Qərb demokratiyasına REKVİEM. İfa edir - FRANSA SENATI

 

Bəşəriyyətin yaranışından bu günədək tayfaların, qəbilələrin və bir çox birliklərin əvvəllər yalnız həyat uğrunda mübarizəsi və daha sonrakı mərhələlərdə daim nəyə isə nail olmaq cəhdləri bütün sonrakı nəsillər tərəfindən dəyərləndirilərkən bu proseslər "cəmiyyətin dialektik inkişaf yolu" adlandırılıb. Müasir dövrdən geriyə baxaraq ibtidai insan birliklərinin motivasiyasını anlamağa çalışarkən bu yolu müəyyənləşdirən məqsədlər və bu məqsədlərə çatmaq uğrunda istifadə olunan vasitələr nə qədər qeyri-insani görünsə də təbii qarşılanıb. Çünki bu məqsədlər də, vasitələr də mövcud olduğu zamanın ruhuna və məzmununa uyğun idi.

 

Bəşər övladının "homo sapiens" adlandırıldığı dövrdən bu günədək insan cəmiyyətlərini hər hansı bir məqsəd uğrunda hərəkətə gətirən motivasiyalar əsrlər ərzində insani dəyərlər əxz etməklə cilalanmış və müasir dövrümüzdə əxlaqi - humanistik keyfiyyətlərlə zənginləşərək Dünya Birliyinin bütün üzvləri üçün məqbul sayıla biləcək bir məzmun əldə etmişdir. Bütövlükdə XX əsr ərzində hər hansı bir məqsədə nail olmaq uğrunda istifadə olunan vasitələrin qarşıya qoyulan məqsədi doğruldub-doğrultmaması hərəkətlərə bəraət qazandırılması nöqteyi-nəzərindən ilk növbədə siyasətçilər tərəfindən və ümumiyyətlə isə hər bir fərd tərəfindən virtual bir ölçü vahidi kimi qəbul olunmuşdur. Deməli, məqsədlərin vasitəni doğrultmaq zərurəti əslində ictimai bir dəyərə çevrilmiş, həyatın bütün sahələrində olduğu kimi, siyasətdə də hamının başa düşə biləcəyi və riayət etməli olduğu bir davranış tərzinə, davranış normasına çevrilmişdir. Xüsusən cəmiyyətin "elitar təbəqəsinin" digər qaydalar kimi bu normaya da riayət etməsi "şərəf işi" kimi anlaşılıb və qiymətləndirilib.

