20 Yanvar - Azərbaycan xalqının qanlı və
şanlı səhifələrindən biri
Bu faciəyə siyasi-hüquqi qiymət
verilməsi ulu öndər Heydər Əliyevin mühüm
xidməti idi
İmperiyaların öz
mövcudluğunu qorumaq üçün qan tökməsi,
qırğınlar törətməsi tarixin bütün
dönəmlərində olub. Sovet imperiyasının
ömrünü uzatmaq üçün belə
addımları atanlar da öz tarixi xislətlərinə sədaqət
nümayiş etdirmək istəyirdilər. Ancaq 1990-cı ilin
yanvar ayında Bakıda törədilmiş qanlı faciənin
əsas səbəbi təkcə imperiyanın qorunması
deyildi, burada başqa amillər də var idi.
O
günlər Moskvada cərəyan edən ictimai-siyasi proseslərin
görünməyən qatlarında Azərbaycan
xalqının iradəsini qırmaq və respublikamızın
torpaqlarının bir hissəsinin, min illərdən bəri
Azərbaycan-türk torpaqları olan Dağlıq Qarabağın
ermənilərə verilməsi üçün zəmin
yaratmaq idi. Əslində Mixail Qorbaçov və onun rəhbərliyi
altında çalışanlar bu zəmini yaratmaq
üçün hələ 1997-ci ildə dahi Azərbaycan
siyasətçisi və görkəmli türk sərkərdəsi
olan Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasına
nail olmuşdular. Yəni, sovet dönəminin son illərində
Pribaltikada və Gürcüstanda törədilmiş qanlı
hadisələr sırf imperiyapərəst siyasətin silahla
davam etdirilməsi idisə, Bakıda törədilən vəhşilik
həm də Mixail Qorbaçovun milli ayrı-seçkilik siyasətinin
və Azərbaycanın ən məhsuldar torpaqlarının, ən
səfalı yerlərinin respublikamızdan qopardılaraq Ermənistana
verilməsi istəyinin nəticəsi idi. Bu barədə
dünyanın bütün qütblərini təmsil edən
obyektiv düşüncəli alimlərin və ədalətli
siyasətçilərin çoxsaylı qənaətləri
mövcuddur.
Ermənilər
Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə
Dağlıq Qarabağ məsələsini iki dəfə
gündəliyə gətirmişdilər. Lakin hər iki cəhd
erməni millətçilərinin məğlubiyyəti ilə
nəticələnmişdi. Ulu öndərin siyasi uzaqgörənliyi
və şəxsi nüfuzu qarşısında aciz qalan ermənilərin
yeganə yolu Heydər Əliyevin siyasi hakimiyyətdən getməsini
gözləmək idi. Kremldəki dahi Azərbaycan siyasətçisi
həmin illərdə Balayan, Kaputikyan, Muradyan, Xanzadyan və
başqa məkrli ermənilərin göz dağına
çevrilmişdi. Bu bir fakt idi. İrəvandan azərbaycanlıların
adıyla Moskvaya yüzlərlə məktub göndərilir,
Heydər Əliyevə qarşı böhtan və iftiralar
yazılırdı. Hələ 1987-ci ilin martında İrəvanda
çıxan "Vozni" ("Kirpi") jurnalının
baş redaktoru Aramais Saakyan oxucuların Dağlıq
Qarabağla bağlı sualını cavablandırarkən
çox səmimi bir etiraf səsləndirmişdi:
"Dağlıq Qarabağ məsələsinə
başlamazdan əvvəl yuxarıdakı türk siyasətçisinin
məsələsini həll etmək lazımdır... hələ
ki, türklərin nümayəndəsi iş
başındadır, biz susmalıyıq" - deyə erməni
jurnalisti öz məkrli simasını ortaya qoymuşdu.
Yada
saldığımız bu fakt təkcə bütün ermənilərin
bir azərbaycanlıdan qorxmasının təsdiqi kimi qiymətləndirilməməlidir.
Bu fakt həm də onu göstərirdi ki, bütün ermənilər
satın aldıqları Mixail Qorbaçovun Heydər Əliyevə
qarşı tor qurduğundan xəbərdar idilər. Erməni
məkrinin, erməni hiyləsinin və öz tamahının əsirinə
çevrilmiş Mixail Qorbaçov
açıq-açığına Heydər Əliyevin
nüfuzundan xoflanır və onun Kremldəki fəaliyyətini
böyük qısqanclıqla qarşılayırdı.
