Oljas SÜLEYMENOV: Bakını bir daha "qaynar nöqtə" kimi
görmək istəmirəm
XX əsr
tarixində totalitarizmin törətdiyi ən qanlı terror
aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan
xalqına qarşı işlədilmiş cinayət, əslində,
bəşəriyyətə, humanizmə, insanlığa
qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
Həmin cinayəti törədənlər indiyədək
öz cəzalarını almamışlar. Xalqımız əmindir
ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə
də Azərbaycan xalqı qarşısında cavab verməli
olacaqlar.
Heydər ƏLİYEV,
Ümummilli lider
Mən onunla 1990-cı ildə
Moskvada - Kremlin Qurultaylar Sarayında görüşmüşəm.
Oljas Süleymenov Qazaxıstandan SSRİ Ali Sovetinə deputat
seçilmişdi. İctimai-siyasi fəaliyyəti beynəlxalq
aləmdə yüksək qiymətləndirilən
böyük söz ustasıdır. 1990-cı il Qanlı Yanvar
günlərində paytaxtımıza gələn ilk siyasətçilərdən
birincisi olmuşdur. Özünün dediyinə görə,
keçmiş SSRİ-nin müttəfiq respublikaları
içərisində ən çox gəldiyi ölkə Azərbaycandır.
Onun burada çoxlu dostu var. YUNESKO-da Qazaxıstanın səfiri
olan ədib, mötəbər beynəlxalq forumlarda iştirak
edərkən həmişə Azərbaycanın tərəfini
saxlayıb, onun səsinə səs verib. 22 il bundan əvvəl
SSRİ Ali Sovetinin sessiyalarında olduğu kimi.
Onun
Bakıya hər gəlişi xalqımızın tarixində
silinməz izlər buraxır. Qazax xalqının böyük
oğlu Oljas Süleymenov da Azərbaycana hər gəlişindən
böyük təəssüratlarla ayrılır. Yalnız
bir dəfə - 1990-cı ilin Qanlı Yanvar faciəsindən
sonra Bakını qəm-qüssə içərisində tərk
edib.
-
Getsin o günlər bir də qayıtmasın - deyən Oljas bəy
xatırlayır, - mən Azərbaycanın həm həyəcanlı,
həm də fərəhli günlərini görmüşəm.
Yadımdadır, ilk dəfə buraya 1975-ci ildə, sovet ədəbiyyatı
günlərində iştirak etmək üçün gəlmişdim.
Bu, yay mövsümünü yaşayan, bayramsayağı,
çiçəklənən, beynəlmiləl Azərbaycan
idi. Sovet İttifaqının hər yerindən çoxlu
yazıçı gəlmişdi. Bir çoxları Azərbaycana
birinci dəfə gəlmişdi, bu çiçəklənən
diyarla ilk görüşləri idi. Biz bütün Azərbaycanı
gəzdik, Qarabağda, Şuşada olduq. Sağlıqlar
deyildi, şənliklər, görüşlər oldu, təəssürat
çox güclü idi. Sonra mən Nizaminin yubileyinə gəldim,
o da böyük bayrama çevrildi. Heydər Əlirza oğlu
bizi, şair həmkarlarımı qəbul edəndə, mən
maraqlandım ki, niyə 840 illik yubiley keçirilir, axı bu,
yuvarlaq tarix deyil? Cavabında o, öz məşhur kəlamını
söylədi və mən bunu dəfələrlə
demişəm. Onun sözləri məni valeh etdi: belə
şairlərin yubileyini yüz ildən bir yox, imkan daxilində,
hər on ildən bir keçirmək lazımdır. Onun isə
belə imkanı var idi və o, bundan yetərincə istifadə
edirdi...
Ümumiyyətlə,
1980-ci illərin əvvəllərindən, o dramatik illərdən
başlayaraq, mən bütün "qaynar nöqtə"lərdə
olmuşam, mümkün olan yerdə sakitliyi qorumağa cəhd
göstərmişəm, yeni siyasətçilərlə
söhbətlərdə, onlarla ünsiyyətdə öz təcrübəmi
bölüşməyə çalışmışam,
ehtirasları cilovlamağa, onları təmkinli və səbirli
olmağa çağırmışam. Gürcüstanda,
Çeçenistanda, İnquşetiyada olmuşam, 1990-cı
il faciəsinin acılarını bakılılarla birlikdə
yaşamışam, bütün gördüklərim qəlbimə
əbədi həkk olub, Berqmanın filmindəki kadrlar kimi...
