Azərbaycan
musiqi sənətinin canlı əfsanəsi
Müsahibimiz
görkəmli bəstəkar Arif Məlikovdur
Azərbaycan bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi, keçmiş SSRİ-nin
və Azərbaycanın xalq artisti Arif Məlikovun professional Azərbaycan
musiqisinin dünya miqyasında təbliği sahəsindəki
xidmətləri əvəzsizdir. Xalqımızın
düşüncə və təfəkkür xəzinəsindən
faydalanan və onu öz yaradıcılığında
böyük ustalıqla tətbiq edən bu sənətkar
çox tez məşhurlaşmışdır. 1961-ci ildə
"Məhəbbət əfsanəsi" baleti Leninqrad Opera və
Balet Teatrında tamaşaya qoyulanda A.Məlikovun
hələ 28 yaşı tamam olmamışdı.
Böyük türk şairi Nazim Hikmətin librettosuna bəstələnmiş
bu əsər o zamankı sovet xoreoqrafiyasında əsl hadisə
kimi qiymətləndirildi və tezliklə dünyanın
bütün qitələrini dolaşmağa başladı. Azərbaycan
musiqisinin ecazkar melodiyası Nyu-York, Paris,
Tokio, London, Belqrad, Vyana, Pekin... teatrlarının geniş
salonlarında səsləndirildi. Ümumiyyətlə, "Məhəbbət
əfsanəsi" baleti indiyədək dünyanın 65
teatrında böyük uğurla tamaşaya qoyulmuş, müəllifinə
və onun candan artıq sevdiyi Azərbaycana bol-bol
tamaşaçı alqışı
qazandırmışdır.
Arif
Məlikov daha iki baletin, 8 simfoniyanın, 7 simfonik poemanın, 1
operettanın, 50-dən çox mahnının, bir neçə
romansın, kantatanın, süitanın müəllifidir. O,
ilhamlı yaradıcılığını bu gün də
davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Heydər Əliyev mükafatı və dövlət
mükafatı laureatı, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının kafedra müdiri Arif Məlikovun
sənəti dövlətimiz tərəfindən həmişə
yüksək qiymətləndirilmiş, o, bir neçə
orden və medalla, o cümlədən xarici dövlətlərin
mükafatları ilə təltif olunmuşdur. Ancaq Arif müəllim
müstəqil Azərbaycanın ali ordenini - ulu öndər
Heydər Əliyevin şəxsən təqdim etdiyi
"İstiqlal" ordenini özü üçün ən
böyük mükafat hesab edir.
Həmişə sakit və təmkinli, ağır təbiətli bir insan olan Arif Məlikov 1990-cı ilin yanvarında xalqımızın başına gətirilən müsibətlərə laqeyd qala bilmədi. Əsl vətəndaş mövqeyindən çıxış edərək SSRİ xalq deputatı kimi ölkənin o vaxtkı rəhbərliyinin riyakar siyasətini cəsarətlə ifşa etdi. Yəqin ki, orta nəsil televiziya tamaşaçıları SSRİ xalq deputatlarının sessiyasında mətin addımlarla tribunaya qalxan, M.Qorbaçovun və onun əlaltılarının etirazlarına məhəl qoymadan 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan deputat qrupunun bəyanatını oxuyan Arif Məlikovu yaxşı xatırlayırlar. Onun təkidi ilə bütün salon Bakı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
-
Arif müəllim, o vaxt tribunaya çox hiddət və qəzəblə
qalxdınız. Bu, səsinizin ahəngindən də aydın
hiss olunurdu...
