"Çiçəklər ətriylə yaysın eşqimi"

 

Şairlik bir istedad olmaqla yanaşı, həm də Tanrı vergisidir. Bu vergiyə sığınıb öz duyğu və düşüncələrini poeziyanın dili ilə ifadə edən insanlar cəmiyyətə, hər bir hadisəyə öz prizmasından baxır, insanları daim bu fikirləri ilə həm də düşündürməyə çalışırlar.

 

Onlar arasında daim yaradıcılığını izlədiyim, şeirləri ilə oxucuları milli duyğulara və fərqli ovqata kökləyən istedadlı qələm sahibi, şair, jurnalist həmkarım Zərəngiz Dəmirçi Qayalı ön sıralarda dayanır. Onun yaradıcılığı öz mövzu rəngarəngliyinə və janrına görə fərqlənir. Daha çox şeir yazmağa üstünlük verən jurnalist poema, eləcə də ədəbiyyatımızla bağlı publisistik yazıların da müəllifidir.

O, AYİB-in nəzdində Azad Yazarlar və Sənətçilər Qurumu tərəfindən 2006-cı ildə "İlin qadın şairi" seçilib və "Qayalı" kitabı "2008-ci ilin qadın şairinin kitabı" nominasiyasının qalibi olub. 2009-2010-cu illərdə Prezident təqaüdünə layiq görülüb. AzərTac-ın əməkdaşı kimi ölkədə baş verən mədəniyyət və ədəbiyyat tədbirlərini işıqlandırır.

Z.D.Qayalı 1962-ci il yanvarın 20-də Qazax rayonunun Daş Salahlı kəndində dünyaya göz açıb, sazlı-sözlü mühitdə böyüyüb. İlk şeirinin hələ 17 yaşında ikən rayonun "Qalibiyyət bayrağı" qəzetində dərc olunması gənc qızın həyatında dönüş yaradıb. 1992-ci il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən Zərəngiz xanım bundan sonrakı fəaliyyətini mətbuata, ədəbiyyata daha sıx bağlayıb."Gənclik", "Ulduz", "Ədəbiyyat və incəsənət", "Kredo", "Kaspi", "Bakı", "Ozan dünyası" kimi nəşrlərdə daim çıxış edib, müxtəlif mövzulu şeirləri mətbuatla yanaşı, radioteleviziyada da səslənib.İndiyə kimi "Haqqı sevdim", "Vəfam mənim", "Güllələnmişlər", "Qayalı" kitablarını oxuculara təqdim edib.

Çox vaxt ondan soruşurlar. "təxəllüs kimi işlətdiyiniz Qayalı nə deməkdir?" "Bəy babalarım Qayalı nəslinə mənsubdurlar. 37-ci il repressiyası bu nəslin də həyatına təhlükə törədib. Bəylik ləğv edildikdən sonra təqibə məruz qalan nəslimizin soyunu ayrı-ayrı "Qayalı" oğulların adıyla davam etdirmişdir. Müstəqilliyimiz bərpa edildikdən sonra babamın adını təxəllüs götürdüm." - deyə daim keçmişinə sayğı duyan şair bununla sanki gənclərə yaşanılan tarixi unutmamağa çağırır.

Onun şeirlərində Vətən sevgisini, müharibənin ağrı-acısını, eləcə də gələcəyə inamı və nikbinliyi hiss etmək mümkündür. Düzgünlüyü həyatının kredosu bilən şair-jurnalist elə yazılarında da obyektivlik və düzgünlüyə riayət etməyi özünə borc bilir.

 

Haqqı sevdim, haqqa pənah,

Haqdı bir gün tapar məni.

Haqq yolunda etsəm günah,

Haqq yoluna qaytar məni.

 

"Ədaləti dinlədim", "Xəlil Rzaya", "Üvertüra", "Göyçə gölü", "Heydər babaya ithaf ", "Qubaya çağırın bütün xalqları", "Ana dilim", "Türkəm" kimi şeirlər öz xalqına sevgidənmeydana gələn söz çələngidir.

İyirminci əsrin 90-cı illərində Azərbaycanın qan burulğanı içində mübarizə apardığı illər, erməni daşnaklarının Qarabağda başladığı ədalətsiz müharibəyə Zərəngiz Qayalı öz yaradıcılığında xüsusi yer verib.

Xocalı qətliamı haqqında "Cavab ver" poeması Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səhnələşdirilmiş və M.S.Ordubadinin ev-muzeylərində, Muzey Mərkəzində, M.F.Axundzadə adına Milli Kitabxanada nümayiş etdirilmiş və rəğbətlə qarşılanmışdır. Şairin "Güllələnmişlər" əsərində dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun, şairə Xan qızı Natəvanın və müğənni Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinə baxarkən keçirdiyi hiss və duyğuları qələmə alıb.

 

Tutduğun torpaqlar geri alınar,

Mənim yurdumun da haqqı bilinər.

Xan qızı Natəvan, Üzeyir, Bülbül

Bir əsrin bir əsrə sorağıdır, bil!

 

Bu silsilədən olan digər poemalardan "20 Yanvar" 1990-cı il Sovet qoşunlarının Bakıda törətdiyi qırğından, "Vəfam mənim" isə doğma bacısı, Azərbaycan Milli Ordusunun könüllü döyüşçüsü Vəfa Mansurovanın timsalında torpaq təəssübkeşli qızın Vətənin ağır günündə səngərə yollanmasından və taleyindən bəhs edir.

Onun poeziyası həm də saf məhəbbəti tərənnüm edir, şairin sevgini özünəməxsus formada təsviri oxucunu ülvi duyğuların qanadlarında xatirələrin olduğu yerə aparır.

Zərəngiz xanım daxilən təvazökar, sadə və mehribandır, qayğıkeş anadır. Ən önəmlisi isə o, gənc həmkarlarına da qayğı və diqqətini əsirgəmir. Bu da onun mənəvi zənginliyindən irəli gəlir.

Bu il Zərəngiz Qayalının 50 yaşı tamam olur, yaradıcılığının isə otuz üçüncü ilinə, "AzərTAc" informasiya agentliyində çalışmasının 20-ci ilinə qədəm qoyur.

Əlli yaş insan ömrünün elə çağıdır ki, insan kamillik dövründə həyata daha müdrikcə baxır. Əminəm ki, bu yaşın ona verdiyi müdriklik, təcrübə və mənəvi zənginlik Zərəngiz xanımın bundan sonrakı yaradıcılığında və fəaliyyətində öz müsbət təsirini göstərəcək.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 22 yanvar.- S. 8.