Dünya Birliyi də 200-ə yaxın dövlətin təşkil etdiyi bir cəmiyyətdir və heç şübhəsiz, insan cəmiyyətinə xas olan keyfiyyətləri ümumiləşdirməklə Dünya Birliyini yaradan cəmiyyətin həyatına, yəni dövlətlər arasında qərarlaşan münasibətlərə, bu münasibətlərin təməl prinsiplərinə şamil etmək təbii və məntiqli görünür. Bu isə o deməkdir ki, dövlətlərarası münasibətlər də etik-mənəvi və əxlaqi keyfiyyətlərdən xali olmamalıdır və əslində xali də deyildir. Sadəcə fərdlər arası münasibətlərdə bu prinsiplərin pozulma halları olduğu kimi, dövlətlərarası qarşılıqlı təsirdə də bu keyfiyyətlərə məhəl qoymayan və nəticə etibarilə, Dünya Birliyi adlandırdığımız cəmiyyətə və onun dəyərlərinə etinasız yanaşmaqla özünü "elitar təbəqəyə yaraşmayan" tərzdə aparan dövlətlər də var. Son 20 ildə belə davranışın müəllifləri bir çox hallarda XX əsrin ikinci yarısından sonra özünü qlobal siyasətin avanqardı sayan, dünyanın böyük bir hissəsini, bəzən hətta bütövlükdə dünyanı öz ardınca aparmağa iddialı olan, özünü demokratiya və insan haqlarının müdafiəçisi kimi təqdim edən dövlətlər olurlar. Bu hal bir qədər paradoksal görünsə də, zənnimcə, burada da bir qanunauyğunluq var. Bu da ondan ibarətdir ki, son 20 ildə Dünya Birliyini yarım əsrdən çox müşaiyət edən "Qərb"lə "Şərq" arasındakı soyuq müharibə şəraiti aradan qalxdıqdan sonra dünya düzəninin yeni, daha mütərəqqi formasının təşəkkül tapması kimi möhtəşəm bir proses baş verməkdədir. Yeni siyasi şərait yeni rasional yanaşma və bu yanaşma əsasında formalaşaraq həyata vəsiqə qazanacaq müasir qlobal siyasətin meydana gəlməsini aktuallaşdırır. Üçüncü minilliyin ilk əsrində meydana çıxması günbəgün zəruriləşən bu yeni qlobal siyasət dünyanın siyasət tarixində dönüş fazasını yarada bilər. Bu siyasət - müxtəlif maraqların toqquşduğu açıq və ya gizli mübarizə meydanı yox, diplomatiyasının zahiri və daxili tərəfləri ziddiyyət təşkil edən, ikili standartların tətbiqindən çəkinməyən, amoralist fəaliyyətlərə çeşidli manevrlərlə haqq qazandıran siyasi texnologiyaların kompleksi yox, dünya dövlətlərinin milli siyasətlərinin uzlaşdığı ədalətli, humanist, demokratik, universal, rasional, praqmatik və ən yüksək siyasi əxlaq meyarlarına əsaslanan yeni məzmunlu beynəlxalq münasibətlərin siyasəti olmalıdır. Belə bir siyasətin beynəlxalq münasibətlər sistemində bərqərar olması əvvəlki "hegemon" dövlətlərin qlobal miqyasda aparıcı rolunu zəiflədir, onların "ikinci" və hətta "üçüncü dövlətlər" kimi xarakterizə etdikləri dövlətlərin rolu və təsir dairəsi isə genişlənməkdədir. Sovet İttifaqının dağılmasından sonra qlobal miqyasda birmənalı şəkildə söz sahibinə çevrilən ABŞ və Qərbi Avropa dövlətləri bu üstünlüyü əldən vermək istəmir, ona görə də son dövrlərdə Türkiyə, Azərbaycan, Argentina, Çin, Hindistan kimi ölkələrin beynəlxalq arenada artmaqda olan nüfuzu həmin dövlətlər tərəfindən siyasi qısqanclıqla qarşılanır. "Söz sahibi" statusunu itirmək və ya heç olmasa bölüşmək xofu qarşısında bəzən aqoniya durumunu xatırladan siyasi manevrlər bu dövlətlərin özlərinin bəyan etdikləri və yüz illərlə uğrunda mübarizə aprdıqları təməl prinsiplərdən - sülh, demokratiya, bərabərlik, ədalət və həqiqət kimi dəyərlərdən geri çəkildiyini nümayiş etdirir. Bu - həmin dövlətlərin yeni inkişaf mərhələsinə çıxmış və yeni "söz sahibi" iddiaçıları kimi görünən dövlətlərə qarşı apardıqları sərt və qərəzli münasibətlərdə özünü daha aydın şəkildə göstərməyə başlamışdır. 2008-ci ildən etibarən dünya iqtisadiyyatını və əsasən də inkişaf etmiş dünya ölkələrini bürümüş qlobal böhran şəraiti də öz növbəsində Dünya Birliyinin bəzi "elitar üzvləri"nin siyasətini daha da aqressivləşdirmiş, bu siyasəti hər cür əxlaqi, mənəvi-etik və humanist əsaslardan məhrum etmişdir.

