Ustad rəssamın solmaz boyaları

 

Yaradıcılığı çoxəsrlik milli təsviri sənətimizin əski və çağdaş bədii məziyyətlərinin bənzərsiz qovşağı hesab olunan görkəmli fırça ustası Mikayıl Abdullayev (1921-2002) ixtisas təhsilini Bakı rəssamlıq texnikumunda (1935-1939) və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1939-1949) almışdır. Rəssamın zəngin yaradıcılığı yarım əsrdən çox bir dövrü əhatə edir. Bu illər ərzində o, təsviri sənətin rəngkarlıq və qrafika, monumental və teatr sənəti sahəsində fəaliyyət göstərmişdir. Təsviri sənətdəki yaradıcılıq uğurlarına görə Mikayıl Abdullayevə "Azərbaycan SSR xalq rəssamı" fəxri adı verilmişdir. O, respublikamızda ilk dəfə "SSRİ xalq rəssamı" adına layiq görülən və SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilən sənətkardır. M.Abdullayev həm də C.Nehru adına beynəlxalq və Azərbaycan SSR Dövlət mükafatlarının laureatı olmuşdur. Müstəqillik illərində rəssam "İstiqlal" ordeninə layiq görülmüşdür.

Hələ tələbə ikən işlədiyi "Üzeyir Hacıbəylinin portreti" (1943) və "Axşam" (1947) adlı süjetli tablosu ilə qazandığı bədii vərdişlərin kamilliyini nümayiş etdirməyə nail olan M.Abdullayev yaradıcılığının sonrakı dövrlərində təsviri sənətin müxtəlif növlərində və janrlarında bu gün inci kimi qəbul olunan sənət əsərləri işləmişdir. "Mingəçevir işıqları" (1948), "Səadət quranlar" (1951), "Azərbaycan çöllərində" (1963-1965), "Racəstan qadınları" (1969), "Çəltikçi qızlar" (1970), "İmadəddin Nəsiminin portreti" (1973) və s. belə yaddaqalan əsərlərdəndir.

Həm kitab qrafikası - "Kitabi - Dədə Qorqud" (1956) və Füzulinin "Leyli və Məcnun" (1958,1971) poeması və teatr - Ü.Hacıbəylinin "Leyli və Məcnun" (1965), "Koroğlu" (1967) operaları, Niyazinin "Çitra" (1972) baleti, həm də monumental sənət - Bakı metrosunun "Nizami" stansiyasının mozaikaları mövzularında çalışan qüdrətli rəssam uğurlu nümunələr yarada bilmişdir. Onun 1973-cü ildə hazırladığı "İ.Nəsimi" heykəlini isə (heykəltəraş A.Mustafayevlə birlikdə) rəssamın plastik sənətin vərdişlərinə bələdçiliyini nümayiş etdirən nümunə hesab etmək olar.

Görkəmli ustadın sənət yoluna Əzim Əzimzadə, Üzeyir Hacıbəyov, İqor Qrabar, Sergey Gerasimov, Səməd Vurğun, Çingiz Aytmatov, İndira Qandi, Dmitri Şostakoviç, Qara Qarayevonlarla digər dünya şöhrətli insanların xeyir-dua və bələdçiliyini biləndən sonra əsərlərindəki və şəxsiyyətindəki ölçüyəgəlməz möhtəşəmliyin səbəbsiz olmadığını yəqinləşdirirsən. Elə əsərlərində də bu bədii-psixoloji əzəməti ifadə etməyə nail olmuşdur. Rəssam heç vaxt yaratdıqları ilə sənətsevərləri bezdirməyib, zaman-zaman onları yeni tablolarının cazibəsində saxlaya bilib.

Sənət biliciləri çox vaxt bədii əsərlərin həddindən artıq milli ruhla işlənməsinin onların dünyəviləşməsinə mane olduğunu israr edirlər. Bu fikirdə həqiqət nə qədər güclüdürsə, mübahisəli məqamlar da az deyil. Ancaq bu da danılmazdır ki, kökündə milli dəyərlərin durmadığı sənət əsərləri çox vaxt zamanın sərt sınağına duruş gətirə bilmir. Mikayıl Abdullayev də Bakıda və Moskvadakı təhsil illərində təbii olaraq özünü və başqalarını qane edəcək bədii təqdimat axtarışında olub. Elə bilirik ki, onun Şərq və Qərb rəssamlığının qovşağında ucaltdığı yaradıcılıq məbədi də məhz belə bədii məziyyətlərin uğurlu sintezi, milliliyin bəşəriliyə çevrilməsinin ifadəsidir. Odur ki, belə əsərlər qısa zaman çərçivəsində müəllifinə, bütünlükdə isə milli təsviri sənətimizə layiq olduğu şöhrəti qazandırmışdır.

