Hacıkəndə gedən yollar...

 

Söhbət Göygölün qış qayğılarından, ötən il əldə olunmuş uğurlardan gedir

 

İlin bu çağlarında Hacıkənd dolamaları ilə yuxarı qalxmaq maraqlı olduğu qədər də təhlükəlidir. Son günlərin qarından sonra meşəli dağların sinəsi ilə uzanan yolların buzu hələ də əriməyib. Hər aşırımda, hər döngədə ilişmək, sürüşmək təhlükəsi var. Ancaq dağları, dərələri bürüyən " dünya" səni çəkir - yüksəkliyə, gözəlliyə, sağlığa...Bu öz yerində. Orası da var ki, qar təkcə gözəllik, bolluq, bərəkət gətirmir. Dağların libası özü ilə həm də çətinliklər, qayğılar, problemlər gətirir. Bəs, əsasən, dağlıq rayon olan Göygölün qış qayğıları necə həll olunur? Ümumiyyətlə, yola saldığımız 2011-ci il Göygöl rayonu üçün nə ilə yaddaqalan və əlamətdar olmuşdur. Qarşıda duran konkret vəzifələr, həllini gözləyən vacib problemlər barədə nə demək olar?

 

Əvvəlcədən onu deyək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 18813,6 min manat artaraq 88405 min manata çatmışdır. Məhsul və xidmətlərin 61928,9 min manatı istehsal, 26476,1 min manatı xidmət sahələrini əhatə etmişdir. Rayon üzrə adambaşına 1499 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çox məhsul istehsal edilmişdir.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramları da uğurla həyata keçirilir. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 5006,2 min manat çox olmaqla, 30941,6 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 2011-ci ilin məhsulu üçün 9009 hektar sahədə payızlıq, 182 hektarda yazlıq səpin aparılmış, 20011 ton taxıl tədarük olunmuşdur.

Bu ilin məhsulu üçün 6362 hektar şum qaldırılmış ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 865 hektar çoxdur. Ümumiyyətlə, ötən il 5417 ton tərəvəz, 9982 ton kartof, 1279 ton meyvə, 1420 ton üzüm istehsal olunmuşdur. Bu göstəricilər ötən illərlə müqayisədə xeyli çoxdur.

İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının saxlanılması üçün Aqrolizinq yolu ilə "Göygöl Beton" MMC-nin nəzdində tutumu 3940 kubmetr olan soyuducu kamera tikilmişdir. Hazırda Quşqara kəndində "Aqrolizinq" ASC-nin filialı üçün bina, anbar tikilir. Bu, heç şübhəsiz, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya və gübrəyə olan tələbatının yaxşılaşdırılmasına müsbət təsirini göstərəcəkdir.

Heyvandarlıq son illərdə xeyli inkişaf etmiş, iri mal 20498 başa, davar 165061 başa çatmışdır. Ötən illə müqayisədə süd istehsalı 55,6 ton, ət istehsalı 110,5 ton, yun istehsalı 1,5 ton, yumurta istehsalı 31 min ədəd artmışdır.

Tikinti-abadlıq və quruculuq işləri ötən ileyni sürət və keyfiyyətdə davam etdirilmişdir. Onu da deyək ki, abadlıq və səliqə-sahman tədbirləri təkcə rayon mərkəzini əhatə etməmişdir. Bu gün Göygölün elə bir yaşayış məntəqəsi yoxdur ki, orada əhalini düşündürən, narahat edən vacib sosial məsələlər uğurlu həllini tapmasın, abadlıq-quruculuq işləri aparılmasın. Nəticədə kəndlərin siması əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur.

Yola saldığımız il müvafiq dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində həlledici il olmuşdur desək, heç də səhv etmərik. Bəzi xarakterik faktları xatırladırıq.