- Azərbaycan xalqının başına çox ağır müsibətlər gətirilmişdi və bu dəhşətli hadisələr bir an da olsun bizi - Azərbaycan deputat qrupunun üzvlərini rahat buraxmırdı. Həmin çıxışda M.Qorbaçovun və keçmiş SSRİ-nin digər rəhbərlərinin əleyhinə tənqidi fikirlər səsləndirdim. Mən əvvəllər də M.Qorbaçovu tənqid etmişdim və onu "qatil" adlandırmışdım. Hələ 1988-ci ildə Siyasi Büroda Azərbaycan və Ermənistan deputat qruplarının birgə görüşü oldu. Mən o vaxt M.Qorbaçova dedim ki, Azərbaycan xalqının başına gətirilən bu bəlaların əsas günahkarı sizsiniz və vaxt gələcək tökülən bu günahsız qanlara görə siz cavab verəcəksiniz.
Mən bunları deməliydim. Bir azərbaycanlı, bir deputat kimi susmağa haqqım yox idi. Həm də o vaxt tək mən yox, SSRİ Ali Sovetinin deputatı olan digər yoldaşlarım da çox kəskin çıxışlar edir, öz etirazlarını bildirirdilər. M.Qorbaçov bir dəfə bizim deputat qrupunun üzvlərini qəbul edəndə dedi ki, mən hamınızla dil tapıb danışa bilərəm, ancaq bəstəkar Arif Məlikovla dil tapmaq mümkün deyil. Çünki o, çox inadkar adamdır və dediyinin üstündə möhkəm dayanır. Həqiqətən də o dövrdə həm Bakıda, həm də Moskvada - SSRİ Ali Sovetinin sessiyasında siyasi diskussiyalarda fəal iştirak edirdim. Moskva Universitetində çıxışlar edir, moskvalılarla görüşüb respublikamızda törədilən dəhşətləri onlara çatdırmağa çalışırdım.
Heç şübhəsiz, bütün bunlar o vaxtkı dövlət rəhbərlərinin xoşuna gəlmirdi. Mən Ali Sovetin tribunasından D.Yazova dedim ki, sən bir neçə ay əvvəl general idin, Azərbaycanda günahsız insanları qətlə yetirəndən sonra marşal rütbəsini aldın. Nə qədər gizlətməyə çalışsan da o paqonlardan həmişə qan damcılayacaq.Tökdüyünüz qanlar üçün siz də cavab verəcəksiniz.
O günlərdə minlərlə adamı həbsxanalara salmışdılar. Onları incidir, işgəncə verirdilər. SSRİ Ali Sovetinin deputatı kimi - qadın olmasına baxmayaraq Adilə xanım Namazova da həmişə bizimlə idi - tez-tez həbsxanalara gedir, günahsız tutulanların azad olunmalarına çalışırdıq. 20 Yanvar hadisələri zamanı zərər çəkmiş yaralılara baş çəkirdik. İndi də təəccüb edirəm ki, o vaxt bütün bunlara necə vaxt çatdıra bilirdik. Bakıda komendant saatı tətbiq olunurdu. Mən və deputat yoldaşlarım heç nədən çəkinmədən lazımi yerlərə gedirdik. Bu işlərin görülməsində SSRİ Ali Sovetinin deputatı olmağımız köməyimizə çatırdı, deputat vəsiqəsi çox bağlı qapıları açırdı.
İndi bütün bunlar tarixə çevrilib. Ancaq bəzi
ailələr üçün 20 Yanvar hadisələri
heç vaxt unudulmayacaq, qan verən yara kimi həmişə
sızlayacaq.
- Həmin
çıxışdan sonra sizə qarşı münasibətdə
bir dəyişiklik hiss edirdinizmi?
-
Bilirsiniz, o günlərdə mənə göstərilən
münasibətə heç fikir vermirdim. Sadəcə,
öz vətəndaşlıq, insanlıq borcumu yerinə
yetirirdim. Mən heç vaxt vəzifə
kürsüsündə oturmamışam. 1958-ci
ildən konservatoriyanın müəllimi olmuşam və həmişə
də haqqa, ədalətə söykənmişəm, arxamda
xalqın gücünü hiss etmişəm. Bir də heç şübhəsiz, əsərlərimin
xarici ölkələrdə səslənməsi köməyimə
çatıb. Yoxsa məni çoxdan məhv
edərdilər.
