YEVLAX: yeniləşmə
və inkişaf möhkəm təməl üzərində
davam edir
Yevlax
bu gün Avropanın ən qabaqcıl şəhərlərindən
bir addım geri qalmır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Çaykənarı
şəhərlər, adətən, daha yaraşıqlı,
təravətli, ürəkaçan olur. Nədənsə,
illər boyu Ana Kürün dönərgəsinə
sığınmış Yevlax şəhərində belə
cazibədarlığı duymaq, görmək olmurdu.
Çaymı şəhərdən axar-baxarını,
gözəllik cövhərini əsirgəmişdi, şəhərmi
bu ulu nəhrin həyatverici nəfəsindən kənar
düşmüşdü? Yevlaxın Kürə söykəndiyi
lal axarlı, gen məcralı bir yerdə - çayın
Bakı - Qazax avtomagistralı ilə kəsişdiyi ərazidə
salınmış 2 kilometrlik müasir bulvarda gəzişdikcə,
istər-istəməz, xəyal məni şəhərin
yaxın keçmişinə aparmışdı. Deməli,
çox şey insandan asılı imiş. Çayın Aranın
şoranlığından, təbiətcə kasad bir ərazidən
keçən sahilində də gülüstan yaratmaq
mümkün imiş...
Təəssüf
ki, Yevlax şəhəri illər boyu ölkəmizin, demək
olar ki, ortasında, mühüm kommunikasiya qovşağı
kimi inkişaf etsə də ona çaykənarı şəhərə
məxsus abadlıq, yaşıllıq, gözəllik qismət
olmamışdı. Yalnız ötən əsrin 70-80-ci illərində
ümummilli lider Heydər Əliyevin səyləri ilə
Yevlaxda şəhər infrastrukturu yaradılmağa
başlanmış, sonrakı illərdə böhran və tənəzzül
bunları da soldurmuşdu.
Ulu
öndərin arzularına, Prezident İlham Əliyevin
regionları müasir inkişaf prosesinə qoşmaq məramına
uyğun olaraq Yevlax son 7-8 ildə tanınmaz dərəcədə
dəyişmişdir. Əyalət şəhəri səviyyəsini
aşan memarlıq üslubu, geniş xiyaban və meydanlar, zərgər
dəqiqliyi ilə aparılmış abadlıq-quruculuq
gözlərimiz önündə keçmişini xatirələrə
buraxmış yeni, müasir şəhəri sərgiləyir.
Təmizlik, səliqə-sahman ürəkaçan əhval
yaradır. Yaraşıqlı tikililərin, küçə
və məhəllələrin təbii haşiyəsi kimi
diqqəti cəlb edən yaşıllıqlar Yevlaxa axar-baxardan
əlavə, həm də aran yerini unutduran sərinlik,
mülayimlik gətirmişdir.
Yola
saldığımız 2011-ci ildə şəhərin həyatında
bütün sahələrdə yeniləşmə və tərəqqi
marafonu davam etmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin
başçısı Qoca Səmədov
qarşısındakı bir yığın
arayışı və sənədi göstərərək
bildirdi:
-Bu
günlər ötənilki sosial-iqtisadi göstəricilər
ümumiləşdirilir, əhatəli hesabat hazırlanır.
Hələlik onu deyə bilərəm ki, ötən il nailiyyətlərimizi
artırmaq üçün gecəli-gündüzlü
çalışmışıq. Ötən il sosial-iqtisadi
baxımdan şəhərimiz və rayonumuz üçün
də uğurlu olmuşdur. Prezident İlham Əliyevin daimi
diqqət və qayğısını hiss edən
yevlaxlılar, əvvəlki dövrlərdə olduğu kimi,
2011-ci ildə də bölgənin hərtərəfli
inkişafı üçün bütün qüvvələri
səfərbərliyə almışlar. Quruculuq, abadlıq,
tikinti işləri aparılması davam etdirilmiş,
infrastruktrun yaxşılaşdırılmasına, adamları
narahat edən çətinliklərin, problemlərin aradan
qaldırılmasına xüsusi fikir verilmişdir.
