Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: "Azərbaycan bölgədə
ən güclü orduya
malikdir"
Yanvarın 16-da Nazirlər
Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev
geniş və məzmunlu çıxışı zamanı
2011-ci ildə ölkə qarşısında duran
bütün iqtisadi və sosial vəzifələrin müvəffəqiyyətlə
icra edildiyini bildirmiş, xüsusilə ordu quruculuğu sahəsində
əldə olunan uğurlardan ətraflı
danışmışdır. Son 8 il ərzində hərbiyə
aid xərclərin təxminən 15 dəfəyədək
artırılması və Silahlı Qüvvələrimizdə
qazanılan nailiyyətlərdən bəhs edərkən
xüsusi qeyd etmək lazımdır ki, hələ 2010-cu ilin
18 iyun tarixində Milli Məclisin növbədənkənar
sessiyasında müdafiə və təhlükəsizlik xərcləri
daha 400 milyon manat artırıldı və cari ilin
bütün hərbi xərcləri 2 milyard 150 milyon dollara
çatdırıldı. Bununla da, Azərbaycanın
yalnız hərbi xərcləri təcavüzkar Ermənistan
respublikasının bütövlükdə dövlət
büdcəsini arxada qoydu.
Hərbi
ekspertlərin fikrincə, 2012-ci ildə ölkəmizin
müdafiə xərclərinin 3 milyard 474 milyon dollara
çatdırılması təhlükəsizlik və
müdafiə sektorunda, o cümlədən Silahlı Qüvvələrdə
irihəcmli təchizat məsələlərinin bundan sonra da
uğurla davam etdirilməsi perspektivlərini daha da
artırır. Son illər Silahlı Qüvvələrimizin
silah və hərbi texnika arsenalının yeniləndirilməsi
istiqamətində görülən işlərə
böyük həcmdə vəsaitlər sərf olunub. Bu baxımdan
2010-2011-ci illər xüsusilə diqqəti özünə
çəkir. Müvafiq addımları Azərbaycanın Ermənistan
üzərində hərbi üstünlüyünün davam
etdirilməsi və bu üstünlüyün daha da
artırılması baxımından yüksək qiymətləndirən
yerli və beynəlxalq hərbi ekspertlər, eyni zamanda milli hərbi
sənaye kompleksinin inkişafına böyük həcmdə
vəsaitlərin sərf olunmasının səmərəsini
də xüsusi qeyd edirlər. Yəni, Azərbaycan Prezidentinin
16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə
Sənayesi Nazirliyinin yaradılması Silahlı Qüvvələrimizin
döyüş arsenalının daha da zənginləşdirilməsi
baxımından kifayət qədər strateji əhəmiyyət
daşımışdır.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin iclasında cənab Prezident öz çıxışı zamanı ordumuzun döyüş hazırlığına və maddi-texniki təminatına toxunaraq bir daha vurğulamışdır ki, "biz bölgədə ən güclu orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, -hamısını sadalamaq çətindir, -alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik".
Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq əməkdaşlıq ordumuzun əsas inkişaf istiqamətlərindəndir. Azərbaycan dünyanın ən böyük hərbi strukturu sayılan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi kimi iki böyük proqram üzrə ciddi əlaqələr qurub. Tərəfimizdən 30-dan çox ölkə ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorondumların və müxtəlif əsas sənədlərin imzalanması, daha 30-dək ölkə ilə analoji saziş layihələri ilə bağlı aparılan müzakirələr Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq sahəsində ciddi və etibarlı tərəfdaş olduğunu göstərir. Hər il minlərlə hərbçilərimizin istər NATO, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatların təşkilatçılığı ilə həm xaricdə, həm də Azərbaycanda keçirilən müxtəlif xarakterli kurs və təlimlərdə işirakı, ən son hərbi yenilikləri dərindən mənimsəməsi ordumuzun kadr potensialını daha da gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumiyyətlə, son illər dövlət büdcəsindən orduya aid xərclərin davamlı şəkildə artırılması, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını təmin etmiş, ölkəmizdə hərbi vətənpərvərlik tərbiyəsinin daha da güclənməsində önəmli rol oynamışdır. 2010-cu ildə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə başçısının imzaladığı sərəncama əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat vəsait ayrıldı. Prezidentin 20 sentyabr 2011-ci il tarixdə imzaladığı digər sərəncamla isə Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarında çalışan hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırıldı.