O
dövrdə "Mən ittiham edirəm" adlı bir
kitabım da nəşr olundu. Həmin kitabda
çox həqiqətləri oxuculara çatdırmağa
çalışmışam, kömək etdiyimiz adamların
əksəriyyətinin adı orada verilib. Mən
istəyirdim ki, onların adları tarixdə qalsın. İndi həbsxanalardan
çıxardığımız gənclərin çoxu
yaşayır. Ata-anaları ilə
qarşılaşanda sonsuz mninətdarlıqlarını
bildirir, övladlarını onlara qaytardığımız
üçün təşəkkür edirlər.
- 20 Yanvar
hadisələri xalqımıza qarşı törədilən
bir vandalizm aktı idi. Bu sizin
yaradıcılığınızda hansı formadasa bədii
həllini tapıbmı?
- Konkret
olaraq 20 Yanvar faciəsinə aid əsər yazmamışam. Ancaq həmin hadisədən sonra qələmə
aldığım bütün əsərlərdə həmin
faciənin izləri var. Hərdən məndən
soruşurlar ki, əsərlərinin kədər yükü nə
üçün bu qədər ağırdır. Nə etmək olar, biz ancaq xoşbəxt günlər
yaşamırıq. Azərbaycanımızın
kədərli günləri çox olub. Bundan
başqa, əgər Afrikada insanlar acından ölürsə,
bunun mənə dəxli yoxdur? Bizim hər
brimizin şəxsi faciəmizdən əlavə digər
insanların da faciələri var. Onlar da bizi kədərləndirir,
məyus edir. Bu gün ərəb ölkələrində
yüzlərlə insan ölürsə, İraqda, Əfqanıstanda,
Pakistanda terror aktlarında günahsız insanlar
qırılırsa, bunlara biganə qalmaq mümkün deyil
axı...
- Sizin
peşəkar musiqiyə gəlişinizdə, şübhəsiz
ki, ananızın mühüm rolu olub. Bəs
dünyaşöhrətli bir bəstəkar kimi yetişməyinizdə
kimlərin xidmətlərini qeyd etmək istərdiniz?
- Təbiidir
ki, hər bir valideynin övladları qarşısında həm
borcu, həm də tələbi var. Mənim bir bəstəkar
və insan kimi formalaşmağımda anamın yeri və zəhməti
çox böyük olub. Atam hərbçi
olub, anamsa ədəbiyyatçı idi, uşaq
yaşlarımdan onun ədəbiyyat, şeir-sənətlə
bağlı söhbətlərini böyük həvəslə
dinləmişəm. Anam həm də
gözəl kamança çalardı. Düzgün
ailə tərbiyəsi yəqin ki, mənim həyat yolumu
müəyyənləşdirib.
İnsanın formalaşmasında ətraf mühitin da təsiri
böyükdür. Bizim gənclik illərimizdə Azərbaycanda
gözəl musiqi mühiti vardı. Dahi
Üzeyir bəy hələ sağ idi. 1948-ci ildə
A.Zeynallı adına musiqi məktəbinin
tar sinfinə qəbul olundum. Üzeyir bəy o
zaman çoxları üçün, o cümlədən gələcəyin
musiqiçiləri olacaq bizlər üçün canlı əfsanə
idi. Bir dəfə onun konservatoriyadan
çıxıb getdiyini gördüm və istər-istəməz
üzünü yaxından görmək üçün
dalınca düşdüm. Onu ötüb
keçmək və yandan da olsa üzünə baxmaq istəyirdim.
