20 Yanvar: heç vaxt unudulmayan tarix
20 Yanvar günü
bizim böyük faciəmizdir,
ancaq eyni zamanda Azərbaycan tarixinin
qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən
keçən müddət ərzində Azərbaycan demək
olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu...
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Xalqımızın
qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi
respublikamızda hər il ümumxalq hüzn günü kimi
qeyd edilir. Bu dəhşətli hadisələrdən 22 il
ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni
daim xatırlayır, bu faciəni törədənlərə
öz nifrətini bildirir.
20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Hər bir azərbaycanlı həmin gün canlarından keçmiş oğul və qızlarımızın şəhidlik zirvəsinə baxaraq qürur hissi keçirməlidir. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
1990-cı ilin qanlı 20 Yanvar günü sovet qoşunlarının öz müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı, ümumiyyətlə, insanlığa qarşı törətdiyi vəhşi terror aktı kimi bəşər tarixinə daxil olmuşdur. Dinc əhaliyə qarşı həyata keçirilən bu cür "cəza tədbirləri" 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəalarının kobud şəkildə pozulması demək idi. 20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 yanvar 2005-ci il tarixli sərəncamında deyilirdi: "Süquta məhkum olmuş sovet rejimi öz son günlərində bütün tarixi boyu törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. Həmin gün Sovet Ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridilərək, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və o zamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutuldu. Öz Konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləboran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə pisləndi".
Həmin dövrdə Ermənistan SSRİ rəhbərliyinə arxalanaraq Azərbaycan torpaqlarını ələ keçirmək üçün min oyundan çıxırdı. Getdikcə gərginləşən münaqişənin qarşısını almaq üçün heç bir tədbir görməyən, əksinə, Ermənistana dəstək verən sovet rəhbərliyinin göstərişi ilə Azərbaycana qoşun yeridildi. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bütün bunlar xalqımızın haqq səsini boğmaq, onun milli oyanışını, ərazi bütövlüyü uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. "Torpaqdan pay olmaz" - deyərək ayağa qalxan Azərbaycan xalqını məhv edib sındırmaq istəyən SSRİ-nin o vaxtkı rəhbərliyi öz arzusuna asanlıqla nail ola bilməyəcəyini hiss etdikdən sonra insanlığa sığmayan bir üsula əl atdı. Təpədən dırnağa qədər silahlanmış qoşun birləşmələrini dinc, əliyalın insanların üzərinə göndərdi. Tbilisidə və Baltikyanı respublikalarda əlləri dinc insanların qanına bulaşmış SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov bu dəfə Azərbaycana diş qıcamışdı.
Bakıya ordunun girməsi və fövqəladə vəziyyətin elan edilməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də M.Qorbaçovun razılığı ilə olmuşdur. Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Zərbə" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-sının "A" təxribat qrupları oynayırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Onlar bu qanlı cinayəti ört-basdır etmək üçün guya qoşunun Bakıya hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridildiyini uydurdular. Əslində isə bu ağ yalan idi. Çünki sovet rəhbərliyinin bu iddialarında az da olsa həqiqət olsaydı belə, Bakıya silahlı qoşun yeritməyə lüzum yox idi. Ona görə ki, həmin vaxt Azərbaycanda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı Qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00.00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt ölüdürülənlərin sayı 100 nəfərə çatmışdı. Bir neçə gün ərzində isə 137 nəfər öldürüldü, 700-dək adam yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Həlak olanlar arasında dinc sakinlər - gənclər, uşaqlar, qocalar və qadınlar da var idi.
Bakının zəbt olunması DİN-in, DTK-nın və sovet ordusunun hissələri ilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Bir gün ərzində Bakının küçə və meydanları insan qanına boyandı. Vəhşiləşmiş əsgər və zabitlər qarşılarına çıxanları amansızlıqla gülləboran edirdilər. Azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı həyata keçirildi. Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbdürrəhman Vəzirov olmaqla cəsarətsiz addımlar atır və təslimçilik nümayiş etdirirdi. Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli cinayətin əsl səbəbləri xalqdan gizlədilirdi.
