyyətin də duyduğu kimi, RaisaMişa Qorbaçovlar həqiqətən də Qarabağı ermənilərə satıbmış.

Beləliklə, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Həm də Bakıya qoşun guya rusları və hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə, bu, açıq-aşkar riyakarlıq və yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonlarının çoxsaylı hərbi hissələri və hava hücumundan müdafiə qüvvələri var idi. Üstəlik 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq, yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın "Alfa" qrupu isə bundan xeyli əvvəl, yəni yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verlişləri dayandırıldı. Qorbaçovun fərmanı qüvvəyə minənədək, yəni yanvarın 20-sinə keçən gecənin yarısınadək 9 nəfər öldürülmüş. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yanvarın 20-də, səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxtadək öldürülənlərin artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar, o cümlədən PrimakovGirenko həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq olunmayacaq.

Beləliklə, yanvarın 20-də gecə ordu hissələri şəhərə daxil oldu. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi və hər kəsi atəşə tuturdu. Bu minvalla 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz olaraq həbs edildi.

20 Yanvar hadisələri ilə bağlı təhlil və araşdırmalar aparmış beynəlxalq ekspertlərin hesabatlarında adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllələndiyi, xəstəxanaların, "təcili yardım" maşınlarının, yaralılara ilkin tibbi yardım göstərən insanların atəşə tutulduğu, bir çoxunun süngü və bıçaqla qətlə yetirildiyi bildirilir.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

20 Yanvar faciəsi XX əsrdə Azərbaycan xalqına qarşı yeridilən imperiyapərəst siyasətin növbəti təzahürü idi. Xalqımıza qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu çirkin siyasətin ayrı-ayrı mərhələləridir.

20 Yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyev münasibət bildirdi. Ümummilli lider özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat verdi, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etdi. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirdi. Məhz ulu öndərin siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu.

Ötən illər ərzində 20 Yanvar hadisəsi müxtəlif səviyyələrdə və müxtəlif rakurslardan uzun-uzadı təhlil olunub. Və hər dəfə də ən çox səslənən suallardan biri bu olub: 20 Yanvar faciəsi baş verməyə bilərdimi?! Əslində, bu, son dərəcə məntiqsiz sualdır. Ona görə məntiqsizdir ki, bu faciə artıq baş verib. Bəs elə isə faciənin başvermə səbəbləri barədə nə demək olar? Bu suala cavab tapmaq üçün o günlərdə Bakıda davam edən izdihamlı mitinqləri yada salaq. Bu insanları Azadlıq meydanına toplayan ən mühüm səbəb Qarabağ problemi idi. Bu problemi isə SSRİ rəhbərliyi və Kommunist rejimini dağıtmaq planları üzərində illər boyu baş sındıran beynəlxalq güc mərkəzləri yaratmışdı. Erməniləri ov tulası kimi fitləyə-fitləyə meydana məhz onlar çıxarmışdı.

Əfsuslar olsun ki, Əbdürrəhman Vəzirov başda olmaqla o zamankı Azərbaycan rəhbərləri vəziyyətin ciddiliyini lazımınca dəyərləndirməklə optimal qərarlar qəbul etmək iqtidarında deyildi. Belə bir məsuliyyətli məqamda xalqın etiraz dalğasından öz çirkin planlarını reallaşdırmaq üçün fürsət kimi sui-istifadə edənlər də tapıldı. Bu yolla əvəlcə Ayaz Mütəllibov, onun ardınca isə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti qəsb etdi. Lakin onların bacarıqsız və fərasətsiz olduğu, nə Qarabağ problemini, nə də digər problemləri həll etmək iqtidarında olmadıqları tezliklə hər kəsə ayan oldu.

Vətənimizin və xalqımızın tarixinə son dərəcə böhranlı illər kimi düşən bu dövrdə Azərbaycanın bir dövlət olaraq mövcudluğu üçün çox ciddi təhlükə yaranmışdı. Həm daxildən, həm də xaricdən olan düşmən qüvvələrin eyni vaxtda hərəkətə keçmələri, Azərbaycanı parçalayaraq məhv etmələri üçün real təhlükə yaranmışdı. Azərbaycanı belə bir mürəkkəb və böhranlı durumdan ancaqancaq Heydər Əliyev xilas edə bilərdi və etdi də.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Əfsuslar olsun ki, Azərbaycan dövlət müstəqiliyini əldə etdikdən sonrakı ilk illərdə başı hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir aparmadılar. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları açıqlanmışdır.