Sübut göz qabağındadır. Son dəfə 1789-cu ildə "Azadlıq, Bərabərlik və Qardaşlıq" şuarı altında inqilab edərək Dünya Birliyinin bütün üzvlərinə ən yüksək əxlaqi dəyərlərin həyat normasına çevrildiyini bəyan edən Fransa bu gün siyasi etikanın, əxlaqın və qlobal cəmiyyət tərəfindən garşılıqlı münasibətlər sistemini xarakterizə etməli olan meyarlar kimi qəbul olunmuş dəyərlərin heç birinə məhəl qoymadan "erməni genosidi" haqqında qanun layihəsinə səs verdi. Onunla eyni hərbi- siyasi blokun üzvü olan Türkiyəyə qarşı münasibətdə Fransanın daim qərəzli mövqe tutması dünya ictimaiyyəti üçün çoxdan sirr deyildi. Onilliklər ərzində Türkiyənin Avropa Birliyinə üzvlük təşəbbüslərini önləmək üçün Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi kimi vaxtaşırı gündəmə gətirilən və çıxarılan qondarma "erməni soyqırımı" layihəsi, Fransa siyasətində həmişə usanmadan istifadə edilən bir alət olmuşdur. Dövlətlər arasında beynəlxalq müstəvidə istər siyasi, istərsə də iqtisadi rəqabətin ən gərgin anlarında Fransa öz siyasi portfelindən "erməni kartını" çıxararaq Türkiyəni geri çəkilməyə, güzəştə getməyə məcbur etməyə çalışmışdır. On illər ərzində davam edən qeyri-sağlam rəqabət nəhayət, bu həftə özünün kuliminasiya nöqtəsinə çatdı. Fransa Konqresinin ardınca Fransa Senatı da səkkiz saat davam edən debatlardan sonra 86 səs əleyhinə, 127 səs lehinə olmaqla "erməni genosidini" inkar etməyə görə cəza tədbirlərini nəzərdə tutan qanun layihəsini təsdiq etdi.

