Gənc nəsil
20 Yanvar haqqında həqiqətləri bilməlidir
XX əsrin əvvəlində
müstəqilliyimizə gedən yol 1918-ci il 31 mart azərbaycanlıların
ermənilər tərəfindən soyqırımı
günündən, XX əsrin sonunda isə əbədi
müstəqilliyimizə aparan yol 1990-cı il 20 Yanvar günündən
başladı. Bu iki qanlı tarix göstərdi ki, tarixi
dövlətçilik ənənələrinə malik olan
xalqımızı dövlət müstəqilliyi uğrunda
mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq
mümkünsüzdür. Bu gün yetişməkdə olan gənc
nəslə 20 Yanvar haqqında həqiqətlərin çatdırılması
çox vacibdir.
20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlayıb. 1985-ci ilin martında keçmiş SSRİ-də hakimiyyəti ələ keçirən ermənipərəst M.Qorbaçov və onun komandası bütün gücü ilə erməni qaragüruhçularına sədaqətlə xidmət etməyə başladı. Və bu da erməniləri Dağlıq Qarabağı Azərbaycandan alıb, Ermənistana birləşdirmək istəyini həyata keçirmək üçün hərəkətə gətirdi. Ancaq Azərbaycana düşmən mövqe tutan qüvvələr gələcək məkirli planlarını rahat şəkildə həyata keçirmək üçün ilk növbədə xalqımızın proseslərə real təsir etmək imkanına malik liderini - Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırmaq üçün tədbirlər görməyə başladılar.
Ulu öndər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra M.Qorbaçovun müşaviri Aqanbekyanın Parisdə "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistanın tərkibində olması zəruriliyindən və bu məsələdə M.Qorbaçovun razılıq verməsindən danışması gələcək faciələrdən xəbər verirdi.
M.Qorbaçovun razılığını
alan, xalqımızın imperiya daxilində müdafiəsiz
olduğunu bilən ermənilər 1988-ci il yanvar ayından
başlayaraq Ermənistanda yaşayan azərbaycanlıları əzəli
yurdlarından qovmağa başladılar. Buna etiraz olaraq 1988-ci ilin 19
fevralında Bakıda ilk mitinq oldu. Tarixə "Milli
Dirçəliş Günü" kimi daxil olan noyabrın
17-də Azadlıq meydanında yarım milyondan artıq insan
"azadlıq", "suverenlik"
çağırışları səsləndirdi. Mitinqdə
28 aprel 1920-ci ildə Moskva tərəfindən endirilmiş
milli üçrəngli bayrağımız yenidən
qaldırıldı. Bu artıq Azərbaycanda milli azadlıq hərəkatının
başlanması demək idi.
Erməni
təcavüzünün qarşısının
alınmaması xalqımızın milli-azadlıq hərəkatını
daha da gücləndirdi. 1989-cu ilin sonunda Azərbaycanda
milli-azadlıq hərəkatı özünün ən
yüksək mərhələsinə çatdı.
1990-cı il yanvarın ilk günlərindən etibarən
hadisələr idarəolunmaz həddə çatdı.
SSRİ rəhbərliyi vəziyyətə nəzarət edə
bilmədiyinə görə xalqı qorxutmaq üçün
ona silahlı divan tutmaq qərarına gəldi. Əvvəlcədən
hazırlanmış plana uyğun olaraq 1990-cı il
yanvarın 19-da axşam dövlət televiziyasının
enerji bloku partladıldı. Məqsəd SSRİ Ali Sovetinin Rəyasət
Heyətinin yanvarın 20-də saat 00.00-dan "Bakı şəhərində
fövqəladə vəziyyət tətbiq edilməsi
haqqında" fərmanından xalqı xəbərsiz etmək,
kütləvi qırğını rahatca həyata keçirmək
idi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə
sovet ordusu SSRİ müdafiə naziri D.Yazovun
komandanlığı altında Bakıya hücum edib qanlı
qırğın törətdi.
M.Qorbaçovun
göstərişi, D.Yazovun komandanlığı altında həyata
keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən sonra
Azərbaycan informasiya blokadasına alınmışdı. Əvvəlcədən
Azərbaycan televiziyasının enerji bloku
partladıldığı üçün radio və
televiziya verilişlərinin translyasiyası
dayandırılmışdı. Qəzetlər
çıxmırdı. SSRİ-nin mərkəzi mətbuatı
və televiziya kanalları isə bundan istifadə edərək
törədilən qanlı hadisəni təhrif edən yalan məlumatlar
yayırdılar.