Ötən il Azərbaycan dövlətinin ordu quruculuğu məsələlərinə ayırdığı 3 milyard 413 milyon dollar yerlərdə ayrı-ayrı hərbi hissələrin ümumi simasını kökündən dəyişmişdir. Ordu mənsubları 2011-ci ildə müxtəlif miqyaslı təlimlərdə onların ixtiyarına verilmiş ən müasir hərbi texnikaların döyüş imkanlarından məharətlə bəhrələnmiş, əsl peşəkarlıq sərgiləmişlər.
Azərbaycan Prezidentinin şəxsi tapşırığı ilə ordumuzun 43 hərbi şəhərciyində aparılan tikinti-bərpa və yenidənqurma işləri də ötən son iki ilin ən böyük uğurlarındandır. Gəncə, Qusar, Kürdəmir, Göytəpə, Şubanı, Güzdək, Qara Heybət, Soyuqbulaq və s. məntəqələrdə, o cümlədən Bakı şəhərində yerləşən hərbi hissə və birləşmələrdə müasir tələblərə cavab verən onlarla əsgər yataqxanaları, yeməkxanalar, avtomobil və hərbi texnika parkları, tibb məntəqələri, qazanxanalar, idman şəhərcikləri, camaşırxana və hamam kompleksləri hərbçilərin ixtiyarına verilmişdir. Bu obyektlərin istilik və isti su ilə fasiləsiz təmin olunması üçün ən müasir texniki avadanlıqlar alınmış, yeni magistral elektrik və mühəndis kommunikasiya xətləri, transformator yarımstansiyaları quraşdırılmışdır. 2011-ci ildə müxtəlif hərbi şəhərciklərdə xidməti yaşayış binalarının tikintisi də uğurla başa çatdırılmış, geniş yaşayış səhəsinə malik onlarla mənzillərin orderləri zabit və gizirlərin ailələrinə paylanılmışdır.
Ötən ilin son günlərində ölkə başçısının imzaladığı növbəti fərmanı da hərbçilər böyük minnətdarlıq hissilə qarşılamışlar. Bu mühüm sənəddə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması öz əksini tapıb. Fərmandan irəli gələn tələblərin yerinə yetirilməsi üçün yaradılan Komissiya artıq müvafiq istiqamətdə bir sıra müzakirələr aparmışdır.
Müdafiə xərclərinin 2012-ci ildə kəskin artımı hərbi qulluqçuların sosial rifahının fundamental şəkildə yaxşılaşdırılmasına da təsirsiz ötüşməyəcək. Şübhə yoxdur ki, ordu quruculuğu məsələsinin dövlət rəhbəri səviyyəsində prioritet elan olunmasından və orduya aid xərclərin ilbəil artırılmasından əsas məqsəd ilk növbədə ölkənin milli maraqlarının təmin edilməsidir. Nazirlər Kabinetinin məlum iclasında bir daha bu məsələyə toxunan, ölkənin ərazi bütövlüyünün bərpasının qarşıda dayanan ən ümdə vəzifə olduğunu bildirən və müvafiq istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı bəhs edən Azərbaycan Prezidenti ilk növbədə ölkəmizin regionda və dünyada sülhü daim dəstəklədiyini, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyini xüsusi qeyd etməklə bərabər, eyni zamanda Silahlı Qüvvələrimizin hazırkı durumunu da yüksək qiymətləndirmişdir: "...Bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik".
Silahlı Qüvvələrimiz 2011-ci ili istər mənəvi-psixoloji, istərsə də döyüş hazırlığı baxımından böyük nailiyyətlərlə yola salmışlar. 2012-ci ildə orduya aid xərclərin ötən illə müqayisədə bir qədər də artırılaraq 3 milyard 474 milyon dollara çatdırılması müvafiq istiqamətdə daha böyük uğurların əldə olunmasına zəmin yaradacaqdır. Ölkə başçısının qeyd etdiyi kimi, bu il ordumuzda həm maddi-texniki təchizatla bağlı məsələlər, həm də hərbi hissələrə aid binaların əsaslı təmiri öz həllini tapacaqdır: "Bütün hərbi hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır".
Beləliklə, Azərbaycan Prezidenti orduda xidmət edənlərin həm məişət, həm də xidmət şəraitinin yaxşılaşdırılmasını 2012-ci ildə də bir vəzifə kimi qarşıya qoymaqla ordu mənsublarına növbəti dəfə yüksək inam və etimad göstərdiyini ifadə etmiş oldu. Bütün bunlar isə, heç şübhəsiz, ordumuzun daha yüksək döyüş hazırlığına yiyələnməsində həlledici rol oynayacaq.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 4.