İnsan hüquq və
azadlıqlarının qorunması Azərbaycan üçün prioritet məqsəd
olaraq qalır
Son
illər inamla gerçəkləşdirilən islahatların
məntiqi nəticəsi olaraq respublikada milli ideya səviyyəli
daha bir məsələ müsbət həllini tapmış,
Azərbaycan iqtisadi sahədə keçid dövrünü
uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoymuşdur. Beynəlxalq təşkilatlar tərəfindən
də ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə
səbəb olan bu model özünəməxsus cəhətləri
ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən
respublikamızı yeni iqtisadi fenomenə çevirmiş,
davamlı və sabit inkişaf yoluna
çıxarmışdır. Bu model unikallığı ilə
Azərbaycana hər bir mərhələdə dinamik
inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər
sistemini daha çevik və işlək mexanizmlər əsasında
həyata keçirmək imkanı yaratmışdır.
Postkeçid
dövrünü daha çox bazar münasibətlərinin
möhkəmləndirilməsi və inkişaf etdirilməsi,
modernləşmə strategiyasının
reallaşdırılması mərhələsi kimi səciyyələndirmək
olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu
mərhələdə də qarşıda duran strateji vəzifələri
düzgün qiymətləndirir, xalqın mənafeyi
baxımından bir sıra məqsədləri önə
çəkir. Davamlı inkişaf tempinin qorunub
saxlanılması baxımından qarşıdakı illərdə
respublikanın inkişaf hədəflərinin düzgün
müəyyənləşdirilməsi də son dərəcə
aktual məsələ kimi gündəmə gəlmişdir.
Dövlət başçısı İlham Əliyevin Nazirlər
Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bəyan etdiyi kimi, məqsəd 2020-ci ilədək
Azərbaycanda ümumi daxili məhsulun ən azı 10 dəfəyədək
artımına nail olmaq və respublikanı inkişaf etmiş
ölkələr sırasında görməkdir.
Dövlət
başçısı bu məqsədlərin uğurla
gerçəkləşdirilməsi üçün son illərdə
kompleks tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin
29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" sərəncamı da bu
baxımdan müstəsna əhəmiyyətə malikdir. Sərəncamda
göstərildiyi kimi, "Son dövrdə ölkəmizdə
həyata keçirilən islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına
şərait yaratmışdır. Bu illər ərzində,
xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi
sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş,
yoxsulluğun azaldılmasında və əhalinin sosial
rifahının yüksəldilməsində ciddi uğurlar
qazanılmışdır. Bütün bunlarla bərabər,
sərbəst bazar iqtisadiyyatı institutlarının
yaradılması və sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı
üçün geniş imkanlar açmışdır".
Sərəncamda
vurğulanır ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə
qədəm qoyur və əsas hədəf çoxşaxəli,
səmərəli və innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması, sosial sahədə
önləyici inkişaf trendinin təmini, əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Bu məqsədlərə nail olunması
üçün sərəncamda Azərbaycan Respublikası
Prezidenti Administrasiyasına 2012-ci ilin sonunadək "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması məsələsi həvalə
olunmuşdur. 2020-ci ilədək olan dövrü əhatə
edəcək konsepsiyanın hazırlanması prosesinə Azərbaycan
Respublikasının müvafiq dövlət orqanlarının,
elmi təşkilatların və yüksək ixtisaslı
mütəxəssislərin cəlb olunması təmin edilməlidir.
Eyni zamanda, bu sahədə qabaqcıl dünya təcrübəsindən
yararlanmaq məqsədilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq
qurulmalı, layihənin açıq müzakirəyə
çıxarılması üçün müvafiq tədbirlər
görülməlidir.