20 Yanvar faciəsi ilə əlaqədar ən kəskin bəyanatı o dövrdə Moskvada yaşayan, M.Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlışdarılan, bundan sonra da təqib və təzyiqlərə məruz qalan, daim nəzarət altında olan ümummilli lider Heydər Əliyev verdi. Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və dünyanın nüfuzlu KİV təmsilçiləri qarşısında sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi təcavüzünü açıq şəkildə pisləyən bəyanat verdi və bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi.
Heydər Əliyev bəyanatında bildirmişdir: "... Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvəlcədən düşüməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. ...Zənnimcə ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".
Bu bəyanat yüksək cəsarət tələb edirdi. Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. Bu bəyanat bütün dünyada böyük rezonans doğurdu. Lakin təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri tamamilə əks mövqe tutmuşdular və hələ də gözləri Moskvada idi. Həm SSRİ, həm də Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görməmiş, əksinə, törədilmiş cinayəti ört-basdır etmək üçün əllərindən gələni etmişlər.
20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabr ayının 21-də öz siyasi-hüquqi qiymətini vermişdir. Bu tarixi sənəddə qeyd olunur ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP MK katibi A.Girenko, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar.
20 Yanvar hadisələri ərəfəsində özlərini xalq hərəkatının liderləri hesab edən və respublikada yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edən Xalq Cəbhəsinin bəzi üzvləri əliyalın xalqı küçə və meydanlara çağırır, onlara silah paylanacağını vəd edirdilər. Əslində onlar Azərbaycana qoşun yeridilməsindən xəbərdar imişlər. O dövrdə AXC-nin fəallarından olan Zərdüşt Əlizadə bəzi həmfikirlərinin xəyanətkar əməllərindən danışarkən demişdir: "Mənim həmfikirlərimdən bəziləri Bakıda qan tökülməsində və hakimiyyətin devrilməsində maraqlı idilər. Çünki onlar bundan öz şəxsi məqsədləri naminə istifadə etmək istəyirdilər".
Z.Əlizadənin deməsinə görə, həmfikirlərinin çoxları xalqın başına gələcək faciədən iki gün əvvəl xəbərdar idi, onlar gözləmə mövqeyində dayanmışdılar. İsa Qəmbərov, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı və digərləri imperiya qoşunlarının Bakıya daxil olması barədə niyə xalqa açıqlama vermirdilər? Son ana qədər özlərini lider adlandıranlar qanlı olayın törədilməsinə lap az qalmış qaçıb aradan çıxdılar. Demək, onlar imperiya qoşunlarının Bakıya daxil olacaqları vaxtı lap dəqiqliyinə qədər bilirlərmiş.
Qanlı hadisənin ertəsi günü N.Pənahlının qaçıb gizlənməsi, digər "liderlərin" də müxtəlif ölkələrə qaçmaları faktı da bunu təsdiqləyir.
Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli faciəyə siyasi qiymət verilmirdi. Bu, hakimiyyətdə olanların acizliyinin, qorxaqlığının, cəsarətsizliyinin və vəzifə hərisliyinin nəticəsi idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə də Qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi. 20 Yanvar hadisəsinə yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi hüquqi qiymət verildi.
Məhz Heydər Əliyevin təşəbbüsü və təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Müdrik şəxsiyyət Heydər Əliyevin fərmanı ilə 137 nəfərə 20 Yanvar şəhidi adı verilmiş və onların ailələrinə birdəfəlik dövlət yardımı göstərilmişdir.
Heydər Əliyev 20 Yanvar şəhidlərinin qəhrəmanlıqlarını çox yüksək qiymətləndirərək demişdir: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhərəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidilik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir".
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrdə olduğu kimi, Vətən uğrunda şəhid olanların adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birinin ardınca qərarlar qəbul etdi. Şəhidlər Xiyabanı yenidən quruldu, şəhid ailələrinə verilən təqaüdlər artırıldı, onlar mənzillərlə təmin olundular və digər problemlərinin aradan qaldırılması isiqamətində əhəmiyyətli işlər görüldü. Möhtərəm Prezidentimiz 20 Yanvar faciəsini amansız qanlı cinayət adlandıraraq demişdir: "Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi...
Sovet İttifaqının dağıdılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik. Eyni zamanda Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqın iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir".
20 Yanvar faciəsi nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı. SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materiallarından 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı hələ də almayıb.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 20 yanvar.- S.
1-2.