Azərbaycanda sosial islahatların həyata keçirilməsi bu ildavam etdiriləcəkdir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların güzəranının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.

 

İnsanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hazırda hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial-müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud problemlərin aradan qaldırılması sözügedən istiqamətin gücləndirilməsinə yönəldilmişdir.

Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaqdır. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da yuxarıda sözügedən məsələyə ətraflı münasibət bildirilmişdir. Dövlət başçısı iclasda demişdir ki, ötən il sosial sahədə siyasət uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz yüksəlmişdir və bu da sosial siyasətin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir.

Ölkə Prezidenti həmçinin vurğulamışdır ki, Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu, bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də aparılan uğurlu investisiya siyasəti bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır.

Burada alim kimi məni sevindirən bir məqama da toxunmaq istərdim. 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş, həmçinin müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmış və bu 5 min 900 nəfərə yaxın alimi əhatə etmişdir.

2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir.

Aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin ÜDM-ə nisbəti də artmışdır və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır.

Xatırladım ki, həmin göstərici 2003-cü ildə 3,9 faiz təşkil etmiş və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810 min nəfərə çatdığı halda, pensiya sistemi xərclərinin artımı 7,3 dəfə olmuşdur. Başqa sözlə, 60 yaşdan yuxarı şəxslərin əhalinin sayındakı xüsusi çəkisinin 8,9 faiz təşkil etdiyini nəzərə alsaq, bu xüsusi çəkinin hər 1 faizinə pensiya xərclərinin ÜDM-dəki xüsusi çəkisinin 0,59 faizinin düşdüyünü görərik.

Bu prosesin makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın, o cümlədən ölkənin sığorta-pensiya sisteminin gəlirlərinin davamlı artımı ilə reallaşdırıldığı xüsusi qeyd edilməlidir.

 

 

Vəkil HÜSEYNOV,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 18 yanvar.- S. 2.