Heydər
Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosundan
uzaqlaşdırılması Azərbaycan torpaqlarına sahib
çıxmaq istəyən ermənilərin və
respublikamızda siyasi hakimiyyətə gəlmək istəyən
kəmfürsətlərin əlini-qolunu açmış
oldu.
Zori
Balayan təkcə erməni mətbuatında deyil, həm də
fəaliyyəti milli-ayrı-seçkilik üzərində
qurulmuş Moskva mətbuatında bar-bar
bağırırdı: "Ey Dağlıq Qarabağı
arzulayan ermənilər, Heydər Əliyev getdi, bəs indi nə
gözləyirsiniz?" Bu, həmin günlər idi ki, Azərbaycanda
bəzi yerli siyasətçilərin də
"qırışığı
açılmış", ulu öndərə qarşı
Balayandan da betər iftiralara başlamışdılar.
Təkcə
azərbaycanlıların deyil, SSRİ məkanındakı
bütün türklərin dayağı kimi
çıxış edən Heydər Əliyevin siyasi hakimiyyətdən
getməsindən cəmi 15 gün sonra ermənilər Azərbaycana
qarşı torpaq iddialarını ciddi şəkildə
qaldırdılar. SSRİ rəhbərinin yaxın
silahdaşlarından olan iqtisadçı alim Aqanbekyan Parisdə
keçirdiyi mətbuat konfransında Mixail Qorbaçovu və
erməni separatçılarını ruhlandıran bir bəyanat
səsləndirmişdi: "Dağlıq Qarabağ Ermənistana
verilməlidir". Halbuki Heydər Əliyevin siyasi hakimiyyətdə
olduğu illərdə Aqanbekyan dilini özünə çox
möhkəm sıxır və bu qəbildən olan sərsəm
fikirləri səsləndirməyə cəsarət etmirdi. Yəni,
bu gün haqqında söz açdığımız 20
Yanvar faciəsinin təməlində Azərbaycan
xalqının SSRİ rəhbərliyi tərəfindən
milli ayrı-seçkiliyə məruz qalması,
soydaşlarımızın on əsrlərdən bəri
yaşadığı torpaqların zorla alınaraq ermənilərə
verilməsinin davam etdirilməsi, xalq azadlıq hərəkatına
qarşı həbslər, təzyiqlər, dəyənəklərdən
istifadə edilməsinin dözülməz həddə
çatdırılması idi. Xalq artıq bu
haqsızlığa dözməyərək öz qətiyyətli
sözünü demək üçün hamılıqla
ayağa qalxırdı. Bu zaman isə artıq yazının əvvəlində
qeyd etdiyimiz məqam -imperiyanın öz mövcudluğunu
qorumaq istəyi instinkt kimi ortaya çıxdı.
Heydər
Əliyev sonralar öz müsahibələrindən birində
vəzifədən kənarlaşdırılandan sonrakı
illəri xatırlayaraq söyləyirdi: "Azərbaycanın
bu milli məsələsi ilə əlaqədar olaraq
Qorbaçov, onunla mümkün olmasa Liqaçov, Viktor
Çebrikov və DTK sədri, eyni zamanda, Siyasi Büro
üzvü Kryuçkovla danışmaq istəyirdim. Əlimdə
sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın
öz torpağıdır - deyirdim. Onların mənə
cavabı isə bu idi: "Biz Qarabağdakı erməni - azərbaycanlı
münaqişəsi ilə bağlı problemi
özümüz həll edəcəyik". Fikirləşdim
ki, bir iş görməliyəm. Moskvadakı xarici jurnalistlərə
xəbər verib, bir mətbuat konfransı keçirdim.
Bütün günahları Mixail Qorbaçovda və
Sov.İKP-də gördüyümü söylədim. Bundan
sonra Qorbaçov dərhal DTK sədri Kryuçkova məni təqib
etmək barədə göstəriş verdi. 30 il
sıralarında çalışdığım Dövlət
Təhlükəsizlik Komitəsi indi məni quruluş əleyhinə
olan bir şəxs kimi təqib etməyə başladı. Məqsədləri
məni təxribat yolu ilə aradan götürüb onlara qarşı
mübarizəmi dayandırmaq idi".
Bu
proseslərdən sonra hadisələr daha iti sürətlə
inkişaf etdi və 1990-cı ilin yanvarında Moskvanın
hazırladığı məlum faciə törədildi.
