Yaddaşımızın
əbədi ağrısı
Azərbaycan xalqı 1990-cı ilin
qanlı 20 Yanvar gecəsinin müdhiş hadisələrini
heç zaman unutmayacaq. 20 Yanvar faciəsi təkcə Azərbaycan
tarixinin deyil, bəşər tarixinin ən qanlı səhifələrindən
biri, insanlığa qarşı həyata keçirilmiş
qanlı aksiya idi. SSRİ Silahlı Qüvvələri
bölmələrinin Bakıda törətdiyi
qırğından 22 il keçsə də, Yanvar faciəsi hər
bir azərbaycanlının qəbində yaşayır, şəhidlərin
əziz xatirəsi həmişə böyük hörmət
və məhəbbətlə yad edilir.
20
Yanvar həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini
bütün dünyaya nümayiş etdirdi.
Tariximizin
bu səhifəsi incəsənətimizdə də dərin iz
qoyub. Nə yaxşı ki,Azərbaycanın sənət
adamları o müdhiş gecənin hadisələrini öz əsərlərində
yaşada biliblər. Hələ 20 Yanvar gecəsi
kinematoqrafçılarımız öz həyatlarını
ölüm təhlükəsi qarşısına ataraq
xalqımızın tarixi üçun çox qiymətli olan
kinoxronika yarada bildilər. Həmin kadrlar bu gün neçə-neçə
sənədli və bədii filmlərimiz üçün zəngin
material verir.
Kinorejissor
Xamis Muradov elə həmin il "Azadlığa gedən
yollar" sənədli filmini çəkdi. Bu film 20 Yanvar
faciəsinə aparan yolların konkret mənzərəsini
yaratmaqla, bu faciənin də ilkin görüntülərini əks
etdirirdi. Sonralar yaradılan "Qanlı Yanvar", "Şəhidlərdən
Şəhidlərə" kimi filmlərimizdə 20 Yanvar faciəsi
ilə bağlı nadir kadrlar vardır. Bu filmlər 20 Yanvar
faciəsi ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli
rol oynamışdır.
20 Yanvar faciəsi təsviri sənət əsərlərimizdə də öz əksini tapmışdır. Görkəmli fırça ustası Rasim Babayevin "Təcavüz", rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Həqq tərəzisi", Qafar Seyfullayevin "Öncə vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort", Fəxrəddin Məmmədvəliyevin "Qara yanvar" və Arif Ələsgərovun "20 Yanvar" qrafik əsərləri də Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov deyir ki, 20 Yanvar faciəsi Azərbaycan təsviri sənətinin əbədi mövzularından biridir: "Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. İndiyədək mərhum xalq rəssamı Mikayıl Abdullayev, xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər".
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov 20 Yanvar faciəsinə həsr olunmuş ilk əsərini hadisənin baş verdiyi 1990-cı ildə çəkib. Sonralar yaradıcılığında bu mövzuya bir neçə dəfə müraciət edib. "Şəhidlər" əsəri Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş olunan sərgilərdə yer alıb. Rəssam deyir ki, hər bir kəs tarixini bilməli və onu unutmamalıdır. Rəssamlıqla məşğul olan yaradıcı uşaqlara bu mövzu təbliğ olunmalıdır. İlqar Əkbərov deyir ki, fəaliyyət göstərdiyi gimnaziyada bütün tarixi hadisələrlə, əlamətdar günlərlə bağlı uşaqlara tematik mövzular verilir. "İncəsənət Gimnaziyasında bu il də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunacaq. Biz şagirdlərə tematik mövzu vermişik. Bu mövzuda çəkən iştirakçıların sayı isə həddən artıq çoxdur. Şagirdlərin 20 Yanvarla bağlı düşüncələrini rəsmlərdə necə əks etdirməsi böyük maraq doğurur".
Rəssamlar İttifaqının Heykəltəraşlıq bölməsinin rəhbəri, xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda "Ana harayı", "Bir güllə vurulmuş ata və oğul" və digər əsərlərin müəllifidir. Rəssam deyir ki, bu mövzuda əsər yaradıb-yaratmamasından asılı olmayaraq 20 Yanvar mövzusu hər bir rəssamın, yaradıcı insanın qəlbində yaşayır.
Azərbaycanın müxtəlif bölgələrində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş xatirə kompleksləri ucaldılıb. Hər il yanvar ayında bütün mədəniyyət ocaqlarında bu təqvim qeyd olunur, sərgilər, tədbirlər keçirilir. Ötən il həm də faciənin 20-ci ildönümü günü Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksinin açılışı ilə yadda qalıb.
Memorial kompleksin maraqlı
kompozisiyası var. Ümumi
sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin
mərkəzində hündürlüyü
postamentlə birlikdə
8 metr olan əzəmətli abidə
ucaldılıb. Abidənin ətrafındakı
meydana qranit plitə döşənib.
Ədalət Məmmədov sözügedən
abidə kompleksinin memarıdır. Memar deyir ki, memorial kompleks 20 Yanvar şəhidlərinin ruhuna
ümumxalq hörmətinin
ifadəsidir: "Abidənin
heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
2009-cu ildə biz layihə
çərçivəsində görülən işləri
yekunlaşdırdıq və
faciənin 20 illik ildönümü münasibətilə
abidə kompleksinin açılışı oldu.
Bu, dövlətimiz tərəfindən
faciə qurbanlarının
xatirəsinə verilən
qiymət idi". Kompleksin üzərində
20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi
"1990-cı il yanvarın
20-si Azərbaycanın tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur" sözləri
qızılı hərflərlə
həkk olunub. Postament üzərində
isə "20 Yanvar şəhidlərinin əziz
xatirəsinə" sözləri
yazılıb.
Tarix bütün hadisələri
özündə yaşadır.
Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində,
heykəltəraşlıq və memarlıq nümunələrində həm
tarix yaşadılır,
həm də xalqımızın qəhrəmanlığı
təbliğ olunur. Nə qədər ki, Azərbaycan incəsənəti var, 20
Yanvar mövzusuna həmişə müraciət
olunacaq və tarixi həqiqətləri
özündə yaşadan
yeni-yeni sənət əsərləri yaranacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 20 yanvar.- S. 4.