Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

 

Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damlasında xalqımızın qüdrəti , qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı.

 

Münaqişənin başlanğıcında Azərbaycan ümid edirdi ki, məsələ mərkəzi hakimiyyət orqanları tərəfindən ədalətlə həll olunacaq. Lakin təcavüzkarla təcavüzə məruz qalanın eyni tutulması nəticəsində bu günədək həllini tapmayan münaqişənin əsası qoyuldu. Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın ərazi iddialarının əsassız olmasının göstərilməməsi əvvəl Əsgəranda, sonra isə ermənilər tərəfindən xüsusi plan əsasında hazırlanmış Sumqayıtda baş verən faciəli hadisələrə gətirib çıxartdı.

Nəticədə, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.

1990-cı ilin yanvar ayında Bakıya Sovet ordusunun hərbi müdaxiləsi və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

 

Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi iki il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.

1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında rəsmi sənəd imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00.00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Beləliklə, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

"Şit" təşkilatı ekspertlərinin hesabatından:

adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

"Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosialİqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avorpada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqalədə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-cı ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi haqqında Bəyannamə (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa müqaviləsi) də bura daxil olmaqla qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

 

Hadisəyə dünyanın reaksiyası

 

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır.

Belə ki, Bakıda törədilən cinayətlər qonşuqardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseribaşqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları pislənmişdir. Eyni zamanda Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər.

İranın milli təhlükəsizlik şurası yığıncaq keçirmişbu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.

Bununla yanaşı, Türkiyə və İranın kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmişbunu qırğın adlandırmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqının rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, "Ştern" məcmuəsi və "Tribuna lyudu" qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğu bildirmişdir.

Nəticədə, Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə "Los-Anceles Tayms", "Vaşinqton Post", "Krisçen Sayens Monitor", "Nyu-york Tayms", "Baltimor San" mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri, marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: "1990-cı il yanvarın 19-da Qorbaçov məni, BakatiniKryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm".

Daxili işlər naziri Bakatin isə, yanvarın 21-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, "əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur- E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq".

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən rəhbərlik etmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci il aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

Sovet İttifaqının 1990-cı ilin yanvarındakı cinayətkar hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə Amerikalı konqresmen Din Heller həmin qanlı hadisədən 20 il sonra Azərbaycan diasporuna göndərdiyi məktubda bildirmişdir:

"20 il əvvəl Azərbaycanda Sovet imperiyasının son amansızlıqlarından biri baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqı arasında yayılmış SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil oldu. "Qanlı Yanvar" adını almış hadisələr zamanı 100-dən çox Azərbaycan vətəndaşı öldürüldü yaralandı".

Onun sözlərinə görə, "Qanlı Yanvar" Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər kəsin "Qanlı Yanvar" faciəsini xatırlaması həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir".

 

20 yanvar hadisələrinə siyasi qiymət verilməsi

 

O zaman yalnız umummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşşəbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı hərbi təcəvüz olan faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verilməsinə nail oldu.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı il qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün Azərbaycan xalqının tartixinə qanlı 20 yanvar faciəsi müstəqilliyə gedən yolda xalqımızın şərəf qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

beynəlxalq münasibətlər xarici siyasət

kafedrasının dosenti, siyasi elmlər üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 18 yanvar.- S. 4.