Əlli il təbiətin keşiyində

 

Uzun illik jurnalistlik təcrübəmdə müxtəlif sahələri təmsil edən saysız-hesabsız mütəxəssislərlə görüşüb həmsöhbət olmuşam. Lakin etiraf etməliyəm ki, Həsən Qabulov kimi maraqlı müsahibim az olub. Ömrünün 50 ilini təbiətin keşiyində sərvaxt dayanan Həsən müəllim peşəkar meşə mühəndisidir. Səksən yaşlı kişinin söhbətlərini dinlədikcə onun aydın və çevik mühakimələrinə, hərtərəfli, geniş dünyagörüşünə, aydın hafizəsinə, dəmir məntiqinə, ölkəmizin ekoloji problemlərinə dünyadakı dərin ekoloji böhranın tərkib hissəsi kimi qlobal müstəvidə aydınlıq gətirmək bacarığına heyran qalmamaq olmur...

 

Ömürlüyündən: Həsən Hüseyn oğlu Qabulov 1932-ci il martın 24-də Qax rayonunun Qax-Muğal kəndində anadan olub. 1949-cu ildə Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olub. 1954-cü ildə institutu müvəffəqiyyətlə bitirən gənc mütəxəssis Ümumittifaq Meşə Layihəsi Birliyi rəhbərliyinin göndərişi ilə Zaqafqaziya meşə quruluşu müəssisəsində işləyib. H.Qabulov 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Yerüstü və Yeraltı Su Ehtiyat Mənbələri Komitəsinə meşəçi-mühəndis vəzifəsinə dəvət olunur, bir neçə aydan sonra Meşə Təsərrüfatı Nazirliyi kollegiyasının qərarı ilə Meşəquruluşu İdarəsinə böyük mühəndis vəzifəsinə qəbul edilir. 1967-ci ildə MeşəTəsərrüfatı Nazirliyinin meşə quruluşu və meşədən istifadə şöbəsinin rəisi, 1987-ci ildə meşə mənbələrinin hesaba alınması və istifadəsinin təşkili idarəsinin rəisi, daha sonra "Azərmeşə" İstehsalat Birliyinin meşə mənbələri və meşədən istifadə şöbəsinin rəisi vəzifələrində işləyir.

Respublika meşə təsərrüfatı sisteminin mərkəzi aparatında 40 ildən artıq bir müddətdə yüksək səviyyəli mütəxəssis kimi tanınan H.Qabulov 1978, 1997-ci illərdə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin hazırlanması işinə cəlb olunmuşdur.

Həsən Qabulov həmçinin respublika meşə təsərrüfatı üzrə baş planların hazırlanmasında yaxından iştirak etmişdir. O, meşə təsərrüfatının müxtəlif aktual məsələlərinə aid məqalələrlə respublika dövri mətbuatında vaxtaşırı çıxış etmişdir. Həsən müəllim haqqında Moskvada nəşr edilən "Lesnoe xozyaystvo" jurnalında maraqlı yazılar verilmişdir.

Həsən Qabulov 1986 - 1987-ci illərdə Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmək üçün, bir qrup meşə təsərrüfatı işçisi ilə birlikdə Ukraynaya göndərilmiş və qəza zonasında iştirakı zamanı əlil olmuşdur. 2001-ci ildən pensiyadadır. Qayğıkeş ailə başçısıdır. Dörd övladı - iki oğlu, iki qızı, on bir nəvəsi var.

- Planetimiz, sözün həqiqi mənasında, ekoloji böhranın məngənəsindədir. Dünyanın hər yerində hava, su, torpaq öz əzəli tərkibini itirmiş, istifadə üçün yararsız hala düşmüşdür, - deyə o, qeyd dəftərçəsindəki faktlara nəzər yetirir: - Mütəxəssislərin hesablamalarına görə, planetin hər üç sakinindən biri istifadə üçün yararsız, çirkli su içir və təkcə bu səbəbdən hər gün 25 mindən çox insan ölür. Hər dəqiqədə 20 hektar meşə, 44 hektar əkinə yararlı torpaq sahəsi sıradan çıxır. Hər il atmosferə yüz milyonlarla ton müxtəlif zərərli və zəhərli qazlar buraxılır ki, bu da planetdə iqlim dəyişikliyinə səbəb olur. İnsanlar kimyəvi və radioaktiv maddələrlə ekologiyaya elə yaralar vurmuşlar ki, indən belə çətin ki, sağala.

Günəşin və digər sistemlərin təhlükəli şüalarından Yer kürəsinin qorunmasında sipər rolunu oynayan ozon təbəqəsinin deşilməsi və bu dağılma prosesinin sürətlə davam etməsi dünya alimlərini təşvişə salıb. Lakin onların həyəcan təbili çalmasına baxmayaraq, dünya dövlətləri təbiətə divan tutmaqda sanki bir-biri ilə bəhsə giriblər.

