Yalançı qardaşlığın son gecəsi

 

Normal məntiqlə düşünəndə cavab tapmaq müşkülə dönür. Axı, 1990-cı ilin 19 yanvar gecəsi sovet rəhbərliyinin Bakıya qoşun yeritməsinə, dinc əhalini gülləbaran etməsinə səbəb nə idi? Bəlkə Azərbaycan 70 il boyun əymiş olduğu sovet rejiminə qarşı gizli qiyam hazırlamışdı? Yoxsa Bakıda elə bir hadisə baş vermişdi ki, bunu yalnız şəhəri yenidən işğal etməklə aradan qaldırmaq olardı? O gün də, bu gün də bu sualların qaneedici cavabları yoxdur. Mixail Qorbaçov başda olmaqla sovet imperiya rəhbərliyi özünün bais olduğu mürəkkəbləşmiş siyasi vəziyyətdə başqa bir vasitəyə yox, məhz zora əl atmışdı. Bu sistemin mayası qanla yoğrulduğundan çətinə düşəndə yadına da ilk düşən silah, ordu olmuşdu.

 

Aradan 22 il keçib. Tökülən qan, törədilən misilsiz faciə eyni ağrı, qəzəb və nifrətlə yad olunur. O vaxtın ümumi dəyərlərinə arxa çevirməmiş, "xalqların qardaşlığı" ideyasından hələ də ümidini üzməmiş xalqımızı bu qardaşlığın başında duranların gülləyə tuş etməsi, hərbi təcavüzə məruz qoyması Azərbaycanın kürəyinə soxulan xəncər idi. Faciənin dəhşəti, bu gün də anlaşılmayan tərəfi bax budur. Sədaqətə qarşı - xəyanət, etibara qarşı - namərdlik, inama qarşı - cəza... O gecə bax bu amansız həqiqət Azərbaycanın bütün varlığını titrətdi. Bu xəyanət, bu namərdlik, bu zülm sovet gerçəkliyi ilə bağlı 70 illik təsəvvürləri bir gecənin içində tərsinə çevirdi...

22 ildir ki, o vaxt baş verənləri çək-çevir, o dəhşətli axşama aparan yolları ələk-vələk edirik. "Günahsız müqəssir" olmağımıza əsas verən hansısa dəlil-sübut tapılmır ki, tapılmır. O cəzanın əsassızlığını, yalnız xəyanət və namərdlik olduğunu təsdiqləyən sübutlar isə qədərincədir.

20 Yanvar cəzası xalqımıza qarşı sovet sistemi daxilində zaman-zaman yığışmış gizli qəsdlərin, nəhayət, bir əmrlə başımıza tökülməsi olmuşdu. Bu cəza XIX əsrdə Vətənimizin işğalının, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu işğalın təzələnməsinin, 1937-də xalqımızın düşünən başlarının məhv edilməsinin davamı idi. Bu cəzalar həmişə xalqımızın qəddar, məkrli düşməni ermənilərin fitnəsi, təhriki ilə törədilmişdi. Bu cəzalar xalqımızın mütiliyini artırmaq, qəddini əymək məqsədi daşımışdı.

Söhbət Azərbaycanın işğalından gedirsə, rus imperiyası onu 2 dəfə həyata keçirmişdi. Bədnam sovet rəhbəri Mixail Qorbaçovun kommunist sistemini "təzələmək" niyyəti daşıyan "yenidənqurması", görünür, bu işğalları da dərinləşdirməyi, mərkəzə itaəti bir az da artırmağı nəzərdə tuturmuş. Yox, əgər bu işğal deyildisə, onda sovet dövlətinin seçmə qoşun hissələri mütəşəkkil qaydada, güc nazirliklərinin rəhbərlərinin komandanlığı ilə ittifaq dövlətinin subyekti olan dinc bir əyalətə niyə soxulmuşdu? Bəlkə, Azərbaycanda sovet sistemi yıxılmışdı? - Yox! Sadəcə, M.Qorbaçovun hakim, ermənipərəst güruhu onun istəyinə boyun əyməyib, Qarabağın Ermənistana birləşdirilməsində dirəniş göstərən Azərbaycan xalqını əzmək, bu təbii inadı birdəfəlik yox etmək istəmişdi.