Əlbəttə, inqilabdan sonrakı dövrlərdə, xüsusən də 20-ci əsr ərzində Fransa siyasətində "deklarasiya olunan" və "həyata keçirilən" siyasi kurslar arasında diametrik ziddiyyətlər vaxtaşırı özünü göstərmişdi. Xüsusən, Əlcəzairdə və Afrikanın bu gün "frankofon" adlandırılan ölkələrində Fransa kolonial siyasəti tarixinin genosid xarakterli hadisələrlə zəngin olduğu bütün dünya ictimaiyyəti üçün məlum bir faktdır. Amma XXI əsrin ikinci onilliyində demokratiya, ədalət, əxlaq, rasionallıq və praqmatizm kimi dəyərlərin qlobal siyasətdə möhkəmlənməyə başladığı bir vaxtda Fransa Senatının siyasi əxlaqa zidd addımına dünya siyasət elmində haqq qazandıra biləcək bir arqumentin mövcud olmadığına əminəm. Əbəs yerə məqalənin başlanğıcında "vasitələrin məqsədi doğrultması" hipotezini xatırlatmamışdım. Senatın bu qərarı qəbul etdiyi andan məni düşündürən bir sualın cavabını tapmaq üçün müxtəlif nəzəriyyələri, postulatları beynimdə çözələyərək Fransa siyasətində istifadə edilən "erməni soyqırımı" adlı vasitənin hansı məqsədə xidmət etdiyini və bu vasitənin həmin məqsədi doğruldub-doğrultmadığını anlamağa çalışdım. Riyaziyyat elminin qanunlarına görə 3 məchuldan 2-si məlum olduğu halda 3-cü məchulun tapılması müşkül deyil. Qlobal siyasət elminin də formalaşmaqda olan konfiqurasiyasına görə beynəlxalq siyasət ədalətli, əxlaqlı, rasional və praqmatik olmalıdır. Burada vasitə məlumdur, məqsəd isə məchuldur. Bəs Fransa siyasətində məchulu necə tapmalı? Yəni məqsəd nədir? Doğrudanmı Sarkozi kimi siyasi avanturistin daha 7 il hakimiyyət kürsüsündə oturmaq arzusu fransız xalqının elçiləri olan senat üzvlərini ata-babalarının onlara miras qoyduğu demokratiya, söz azadlığı prinsiplərinə xəyanət etmək kimi siyasi cinayətə getməyə vadar etdi? Doğrudanmı Fransalı senatorlar əslən fransız olmayan Sarkoziyə yarınmağı demokratik fransız toplumunun təməl prinsiplərini müdafiə etməkdən üstün tutdular? Bəs Fransanın Avropa Birliyinin lider dövlətlərindən biri kimi dünyaya öyrətmək, aşılamaq iddiasında olduğu dəyərlər necə olsun? O dəyərlərə fransiz cəmiyyətinin özündə yer qalmadımı? Bəs ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üç həmsədr ölkəsindən biri kimi Fransa bu problemin həllində nə dərəcədə obyektiv və səmimi ola bilər? Fransa nəyə nail olmaq istəyir? Bəlkə Fransa onilliklər boyu Fransada yaşayan erməni vətəndaşlarının "mənəvi əziyyətləri"nə nəhayət son qoymaq və Prezident seçkilərinə qatılan hər bir namizədin başı üstündən "Domokl qılıncı" kimi asılan erməni məsələsini birdəfəlik qapadaraq Fransa dövlətinin "milli problemi"ni həll etmək istəyirdi? Bəlkə XVIII əsrdə Avropa xalqları arasında "Azadlıq, Bərabərlik və Qardaşlıq" prinsiplərini şüar edib növbəti inqilabı həyata keçirmiş Fransa qlobal siyasi həyatda yeni bir formula kəşf edib bu dəfə də bəşəriyyəti irəliyə aparacaq bir siyasi novatorluq etmək təşəbbüsündə bulunmaq istəyib? Dünya Fəlsəfəsi yarandığı gündən bu günədək Qanun, Azadlıq, Məsuliyyət kimi kateqoriyalar ətrafında meydana çıxan bir sıra klassik sualları birmənalı cavablandırmaqda çətinlik çəkir. Məsələn, "Kimin hüququ çatır ki, başqasına cəmiyyətdə nə etməli və ya nə etməməli göstərişini versin?", yaxud "Fərdin ehtimalına görə, qanun ədalətsizdirsə, o , bütün hallarda qanuna tabe olmalı, yoxsa onu inkar etməlidir?" və yaxud "Qanun ədalətsizdir deyə ona tabe olmayan şəxs eyni imkanları başqalarına də rəva bilirmi, yoxsa o, yalnız öz azadlığı haqqında düşünür və başqalarının qanuna tabe olmalarını gözləyir?". Bəlkə Fransa siyasətçiləri əsrlər boyu dünyanın ən məşhur filosoflarını düşündürən bu sualların cavabını tapıblar? Əgər tapılan cavab "erməni genosidini tanımaq"dan ibarətdirsə, belə bir cavab daha çox suallar yaradıb və "demokratiyanın beşiyi" adlandırılan Fransa indi də, gələcəkdə də "erməni genosidi" ilə bağlı daim ona ünvanlanacaq suallara cavab verməli olacaq. Burada yadıma atalar sözü düşür: "Bir dəli quyuya bir daş atdı, el yığıldı, o daşı quyudan çıxara bilmədi". Görəsən, Fransanın özü "genosid" daşını atdığı siyasət quyusundan necə çıxacaq?

Dünya siyasətində yeni nəsil dövlətləri kimi təşəkkül tapmaqda olan Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Litva, Çexiya və sair bu kimi onlarla ölkələrdə Fransa Senatorlarının və ya konqresmenlərinin müşahidəçilik edərək seçkinin demokratik, şəffaf və ədalətli keçirilib-keçirilməməsi haqqında mülahizələr irəli sürməsi gülünc görünmürmü? Və ya bundan sonra Azərbaycanla Ermənistan arasında onilliklər ərzində davam edən münaqişənin həllində Fransanın "Möhtərəm Hakim" rolunda çıxış etməsi absurd və gülünc görünmürmü? Gülünc deyincə, Baron Münhauzenin məhşur deyimini xatırladım: "Cənablar, siz çox ciddi görünürsünüz. Ağıllı görünmək hələ ağlın olmasının əlaməti deyil. Yer üzündə bütün nadanlıqlar məhz ağıllı sifət ifadəsi ilə baş verir. Gülümsəyin cənablar, gülümsəyin". Doğrudan da bu dünyada bir çox eybəcərliklər gülümsəyərək edilir. Fransızların etdiyi kimi.

