Azərbaycanda məktəblərin
tikintisi və təmiri xüsusi
diqqət mərkəzindədir
Son illər ölkəmizdə təhsil
sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində əsaslı tədbirlər həyata
keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təhsil
sistemində başladığı islahatlar nəticəsində
ölkədə yeni məktəblərin inşası, məktəblərin
yeni avadanlıqlarla təchiz edilməsi sahəsində xeyli
iş görülmüş, sonrakı illərdə bu istiqamətdə
əsaslı uğurlar qazanılmışdır. Prezident
İlham Əliyev bu sahədə islahatların sürətlə
həyata keçirilməsini təmin etmiş, ölkənin
təhsil sistemi əsaslı şəkildə yenidən
qurulmağa başlamışdır.
Dövlət
başçısı dəfələrlə bildirmişdir
ki, Azərbaycanda bir dənə də olsun köhnə məktəb
qalmayacaq. Doğrudan da, son dövrlərdə təkcə
paytaxt Bakıda deyil, ölkəmizin bütün
regionlarında yeni məktəblər inşa edilir, köhnə
məktəblərə yeni korpuslar tikilir, məktəblərimiz
öz simasını dəyişərək Avropa
standartlarına uyğunlaşdırılır.
Bu
gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən
biridir və bu sahədə bir neçə Dövlət
Proqramı qəbul olunmuşdur. Əldə etdiyimiz məlumata
görə, son illər Azərbaycanda yeni tikilən, əlavə
korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin
sayı 2 mini keçmişdir.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, köhnə məktəblər əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Qeyd edək ki, 2003-2011-ci illərdə fond tərəfindən Bakıda 10 yeni müasir tipli məktəb binası tikilərək istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildə Gürcüstanda soydaşlarımızın yaşadığı bölgələrdə 3 məktəb - Tbilisi şəhər 73, Qardabani şəhər 3 və Dmanisi şəhər 2 nömrəli məktəbləri əsaslı təmir və bərpa edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 2011-ci ildə də bu istiqamətdə işlər davam etdirilmişdir.
Son illərin məktəb tikintisi ilə bağlı bir neçə fakta müraciət edək. 2009-cu ildə 68 yeni məktəb və əlavə korpuslar tikilib, 28 məktəb əsaslı təmir olunub, 87 məktəbin istilik sistemi bərpa edilib. 2010-cu ildə 17434 yerlik 49 yeni məktəb inşa edilib, 10 məktəb üçün 1418 yerlik əlavə korpuslar tikilib, 7 məktəb əsaslı təmir olunub, 356 məktəbdə təmir işləri aparılıb. Əlbəttə, yeni məktəblər həm də yeni avadanlıqlarla təmin olunub.
Təkcə Bakıda 2003-2011-ci illərdə 26 yeni məktəb binası tikilmiş, 97 məktəbdə 38716 nəfərlik əlavə korpus istifadəyə verilmişdir.
Dövlət Proqramına əsasən 2005-2010-cu illərdə 1100 məktəb 4 adda zəruri avadanlıqla - şagird masası, yazı löhvəsi, müəllim masası və stulu ilə təchiz edilmişdir.
Məktəb tikintisi digər dövlət proqramında da nəzərdə tutulur. Məsələn, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı dövlət proqramlarında məktəb tikintisinə də xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisi, eyni zamanda, mövcud məktəblərin əsaslı təmirinə xüsusi diqqət yetirilir.
2011-2012-ci tədris ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə verilmişdir. Bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib.
Qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı 2011-ci il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsi əsaslı şəkildə təmir edilmişdir. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi sahəsində də işlər aparılmışdır.
Bu gün Bakının təhsil müəssisələri nəhəng tikinti meydançasını xatırladır. Dövlət proqramına uyğun olaraq, Bakı şəhərində 6320 şagird yerlik məktəb binalarının tikintisi həyata keçirilir. Ümumiyyətlə, son illərdə Bakıda 30 yeni məktəb, 28 tədris korpusu istifadəyə verilib, əksər tədris müəssisələrinin istilik problemi həll edilib. Söz yox ki, bütün bunlar təhsil şəraitinin yaxşılaşdırılmasına, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə əsaslı təsir göstərir.
Bu fakta da diqqət yetirək, 2004-cü ildən sonrakı dövrdə Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılmışdır.
Bu gün Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binası tikilməsin, mövcud məktəblər təmir edilməsin.
2012-ci ildə məktəb tikintisinin daha da sürətlənəcəyi gözlənilir. İşlər bu cür davam etdirilsə, yaxın gələcəkdə, doğrudan da, bir dənə də olsun köhnə məktəb binası qalmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 27 yanvar.- S. 9.