Zamansa dəyişmişdi. Artıq saxta qardaşlığın bütün yalanları aşkar olmuşdu. Böyük qardaş kiçik qardaşın birinin əl-qolunu bağlayıb o birinə döydürürdü. Bu qardaşlığa verməli nəyimiz vardısa, hamısı alınmışdı. Tarixi torpaqlarımız tikə-parça edilib yağılara verilmiş, dövlətçiliyimiz çökdürülmüş, milli varlığımız yabançı qəliblərə salınmış, sərvətlərimiz yağmalanmış, sabaha baxışlarımız dəyişdirilmişdi. Milli mövcudluğumuz yeganə istinadgah kimi yerdə qalan torpaqlarımıza sığınmış, milli varlığımızdan salamat qalan hər şey bu torpaqda gizlənmişdi.

Quzey Azərbaycanın mərkəzi əyaləti olan, tarixi kimliyimizi qoruyub saxlayan Qarabağa yenidən yağı əlinin uzanması xalqımızın mürgüsünü qaçırmış, qəddini dikəltmiş, yaddaşını oyatmışdı. Lakin bunlar hələ həqiqətin tam aşkar olması deyildi. İllər boyu yalançı qardaşlığın bihuşedici havası xalqımızı o qədər uyutmuşdu ki, hələ baş verənlərə inanmaq istəməmişdik, böyük qardaşın ədalətindən əl üzməmişdik.

Bir həqiqət ortada idi ki, Qarabağı bütün vasitələrlə dartıb əlimizdən almaq istəyirdilər. Biz isə yarıyuxulu - yarıayıq onu buraxmaq istəmirdik. Bax belə bir vaxtda "xalqlar dostluğu"nun mərkəzi qalası Moskva var gücü ilə başımızdan vurdu. Bu dəhşətli zərbə bizi tam ayıltdı, açılan atəşin qığılcımları zülmət gecənin qaranlığında bir andaca həqiqət çırağını yandırdı. Bu tarixi məqamın aydınlığında düşündük: budurmu sizin azad dünyanız; budurmu sizin qardaş vəfanız; budurmu sizin ədalət meyarınız?!!

Bunu tək biz yox, aləmə azadlıq, qardaşlıq, bərabərlik, sülh, ədalət, humanizm simfoniyası oxuyan sovet kommunist sestemini öz övladını qətlə yetirmiş ata qiyafəsində görən dünya da bir daha yəqin etdi. 19-20 yanvar arası Azərbaycan üçün yalançı qardaşlığın son gecəsi oldu. O gecə on illərdən bəri dünyaya meydan oxuyan rus-sovet imperiyasının maskası bir andaca üzündən düşdü. Bu qanlı hökm dünyanı aldadan, şirnikləndirən böyük bir yalanın da son səhifəsi oldu. Artıq sovet imperiyasının irəli atmağa nə bir addımı, inandırmağa nə bir yalanı qaldı. Azərbaycan isə bu qanlı divandan baş qaldırıb müstəqilliyin astanasına çıxdı.

20 Yanvar gecəsi Bakı qanına boyansa da, bu yaralı bədəndən azadlıq, suverenlik adlı bir ideal doğuldu. Şəhidlərin qanlı heykəli bu idealı milyonlarla ürəkdə canlandırdı.

O günlərdə, aylarda, sonrakı 2 ildə M.Qorbaçov başda olmaqla 20 Yanvar faciəsini tördənlərə məhkəmə qurmağa güc və imkanımız çatmasa da, milyonlarla ürəkdən qopan hiddət, nifrət, ittiham tarixin ədalətli hökmünə çevrilib bu əliqanlı güruhu amansız cəzalandırdı. Sovet rejimi çökdü, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Şəhidlərin nahaq qanı xalqımızın azadlıq yoluna işıq saldı.

20 Yanvar əsarət dünyasının son gecəsi, azadlıq mübarizəsinin işıqlı səhəri oldu.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 20 yanvar.- S.4.