Etiraf etməliyəm ki, nə qədər çalışsam da mən bu sualların cavabını tapa bilmədim. Uşaqlıqdan ən çətin riyazi məsələləri həll etməkdən xüsusi zövq alardım. Riyaziyyat müəllimim Baba Yusifovun bunu hiss edərək mənə məktəb dərsliklərində olmayan, həlli məktəbli şagird üçün çox çətin görünən məsələləri gətirib qarşıma qoyduğunu və hər dəfə bu məsələləri həll edərək cavabı düz tapdıqda necə zövq aldığımı xatırladım. O zaman həmişə ürəyimdə Baba müəllimə qarşı rəğbət hissi daha da artardı. Amma bu dəfə Sarkozinin ortaya qoyduğu məsələnin cavabını tapa bilməməyim məni məyus etmişdi.

Proseslər isə artıq üzüaşağı - yəni "razvyazka" istiqamətində inkişaf etməklə ölü nöqtəyə doğru gedir. Məhz ölü nöqtəyə. Çünki bu qanun layihəsi nə onilliklər ərzində çirkin niyyətlər ətrafında cürbəcür rəvayətlər uyduran ermənilərə, nə də bu cür "əxlaqsız himayədarlıq aktı"nın müəllifi olan fransızlara heç bir fayda verməyəcək.

Neyləmək olar? Fransa təzadlar ölkəsidir. Məsələn, XXI əsr fransız senatorlarının yürütdüyü ikiüzlü, məkrli, şovinist siyasətlə bərabər, Fransa həm də zərif, incə musiqinin, məhəbbət musiqisinin vətənidir. Bu dəfə də Fransa musiqi bəstələdi. Amma hissiyatım mənə deyir ki, bu - məhəbbət musiqisi deyil, bu - zərif, incə bir musiqi deyil. Bu - matəm musiqisidir. Hər dəfə belə musiqini eşidəndə hər bir şəxs öz-özündən soruşur: Po kom byut kola-kola? ( ya belə demək olarsa, "Bu Yasin kim üçün oxunur?"). Mən də özumə bu sualı verincə cavabını dərhal tapdım. Bu - 223 il əvvəl Sarkozinin sələflərinin fransız xalqına bəxş etdiyi "Azadlıq, Bərabərlik və Qardaşlıq" ideyasının matəmidir. Bu bütövlükdə Qərb demokratiyası üçün Fransanın ürəyində - Parisdə çalınan matəm musiqisidir. Bəs bu musiqinin müəllifi kimdir? Mən həyat, məhəbbət, səadət notları üzərində Hektor Berlioz, Çarlz Quno, Corc Bize, Klod Debüssi, Moris Ravel kimi fransız korifeylərinin bəstələdiyi musiqini dinləmişəm. Bu isə başqa bir musiqidir. Fransanın Türkiyə siyasətində yenicə istifadə etdiyi vasitəni (erməni genosidi) doğrulda biləcək məqsədi tapa biməsəm də, musiqinin müəllifini tanıdığıma əminəm. Bu yerdə müəllifinin adını düşünməyə belə macal tapmamış, özumdən asılı olmayaraq beynimə gələn ilk frazanı olduğu kimi yazımın başlığına çıxarmaq qərarına gəldim. Qərb demokratiyasına REKVİEM. İfa edir - FRANSA SENATI.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

 fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 26 yanvar.- S. 7.