Təsəvvür edin ki, ərazisinin yarıdan çoxunu tropik meşəlik təşkil edən və oduncaq ehtiyatına görə dünyada birinci yeri tutan Braziliyada neçə onillərdir ki, ekoloji genosid həyata keçirilir. Hər il on minlərlə kvadratkilometr sahədə meşəlik qırılır və yaxud yandırılaraq məhv edilir. Son 50 ildə burada 650 min kvadratkilometrədək tropik meşə sahəsi sıradan çıxarılmışdır...

...Söhbətimizin axarını uzaq Braziliyadan Azərbaycana yönəltmək cəhdim təsirini göstərsə də, müsahibim mədəni şəkildə izah edir ki, ekologiya sərhəd tanımır. Əgər Amazon meşələrinin yandırılımasından atmosferə ildə 220 milyon ton karbon qazı atılırsa və planetimiz təqribən o qədər oksigen qazından məhrum olursa, burada yaxın-uzaq söhbəti mənasızdır. Doğrudur, bunun ağrı-acısını ilk növbədə həmin ölkənin və qonşu dövlətlərin sakinləri hiss edirlər, lakin tədricən dünyanın hər tərəfinə yayılır və hamımıza ondan "pay" düşür. Bilirsiniz, çox da böyük olmayan planetimizonun təbiəti bir orqanizm kimi tamdır, bütövdür. İnsanın bircə dişində problem olanda onun ağrı-acısını bütün bədən çəkir. Ona görə də harada baş verməsindən asılı olmayaraq, təbiətə vurulan hər hansı zərbə bütün bəşəriyyətə, ayrılıqda hər birimizə dəyir.

- Bəs bizdə vəziyyət necədir?

-Bəri başdan deyim ki, ürəkaçan deyil. Hazırda Azərbaycan ərazisinin cəmi 10 faizə qədəri meşəlikdir. Halbuki alimlər hər hansı bir ölkənin ümumi ərazisinin azı 25-30 faizinin meşə sahəsi ilə örtülməsini optimal vəziyyət hesab edirlər. Müqayisə üçün deyim ki, qonşu Gürcüstanda bu göstərici 40 faizdir. Keçmiş SSRİ-də adambaşına orta hesabla 4,5 hektar meşə sahəsi düşdüyü halda, bizdə bu rəqəm 0,2 hektara bərabərdir. Meşə ilə örtülü ərazisinə görə Azərbaycan keçmiş Sovetlər Birliyinin respublikaları arasında 9-cu yerdə, hətta səhralar diyarı olan Türkmənistandan da geridədir.

- Bu nə ilə bağlıdır, bizim torpaqlarımız, təbiətimiz məgər meşəçilik üçün əlverişsizdir?

- Nə danışırsınız, meşəçiliyin inkişafı üçün ölkəmizdə ideal şərait yar. Bir vaxtlar Azərbaycanın ərazisi - nəinki dağları, yamacları, hətta düzənlikləri belə başdan-başa sıx meşəliklərlə örtülü olub. Sadəcə insanlar qədrini bilməyiblər, məhv eləyib, axırına çıxıblar. Ümumiyyətlə, dövri-qədimdən meşələrin, görünür, düz-əməlli sahibi olmayıb. Uzaq keçmiş bir yana qalsın, elə bizim şahidi olduğumuz dövrdə - keçən əsrin ortalarından bəri nə qədər meşələrimiz məhv edilib. Təkcə 1955-1970-ci illər arasında respublikamızda 200 min hektardan artıq meşə sahəsi və 100 min hektar kolluq sıradan çıxmışdır. Tədqiqatlar göstərir ki, keçən əsrdə Azərbaycan meşələrinin üçdə biri məhv edilmişdir. Azərbaycan ərazisinin xeyli hissəsi, xüsusən Kür-Araz ovalığı quraq zonadır. Lakin Tanrının bizə bəxş etdiyi misilsiz nemət olan KürAraz çayları bu ərazidə yaşayan insanlar üçün əsl həyat mənbəyinə çevrilmiş, onların süfrələrinə bin-bərəkət gətirmişdir. Onu da deyim ki, respublika kənd təsərrüfatının 80 faizə qədəri bu çayların vadisində yerləşir. KürAraz bu yerlərə təkcə bərəkət gətirmir, həm də əlverişli mikromühit yaradır, çay boyu uzanan qalın, keçilməz meşə zolaqları yaşıl kəmər kimi yurdumuzun belinə dolanırdı. Kür boyunca Xəzərədək uzanan bu yaşıl kəmərin təqribən 260 kilometri qalın və keçilməz Tuğay meşələri idi. Bəzi yerlərdə bu yaşıl zolağın eni 8-10 kilometrə çatırdı. Meşələrin kütləvi şəkildə qırılması, seyrəlməsi ilə onların da kökü kəsildi.

Yaşıllığa qarşı bu ögey münasibət təkcə Tuğay meşələrinə deyil, digərlərinə də, o cümlədən Bərdə rayonu ərazisindəki Sultanabad, Ağstafa rayonundakı Qarayazı meşələrinə, eləcə də dağlıq ərazilərdəki Quba - Qusar - Xaçmaz, Lənkəran - Astara - Balakən, İsmayıllı - Quba - Oğuz meşələrinə, xüsusilə Dağlıq Qarabağ meşələrinə də sağalmaz yaralar vurdu.