Çaykənd sahə xəstəxanası, Göygöl rayon mədəniyyət evi, Quşçu kənd mədəniyyət evi, Mollacəlilli kənd kitabxanası və tibb məntəqəsi, Toğanalı, Çaylı kənd tam orta məktəbləri, Göygöl şəhər uşaq bağçası təmir olunmuş, Yeni Qızılca kəndində məktəb binası tikilmişdir. Hazırda Qızılca və Zurnabad kəndlərində yeni məktəb binasının, Baytarlıq İdarəsi üçün inzibati binanın, Göygöl şəhərində Olimpiya idman kompleksinin tikintisi davam etdirilir. Quşqara kəndində isə məktəb binasının tikintisi üçün hazırlıq işləri aparılır.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Göygöl şəhərində tikilən 36 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır. Bundan başqa, Qarabağ müharibəsi əlilləri üçün Göygöl şəhərində, Nadil və Göyçəkənd kəndlərində fərdi yaşayış evləri tikilmişdir. Rayon mərkəzində Məmməd Əmin Rəsulzadə, Aydın Məmmədov küçələrinin yuxarı hissəsinə, Kərim Kərimov, İsmayıl Şıxlı, Dirçəliş, Xudu Məmmədov, Nizami, T.Quliyev, D.Bayramov, F.Kərimzadə, Aşıq Ələsgər küçələrinə asfalt örtük salınmış, səki daşları düzülmüşdür. Göygöl şəhərində yeni salınmış yaşayış massivində 20 küçəyə çınıqıl tökülmüş, küçələr abadlaşdırılmışdır. Göygöl - Hacıkənd magistral avtomobil yolu yenidən qurularaq genişləndirilmişdir. Göygöl - Mollacəlilli avtomobil yolu təmir edilmişdir.

Yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl şəhərində, Quşqara, Mollacəlilli, Üçtəpə kəndlərində, Qızılqaya qəsəbəsində qaz xətti çəkilmişdir. Çaykənd, Çaylı kəndlərinin daşıyıcı və paylayıcı qaz xəttində təmir-bərpa işləri aparılmış, 585 abonent təbii qazla təmin edilmişdir. Göygöl şəhərinin təzə salınmış yaşayış massivində və Mürovdağ qəsəbəsində qaz xəttinin çəkilişinə başlanılmışdır. Pənahlılar kəndində mövcud qaz xətti təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Onu da əlavə edək ki, Samux rayonunun Alıuşağı qazpaylayıcı stansiyasından Hacıməlik qəsəbəsinədək daşıyıcı magistral kəmərin tikintisinə başlanılmışdır.

Rayonun elektrik şəbəkəsinin yenidən qurulması məqsədilə Göygöl şəhərində 87 kilometr hava xətləri dəyişdirilmiş, 4784 "SMART" karttipli sayğac quraşdırılmışdır. Gücü 35 kV-luq "Göygöl" YS-nın, 35 kV-luq qidalandırıcı Elektrik Veriliş Xətlərinin tikintisi və 35 kV-luq "Göygöl-2" YS-da yenidənqurma işləri başa çatmışdır.

Ötən müddətdə elektrik təsərrüfatında 39,2 min manat dəyərində təmir-bərpa, quraşdırma işləri aparılmış, 95 müxtəlif güc transformatorları, 5,5 kilometr elektrik veriliş xətti təmir edilmişdir. Əhali üzrə istehlak olunan elektrik enerjisinin ödənişi 96 faiz yerinə yetirilmişdir.

Su təchizatının yaxşılaşdırılması üçün Göygöl şəhərinə Kürəkçaydan 25 kilometr yeni su kəmərinin çəkilişi başa çatdırılmışdır. Hazırda sutəmizləyici qurğuların və anbarların tikintisi davam etdirilir. Kürəkçaydan çəkilən magistral kəmərdən Toğanalı, Çaykənd, Yeni Zod, Mixaylovka, Göyçəkənd, Aşıqlı kəndlərinə də su verilməsi nəzərdə tutulmuşdur.

Ötən dövrdə Göygöl şəhərinin A.Şəmşir küçəsinə sukanalizasiya xətləri çəkilmişdir. Şəhərə ikitərəfli giriş yolunun və A.Kazımov küçəsinin bir hissəsinin gecə işıqlandırma sistemi yenidən qurulmuşdur. A.Kazımov küçəsinin qurtaracağından Xanlar qəsəbəsinədək əlavə gecə işıqlandırma sistemi yaradılmışdır.

Rayonda ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə şəhər, qəsəbə və kəndlərdə, parkxiyabanlarda, yol kənarlarında 25154 müxtəlif ağac və bəzək kolları əkilmişdir. Rayon ərazisindən keçən respublika əhəmiyyətli Gəncə - Kəlbəcər, Gəncə - Daşkəsən, Bakı - Qazax magistral avtomobil yollarının ətrafında təmizlik-abadlıq işləri aparılmış, yaşıllıqların salınması məqsədilə 850 ədəd ağac əkilmişdir.

Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə də diqqət artırılmış, 81310 manat dəyərində inventar və avadanlıq alınmışdır. Ümumiyyətlə, son 8 il ərzində rayonda 13 məktəb binası, 1 uşaq bağçası, 26 əlavə sinif otağı inşa edilmiş, 27 məktəb binası, 5 uşaq bağçası əsaslı və cari təmir olunmuşdur.

İqtisadi, sosial və mədəni sahələrdə dinamik inkişaf və yüksəlişi əks etdirən ayrı-ayrı misallar, fakt və rəqəmlər, onların müqayisəli təhlili bir daha göstərir ki, son illər Göygöl rayonu, həqiqətən, böyük inkişaf yolu keçmişdir. Əsas cəhət odur ki, ümumi məhsul istehsalı dəfələrlə artmışdır. Aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri nəticəsində şəhər, qəsəbə və kəndlər simasını tanınmaz dərəcədə dəyişmişdir. İndi Göygöl öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Rayona budəfəki səfərimiz zamanı görüşdüyümüz, söhbət etdiyimiz Göygöl sakinləri - ağsaqqallar, ziyalılar, gənclər əldə edilmiş böyük uğurlara, dinamik inkişafa və yüksəlişə görə, vacib sosial problemlərin uğurlu həlli üçün, ilk növbədə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar möhkəm inanırlar ki, ölkə başçısının bu diqqət və qayğısı Göygölə daha böyük uğurlar gətirəcəkdir.

Son illər Göygöl rayonunda iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurlardan, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq məsələlərindən, dinamik inkişaf və yüksəlişdən danışarkən bir məsələni ayrıca qeyd etmək lazımdır. Bu, Göygöl Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının fəaliyyətində özünü göstərən yenilikmüasirlikdir. İş üslub və metodları, təşkilat-idarəetmə məsələləri daim təkmilləşdirilir, insan amili, icra intizamı əsas meyar kimi götürülür.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində rayonda ardıcıl və sistemli qurulmuşdur. İndi adamlar rayon icra hakimiyyətinə böyük ümidlə gəlirlər. Yaxşı bilirlər ki, onları düşündürən, narahat edən məsələlər, qaldırdıqları problemlər, rastlaşdıqları çətinliklər dərhal əks-səda verəcək, öz konkret həllini tapacaqdır. Bu barədə danışarkən yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbulları xatırlatmaq yerinə düşərdi. Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin, o cümlədən hüquq-mühafizə orqanları başçılarının iştirakı ilə keçirilən belə görüşlər qaldırılan məsələlərin operativ həlli ilə nəticələnir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov həmişə biz jurnalistlər üçün maraqlı həmsöhbətdir. Ona görə yox ki, onunla təkcə rayon başçısı kimi, daha doğrusu, rəsmi ampulada söhbət etmək olur, həm də ilk andan xoş, səmimi aura yaranır. Müsahibimizin geniş dünyagörüşü, zəngin mütaliəsi var, praqmatik adamdır. Rayon ictimaiyyətindən, ötənilki göstəricilərdən tutmuş, ədəbiyyata, tarixə, siyasətə qədər istənilən mövzuda onunla maraqlı söhbət etmək mümkündür. Görünür, elə ona görə də həmişə söhbətimiz gündəlik və qayğılarla, görülmüş və görüləcək işlərlə, fakt və rəqəmlərlə, rəsmi göstəricilərlə məhdudlaşmır, bu mövzulardan çox kənara çıxır. Bu dəfə isə ayaqüstü görüşəsi olduq:

- Ötən il rayon üzrə nümunəvi yaşayış məntəqəsi uğrunda yarış təşkil etmişdik, - dedi. - Bura tikinti-abadlıq, səliqə-sahmandan tutmuş sosial problemlərin, yol, su, işıq, qazs. məsələlərin həllinə, sakinlərin həyat şəraitinə, gün-güzəranın yaxşılaşdırılmasına qədər hər şey daxildir. Bu gün həmin yarışa yekun vurulur. Ora tələsirəm...

Təəssüflənmədik. Bu epizod rayon barədə yazdığımız materialın uğurlu sonluğu oldu...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 27 yanvar.- S. 10.