Gözümə heç nə
görünmürdü, nəzərlərim ancaq Üzeyir bəyə
dikilmişdi. Birdən orta yaşlı bir kişi
ilə bərk toqquşdum, onun məni acılamasına
baxmayaraq üzr istəyib yoluma davam etdim və Üzeyir bəyin
nurlu çöhrəsini kənardan görəndən sonra
dünyanın ən xoşbəxt adamı kimi geri
döndüm.
...İkinci görüşümüz onun izdihamlı dəfn
mərasimində oldu. Mən bir neçə məşhur
adamların vida mərasimlərində iştirak etmişəm.
Ancaq Üzeyir bəyin dəfn mərasimi
onların heç birinə bənzəmirdi. Bu mərasim böyük sənətkara ümumxalq məhəbbətinin
əsl təzahürü idi. Dəfn
karvanının bir ucu Fəxri Xiyabanda, bir ucu da Elmlər
Akademiyası binasının qarşısında idi.
Konservatoriyada
oxuduğum illərdə görkəmli bəstəkarımız
Qara Qarayevdən 5 il dərs almışam.
İndi tez-tez bu böyük sənətkarı
hədsiz minnətdarlıq hissi ilə yad edirəm. O
dövrdə Azərbaycan musiqisini şöhrətləndirən
bir böyük şəxsiyyət də vardı - Niyazi. Onunla ünsiyyəti mən özüm
üçün böyük məktəb hesab edirəm.
Niyazi çox böyük dirijor, eyni zamanda,
çox böyük bəstəkar idi. O, "Xosrov və
Şirin" operasının, "Çitra" baletinin,
"Rast" kimi simfonik poemanın müəllifi idi...
- Sizin
böyük rus bəstəkarı Dmitri Şostakoviçlə
də sıx əlaqəniz olub...
-
D.Şostakoviç böyük bəstəkarımız Qara
Qarayevin müəllimi olub. Sonra həyat elə
gətirdi ki, Leninqradda "Məhəbbət əfsanəsi"
baletini səhnəyə qoyanda bu dahi bəstəkarla
görüşməli oldum. Uzun müddət
bir oteldə qalırdıq və onun təşəbbüsü
ilə hər gün yeməyimizi birlikdə yeyirdik.
"Məhəbbət əfsanəsi" baletinin ilk
tamaşaçı haqqında resenziyanı da
D.Şostakoviç yazdı. Bu vaxta qədər
minlərlə resenziya yazılıb, ancaq onların ən dərini
və ən mükəmməli D.Şostakoviçin
yazdığı resenziyadır. O mənə deyirdi ki,
"Sən mənim sənətdə nəvəmsən".
D.Şostakoviç Q.Qarayevə dərs
demişdi, mən də Q.Qarayevdən dərs almışam.
Q.Qarayevin çox tələbələri olub.
Həmin tələbələr arasında
D.Şostakoviç təkcə mənə nəvə deyib, həmişə
də böyük qayğı və diqqət göstərib.
Bir dəfə Leninqrad Bəstəkarlar
İttifaqının plenumu keçirilirdi.
Çıxışının sonunda zala müraciətlə
dedi: "Yoldaşlar, sabah Marinski teatrında mənim nəvəm
Arif Məlikovun baleti göstəriləcək, hamınızı
ora dəvət edirəm".
D.Şostakoviç çox səmimi insan idi. Birincisi, dahi bəstəkar
idi. Sonra da çox böyük şəxsiyyət
idi. Xoşbəxtəm ki, onunla dəfələrlə
görüşmüşəm, ünsiyyətdə
olmuşam. Mən 2-ci sinfoniyamı bu dahi
insana həsr etmişəm. Bu əsər
radioda səslənəndə D.Şostakoviç xəstəxanada
yatırdı. Əlində əsərin
partiturasını tutaraq qulaq asmışdı və mənə
səmimi bir məktub yazmışdı: "Bu gözəl
musiqi əsəri münasibətilə müəllifi təbrik
edirəm. Əsəri mənə həsr etdiyinə
görə fəxarət hissi keçirir və sevinirəm".