Ümumdaxili məhsulun həcmi 259 milyon manat olmuşdur. Bunun 98,5
faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.
Ümumdaxili məhsulun 7,3 milyon manatını sənaye, 64,3
milyon manatını kənd təsərrüfatı, 10,3
milyon manatını tikinti, 142,7 milyon manatını ticarət,
3,4 milyon manatını nəqliyyat, 0,6 milyon manatını rabitə,
30,3 milyon manatını digər xidmətlər təşkil
etmişdir. İstehsal olunmuş 1 milyon 937,7
min manatlıq sənaye məhsulu ixrac edilmişdir. Bu,
satılmış sənaye məhsulunun 30,7
faizini təşkil edir. Rayon üzrə orta aylıq əmək
haqqı 184,2 manat olmuşdur ki, bu da
keçən illə müqayisədə 27,5 manat çoxdur.
Əhalinin pul gəlirləri 147,6 milyon
manat, adambaşına pul gəlirləri 1219,1 manat olmuşdur.
Pərakəndə
əmtəə dövriyyəsi və pullu xidmətlərin
ümumi həcmi 172,9 milyon manata
çatmışdır. Bu da 2010-cu illə müqayisədə
20,6 faiz və yaxud 29,6 milyon manat
çoxdur. Ötən dövrdə 69 ticarət
obyekti tikilmişdir. 534 hüquqi, 3954 fiziki
şəxs ticarət, iaşə və digər xidmət sahələrində
fəaliyyət göstərir.
Hesabat
dövründə ümumilikdə 64,3
milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur. Ötən il zəmilərdən 42443,1 ton taxıl yığılmışdır.
Bu, əvvəlki ildəkindən 12489,1 ton
çoxdur. Meyvə, tərəvəz, bostan məhsullarının
hektardan məhsuldarlığı artmış, proqnozda nəzərdə
tutulan istehsal göstəriciləri artıqlaması ilə
yerinə yetirilmişdir.
Keçən
il kənd təsərrüfatı
istehsalçılarına güzəştli qiymətlə
460 ton mineral gübrələr satılmışdır. 2011-ci ildə 8826 kənd təsərrüfatı məhsulları
istehsalçısına 1 milyon 383 min manat dövlət
yardımı edilmişdir. 2010-cu illə müqayisədə
274,5 ton ət, 1848,2 ton süd, 86,4 min ədəd
yumurta çox istehsal edilmişdir. Mal-qara və
quşların baş sayı da artmışdır.
Rayonda 11 bank filialı fəaliyyət göstərir. 2011-ci ildə sahibkarlara, iş adamlarına 10 milyon 224 min
manat kredit verilmiş, əhalidən 2 milyon 358 min manat əmanət
qəbul edilmişdir. Ötən il daha 522
yeni iş yeri açılmışdır, onların
hamısı daimidir. Sosial müdafiəyə ehtiyacı olan
4136 ailəyə 3 milyon 145,4 min manat ünvanlı sosial
yardım ödənilmişdir.
2011-ci
ilin 9 ayı ərzində bütün maliyyə mənbələri
hesabına Yevlax şəhərində və rayon ərazisində
kapital qoyuluşunun həcmi 158,6 milyon manat
olmuşdur. Bunun 3,4 milyon manatı istehsalat
sahəsinə, 155,2 milyon manatı qeyri-istehsal sahəsinə
yönəlmişdir. 63,2 milyon manatlıq əsas
fondlar istifadəyə verilmişdir. 97,1
milyon manat əsas kapitala yönəlmişdir. 286
obyektdə tikinti işləri aparılmışdır ki,
bunun 178-i yeni tikintilərdir.
