Yaxın gələcəkdə
Azərbaycan telekommunikasiyanın inkişafına görə
qabaqcıl ölkələr sırasında olacaq
Azərbaycan Respublikası
sürətli inkişaf yolundadır. Ulu öndər Heydər Əliyevin
başladığı islahatlar bu gün davamlı olaraq həyata
keçirilir və ölkəmiz inkişaf tempinə görə
qabaqcıl ölkələr sırasındadır. Cənab Prezident İlham Əliyevin uğurlu daxili və
xarici siyasəti Azərbaycanı sürətli islahatlar
ölkəsi kimi tanıtmışdır. Bu inkişafın nəticəsidir ki, respublikamız
artıq regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan
2011-ci ili də yüksək nailiyyətlərlə
başa vurmuşdur. Bu yaxınlarda Nazirlər Kabinetinin 2011-ci
ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci
ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında çıxış edən cənab
Prezident demişdir: "2011-ci il tarixdə uğurlu il kimi
qalacaqdır. Çünki bütün
sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas
verir". Cənab Prezident bu
uğurların qazanılmasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin də müstəsna
xidmətləri olduğunu da xüsusi vurğulamışdır.
Ən mühüm nailiyyətlərimiz
İKT-nin inkişafı ilə bağlıdır. Bu gün Azərbaycanda İKT sektoru davamlı
inkişaf edir, əldə edilən gəlirlərin həcmi
artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir,
göstərilən xidmətlərin keyfiyyəti və
çeşidi artır, modernləşdirmə tədbirləri
həyata keçirilir. 2011-ci ildə də
bu istiqamətdə əhəmiyyətli işlər həyata
keçirilmişdir. Belə ki, İKT, informasiya və
poçt sektorunda əldə olunan gəlirlərin həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə
13 faiz artaraq 1314,9 milyon manat təşkil
etmişdir.
Hazırda
respublika üzrə orta aylıq əməkhaqqı 355,7 manat təşkil edir. Ölkə üzrə
telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 638,9 manat, poçt sektorunda isə 187,5 manat təşkil
etmişdir ki, bu da ötən illə müqayisədə
müvafiq olaraq 8,3 faiz və 33 faiz çoxdur. Ölkənin
rabitə və informasiya texnologiyaları sahəsində
çalışan işçilərin sayı 24566 nəfər
təşkil etmişdir ki, bu da ölkə üzrə
iqtisadiyyatda çalışanların 1,8
faizini təşkil edir. Nazirlik sektorda effektiv
dövlət siyasətini həyata keçirməklə
yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin
davamlı inkişafına da xüsusi diqqət yetirir.
2011-ci ildə ölkənin rabitə sisteminin müasir
dünya standartları səviyyəsinə
çatdırılması, müasir texnologiyaların tətbiqi
ən ümdə məsələ kimi diqqət mərkəzində
olmuşdur.
Bu məqsədlə RİTN-in strukturuna daxil olan birlik və
müəssisələr tərəfindən 144,5
milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir.
Ümumilikdə 2011-ci ildə sektora 415,0
milyon manat investisiya qoyulmuşdur ki, bu da ötən illə
müqayisədə 2 dəfə çoxdur.
Respublikada
sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi, yeni
texnologiyaların tətbiqi, keyfiyyətli və
dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə
həyata keçirilmiş investisiya layihələri çərçivəsində
hesabat dövründə 15 ədəd ATS rekonstruksiya
olunmuş, 60 yeni ATS istifadəyə verilmiş, 22 ATS-də
genişləndirmə işləri aparılmışdır.
2011-ci ildə
"Azercell Telecom" və "Bakcell LTD" MMC-yə də
3G xidmətlərinin tətbiqi ilə bağlı lisenziya
verilmiş və nəticədə hesabat ilində 3G abunəçilərinin
sayı 2 milyona çatmışdır. Hazırda
ölkənin mobil operatorları ilə birgə 4-cü nəsil
(4G-LTE) texnologiyasının Azərbaycanda tətbiq edilməsi
üzərində işlərə
başlanılmışdır.
Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin
hazırlanması və orbitə çıxarılması məqsədilə
görülən işlər hesabat dövründə də
davam etdirilmişdır. Artıq peykin istehsalı və orbitə
çıxarılması xərclərinin maliyyələşdirilməsi
məqsədilə xarici maliyyə inistitutları ilə kredit
sazişləri bağlanmışdır. Həmçinin,
əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin
tikintisi məqsədilə "Azərkosmos" ASC-yə
torpaq sahəsi ayrılmış və tikinti işləri
aparılır. 2012-ci ilin iyun ayına Mərkəzlərin
tikintisinin başa çatdırılması nəzərdə
tutulur. Peykin 2012-ci ilin IV rübündə
geostasionar orbitə çıxarılacağı
planlaşdırılır. Eyni zamanda,
aşağıorbitli məsafədən zondlama peyklərinin
və 2-ci telekommunikasiya peykinin hazırlanması istiqamətində
də işlərə başlanılmışdır.
Telekommunikasiya
şəbəkəsinin tam rəqəmsal sistemə
keçidi nəzərə alınaraq, respublikamızda ilk dəfə
olaraq, dördrəqəmli nömrə resurslarının tətbiqinə
başlanılmış və RİTN-də fəaliyyət
göstərən "Qaynar xətt"ə yeni dörd rəqəmli
"1655" prefiksi ayrılmışdır. 2011-ci ildə
müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə
322 ədəd xüsusi icazə, müxtəlif tipli
telekommunikasiya vasitələri və qurğularına 1128 ədəd
"Uyğunluq sertifikatı" verilmişdir. Tənzimləmə
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə
"Mobil cihazların qeydiyyatının aparılması
Qaydası" hazırlanmış və Nazirlər Kabinetinin
28 dekabr 2011-ci il tarixli 212 saylı qərarı ilə təsdiq
edilmiş, habelə "Sellular (mobil) nömrə
daşınması Qaydası" hazırlanmış və Ədliyyə
Nazirliyində 16 fevral 2011-ci il tarixində dövlət
qeydiyyatına alınmışdır. Ötən il informasiya cəmiyyətinin inkişafı,
İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin
İKT biliklərinin artırılması istiqamətində də
ardıcıl işlər görülmüşdür. Belə ki, hesabat dövründə Açıq
Açar infrastrukturu qurulmuş və Milli Sertifikat Xidmətləri
Mərkəzi yaradılmış 2011-ci ilin sentyabr ayından
elektron imzanın tətbiqinə
başlanılmışdır. Həmçinin,
"elektron hökumət şlüzü" və
"elektron hökumət portalı"
yaradılmışdır. Hazırda 15
dövlət orqanı bu infrastruktura qoşulmuş və onlar
tərəfindən "elektron hökumət portalı"
vasitəsilə göstəriləcək elektron xidmətlərin
sayı 60-a çatdırılmışdır. 2011-ci il oktyabr ayının 1-dən etibarən
aztelekom.net və bakinter.net üzrə genişzolaqlı
internet tarifləri təqribən 30-50 faiz aşağı
endirilmişdir.
Respublikada internet infrastrukturunun inkişaf etdirilməsi məqsədilə
"Azərbaycan Respublikasında 2011-2015-ci illərdə
genişzolaqlı internet xidmətlərinin inkişafı
üzrə Fəaliyyət Proqramı"
hazırlanmışdır. "Xalq kompyuteri" layihəsi
2011-ci ildə də uğurla həyata keçirilmiş və
layihə çərçivəsində ali
və ümumtəhsil məktəblərinin müəllim, tələbə
və şagirdləri 16 000 ədəd kompyuter əldə
etmişdir.
Heydər Əliyev Fondu ilə birgə Yevlax şəhərində
əlillər və korlar üçün Regional
İnformasiya Texnologiyaları Mərkəzi
yaradılmışdır və növbəti ilin I yarımilliyində
istifadəyə verilməsi nəzərdə tutulur. Həyata keçirilmiş
tədbirlər nəticəsində hesabat dövründə əhalinin
hər 100 nəfərinə düşən kompyuterlərin
sayı 20 ədədə, internet istifadəçilərinin
sayı isə 65 bərabər olmuşdur ki, bu da 2010-cu illə
müqayisədə müvafiq olaraq 30 faiz çoxdur.
Hazırda respublika üzrə hər 100 nəfərə təxminən
30 genişzolaqlı internet istifadəçisi
düşür ki, bu da ötən illə müqayisədə
2 dəfə çoxdur.
