Sədərək: güllələr düşən yerdə indi gül bitir

 

Günbəgün, saatbasaat dəyişən bu yurd yeri düşmənə gözdağına çevrilib

 

Sədərək rayonu ilə bağlı yazı hazırlamaq barədə düşünərkən bir neçə il bundan əvvəl - 2003-cü ildə "Şərq qapısı" qəzetinin yaradıcı heyətinin sərhəd bölgəsinin sakinləri ilə görüşünü xatırladım. Rayon icra hakimiyyətinin binasında təşkil edilən tədbirdə sədərəklilərin düşmənlə üzbəüz necə mərdliklə dayandıqları barədə söhbətlər, onlara göstərilən dövlət qayğısı üçün minnətdarlıq etmələri aparıcı mövzu olmuşdu.

 

Sonralar da bir neçə dəfə Sədərək rayonunda olmuş, Heydərabad qəsəbəsini, bölgənin kənd yaşayış məntəqələri Sədərək və Qaraağacı qarış-qarış gəzmişəm. Hər gəlişimdə rayonun saatbasaat, günbəgün dəyişildiyini görmüşəm. Dəyişməyən isə sədərəklilərin bu qədim yurd yerinə olan bağlılıqlarıdır.

Bu gün sərhəd bölgəsində qaynar həyat hökm sürür. Haşiyə çıxaraq deyim ki, Sədərək sözü, naxçıvanlıların düşüncəsində "sərhəd" anlamındadır. Çünki 1988-ci ildən başlanan hadisələr dövründən indiyədək Sədərək deyəndə hamımız düşmənə sipər olan sərhədlərimizi xatırlamışıq. O sərhədlərimizi ki, Vətənimiz oradan başlayır.

Sərhəd bölgəsi bizi qış fəslinin yaraşığı olan qar içində qarşıladı. Bildirdilər ki, qar gecədən yağmağa başlayıb. "Bolluq, bərəkət rəmzidir, öz yerinə, yurduna yağır" - deməyi də unutmadılar. İlk həmsöhbətimiz, rayonun tanınan ziyalılarından olan Səməd Əliyev deyir ki, min illərdir çox belə qış günləri yaşanıb. Ancaq sədərəklilər son 20 ilin qarlı günlərini xüsusi xatırlayırlar. Çünki məhz belə günlərdə əliyalın şəkildə düşmən qabağına çıxıblar. Soyuğa, şaxtaya baxmadan qədim yurd yerini qoruyublar. Rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov söhbətə qoşularaq, bizi bölgənin ötən günlərinə qaytarır:

- Erməni quldurları Naxçıvan torpaqlarını ələ keçirmək məqsədilə 1990-1993-cü illərdə dəfələrlə Sədərəyə hücum ediblər. Daha dəqiq desək, bu qısa müddətdə Sədərəkdə 14 dəfə qanlı döyüş olub. Həmin döyüşlərdə 108 nəfər şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin 40 nəfərdən çoxu Sədərək torpağının yetirmələridir.

Yüzlərlə ev, idarə, təşkilat binaları dağıdılsa da kəndin müdafiəsinə qalxanlar Sədərəyin erməni tapdağına düşməsinə yol verməmişlər. Həmin döyüşlərdə muxtar respublikanın bütün rayonları ilə bərabər, Azərbaycanın 12 bölgəsindən igid eloğlularımız da iştirak etmişlər.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı ilin avqust ayının 28-də Sədərək kəndinin bazasında Sədərək rayonu yaradılmışdır. Ötən dövr ərzində bölgənin inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2000-ci il 15 mart tarixli sərəncamı bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsini reallaşdırmış, rayon özünün yeni inkişaf və tərəqqi yoluna qədəm qoymuşdur. Bu gün rayonda elə bir idarə, müəssisə və təşkilat yoxdur ki, fəaliyyətini müasir tələblərə cavab verən yeni binada davam etdirməsin.

Muxtar respublikada geniş vüsət alan quruculuq tədbirləri nəticəsində bu gün rayonun siması tamamilə dəyişib. Rayon sakinləri bölgədə həyata keçirilən layihələri insana göstərilən yüksək qayğı kimi dəyərləndirirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, sədərəklilərin həyatında ağır yaşanmış günlərlə yanaşı, yaddaşlardan silinməyəcək hadisələr də çox olub. Belə tarixlərdən biri ölkə başçısı İlham Əliyevin 2010-cu il oktyabr ayının 5-də muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunda olması, yeni salınmış Heydərabad qəsəbəsinin, Sədərəkdə rayon mərkəzi xəstəxanasının, 2 nömrəli məktəb binasının açılışında iştirak etməsidir.

Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Səhiyyə müəssisəsində stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərir. Burada həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğumginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-qulaq-boğaz kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır. 594 şagird yerlik 2 nömrəli Sədərək kənd tam orta məktəbinin yeni binasında 33 sinif otağı var. Müəllim və şagirdlər internetə qoşulmuş 31 kompyuterdən, 10 min nüsxəlik kitabxanadan istifadə edirlər. Burada həm də 2 elektron lövhəli sinif yaradılıb.

Düşmənlə üz-üzə olan bu yurd yerində tikilib-qurulanlar sadaladıqlarımızla bitmir. Ötən il rayonda daha bir neçə obyekt istifadəyə verilib. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazası, kommunal müəssisələr kombinatı, yol təmiri və istismarı sahəsi öz fəaliyyətlərini yeni binalarda davam etdirməyə başlayıblar. Hazırda şahmat məktəbi üçün nəzərdə tutulmuş binada son tamamlama işlərinin aparılması sərhəd bölgəsinə davamlı qayğının ifadəsi kimi diqqəti çəkir. Bir məsələni də qeyd edək ki, son illərdə həyata vəsiqə alan bütün obyektlər müasir arxitektura üslubunda inşa edilib. Düşmənə gözdağı olan bu tikililəri sədərəklilər qoruyub saxlamağı, gələcək nəsillərə ərməğan etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.

Söhbətə bir neçə təşkilatın timsalında aydınlıq gətirmək istəyirik. İlk olaraq bölgədə təhsilin səviyyəsinə nəzər salaq. Sədərəkdə 4 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Bu təşkilatlarda çalışanlar mühüm bir vəzifəni yerinə yetirdiklərini unutmurlar. Onlar sərhəd bölgəsində böyüyən uşaqlara hərtərəfli bilik verməklə yanaşı, şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsini, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olunmalarını diqqət mərkəzində saxlayırlar. Ötən tədris ilində 4 məktəbdən 26 məzun ali məktəb tələbəsi adını qazanıb. Onlardan 4 nəfəri qəbul imtahanlarında 500-dən artıq bal toplayıb.

Yeni yaradılmış 2 nömrəli Sədərək kənd tam orta məktəbinin uğurları daha çoxdur. Bu məktəbin 6 məzunu müəllimlərinin etimadını doğruldub. Onlardan biri 500-dən yuxarı bal toplayıb. Şagirdlərdən bir nəfər Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadalarında kompyuter texnologiyaları üzrə üçüncü yerə, bir şagird isə muxtar respublika səviyyəli yarışda dördüncü yerə layiq görülüb. Rayonun pedaqoji kollektivləri qazanılan uğurları son nəticə hesab etmirlər. Yaradılan şərait müqabilində qarşıdakı illərdə nəticələrin daha yüksək olacağına inanırlar.

Rayonun mədəniyyət, səhiyyə, məişət, rabitə və s. xidmət sahələri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Muxtar respublikanın digər bölgələrində olduğu kimi, sərhəd bölgəsində də sakinlərin mavi yanacaqdan istifadəsi öz həllini tapıb. Bu gün 2016 əhali abonent qrupu, 48 dövlət təşkilatı və 4 özəl müəssisə mavi yanacaqdan istifadə edir. Ötən il 27 evə və 4 təşkilata yeni qaz xətti çəkilib. Əhalinin rabitə xidmətindən istifadəsini yaxşılaşdırmaq məqsədilə 2011-ci ildə xeyli görülüb. Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində zədələnmiş kabellər, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Mövcud 2 ATS-də generatorların işlək vəziyyətdə olması daim yoxlanılır. Ümumilikdə, bu dövrdə 1900 metr yeraltı, 4400 metr isə havada olmaqla 6300 metr kabeldən istifadə edilib. Sədərək rayon rabitə evində 8 ədəd akkumulyator dəyişdirilib. Eyni zamanda, 7-si Naxtell olmaqla, 18 ədəd yeni telefon xətti çəkilib.

Sədərəklilər yaşadıqları torpağı qorumağı bacardıqları kimi, əkib-becərməyi də bacarırlar. Rayonun məhsuldar torpaq sahələri, iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirməyə imkan verir. Son illər davamlı surətdə göstərilən dövlət qayğısı torpaq mülkiyyətçilərinin xeyli uğurlar qazanmasına səbəb olub. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən il torpaq mülkiyyətçiləri 2075 hektar sahədən 6105 ton taxıl tədarük ediblər. Bu, əvvəlki illə müqayisədə 62 ton çoxdur. Tədarük edilən taxılın 4285 tonu buğda, 1820 tonu arpa olmaqla, hektarın məhsuldarlığı 29,4 sentnerə çatdırılıb. Taxılçılığa marağın getdikcə artmasında digər amillərin də rolunu qeyd etmək lazımdır. Bu sahə ilə məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb.