Bu yaxınlarda "Məhəbbət əfsanəsi"
baletinin tamaşaya qoyulmasının 50 illiyi tamam oldu. Yarım əsrdən
çoxdur ki, bu əsər dünyanın məşhur
teatrlarının səhnəsində sevilə-sevilə
tamaşaya qoyulur. Maraqlıdır ki,
Moskvada 50 illik yubiley tədbirində də tamaşanı onu
ilk dəfə səhnəyə qoymuş Leninqradın Marinski
teatrı gəlib göstərdi. Tamaşa
azərbaycanlı biznesmen Araz Ağalarovun tikdirdiyi 5500 nəfərlik
möhtəşəm teatr binasında keçirildi. Sənətsevərlərin xahişi ilə əsər
bir neçə dəfə göstərildi. Fikir verirdim, hər dəfə də salonda bir dənə
belə boş yer olmurdu.
Hərdən mənə deyirlər ki, ürəyin niyə
ağrıyır? Mən üç baletin müəllifiyəm.
Onların heç biri Azərbaycan səhnəsində
tamaşaya qoyulmayıb. "Məhəbbət
əfsanəsi" baleti 50 ildən çoxdur ki,
dünyanın ən məşhur teatrlarında
oynanılır, ancaq Azərbaycanda bir dəfə də olsun
tamaşaya qoyulmayıb. Bu gün səhər
mənə Ukraynadan zəng vurmuşdular, "Məhəbbət
əfsanəsi" baletini yeni quruluşda tamaşaya qoymaq istəyirlər.
Bilirsiz, həyatda sevinclə kədər həmişə
qoşa addımlayır. Mənim
üçün çox ağırdır ki, bu gün
ukraynalı, özbək, rus və s. gedib "Məhəbbət
əfsanəsi"nə baxır, mənim öz həmvətənim
isə ona həsrət qalıb.
Mənim özümə qalsa, heç bir çətinlik
yoxdur. Nəvəmi də götürüb getdim Moskvaya və
Marinski teatrında "Məhəbbət əfsanəsi"nə
baxıb qayıtdım. Mən istəyirəm
ki, mənim həmvətənlərim də bu bayramı
yaşasınlar. Onu da deyim ki, bu arzuda
olanların sayı minlərlədir. Görüşlərdə,
ünvanıma gələn məktublarda təəssüflənərək
soruşurlar ki, bu əsərə Bakıda nə vaxt baxa biləcəklər...
Digər tərəfdən də ölkə rəhbərliyindən
həmişə böyük diqqət və ehtiram
görmüşəm. Müstəqil Azərbaycanın ən ali
mükafatı olan "İstiqlal" ordeni, Heydər Əliyev
mükafatı ilə təltif olunmuşam. Yaradıcılığıma
yüksək səviyyədə qayğı göstərilir.
Ancaq əlaqədar təşkilatlardan bir
soruşan da yoxdur ki, bəs bu əsərlər sadə azərbaycanlı
tamaşaçısına nə vaxt çatdırılacaq.
Bizim mətbuatımız da fəal deyil.
Bir dəfə görməmişəm ki, bir mətbuat
orqanı bu haqsızlığa öz etirazını
bildirsin...
- "Məhəbbət əfsanəsi" baletinin belə
uzunömürlü olmasının səbəbini nədə
görürsünüz?
- Bu balet
başlayanda orkestr beş dəfə
güclü akkord çalır. Hər akkord bu
baletin yaradıcılarından birinə həsr olunub.
Birinci zərb N.Hikmətin şərəfinə, ikincisi
xoreoqraf quruluşu üçün Yuri Qriqoroviçin,
üçüncüsü səhnə qrafikası
üçün Simon Virsaladzenin, dördüncüsü
dirijor Niyazinin və beşincisi bəstəkarın şərəfinə
vurulur.