Bakıya
qoşunların yeridilməsindən əvvəl buraya göndərilən
kontingentin formalaşdırılması məsələsi də
bilavasitə ermənilərin sifarişi ilə yerinə
yetirilmişdi. Belə ki, guya hərbi qulluqçuların ailələrini
qorumaq üçün Azərbaycana göndərilən əsgər
və zabitlərin böyük əksəriyyəti Stavropol,
Krasnodar və Rostov bölgələrindən
könüllü toplanmış ermənilər idi.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda
törədilən qanlı qırğını "əsaslandırmaq"
üçün Mixail Qorbaçov soyqırımdan beş-on
saat sonra Azərbaycan paytaxtında fövqəladə vəziyyətin
elan edildiyini bildirən sənəd imzalamışdı. Guya
insanlar fövqəladə vəziyyətin qanunlarına tabe
olmadığına görə əsgər gülləsinə
tuş gəlmişdilər.
Faciənin
miqyası böyük idi və dünyanın müxtəlif
guşələrindən gələn xəbərlərdə
"azərbaycanlılara qarşı soyqırım" -
ifadəsi öz yerini tapırdı. Ölənlər,
yaralananlar və itkin düşənlərdən başqa
çoxsaylı həbs olunanlar da var idi. Bu isə
bütün azərbaycanlıların gözünün odunu
almaq məqsədi daşıyırdı.
Etiraf
edək ki, dinc və silahsız insanlara qarşı törədilmiş
bu vəhşilik, öz mənzilində, həyətində,
avtobusda, iş yerində şəhid olanlar barədə
çoxsaylı faktlar hamının ürəyində bir xof,
qorxu yaratmışdı. Ömrü boyu xidmət etdiyi
dövlətin onlara qarşı bu qədər amansız
olduğunu görən hər kəs böyük təlaş
və ümidsizlik içərisində idi. Xalqın həmin
günlərində insanların ölməkdə olan
ümidini, inamını yenə də ulu öndər Heydər
Əliyev bərpa etdi. Heç bir vəzifəsi olmayan,
Moskvadakı evində yaşayan Heydər Əliyev faciənin
ertəsi günü respublikamızın Rusiya
paytaxtındakı daimi nümayəndəliyinə gələrək
kütləvi informasiya vasitələrinin qarşısında
Bakı qırğınını lənətləyən bəyanatla
çıxış etdi. Ulu öndərin Kremlin
qulağının dibində Mixail Qorbaçovun
addımlarını lənətləyən bəyanat verməsi
xalqın arzu və istəklərinin yenidən baş
qaldırmasına səbəb oldu. İstənilən azərbaycanlı
hiss etdi ki, onun arxasında böyük dayağı,
böyük öndəri, böyük lideri vardır. Məhz
həmin bəyanat Azərbaycanda milli azadlıq hərəkatının
dönməz xarakter almasının, müstəqillik yolunda qətiyyətli
addımlar atılmasının təməlini qoymuş oldu.
Ancaq
20 Yanvar faciəsi barədə danışarkən ulu öndərin
başqa bir qətiyyətini və siyasi uzaqgörənliyini də
qeyd etmək zərurəti yaranır. Belə ki, nə Azərbaycan
öz dövlət müstəqilliyini əldə edəndən
sonra respublikamıza rəhbərlik etmiş Ayaz Mütəllibovun
dövründə, nə də onu topla-tüfənglə
devirib hakimiyyətə gəlmiş AXC-Müsavat iqtidarı
illərində 20 Yanvar faciəsi bircə dəfə də
olsa gündəliyə gətirilmədi. Nəinki bu faciəyə
siyasi- hüquqi qiymət verilməsinə cəhd etmədilər,
hətta, onu pisləyən bəyanat da səsləndirilmədi.
Xalqın israrlı tələb və
çağırışlarından sonra ölkədə
siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
son illər baş vermiş bütün ictimai-siyasi hadisələr
kimi 20 Yanvar faciəsinə də siyasi və hüquqi qiymət
verilməsinə nail oldu. Çünki Heydər Əliyevin
ictimai-siyasi fəaliyyəti başdan-başa Azərbaycana və
Azərbaycan xalqına xidmət üzərində
qurulmuşdur. Bugünkü Azərbaycan dövləti də
bütün dünyada məhz ulu öndərin şah əsəri
kimi qiymətləndirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 2.