- Nə əcəb meşələrə nəzarət eləyən qurumlar, alimlər, mütəxəssislər susur, buna etiraz etmirdilər? Elə siz özünüzo vaxtlar respublika Nazirlər Sovetinin strukturunda, Meşə Təsərrüfatı Nazirliyində işləyərkən bilavasitə bu sahəyə nəzarət etmişsiniz...

- Əvvəla, susmurduq, mübarizə aparır, qarşısını almağa çalışırdıq. Lakin o dövrdə meşə qanunvericiliyində olan boşluqlar, reallıqlar, digər obyektiv səbəblər bu mübarizədə arzuolunan səmərəyə imkan vermirdi.

O dövrdə meşələrin qanunsuz şəkildə qırılmasına qarşı mübarizənin önündə respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri, mərhum akademik Həsən Əliyev dururdu. O, ekoloji cinayətlərə qarşı cəsarətlə haqq səsini ucaldır, vaxtaşırı qəzet və jurnallarda, radioteleviziyada əsl həyəcan təbili çalır, meşələri xilas etmək üçün müvafiq dövlət orqanları qarşısında vacib problemlər qaldırırdı.

Müsahibim əlindəki qovluğu açaraq, oradan bir dəstə sənəd, məktub, ekologiyaya dair qəzet və jurnalda dərc olunmuş məqalələrini çıxardı. Bu sənədlər onun meşələrin qorunub saxlanması uğrunda necə prinsipial mübarizə apardığını təsdiqləyirdi.

Bir sıra təsərrüfatlara, o cümlədən Zaqatala rayonunun Lenin adına kolxozuna qonşu, Qax rayonu ərazisində yerləşən dövlət meşə fondundan 280 hektar, Balakəndə fındıqçılığı inkişaf etdirmək adı ilə 1000 hektar, Lənkəranın "Pravda" sovxozunda çayçılığı inkişaf etdirmək məqsədilə 180 hektar meşə sahəsinin ayrılaraq köklənib qırılmasının qarşısı Dövlət Komissiyasının üzvü kimi məhz Həsən Qabulovun prinsipial və qətiyyətli mövqe tutması nəticəsində alınmışdı. O, qeyd etdi ki, fəaliyyətim ərzində dəfələrlə belə situasiyalarla qarşılaşmışam. Hər dəfə gücüm və imkanım yetənədək mübarizə aparıb meşələrimizi qorumağa çalışmışam və çox vaxt buna nail olmuşam. Onu da qeyd etməliyəm ki, bu mübarizədə uzun illər respublika Meşə Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş (1948 - 1979) Sosialist Əməyi Qəhrəmanı, mərhum Mehdi Mustafayevin, mərhum Həbib Həsənovun (1981 - 1989) və Musa Məmmədovun (1991 - 2001) obyektivliyinə bel bağlamış, daim onların köməyini hiss etmişəm.

Ulu öndər Heydər Əliyev meşələrin qorunmasına, yeni meşə massivlərinin, yaşıllığın yaradılmasına xüsusi qayğı göstərirdi. O, ağacların kəsilməsinə, meşələrin qırılmasına dözmürdü. Keçən əsrin 90-cı illərinin axırlarında keçirdiyi müşavirələrdən birində ümummilli liderimizin bu barədə dediyi sözlər indi də qulaqlarımda səslənir: "Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm: kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız..."

- Həmin tarixi müşavirə mənim də yadımdadır. O da yadımdadır ki, bu sözlərin Bakıda təsiri hiss olundu. Yolların kənarlarında ağaclar əkildi, yeni yaşıllıq massivləri, parklar, bağlar salındı...

- Şübhəsiz, çox təsiri oldu, respublikanın digər yerlərində də meşələrə qənim kəsilənlər özlərinə yığışdılar. Meşələrə, yaşıllığa qayğı artdı.

Bu münasibət sonrakı illərdə də davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olundu. Bu proqrama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son vaxtlar orta hesabla ildə 8000-10000 hektar sahədə yeni meşələr salınır və meşə bərpa tədbirləri həyata keçirilir.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi, habelə Heydər Əliyev Fondunun prezidenti, MilliMəclisin deputatı Mehriban xanım Əliyevanın "Hərəyə bir ağac əkək!" çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllaşdırma sahəsində çox böyük işlər görülmüşdür.Sevindirici haldır ki, bu kampaniya xarakteri daşımır, hər il davam etdirilir.

Sonda üzümü hər kəsə, xüsusilə gənclərimizə tutaraq demək istəyirəm ki, Azərbaycanımızın misilsiz sərvəti olan meşələrimizi qoruyun. Unutmayın ki, bir ağac, məsələn, fısdıq ağacı 1 saat ərzində 2,35 kiloqram zəhərli qazları udaraq nəfəs aldığımız havanı təmizləyir və sutka ərzində 64 nəfərin istifadə etdiyi qədər ətrafa oksigen buraxır. İndi görün ki, insanların sağlamlığı üçün meşələrin nə qədər faydası var.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2012.- 22 yanvar.- S. 8.