Təbii ki, musiqi əsərində əsas sima musiqinin
müəllifidir. Səhnə əsəri sintetik yaradıcılığın
məhsulu olduğuna görə onun uğurunda liberetta müəllifinin,
rəssamın, xoreoqrafın və dirijorun da eyni dərəcədə
payı var. "Məhəbbət əfsanəsi"nin bəxti onda gətirib ki, müəlliflər
öz üzərlərinə düşən işi
böyük müvəffəqiyyətlə yerinə yetiriblər.
50 il ərzində "Məhəbbət əfsanəsi"
baleti müxtəlif ölkələrdə müxtəlif millətlərin
nümayəndələri tərəfindən tamaşaya
qoyulub, hamısı da bir-birindən maraqlı və
baxımlı...
Deməli, məsələ ondadır ki, sən elə əsər
yazmalısan ki, teatrlar o əsəri axtarsınlar, o əsərə
ehtiyac olsun. ABŞ teatrı Moskvanın Böyük
Teatrını bu şərtlə Amerikaya dəvət edir ki,
onun repertuarında mütləq "Məhəbbət əfsanəsi"
baleti olsun. Moskvanın Böyük
Teatrı özünü yaşatmaq üçün məcbur
olub bu əsəri də yaşadır.
- Söhbətlərinizin
birində xatırlamısınız ki, Nazim Hikmət "Məhəbbət
əfsanəsi" baletinin dünyanın məşhur
teatrlarında, o cümlədən İstanbulda tamaşaya
qoyulmasını çox arzulayırdı. Bu əsərin
İstanbulda N.Hikmətin ölümündən sonra
tamaşaya qoyulmasını necə
xatırlayırsınız?
- Mən
xoşbəxt adamam ki, D.Şostakoviç mənə nəvə,
Nazim Hikmət oğul deyirdi. İlk
tanışlıqdan o vəfat edən günə qədər
biz sıx təmasda olmuşuq. Sağlığında
Moskvada, Leninqradda "Məhəbbət əfsanəsi"
baletinin bütün tamaşalarına dostları ilə birlikdə
baxardı. N.Hikmət əsl türk idi və
Türkiyəni ürəkdən sevirdi. Bir
dəfə Moskvada onun evində idik. Dostları
ilə birlikdə tamaşadan qayıtmışdı. Nədənsə
çox təsirlənmişdi: "Oğlum - dedi, - bir
gün gələcək, bu balet sevgili şəhərim
İstanbulda da gedəcək. Sən onu görəcəksən,
ancaq mən görməyəcəyəm". Dedi və
yaşlı gözləri yol çəkməyə
başladı. İki ildən sonra N.Hikmət vəfat
etdi.
Onun vəfatından xeyli sonra - 1979-cu ildə "Məhəbbət
əfsanəsi" baletinin Türkiyədə tamaşaya
qoyulması ilə bağlı dəvət aldıq. İlk
tamaşanı Ankarada hazırladıq. Tamaşaya
iki gün qalmış dedilər ki, libretto müəllifi kimi
N.Hikmətin adı afişalardan
çıxarılmalıdır. Mən qəti
etiraz etdim, 6 ay gərgin işləməyimizə baxmayaraq
Bakıya döndüm.
İki ildən sonra Türkiyə hakimiyyətində dəyişiklik
oldu və məni təzədən dəvət etdilər. Tamaşa
böyük müvəffəqiyyətlə keçdi.
Sonra mən dedim ki, N.Hikmətin ən böyük
arzularından biri bu əsərin İstanbulda tamaşaya
qoyulması idi. Ölkə Prezidenti göstəriş verdi və onu İstanbula gətirdik. Bir neçə ildən sonra İstanbulun öz
teatrında, İzmirdə "Məhəbbət əfsanəsi"
baletini tamaşaya qoyduq.