Çəkilən zəhmət isə Sədərək taxılçılarının yaxşı gəlir əldə etməsinə imkan verib. Son illər muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması, yarmarkalarda torpaq mülkiyyətçilərinin min bir zəhmət hesabına istehsal etdikləri məhsulları sərfəli qiymətə sata bilmələri üçün yaradılan şərait də bu amillər sırasındadır. Ötən ilin nəticələri sədərəkliləri bu ilin bol məhsulunun əsasını qoymağa ruhlandırıb, onlar payızlıq taxıl əkinini optimal müddətdə başa çatdırıblar.

Rayonda şəkər çuğunduru əkilib-becərilməsi sahəsində keçən il əldə edilən nailiyyət muxtar respublika üzrə rekord nəticə sayıla bilər. Belə ki, rayonun torpaq mülkiyyətçiləri 2011-ci ildə 225 hektar sahədən 8 min 192 ton məhsula sahib olublar. Bu, hər hektardan orta hesabla 364 sentner məhsul götürmək deməkdir. Göründüyü kimi, heçkiçik rəqəm deyil. Təbii ki, bu faktın arxasında zəhmət və qayğı dayanıb. Belə zəhmət və qayğı hesabına digər sahələrdə qazanılan uğurları da ötən ilin fərəhli nəticələri saymaq mümkündür. Sədərəklilər 394 hektar sahədə tərəvəz becərib, 4 min 658 ton məhsul tədarük ediblər. 172 hektar sahə bostan məhsulları üçün ayrılaraq 1970 ton məhsul tədarük olunub.

Sədərək torpaqları burada kartofçuluğun inkişaf etdirilməsinə, keyfiyyətli məhsul istehsalına imkan verir. Bu imkanlardan səmərəli istifadə edən torpaq mülkiyyətçiləri ötən il 84 hektar sahədən 1587 ton kartof istehsal ediblər. Bu, hər hektardan orta hesabla 190 sentner məhsul deməkdir. Aqrar sahədə qazanılan bütün bu uğurlar belə deməyə əsas verir ki, sədərəklilər ən qiymətli sərvət olan torpağı özlərinin daimi yerinə çeviriblər.

İnsanlara gəlir gətirən sahələrdən biri də heyvandarlıqdır. Neçə illərdir ki, bu sahəyə qayğı hesabına sədərəklilər öz tələbatlarına uyğun ət, süds. məhsullar istehsal etməklə yanaşı, muxtar respublikanın daxili bazarına da töhfələrini verirlər. 2012-ci ilin yanvar ayının birinə olan məlumata görə, rayonda 2650 baş iri, 17 min 780 baş xırda mal saxlanılır. Hər il heyvanların baş sayı artır. Bu sahə ilə məşğul olanlara kreditlər verilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə baytarlıq xidmətinin səviyyəsi yüksəldilir. Bu da sədərəklilərin heyvandarlığa marağının artmasında mühüm rol oynayır. Ötən il rayonda diri çəkidə 363 ton ət, 1640 ton süd istehsal edilib. Hazırda heyvanların qışlama dövrüdür. Bu mövsümü mütəşəkkil keçirmək üçün hələ yaz aylarından başlayaraq görülən tədbirlər bəhrələrini verir.

Ötən ili bütün sahələrdə uğurla başa vuran bu gənc rayon yeni ilə böyük həvəslə qədəm qoyub. Bölgə sakinləri inanırlar ki, 2012-ci ildə qazanacaqları uğurlar ötən ildəkindən daha çox olacaq. Bunu görüşdüyüm insanların söhbətlərindən, nikbin əhval-ruhiyyələrindən hiss etmək çətin deyildi. Həmsöhbətim Səməd Əliyev sonda bildirdi:

- Sədərəkdə bərqərar olunmuş sabitlik, sosial-iqtisadi inkişaf, insanların maddi-rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəlməsi bölgə sakinlərinin qurub-yaratmaq əzmini birə-beş artırıb. Onlar layiq olduqları səviyyədə yaşadıqları üçün dövlətimizə minnətdardırlar.

 

 

Muxtar MƏMMƏDOV,

"Şərq qapısı" qəzetinin məsul katibi,

Naxçıvan

 

Xalq qəzeti.- 2012.- 27 yanvar.- S. 9.