O
vaxt mən SSRİ Ali Soveti deputatının mandatından
istifadə edərək, hansısa yarıhərbi təyyarədə
gəldim, çünki adi reysləri artıq ləğv
etmişdilər. Səhərə yaxın yerə enib şəhəri
tələsik tərk edən adamlarla dolu olan aerovağzala
piyada yollandıq. Vahimə həddinə çatan
basırıqda içəri keçə bilmədim. Nəqliyyat,
təbii ki, işləmirdi, komendant saatı idi. Məni hərbi
maşında ən yaxın metro stansiyalarının birinə
çatdırdılar. Təsəvvür edin, metroda mən
yeganə sərnişin idim: Qapılarında qara matəm
lentləri asılmış qatarlar boş gedirdi. Şəhərin
mərkəzində metrodan çıxdım, hər tərəf
bomboş idi, bir nəfər də olsun gözə dəymirdi.
Patrullarla bir-iki "görüşdən" sonra gəlib
"Azərbaycan" mehmanxanasına çatdım. Ora
qaranlıq və boş idi. Qapını döyəndə,
birdən kimsə şüşə qapının arxasından
boylandı, sonra qapını açdı:
-
Oljas bəy, buyurun- dedi. Yəqin tanımışdı - o
vaxt mən teleekranlarda tez-tez görünürdüm, o
cümlədən SSRİ xalq deputatları qurultayının
tribunasında. Onu da deyim ki, gəlmək ərəfəsində
soyuqlamışdım, qızdırmam 39 dərəcəyə
çatmışdı. Gecə isə zəng vurub
Bakıdakı hadisələr barədə xəbər verdilər.
Xəstə olduğumu bildirib gəlməmək yaxşı
düşməzdi: burada qan tökülür, sən isə
qızdırmadan danışırsan. Rastıma çıxan
ilk maşına oturub aeroporta tələsdim. Bax, belə təəssüratlar
qalıb...
Sonra
təbii ki, işə başladıq, bir həftə burada
qaldım, Azərbaycanın tarixinin dramatik məqamlarını,
qara səhifələrini öz gözlərimlə
gördüm.
Yadımdadır,
o vaxt Primakov, Girenko, Yazov, Varennikov burada idilər. Onlar məndən
xahiş etdilər ki, qəzetlərin nəşrini yoluna
qoyum, bir neçə gün idi ki, qəzet
çıxmırdı. Nəşriyyata getdim, fəhlələrlə
görüşdüm, onları başa salmağa
çalışdım ki, siz qəzetləri çap
etmirsiniz, camaatın vəziyyətdən, baş verənlərdən
xəbəri yoxdur. Sizin isə vəziyyət barədə məlumatınız
var, ancaq onların adamlara çatmasına mane olursunuz, indiki
şəraitdə bu, yolverilməzdir. Özü də mən
zəmanət verirəm ki, heç bir senzura olmayacaq,
çünki bütün şərtləri
razılaşdırmışam. Ümumilikdə, kollektiv mənim
dəlillərimi nəzərə alıb
razılaşdı...
Sonra
yeni xahiş oldu: televiziyanın işə düşməsinə
kömək edərsinizmi?.. Telestudiya əyninə səhra
forması geymiş general Varennikov başda olmaqla hərbçilərlə
dolu idi. Jurnalistlərlə söhbət zamanı dedim:
"Plenum keçirilib, respublikanın rəhbərliyi dəyişib,
xalqın isə bundan xəbəri yoxdur. Respublikanın təzə
birinci şəxsinin plenumdakı
çıxışını göstərmək
olmazmı?" Cavabında dedilər: "Yox, imkan verməyəcəyik.
Siz çıxış edin, sonrasına baxarıq". Mən
təkid edirdim: "Gəlin, mənim
çıxışımı lentə yazın, ancaq siz həmin
lenti birinci katibin çıxışından sonra verərsiniz,
yoxsa nəsə yaxşı düşmür". Axırda
belə də etdilər...
Hə,
o vaxt TV ilə çıxışımda dedim: "Mən
daha Azərbaycana gəlib onu belə vəziyyətdə
görmək istəmirəm. Mən şən, sevincli
günlər yaşayan Azərbaycana gəlmək istəyirəm.
Ümid edirəm ki, bu küçələrdə əvvəllər
olduğu kimi yenə xoşbəxt insanları görəcəyəm..."
Oljas
Süleymenov Bakıda gördüklərindən dəhşətə
gəldiyini Moskvada xalq deputatlarına ürək
ağrısı ilə danışırdı. Bakı hadisələrinə
siyasi və hüquqi qiymət verilməsini tələb edirdi.
Onun fəal iştirakı ilə SSRİ Ali Sovetinin
sessiyası Bakıya hərbi təcavüzün nəticələrini
araşdırmaq üçün xüsusi deputat komissiyası
yaratmışdı.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2012.- 20 yanvar.- S. 4.