Ulu
öndər 21 yanvar 1990-cı ildə həyatını təhlükə
qarşısında qoyaraq ailə üzvləri ilə birlikdə
Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş
və burada iştirak edən yerli və xarici jurnalistlərin
qarşısında çıxış edərək
Qanlı Yanvar faciəsinin əsl mahiyyətini və səbəbini
təhlil etmiş, xalqımıza qarşı edilən bu
zorakılığı pisləmiş, bunu xalqa qarşı qəsbkarlıq
və cinayətkar hərəkəti, M.Qorbaçov başda
olmaqla bu hərbi əməliyyatı həyata keçirənləri
cinayətkar adlandırmışdı.
Ümummilli
lider 15 iyun 1993-cü ildə xalqın təkidli tələbindən
sonra yenidən Azərbaycan rəhbərliyinə
qayıtdı. 10 il müstəqil Azərbaycan Respublikasına
Prezidentlik etdi. Məhz onun prezidentliyi dövründə
Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.
1994-cü il yanvarın 5-də ulu öndər 20 Yanvar faciəsinin
dördüncü ildönümünün keçirilməsi
ilə bağlı imzaladığı fərmanda Milli Məclisə
tövsiyə olundu ki, faciəyə tam siyasi-hüquqi qiymət
verilsin. Yaradılan Dövlət Komissiyasının ciddi fəaliyyəti
nəticəsində 1994-cü il mart ayının 29-da törədilmiş
faciəli hadisələr haqqında qərar qəbul edildi. Qərarda
faciənin səbəbi, mahiyyəti göstərilməklə
yanaşı, günahkarların da konkret adları göstərildi.
Müstəqil
Azərbaycan ulu öndərin şah əsəridir. Müstəqilliyimiz
uğrunda şəhid olan 20 Yanvar qurbanları Heydər Əliyevin
həmişə diqqət mərkəzində olmuşdur.
1998-ci ilin oktyabr ayında Şəhidlər Xiyabanında
azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərin
xatirəsini əbədiləşdirən abidənin və əbədi
məşəlin açılışı oldu.
Ulu öndərin layiqli davamçısı, hörmətli Prezident İlham Əliyevin fəaliyyət proqramında 20 Yanvar faciəsində şəhid olanlar həmişə diqqət mərəkəzində olan məsələdir. Dövlət başçısının 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 19 yanvar 2006-cı il tarixli fərmanı müstəsna əhəmiyyət kəsb edir.
Biz təhsil işçiləri şagirdlərə 20 Yanvar haqqında həqiqətləri çatdırmağa çalışırıq. Liseyimizdə hər il "20 Yanvar faciəsi" ilə bağlı "Açıq dərslər" keçirilir və bu hadisələr əhatəli şəkildə təhlil edilir. Yanvar ayında bütün siniflərin "Sinif divar qəzetləri" 20 Yanvar faciəsinə həsr olunur. Qanlı Yanvar mövzusunda "Rəsm sərgisi" təşkil edilir. Yanvarın 19-da bütün siniflərdə birinci dərs saatı 20 Yanvar faciəsinə həsr olunur. Həmçinin liseyin akt zalında ənənəvi rəsmi tədbirimizi də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edirik. Hər birimiz vaxtaşırı olaraq, xüsusən 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etməyi özümüzün mənəvi və vətəndaşlıq borcumuz hesab edirik.
20 Yanvar günü bizim milli təfəkkürümüzdə böyük hadisədir. Bu hadisə həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu faciənin mahiyyətində, məzmununda böyük igidlik, əyilməzlik, möhtəşəmlik var. Müstəqilliyimizin ruhunda və bətnində şəhidlərin ölməzliyi, unudulmazlığı var. 20 Yanvar müstəqilliyimizin təməl daşıdır. Milli kimliyimizi dünyaya tanıtdıran bir gündür.
Fikrət XƏLİLOV,
Heydər Əliyev
adına liseyin
direktoru, əməkdar
müəllim
Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 3.