Neft Akademiyasında 20 Yanvar
şəhidlərinin xatirəsi ehtiramla
anıldı
Dünən Azərbaycan Dövlət
Neft Akademiyasında 20 Yanvar faciəsinin 22-ci
ildönümü ilə bağlı akademiyanın 1990-cı
il yanvarın 20-də şəhid olmuş üç tələbəsinin
valideynləri ilə görüş keçirildi. Tədbirdə
əvvəlcə Azərbaycanın suverenliyi, istiqlaliyyəti
və ərazi bütövlüyü uğrunda həlak
olmuş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
ADNA-nın
rektoru, akademik Siyavuş Qarayev bildirdi ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə SSRİ
prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet
ordusunun hissələri quru və dənizdən Bakı şəhərinə
həmlə edərək 100-dən artıq günahsız
insanı qətlə yetirib. Sovet hərb
maşınının həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi vəhşi terror aktı
insanlığa qarşı ən ağır cinayətlərdən
biri kimi bəşər tarixində qara səhifə olaraq
qalacaqdır. Rektorun sözlərinə görə, 20 yanvar
hadisələri zamanı Neft Akademiyasının üç tələbəsi
- Rahim Babayev, Ağabəy Novruzbəyli və Canpolad Orucov da
şəhidlik zirvəsinə ucalıblar. Sovet ordu hissələrinin
Bakıya yeridilməsi xüsusi qəddarlıq və
görünməmiş vəhşiliklə müşayiət
edilib. Həmin vaxt Azərbaycan, eyni zamanda, qonşu Ermənistanın
da təcavüzü ilə üzləşib. Belə bir
şəraitdə Sovet rəhbərliyi nəinki münaqişənin
qarşısını almaq üçün qəti tədbirlər
görməyib, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin
tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən ermənilər, hətta
erməni kursantlar da daxil edilib. Bəzi məlumatlara görə,
qoşunlardakı şəxsi heyətin ümumi sayı 60 min
nəfərə çatıb.
"Mixail
Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda "rus və erməni kartından" məharətlə
istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi
qulluqçuların ailələrini qorumaq, "millətçi
ekstremistlər" tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində
isə bu açıq riyakarlıq, ağ yalan idi.
Çünki Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,
Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava hücumundan
müdafiə qüvvələri var idi. 4-cü ordunun
komandanlığı da Bakıda yerləşirdi", - deyə
rektor qeyd etdi.
Siyavuş
Qarayevin sözlərinə görə, 1990-cı il
yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzalayib. Lakin SSRİ
DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan
televiziyasının enerji blokunu partlatmış, respublikada
televiziya verilişləri dayandırılmışdı. Gecə
isə qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil olmuş, əhaliyə
divan tutmağa başlamışdı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək - 20 yanvar saat 00-dək
artıq 9 nəfər öldürülmüşdü.
Bakıda fövqəladə vəziyyətin elan olunması
haqqında məlumat isə əhaliyə yalnız yanvarın
20-də səhər saat 7-də respublika radiosu ilə
çatdırıldı. Həmin vaxt öldürülənlərin
sayı 100 nəfərə çatmışdı. Halbuki,
Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli
emissarlar həyasızcasına bəyan edirdilər ki,
Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Bax, əli
yüzlərlə insanın qanına batmış, sonralar
Nobel sülh mükafatı almış Mixail Qorbaçov
başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil
siması bu idi. Nəticədə tanklar və BTR-lər
Bakı küçələrində qarşılarına
çıxan hər şeyi əzib, insanlar nəinki
küçələrdə, hətta avtobuslarda, öz mənzillərində
gülləbaran edilib. Yaralılara köməyə gələn
"təcili yardım" maşınları və tibb
işçiləri də atəşə tutulub. Bir neçə
gün ərzində 137 nəfər öldürülüb,
700-dək insan yaralanıb, 800-dən çoxu qanunsuz həbs
edilib.
Rektor
bildirdi ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki
faciəli hadisələr iyirminci əsr boyu xalqımıza
qarşı yeridilən düşünülmüş
qanlı siyasətin növbəti təzahürü idi.
1990-cı ilin yanvar qırğını nə qədər
faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli
azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.
Həmin gecə həlak olanlar Azərbaycanın tarixinə
parlaq səhifə yazıb, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açıblar. "Ulu
öndərimiz Heydər Əliyev xalqımızın müstəqilliyi
və azadlığı uğrunda mübarizədə həyatlarını
qurban verən övladlarımızın xatirəsini həmişə
uca tutmuş, onların ailə üzvlərinə daim diqqət
və qayğı göstərmişdir. Ulu öndərimizin
layiqli davamçısı Prezident İlham Əliyevin şəhidlərimizə,
onların valideynlərinə göstərdiyi diqqət və
qayğı da minnətdarlıq hissi doğurur.
Xalqımız öz qəhrəman övladlarının fədakarlığını
yüksək qiymətləndirir və onların xatirəsini
ehtiramla yad edir. Öz fədakarlıqları ilə həmyaşıdlarına
nümunə olan şəhid tələbələrimiz -
Ağabəy, Canpolad və Rahimin xatirəsi də təhsil
ocağımızda daim uca tutulur", - Siyavuş Qarayev dedi.
Şəhid
tələbə Ağabəy Novruzbəylinin təhsil
aldığı kimya-texnologiya fakültəsinin dekanı,
dosent Elxan Axundov, şəhidlər Canpolad Orucov və Rahim
Babayevin təhsil aldıqları energetika fakültəsinin
dekanı, dosent Yusif Cəbiyev, ADNA Həmkarlar İttifaqı
Komitəsinin sədri Məzahir Babayev çıxış edərək
20 Yanvar şəhidlərinin xalqımızın azadlıq və
müstəqillik əldə etməsində müstəsna rol
oynadıqlarını, onların xatirəsinin ürəklərdə
daim yaşayacağını qeyd etdilər.
Şəhid
atası Oqtay Novruzbəyli şəhid tələbələrin
xatirəsini əziz tutduqları üçün rektor
Siyavuş Qarayevə və ADNA kollektivinə minnətdarlığını
bildirdi.
Görüşə
yekun vuran rektor qeyd etdi ki, qanlı yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət yalnız 1994-cü ildə,
ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Prezident İlham Əliyev isə 20 Yanvar şəhidlərinin
heç zaman unudulmayacağını və
xalqımızın tarixində əbədi
qalacağını bəyan edib. "Nəsillər dəyişəcək,
lakin sadiq Vətən oğullarının xatirəsi ürəklərdə
əbədi yaşayacaqdır".
Sonda
rektor Siyavuş Qarayev şəhidlərin valideynlərinə
maddi yardım etdi və ehsan süfrəsi açıldı.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2012.- 19 yanvar.- S. 4.