Öyrəndik
ki, 2011-ci ildə Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün 4 mərtəbəli
20 mənzilli yaşayış binalarının, regional
informasiya mərkəzinin, Mərkəzi Bankın Yevlax Ərazi
İdarəsi və Ehtiyatların İdarəetmə Mərkəzinin,
Beynəlxalq Bankın Yevlax filialının, Maliyyə İdarəsinin,
avtovağzal kompleksinin, Uşaq Gənclər İdman Məktəbinin
üzgüçülük hovuzunun, Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin
Yevlax birləşmiş texniki şöbəsinin, "Lalə-Tekstil"
MMC binalarının tikintisi, dəmiryol vağzalı
binasının yenidən qurulması işləri davam
etdirilmişdir.
Yevlax
şəhərində 960 şagird yerlik 2 nömrəli və
Aran qəsəbəsində 360 şagird yerlik orta məktəb
binalarının tikintisinə başlanılmışdır.
Salamabad və Balçılı kəndlərinin
hər birində 180 yerlik məktəb binalarının
tikintisinə başlanılması nəzərdə tutulur.
Kür çayı sahilində 2 kilometr uzunluğunda
bulvar-istirahət kompleksinin, şəhərin şərq hissəsində
Səməd Vurğun parkının, Aran qəsəbəsində
-İpək Yolunun kənarında 1,1 kilometr ərazidə
istirahət zonasının tikinti işləri
aparılmışdır. Artıq bulvar
kompleksinin bir hissəsi istifadəyə verilmişdir. Oraya gedən avtomobil yolu genişləndirilir, ikitərəfli
yol çəkilir.
Nizami prospektində və C.Mustafayev küçəsində
abadlıq işləri aparılmış, istinad divarları
tikilmiş və üzlük daşları ilə üzlənmişdir. Bakı - Ələt
- Qazax avtomobil yolunun kənarında geniş abadlıq işləri
görülmüşdür. Burada istinad
divarları, qala bürcləri tikilmiş və
yaşıllıqlar salınmışdır. Nizami prospektində Qala kompleksi və açıq
havada muzey tikilmiş və əhalinin istifadəsinə
verilmişdir.
Aran qəsəbəsində də abadlıq işləri
davam etdirilmişdir. Ərazidə 53 ticarət və xidmət
obyektinin fasadları alkoponla üzlənmiş, yola asfalt
örtüyü salınmış, 840 metr uzunluğunda səki
çəkilmişdir. Ərazidə
salınan parka münbit torpaq və peyin
daşınmışdır. Artıq 8
mindən çox müxtəlif ağac və gül
kolları əkilmişdir. Qəsəbə
qəbiristanlığının ətrafına istinad
divarları çəkilmiş, metal məhəccərlər
vurulmuşdur.
Şəhərin
18 küçəsində - Bakıxanov, Əhmədağa
Baxşıyev, Əlif Hacıyev, Abbas Səhhət,
Müşfiq, Rövşən Balakişiyev, Fariz Məmmədov,
Vüqar Qasımov, Axundov, Z.Tağıyev küçələrinə,
Bakıxanov döngəsinə torpaq və çınqıl
materialı verilərək hamarlanmışdır. Heydər Əliyev prospektinə və C.Mustafayev
küçəsinə 2160 metr səki daşları
düzülmüşdür. Kür istirahət
kompleksində 110 ədəd, Abbas Səhhət küçəsində
36 ədəd, bulvara gedən yolda 70 ədəd
işıqlandırma nöqtələri
quraşdırılmışdır. Aran qəsəbəsində
82 dirək və 164 işıqlandırma nöqtəsindən
ibarət şəbəkə çəkilmişdir.
Yevlax şəhərində və yol kənarlarında 66,9 min ədəd müxtəlif və 250 min ədəd
dekorativ ağac əkilmişdir.
Varvara Su Elektrik Stansiyasının ətrafında olan təhlükəli
vəziyyətlə əlaqədar Yevlax Şəhər
İcra Hakimiyyətinin əlaqədar təşkilatlar
qarşısında qaldırdığı məsələlər
nəticəsində geniş bəndbərkitmə və digər
texniki tədbirlər görülür. Rayon ərazisindən
keçən respublika əhəmiyyətli avtomobil yollarının
tikintisinə də diqqət artırılmışdır.