İqtisadi
sahədə keçid dövrünü başa vuran Azərbaycan
üçün vacib məsələlərdən biri də
demokratikləşmə prosesini, siyasi və hüquqi
islahatları cəmiyyətin inkişaf ahənginə
uyğun daha da dərinləşdirmək, son nəticədə
qanunun aliliyini, insan hüquqlarının prioritetliyini
bütün səviyyələrdə təmin etməkdir. Son
8 ildə Azərbaycanda gerçəkləşən demokratik
inkişafın mahiyyətini də məhz iqtisadi firavanlıq
müəyyənləşdirir. Demokratik idarəetmə
forması vətəndaşların sosial-siyasi, iqtisadi, mədəni
rifahına, bu sahələrdə baş verən müsbət
dəyişikliklərə reaksiya verməlidir. İqtisadi cəhətdən
inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir,
çünki tətbiqinə çalışılan mütərəqqi
yeniliklər vətəndaşların real yaşayış səviyyəsi,
həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan
çıxış edən Azərbaycan Prezidenti hər iki təmayülə
vəhdət şəklində yanaşılmasını
vacib sayır və ölkənin uzunmüddətli
inkişafını məhz demokratik və iqtisadi
islahatların paralel şəkildə davam etdirilməsi şəraitində
real hesab edir. Dövlət başçısı "İtar-TASS"
agentliyinə müsahibəsində demişdir ki, demokratikləşmə,
şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş
ölkə yaratmaq mümkün deyildir.
Prezident İlham Əliyevin son 8 ildə yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Xatırlatmaq vacibdir ki, Milli Fəaliyyət Planının təsdiqi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatlarının məntiqi davamı olmuşdur. 1998-ci il fevralın 22-də ümummilli lider "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmişdir. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin "İnsan hüquqları günü" elan olunması da məhz bu əlamətdar hadisədən qaynaqlanır.
Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda, ölkə Konstitusiyasının müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.
28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili də insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olub ölkəmizin Avropa və dünya məkanına sürətlə inteqrasiyasına zəmin yaratmışdır.
Son illərdə BMT, ATƏT və Avropa Şurası ilə əmkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılmışdır. 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün "Azərbaycan üzrə Milli İndikativ Proqramı"nda insan hüquqları sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.
Bu və digər tədbirlərin davamı kimi imzalanmış 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na əsasən, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər. Həmçinin Fəaliyyət Planının II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində tədbirlər görülmüş, çoxsaylı birgə proqramlar uğurla reallaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış komitələrinə verilən hesabatlarının hazırlanması işinə hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəlb olunmuşlar.
Planın III hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası üçün əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Xüsusən də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və bu hüquqların bərpası istiqamətində icraçı dövlət qurumları tərəfindən istər dövlətdaxili, istərsə də beynəlxalq sahədə tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası və nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin bütün rayon və şəhərlərində ictimai dinləmələr keçirilmişdir.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Dekabrın 27-də imzalanmış sərəncamla İnsan Hüquqları üzrə Müvəkkilə proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupun fəaliyyətinə rəhbərlik etmək tövsiyə olunmuşdur.
Konseptual və miqyaslı xarakter daşıyan Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində atılan ilk ciddi addımlardan biridir. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris; elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi; monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, sənəddə bu tədbirlərin vətəndaş cəmiyyəti institutları və media ilə sıx əməkdaşlıq müstəvisində həyata keçirilməsi vacibliyi önə çəkilir.
Milli Fəaliyyət Proqramına əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESKO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Milli Fəaliyyət Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilən əməkdaşlıq proqramları, müxtəlif sahələrə aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Bələdçi kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmışdır. Proqramda eyni zamanda insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin davamlı implementasiyası üçün dövlət orqanlarına konkret tapşırıqlar verilmişdir.
Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşdirmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşdirmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Bu baxımdan, cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı mühüm əhəmiyyətə malikdir. Əminliklə demək olar ki, konsepsiya layihəsi hazırlanarkən Azərbaycanda qarşıdakı illərdə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərə də xüsusi diqqət ayrılacaqdır.
İnsan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə, demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti ürəkdən inanır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkədə insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşəcək, Azərbaycan bu sahədə çox böyük uğurlara imza atacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 27 yanvar.- S. 8.