Azərbaycanda İKT sahəsində əldə
olunmuş nəticələr Davos Dünya İqtisadi Forumunun
və Beynəlxalq Telekommunikasiya İttifaqının
hesabatlarında yükəsk qiymətləndirilmişdir. Bu il
ölkəmizdə keçiriləcək
"Eurovision-2012" beynəlxalq əhəmiyyətli
mahnı müsabiqəsi münasibətilə ölkəmizdə
rabitə sahəsində bir sıra mühüm əhəmiyyətli
tədbirlərin həyata keçirilməsinə start
verilmişdir. RİTN-in 28 noyabr 2011-ci il
tarixli 209 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycanda
"Eurovision - 2012" mahnı müsabiqəsinin təşkili
ilə bağlı" Tədbirlər Planı təsdiq
olunmuş, komissiya yaradılmış və nəzərdə
tutulmuş işlərin icrası istiqamətində ciddi tədbirlər
görülür.
Ölkəmiz üçün yeni sahə olan
İnformasiya texnologiyaları (İT) sektoru son illər dinamik
inkişaf etməkdədir. Belə ki, son 5 il ərzində
İT sektoru 2,5 dəfə, genişlənmiş,
hesabat ilində isə əvvəlki illə müqayisədə
1,4 dəfə artmışdır.
2011-ci ildə
ölkənin İT sahəsində artım maqnit və optik
daşıyıcıların istehsalında 2,1
dəfə elektro və radioelementlərin istehsalında 37,2
faiz, elektron platalarının istehsalında 22,6 faiz və s.
olmuşdur. Ölkənin İT şirkətlərinin
öz məhsullarını beynəlxalq bazarlara
çıxarması, yeni bazarların tapılması məqsədilə
hesabat dövründə həm yerli, həm də beynəlxalq
səviyyəli sərgilərdə İT şirkətlərinin
öz məhsullarını nümayiş etdirmələri
üçün nazirlik tərəfindən lazımi köməklik
göstərilmişdir. Belə ki, hesabat dövründə
Moskva şəhərində keçirilmiş
"SvyazExpoKom-2011" beynəlxalq sərgi-konfransında,
"CeBİT Bilişim Eurasia - 2011" beynəlxalq sərgi-konfransında,
"ITU Telecom World 2011" beynəlxalq telekommunikasiya sərgi-konfransında,
"BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgi-konfransında
yerli şirkətlərin iştirakı təmin edilmiş, həmçinin
ABŞ-Azərbaycan və Fransa-Azərbaycan İKT forumları
keçirilmişdir.
Ötən
il ölkədə nanomaterialların,
energetik texnologiyaların, nanorobotlar və bionanorobotların
alınması və praktikada bilavasitə tətbiq olunması
istiqamətində işlər aparılmışdır.
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi
tərəfindən rəngli və ağ
işıq mənbələrinin (İşıq diodları)
prototipləri hazırlanmış,
özünüquraşdırma üsulu ilə profirin
nanoboruları alınmış, yüksək təmizliyə
malik karbon nanostrukturları sintez olunmuşdur. Məlumat
Hesablama Mərkəzi tərəfindən
"AzDataKom"şəbəkəsinin genişləndirilməsi,
ayrı-ayrı sistemlər üzrə proqram təminatının
yaradılması və ya
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilmişdir. Digər rayonların şəbəkəyə
qoşulması istiqamətində işlər davam
etdirilir.Hazırda "Azdatakom" şəbəkəsinin
879 əhali, 1058 təşkilat abunəçisi vardır.
Respublika ərazisində TV və radio proqramlarının
yayımının keyfiyyətinin
yaxşılaşdırılması məqsədilə
2011-ci il ərzində "Teleradio" İB tərəfindən
74 ədəd müxtəlif təyinatlı avadanlıqlar
qurularaq istismara verilmiş və Nazirlər Kabinetinin 10 fevral
2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası ərazisində DVB-T rəqəmli televiziya
yayım sisteminin tətbiqi və inkişafı
Proqramı"na uyğun olaraq, hesabat dövründə
respublika əhalisinin yaşadığı ərazilərin 85
faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya
yayımı ilə təmin edilmişdir.
2011-ci ilin yanvar ayında Mədəniyyət TV
açılmış və yayım əhatəsi 60 faizə
çatdırılmışdır. 2011-ci ildə DRİ tərəfindən
885 müəssisə və təşkilatlarda istismar olunan
radioelektron vasitələrinə texniki baxış
keçirilmiş və müvafiq texniki baxış
aktları tərtib olunmuşdur. Texniki
baxış zamanı dövlət qeydiyyatından keçməyən
1174 ədəd REV aşkarlanmışdır. Onlardan 400
ədədi möhürlənmiş, 457 ədədi qeydiyyata
salınmış, 40 ədədi istismardan silinmiş, 217 ədədinin
qeydiyyata alınması üçün isə müvafiq tədbirlər
görülür.