- Siz həm
də ciddi musiqi janrı olan simfoniyalar müəllifi kimi də
tanınırsınız. Son illərdə bu
sahədə hansı yenilikləriniz var?
- Sonuncu -
8-ci simfoniyamı ulu öndərimiz Heydər Əliyevə həsr
etmişdim. Sox təəssüflər olsun ki,
bu əsər onun vəfatından sonra səsləndirildi.
8-ci simfoniyanın da orta hissəsində
çoxlu kədərli məqamlar var. Ancaq sonluğu nikbin
notlarla bitir. Arzu edirdim ki, simfoniya bitəndən
sonra zalda tam sükut olsun. Nəzərdə
tutduğumdan da artıq sükunət yarandı və deməli,
mən istədiyimə nail olmuşdum...
8-ci simfoniya Bakıda bir neçə dəfə səsləndirilib. İndi istəyirəm
ki, 7-ci və 8-ci simfoniyaları birlikdə Türkiyədə
ifa edək. 7-ci simfoniya İhsan
Doğramacıya həsr olunub. Bu iki şəxsiyyət
yaxın dost idilər. İstəyirəm ki,
onlara həsr olunmuş əsərlər bir gecədə səslənsin.
-
Müasir gənclik barədə nə demək istərdiniz? Onların arasında sabahın Üzeyir bəylərini,
Qara Qarayevlərini, Arif Məlikovlarını
görürsünüzmü? Ümumiyyətlə,
müasir gəncliyə hansı tövsiyələriniz var?
- Sizdən
əvvəl bu auditoriyada gələcəyin bəstəkarlarından
imtahan götürürdüm. İstedadlı gənclərimiz
çoxdur. Deyə bilmərəm ki,
onların hamısı məşhur sənətkarlar olacaqlar.
Ancaq onların arasında, heç şübhəsiz,
Azərbaycan musiqisini qabağa aparacaq istedadlar var. Bu
yaxınlarda Qəbələdə musiqi festivalı
keçirildi. Bir axşamda üç tələbəmin
fortepiano konserti səsləndi. Bu o deməkdir
ki, istedadlı gənclərimiz çoxdur. Ancaq bu
istedadların inkişafına mane olan amillər da az deyil. 9 il konservatoriyada, 11
orta məktəbdə təhsil alan gənc ailə qurmalı,
evlənməlidir. Onun maddi durumu çətin
olanda yaradıcılıq uğurları da arzu olunan səviyyədə
olmayacaq. Gündəlik ehtiyacları haqda
fikirləşməyə məcbur olacaq. Ölkəmizdə
istedadlı gənclərə böyük qayğı göstərilir,
ancaq fikirləşirəm ki, bu qayğı daha da
artırılmalıdır.
Bir də istedadla zəhmət yarıdır. Ən
istedadlı insan belə yorulmadan, inadla öz üzərində
işləməlidir. Şəxsən mən
gənclik illərində hər gün 18-20 saat işləyirdim.
Təəccüblənirdilər ki, bəs sən
nə vaxt dincəlirsən. Mənim dincəlməyim
üçün 3-4 saat bəs edirdi. Adam
ürəkdən bağlandığı işlə məşğul
olanda vaxt, zaman məfhumunu unudur. İndinin özündə
də istirahətə çox az vaxt
ayırıram. Musiqi ilə bərabər sənətin
digər sahələri ilə maraqlanıram. Milli və dünya ədəbi proseslərini, rəssamlıq
və teatr aləmində baş verən yenilikləri maraqla
izləyirəm. Bu prosesdən bir gün kənar
düşəndə elə bil ki, nəyisə itirmişəm.
Müasir gəncliyə də belə
ömür arzulayıram. Onlar bir həqiqəti
bilməlidirlər ki, şöhrətə gedən yol gərgin
zəhmətdən, inadlı mübarizədən keçir.
Müsahibəni apardı: Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2012.- 26 yanvar.- S. 6.