Muğanlı - Yevlax avtomobil yolunun Xaldan -
Yuxarı Qarxun kəndləri arasındakı hissəsinin 11
kilometrinin tikintisi başa
çatdırılmışdır. İpək
Yolunun Aran qəsəbəsi hissəsində tikinti işləri
aparılmışdır.
Ötən
il əhalinin içməli su ilə təmin
olunması işləri diqqət mərkəzində
saxlanılmış, nasos stansiyalarının, artezian və
subartezianların istismarına ciddi nəzarət olunmuşdur.
Malbinəsi su hövzəsindən Yevlax şəhərinə
su nəql edən ikinici magistral kəmərin 900 metr hissəsi
dəyişdirilmişdir. Nəticədə,
itkilərin qarşısı alınmış və şəhərə
nəql olunan suyun həcmi artmışdır. Kür nasos stansiyasından vurulan suyu C.Mustafayev
küçəsi ilə şəhərə nəql edən
1400 metr su xətti də dəyişdirilmişdir.
Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramına əsasən, "Yevlax şəhərinin
içməli su təchizatının və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi" ilə əlaqədar
Yaponiya şirkətinin nümayəndələri bölgədə
olmuş, layihə-smeta sənədlərinin
hazırlanması üçün texniki şərtlər
müəyyənləşdirilmişdir. Şəhərdə
topoqrafiya işləri aparılmış və layihə-smeta
sənədlərinin hazırlanmasına
başlanılmışdır. İşlər
başa çatdıqdan sonra əhali ekoloji cəhətdən
təmiz içməli su ilə təmin olunacaqdır.
Eyni zamanda, şəhərin bütün küçələrində
fekal kanalizasiya xətləri çəkiləcək. Çirkab
suları təmizləyən zavodun tikilməsi də nəzərdə
tutulmuşdur. Bunun üçün
dövlət fondundan 6 hektar torpaq sahəsi
ayrılmışdır. Yağış, sel və
çirkab sularını şəhərdən kənarlaşdırmaq
üçün A.Məmmədov, F.Əmirov, Zakir,
F.İsayev, M.Sübhi küçələrində 1,2 kilometrlik kanalizasiya xətləri çəkilmişdir.
Kəndlərin ekoloji cəhətdən içməli
su təminatı davam etdirilir. Ərəbbəsrə,
Meyvəli, Balçılı kəndlərində və Aran
qəsəbəsində təmizləyici qurğular
quraşdırılmış, su xətləri çəkilmişdir.
Hazırda Yevlax şəhəri və kənd
yaşayış məntəqələri 24 saat elektrik
enerjisi ilə təmin olunur. 2011-ci ildə əhalinin
qaz təminatının yaxşılaşdırılması
istiqamətində işlər davam etdirilmişdir.
Varvara, Cırdaxan, Ağqıraq, Balçılı kəndləri
təbii qaz ilə təchiz olunmuş, 860 ailəyə mavi
yanacaq verilmişdir. Şəhərdə və
rayonun kəndlərində 16000 abonent təbii qaz ilə təmin
olunmuşdur.
Əvvəlki illərə nisbətən əhaliyə
göstərilən rabitə və poçt xidmətlərinin
səviyyəsi artmışdır. Şəhərdəki
mərkəzi kənd ATS-lərinin tutumlarının
artımı hesabına əhaliyə şəhərdə
140, kəndlərdə isə 96 telefon çəkilmişdir.
Ötən
il Yevlax şəhər 2 nömrəli tam orta məktəbə
960 şagird yerlik, Aran qəsəbəsində 2 nömrəli
tam orta məktəbə isə 320 şagird yerlik yeni
binaların, Təhsil Şöbəsi üçün yeni
inzibati binanın tikintisinə başlanılmışdır.
Salamabad kənd orta məktəbi
üçün 180 şagird yerlik məktəb
binasının tikintisinə pul ayrılmışdır.