2011-ci ildə "Azərpoçt" MMC-nin xidmət
şəbəkəsinin inkişafı və genişləndirilməsi
sahəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Ötən il 26 poçt şöbəsi
binasının tikintisi başa çatdırılmış,
Mərkəzi Bankın tələblərinə uyğun 4 PF-də
xəzinə qovşaqları istifadəyə verilmiş, 8
inzibati binanın və 7 poçt şöbəsi
binasının əsaslı təmir işləri başa
çatdırılmışdır. 2011-ci ildə
"Azərpoçt" MMC-nin PF-lərinin tabeliyində olan
PŞ-ində struktur islahatları həyata keçirilmiş,
normativlərə uyğun gəlməyən PŞ-lərin
bağlanması və yeni PŞ-nin açılması
yönümündə bir sıra işlər
görülmüşdür. Hesabat
dövründə 8 PŞ və 5 poçt agentliyi
açılmışdır. 2011-ci ildə
respublika üzrə pul baratı qəbul edilməsi və
ödənilməsi, daxili sadə və sifarişli məktub
korrespondensiyası, daxili bağlamalar və beynəlxalq
bağlamaların sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə artmışdır.
"Azərpoçt" MMC beynəlxalq
bağlamaların axtarışına dair Ümumdünya
Poçt İttifaqının (ÜPİ) "Kriket"
sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 138
ölkəsi ilə əməkdaşlıq edir. "Azərpoçt" MMC dünyanın 59 ölkəsi
ilə beynəlxalq sifarişli poçt göndərişlərinə
dair operativ elektron sorğu sistemindən istifadə edir. MDB ölkələri içərisində ilk dəfə
olaraq Azərbaycan poçt administrasiyası beynəlxalq
sifarişli poçt göndərişlərinin izləmə
və sorğu sisteminə qoşulmuşdur.
Dünya Bankının maliyyə dəstəyi ilə
respublikamızda həyata keçirilən "Maliyyə xidmətlərinin
inkişafı" layihəsinin nəticəsi olaraq,
poçt şöbələri tərəfindən yeni
bank-maliyyə xidmətləri göstərilir və tətbiq
səviyyəsi genişləndirilir. 2011-ci ilin avqust
ayından poçt şöbələri tərəfindən
Dövlət Yol Polisinin cərimə haqlarının
yığımına başlanılmışdır.
Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə
2011-ci il ərzində "Azərpoçt"
MMC-nin Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə,
eləcə də SWIFT sisteminə qoşulması tam başa
çatdırılmışdır. "Azərpoçt"
MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi
2010-cu ilin yekunlarına əsasən ÜPİ-nin EMS
Kooperativinin keyfiyyətin yaxşılaşdırılması
üzrə qızıl səviyyəli Sertifikatına yiyələnmişdir.
Məlumat üçün bildirim ki, Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının 31 yanvar
2011-ci il tarixli 02 saylı qərarı ilə
universal poçt rabitəsi xidmətlərinin yeni tarifləri
təsdiq edilmişdir. Yeni tariflərin qüvvəyə
minməsi "Azərpoçt" MMC-nin hesabat dövründə
əldə etdiyi gəlirlərin artmasına öz müsbət
təsirini göstərmişdir. 2011-ci il ərzində
"Azərmarka" şirkəti tərəfindən 25
mövzuya aid 75 ədəd poçt markası, 12 ədəd
poçt kartı, 7 ədəd isə poçt zərfi
dövriyyəyə buraxılmışdır.
RİTN-in
xarici əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq
əməkdaşlıq, o cümlədən ölkəmizdə
rabitə və İKT sahəsində aparılan
islahatların beynəlxalq aləmdə tanınması üzrə
zəruri tədbirlər keçirilmiş, bir çox tədbirlərə
ev sahibliyi edilmişdir. 2011-ci ilin 25-26 may
tarixlərində ABŞ-Azərbaycan İKT forumu, 6-7 iyun
tarixlərində isə Fransa-Azərbaycan İKT forumu
keçirilmişdir.
"Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat,
İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi
arasında innovasiya və informasiya texnologiyaları sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu",
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və
ABŞ-ın Cənubi Kaliforniya Universiteti arasında
Anlaşma Memorandumu" və Azərbaycanın dövlət
strukturlarında istifadə edilən kompyuterlərin
"Microsoft" şirkətinin proqram təminatı ilə
lisenziyalaşdırılmasına dair sənəd
imzalanmışdır. 23-26 noyabr 2011-ci il
tarixlərində 17-ci "BakuTel-2011" beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı
keçirilmişdir. Ölkə Prezidenti cənab
İlham Əliyev sərginin açılış mərasimində
iştirak etmişdir. Sərgidə
dünyanın 30 ölkəsindən 250 şirkətin məhsul
və xidmətləri nümayiş etdirilmiş və sərgi
çərçivəsində 2 beynəlxalq əhəmiyyətli
tədbir keçirilmişdir. Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun ABŞ-a, Çinə,
Avstriyaya,Türkiyəyə, Ukraynaya və
beynəlxalq təşkilatlara səfərləri,
keçirdiyi ikitərəfli görüşlər və qəbul
olunmuş sənədlər ölkəmizdə İKT-nin
inkişafına müsbət təsir göstərmişdir.
Ermənistanın
təcavüzü nəticəsində işğal edilmiş
ərazilərdən didərgin düşmüş məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması barədə dövlət
proqramına uyğun olaraq, respublikanın müxtəlif
bölgələrində məskunlaşmış məcburi
köçkünlərə və "Rabitəçi"
istirahət düşərgəsində yaşayan rabitəçi
köçkünlərə nazirlik tərəfindən 631,1
min manat həcmində maliyyə və ərzaq yardımı
göstərilmişdir. Əvvəlki illərdə olduğu
kimi, 2011-ci ildə də RİTN tərəfindən
idmanın inkişafına yaxından köməklik göstərilməsi
məqsədi ilə "Rabitəçi" İdman Klubuna
561,5 min manat vəsait ödənilmişdir.
İdmançılara göstərilmiş qayğı nəticəsində
rabitəçi idmançılar respublika birinciliyində və
beynəlxalq yarışlarda iştirak edərək 31
qızıl, 29 gümüş və 42 bürünc medala
layiq görülmüşlər. Həmçinin,
"Rabitə Bakı" voleybol komandası 2010/2011 Azərbaycan
Çempionatının I və II dövrələrinin nəticələrinə
görə birinci yeri tutaraq, ardıcıl 4-cü dəfə
Azərbaycan çempionu olmuş və Qətərin
paytaxı Doha şəhərində keçirilmiş
dünya çempionatında bütün rəqiblərini məğlub
edərək dünya çempionu adını
qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasda Azərbaycanda
rabitənin inkişafına yüksək qiymət vermiş,
İKT sektorunun perspektiv gələcəyi ilə bağlı
müsbət fikirlər söyləmiş və xüsusi
tapşırıqlar vermişdir. Bütün bunlar bizi
ruhlandırmaqla yanaşı qarşımızda çox
böyük vəzifələr qoyur və məsuliyyətimizi
daha da artırır. 2012-ci ildə
qarşıda həlli vacib tapşırıqlar durur.
Ölkənin ilk telekommunikasiya peykinin orbitə
çıxarılması, ölkə ərazisində rəqəmsal
yayımın ölkənin bütün ərazisində təşkilinə
nail olmaq, mərkəzləşdirilmiş avtomatik
radiomonitorinq şəbəkəsinin qurulmasına
başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi,
elektron hökumət infrastrukturnun qurulması və
istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi,
yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik
texnologiyaların, nanorobotlar və bionanorobotların
alınması və praktikada bilavasitə tətbiq
olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi,
ölkəmizdə keçiriləcək
"Eurovision-2012" beynəlxalq əhəmiyyətli
mahnı müsabiqəsinin yüksək səviyyədə
keçirilməsi üzrə zəruri işlərin
görülməsi bu qəbildən olan tədbirlərdir.
Hazırda bu istiqamətlərdə işlər
uğurla davam etdirilir. Şübhəsiz, 2012-ci ili də
uğurla başa vuracağıq.
Vidadi ZEYNALOV,
Rabitə və İnformasiya
Texnologiyaları
Nazirliyinin Aparat rəhbəri
Xalq qəzeti.- 2012.- 25 yanvar.- S. 6.