Badamdarın yeni günləri
Ölkə rəhbərliyinin
Bakı şəhərinə və onun ətraf qəsəbələrinə
olan diqqət və qayğısı nəticəsində son
vaxtlar Səbail rayonunda, onun Badamdar qəsəbəsində
bir sıra işlər görülmüşdür. Badamdar qəsəbə
Mədəniyyət evində Səbail Rayon İcra Hakimiyyəti
qəsəbə nümayəndəliyinin 2011-ci ilin
yekunlarına həsr olunmuş hesabatında ötən il
görülmüş işlərdən söz
açılmış, qarşıda duran vəzifələrin
həyata keçirilməsi yolları müzakirə
olunmuş və 2012-ci il üçün konkret tədbirlər
müəyyənləşdirilmişdir.
Hesabat
məruzəsi ilə çıxış edən Səbail
Rayon İcra Hakimiyyəti başçısının Badamdar
üzrə nümayəndəsi Natiq Bağırov
bildirmişdir ki, qəsəbədə hazırda 23 500 nəfər
əhali yaşayır, 2196 nəfər məcburi
köçkün məskunlaşmışdır. 2011-ci il
aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Bakı şəhərinin kənd və qəsəbələrinin
sosial-iqtsadi inkişafı ilə bağlı qəsəbədə
görülən işlərlə tanış olmuşdur.
Ölkə rəhbəri vətəndaşları narahat edən
məsələlərlə maraqlanmış, onların təkliflərini
dinləmişdir. Bu görüşdən dərhal sonra
dövlət başçısının müvafiq sərəncamı
ilə Badamdar qəsəbəsində 120 yerlik uşaq
bağçası və 880 şagird yerlik orta məktəb
tikintisinə başlamaq üçün vəsait
ayrılmışdır. 2011-ci ilin sentyabr ayında tikintiyə
başlanmış və artıq xeyli iş
görülmüşdür.
May
ayının 5-də ölkə Prezidentinin "2011 -
2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
sərəncamında Badamdara da böyük yer
ayrılmış, qəsəbənin qaz, elektrik enerjisi, su təchizatı
və kanalizasiya; rabitə, yol, təhsil, səhiyyə və
gənclər sahələri üzrə 17 bənd tədbirin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yay aylarında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən
qəsəbədəki 239 saylı orta məktəbdə cari
təmir işləri aparılmışdır. Dövlət
Neft Şirkətinin köməyi ilə "Könül"
körpələr evi də əsaslı təmir
olunmuşdur. İlin sonunda rayon icra hakimiyyəti tərəfindən
qəsəbədəki Heydər Əliyev parkında əsaslı
təmir işlərinə başlanmış və artıq
burada xeyli iş görülmüşdür.
Səbail
Rayon İcra Hakimiyyəti tərəfindən
hazırlanmış "Abad həyət" layihəsi əsasında
Tofiq Məmmədov və Məktəbli küçələrində
sakinlər üçün istirahət guşələri
yaradılmışdır. Rayon icra hakimiyyəti
başçısının qəsəbədə
keçirdiyi açıq qəbullar zamanı sakinlərin
müraciətləri nəzərə alınaraq Badamdar qəsəbəsində
tikilmiş yeni xeyir-şər yerinə bitişik 250 nəfərlik
əlavə zal da inşa olunmuşdur. Obyekt hər cür
avadanlıqlarla təchiz olunmuş, həyəti
abadlaşdırılmış və yeni asfalt
örtüyü salınmışdır. 2011-ci il ərzində
qəsəbədə abadlıq, qəsəbədaxili
yolların təmiri və asfaltlaşdırılmasına
böyük fikir verilmişdir.
Hesabatda
daha sonra bildirilmişdir ki, qəsəbə sakinlərinin
içməli su ilə təminatında da dəyişikliklər
baş vermişdir. 3-cü yaşayış massivində
tikilmiş 2 ədəd su anbarının istifadəyə
verilməsi ilə əhaliyə su verilməsi qrafiklərində
dəyişikliklər edilmişdir. Gələcəkdə digər
anbarların da istifadəyə verilməsindən sonra təminat
daha da yaxşılaşacaqdır. 2011-ci ilin yanvar ayında
"Badamdar" yarımstansiyası istifadəyə verilərək
şəbəkəyə qoşulmuş, bu da qəsəbənin
fasiləsiz elektrik enerjisi ilə təchizatını yüksəltmişdir.
3 yeni iritutumlu transformator quraşdırılmış, 18 fərdi
transformator isə şəbəkədən
açılmışdır. Əhalinin elektrik enerjisi ilə
təminatının yaxşılaşdırılması məqsədi
ilə 4600 metr yeni kabel xətti çəkilmişdir.
"SİP" xətləri çəkilərək, tam
sayğaclama işləri aparılmış, qəsəbənin
mərkəzində 400 kVa-lıq transformator daha tutumlu olan 600
kVa-lıqla əvəz olunmuşdur. Müxtəlif təzyiqli
yeni qaz xətləri çəkilmiş, tənzimləyici
şkaflar və siyirtmələr
quraşdırılmışdır.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin Bakı şəhərinin qəsəbələrinə göstərdiyi diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. O, bidirmişdir ki, "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq. Tikilən məktəb və uşaq bağçasından əlavə, yeni xəstəxana, ATS binaları, elektrik yarımstansiyası və idman kompleksinin tikintisinə başlanacaqdır. Bu il Heydər Əliyev parkında aparılan təmir işləri də başa çatdırılacaq, burada ulu öndərin əzəmətli büstü ucaldılacaqdır.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
R.TAHİR
Xalq qəzeti.- 2012.- 25 yanvar.- S. 7.