Məktəblərin
fəaliyyətinin əsas göstəricilərindən biri
olan buraxılış imtahanlarının və ali, orta ixtisas məktəblərinə qəbulun
nəticələri əvvəlki illə müqayisədə
yüksək olmuşdur. 2010-2011-ci dərs illində tam orta məktəbin
XI sinfini bitirmiş 1189 nəfərdən 956 nəfəri (80,4 faiz), IX sinfi bitirmiş 1671 nəfərdən
1404 nəfəri (89,3 faiz) mərkəzləşmiş qaydada
keçirilən buraxılış imtahanlarından müvəffəq
qiymət almışlar. Bu da IX, XI siniflər üzrə əvvəlki
illə müqayisədə 10,9 faiz
yüksəkdir. 652 nəfər ali məktəblərə
sənəd vermiş, 262 məzun ali məktəblərə
daxil olmuşdur.Yevlax şəhər 8 nömrəli tam orta məktəbin
şagirdi Ülkər Həsənli 685 bal toplayaraq Prezident təqaüdünə
layiq görülmüşdür. 12 nəfər ali hərbi məktəb və akademiyalara, 13 nəfər
C.Naxçıvanski adına hərbi liseyə, 125 nəfər
orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Rayonun səhiyyə müəssisələrində əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
istiqamətində də tədbirlər davam etdirilmişdir. Yevlax əhalisinə
göstərilən səhiyyə xidmətinin
yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə şəhərdə
mərkəzi kliniki xəstəxananın tikintisi
üçün 2 milyon manat vəsait
ayrılmışdır.
Son illər olduğu kimi, 2011-ci ildə də əhaliyə
göstərilən mədəni-maarif xidmətinin səviyyəsinin
yüksəldilməsi məqsədilə Mədəniyyət
və Turizm Şöbəsi tərəfindən tədbirlər
davam etdirilmişdir. Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü ilə əlaqədar Heydər Əliyev
Sarayında təntənəli yığıncaq
keçirilmişdir. Heydər Əliyev
xiyabanında respublikanın tanınmış incəsənət
ustalarının iştirakı ilə böyük bayram
konserti və atəşfəşanlıq təşkil
edilmişdir. İdmanın müxtəlif
növləri üzrə şəhərdə keçirilən
respublika və rayon birinciliklərində, Azərbaycan
Respublikasının Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş idman turnirində
yüzlərlə yeniyetmə və gənc iştirak
etmiş, idman ustalığını
artırmışdır.
Sonda bu günlərdə Bakıda bir ziyalı məclisində
eşitdiklərim və məni qürurlandıran epizodu
oxuculara çatdırmaq istəyirəm. Ölkənin xarici siyasət
uğurlarından söhbət açılan bu toplantıda
söz verilən tanınmış ziyalı, professor
Qəzənfər Paşayev dedi:
-Misilsiz
xarici uğurlarımız ölkənin sürətli
sosial-iqtisadi inkişafına söykənir. Xüsusən,
regionlar müasir tərəqqiyə qovuşur. Bu yaxınlarda Tovuza gedəndə yolum Yevlax şəhərindən
düşdü. 10-15 il əvvəl
olduğum, məndə boz-bulanıq xatirə buraxmış
bu yerin cənnətmisal bir məkana çevrilməsi məni
heyrətləndirdi. Hər yerdə yeniləşmə
var, lakinYevlaxda hər şey kökündən təzələnib.
Eşq olsun Azərbaycanı belə tərəqqiyə
qovuşduran siyasətə! Eşq olsun şor suların
gölləndiyi, ağcaqanad və qurbağaların
insanları bezdirdiyi bir yeri cənnətə çevirən
insanlara!
...Bakı
bulvarından geri qalmayan Kürsahili Yevlax bulvarında
duyub-düşündüklərimi tamamladığına
görə hörmətli ziyalımızın sözlərinə
nəsə əlavə etmək istəmirəm.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 6.