Əsərlərində yaxın-uzaq dövrləri qovuşdurmaq, onları gerçəkləşdirmək, həm də mənalandırmaq rəssamdan kamil bədii vərdişlərlə yanaşı, təfəkkür və təxəyyül əhatəliliyini, zənginliyini tələb edir. Həmin keyfiyyətlərə hələ gəncliyindən yiyələnən Mikayıl Abdullayev istər əski, istərsə də çağdaş mövzuların eyni sənətkarlıqla, obrazlı və orijinal forma-biçim ifadəsinə nail ola bilmişdir. Müdrik Dədə Qorqudu, qoç Koroğlunu, iki cahana sığışmayan Nəsimini, məhəbbətləri yaşadıqları mühitin girdabında boğulan Leyli və Məcnunu zamanın əski ictimai-psixoloji-estetik məkanından qoparıb "müasirləşdirmək" asan bir deyildi. Bu, yaradıcı adamdan nə qədər obrazlı təxəyyül istəyirdirsə, müasir olayların, şəxsiyyətlərin bədii təqdimatı da bir o qədər düşünülmüş yanaşma tələb edir. "Fərhadın məşqi", "İndira Qandi", "Üzeyir Hacıbəylinin portreti", "Rəsul Rzanın portreti", "Səməd Vurğun" və s. əsərlər məhz bu qəbildən olub, həmin məziyyətləri özündə əks etdirir.

Ümumiyyətlə, M.Abdullayevin yaradıcılığında portret janrı önəmli yer tutur. Müxtəlif ani görüşlərdə qısa müddətə çəkilən portretlərdə belə onun obrazın ən səciyyəvi xüsusiyyətini duya bilmək, ən başlıcası isə başqalarına da təqdim edə bilmək bacarığı qabarıqdır. D.Şostakoviç, Ç.Aytmatov, Q.Qarayev, S.Rüstəm, F.Əmirov, A.Moraviya, C.Mantsu, R.Quttuzo, M.İbrahimovb. cizgi portretlərində ən kamil sənət nümunələrinə xas olan bədii məziyyətləri görmək mümkündür. Ustadın portret sahəsindəki axtarışlarının zirvəsi, heç şübhəsiz, onun böyük söz xiridarı Nəsiminin portreti üçün elan olunmuş müsabiqədə qələbəsi olub. 1973-cü ildə keçirilmiş bu sənət yarışına təqdim olunmuş onlarla əsərin arasında münsiflər heyəti Mikayıl Abdullayevin Nəsimisini "iki cahana sığışmayan", üsyankar sənətkar hesab etmişdilər.

Milli mədəniyyətimizin mənəvi yükünü daşıyan digər şəxsiyyətlərin obrazlarına müraciətində də M.Abdullayevin onlara özünəməxsus münasibəti duyulur. Aşıq Ələsgərin, dramaturq Mirzə Fətəli Axundzadənin, şair Molla Pənah Vaqifin portretləri öz dövrünün tarixi-etnoqrafik, mənəvi-estetik məziyyətlərini yaşadan əsərlər kimi bədii kamilliyə malik olduqlarından çoxdan muzeylərimizin qiymətli və maraqla qarşılanan eksponatlarına çevrilmişdir.

Rəssam ömrü boyu çox səfərlərdə olub. Ancaq Hindistana səyahət onun üçün çox unudulmaz olub. Etiraf etmək lazımdır ki, azərbaycanlı sənətkarın Hindistan silsiləsindən yaratdığı tablolar vaxtilə SSRİ mədəni məkanında və dünya rəssamlığında hadisəyə çevrilmişdi. C.Nehru adına beynəlxalq mükafata layiq görülməsi də həmin əsərlərə verilən yüksək qiymət idi.

Yaradıcılığı boyu ənənəvi mövzulara, əbədi hiss-duyğulara özünəməxsus bədii münasibət sərgiləyən Mikayıl Abdullayev bu gün təsviri sənətimizin çoxəsrlik tarixini şərəfləndirən onlarla süjetli tablo da yaratmağa nail olmuşdur. Onun "Sevinc", "Səadət quranlar", "Azərbaycan çöllərində", "Racəstən qadınları", " İşdən sonra", "Çəltikçi qızlar" və s. əsərləri bu qəbildəndir.

Yəqin ki, ustad sənətkara ünvanlanan xalq şairi Rəsul Rzanın "ürəkli rəssam", xalq yazıçısı Süleyman Rəhimovun "rəssamlığımızın Fərhadı", xalq artisti Fikrət Əmirovun "bəstəkar ürəkli rəssam" epitetləri də təsadüfən yaranmayıb. Çünki, rəssamın hər bir əsərində bu görkəmli şəxsiyyətlərin duya bildikləri müsbət məziyyətləri görmək mümkündür. Bu gün Mikayıl Abdullayevin klassikaya çevrilmiş müxtəlif mövzulu əsərləri haqlı olaraq ölkəmizdə və xaricdə nüfuzlu muzeyləri və şəxsi kolleksiyaları bəzəməkdədir.

Yaşasaydı, 90 yaşı tamam olacaqdı. Dünyadan köçdüyü vaxtdan isə 10 il keçib. Ötən müddət onu bizə daha da yaxınlaşdırıb. Heç şübhəsiz, bunun başlıca səbəbi onun solmaz boyalarından "boylanan" ustad sənətkarlığı, birömrü boyu sərgilədiyi yüksək insani keyfiyyətləri olmuşdur.

 

 

Ziyadxan ƏLİYEV,

əməkdar incəsənət xadimi

 

Xalq qəzeti.- 2012.- 21 yanvar.- S. 8.