Azərbaycan xalqı qədirbilən xalqdır. Şəhidlər Xiyabanının sözdə deyil, işdə, əməldə hər birimiz üçün, sözün əsl mənasında, and yerinə çevrilməsi bunun əyani təsdiqidir. Bir Allah şahiddir ki, şəhidlərimizin ruhunun əbədi olaraq uyuduğu bu xiyaban elə əbədi olaraq da izdihamlıdır. İnsanlar günün bütün saatlarında, həm də bütün ilboyu oranı ziyarət edirlər. Azərbaycana gələn bütün əcnəbi qonaqlar da oranı ziyarət edirlər. Dövlət və hökümət rəhbərləri, görkəmli ictimai xadimlər, elm, sənət və söz adamları Azərbaycanla tanışlığa məhz Şəhidlər Xiyabanından başlayırlar.

Şəhidlərin anım günü bizim üçün həm də bir hesabat məqamıdır. Bu gün hər birimiz çox böyük qüruriftixar hissi ilə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin mübarizəsi və fədakarlığı hədər getməmişdir. Onların uğrunda canlarını fəda etdikləri müstəqil Azərbaycan dövləti günü-gündən inkişaf edir, qüdrətlənir, daha da çiçəklənir. Doğrudur, Qarabağ savaşı hələ ki, məntiqi sonluğuna çatmayıb, torpaqlarımız işğal altında qalmaqda davam edir. Amma bunun da bir sonu var. Qoy heç kəs unutmasın ki, Azərbaycan müharibənin ancaq birinci mərhələsini uduzub. Qoy, hər kəs, o cümlədən dostlarımız da, düşmənlərimiz də əmin olsunlar ki, torpaqlarımız bütünlüklə azad olunanadək, qaçqın və köçkünlərimizin sonuncu nümayəndəsi öz ata-baba yurduna dönənədək müharibə davam edəcəkdir. Biz gücümüzə, ordumuza, dövlətimizə, hökümətimizə güvənirik. Biz Prezidentimizə və Ali Baş Komandanımıza güvənirik. Biz haqqa, ədalətə güvənirik. Biz inanırıq ki, dünyanın mütərəqqi qüvvələri Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklər. Biz inanırıq ki, Qarabağ probleminin həllində ikili standartlardan çıxış edənlər də nəhayət, konstruktiv mövqe nümayiş etdirməli olacaqlar. Zaman, şərait və özlərinin düçar olacağı bu cür problemlər onları buna məcbur edəcəkdir.

Azərbaycan Ordusunun gücü və qüdrəti ilə hesablaşmağın zamanına da çox qalmayıb. Bu gün Azərbaycan Ordusu nəinki Qarabağı, həm də əzəli torpaqlarımız olan Zəngəzuru və İrəvanı da azad etmək iqtidarındadır.

Təsəvvür edin, Azərbaycan hökuməti dövlət büdcəsindən hərbi xərclərə hər il orta hesabla 3 milyard manat vəsait ayırır. Bu isə Ermənistan dövlətinin bütövlükdə illik dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssəsində yüzlərlə ən yeni silah-sursat növü istehsal olunur. Bütün bunlar, əlbəttə, Ermənistan tərəfinin Qarabağla bağlı danışıqlarda nümayiş etdirdiyi süni şıltaqlığın perspektivsizliyindən xəbər verir. Erməni liderləri unudurlar ki, onların qeyri-konstruktiv mövqeyi, bütövlükdə Ermənistanın bir dövlət olaraq mövcudluğu üçün çox ciddi təhlükə mənbəyidir.

Ermənilər bizim ürəyiyumşaq və unutqan xalq olduğumuzu bilirlər. Görünür, elə bu səbəbdən də danışıqları uzatmaq naminə bütün vasitələrdən istifadə edirlər. Amma unudurlar ki, artıq bu xına o xınadan deyil. Yəni, artıq məşhur atalar məsəlində deyildiyi kimi, bıçaq sümüyə dirənib. Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan Prezidenti hələlik səbr və siyasi iradə nümayiş etdirirlər. Əgər hadisələr bu cür davam edərsə, Azərbaycan dövləti, təbiidir ki, digər mümkün vasitələrə, o cümlədən torpaqlarımızın hərbi yolla azad olunmasına da başlaya bilər.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər gün minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş bu insanların əziz xatirəsini ehtiramla yad etmək üçün oranı ziyarət edir. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Qafar CƏBİYEV, Azərbaycan Müəllimlər İnstitutu ictimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2012.- 17 yanvar.- S. 5.