Müstəqil Azərbaycanın
gömrük xidməti dinamik inkişaf yolu ilə uğurla
addımlayır
2012-ci il yanvarın 30-u - Dövlət
Gömrük Komitəsinin yaradılmasının 20-ci
ildönümü ölkəmiz üçün həqiqətən
də əlamətdar bir hadisədir. Məlum olduğu kimi, 20
il bundan öncə, Azərbaycan öz suverenliyini bərpa
etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət
Gömrük Komitəsi yaradılmışdır. Müstəqil
Azərbaycan Respublikası ilə həmyaşıd olan
Dövlət Gömrük Komitəsi ötən müddət
ərzində sürətli inkişaf yolu keçmiş,
ölkəmizdə dünya standartlarına uyğun
gömrük xidməti formalaşmışdır.
Azərbaycan
Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra ötən dövr ərzində xalqımızın
ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti nəticəsində,
ağır ilkin şərtlərə baxmayaraq, ölkənin
sosial-iqtisadi inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə olunmuşdur. Bu
gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
və xalqımızı daha parlaq gələcəyə
aparan hərtərəfli inkişaf yolunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla və
inamla davam etdirilməsi, yaradılmış əlverişli
iqtisadi şərait davamlı və sürətli
inkişafı təmin etmişdir.
Müstəqilliyimizin
ilk illərində, 1991-1993-cü illərdə xaos və tənəzzül
içərisində yaşayan Azərbaycan dövlətini və
ölkə iqtisadiyyatını bu fəlakətdən, hərc-mərclikdən
xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi
üçün təcili tədbirlər görməyə
başlamışdır. Milli iqtisadiyyatın dirçəldilməsi
üçün ölkənin malik olduğu təbii
resurslardan istifadə edilməsi və milli məhsulların
xarici bazarlara çıxışının təmin edilməsi
mühüm əhəmiyyət kəsb edirdi. Bu dövrdə
xarici ticarət əlaqələrinin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi əsas məsələlərdən
biri idi. Dövlətin daxili və xarici siyasətinin tərkib
hissəsi olan vahid gömrük siyasətinin həyata
keçirilməsi əsas məsələlərdən biri
kimi gömrük xidmətinin qarşısında vəzifə
olaraq qoyulmuşdu.
Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin tələbkarlığı gömrük orqanlarında uğurların təminatçısı olmuş, beləcə gömrük sistemi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilmişdir. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.
1997-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş geniş iclasda ulu öndər Heydər Əliyev proqram xarakterli geniş nitq söyləyərək, sözügedən dövr və sonrakı illər üçün gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirdi. Gömrük nəzarətinin təşkili, qaçaqmalçılığa qarşı mübarizə və eyni zamanda, maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verdi.
1995-ci ildə Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyinin müsbət nəticələri elə ilk günlərdən özünü büruzə verməyə başladı. İlk növbədə gömrük xidmətinə bilikli, bacarıqlı və ixtisaslı kadrların qəbul edilməsinə başlandı. Digər tərəfdən Dövlət Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni gömrük idarələri və postlarının açılması, eyni zamanda, inzibati binaların əsaslı tikinti və təmirinin həyata keçirilməsi, maddi-texniki bazanın inkişafı, yeni nəzarət cihaz və avadanlıqların alınması, gömrük qanunvericiliyinin müasir normalara uyğunlaşdırılması və büdcənin formalaşmasında gömrük xidmətinin rolu və əhəmiyyəti nəzərə alınaraq hər il üçün müəyyənləşdirilən büdcə proqnozu öhdəliyinin yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyuldu. Bunun üçün ilk növbədə maliyyə intizamının möhkəmləndirilməsi, ölkəyə idxal olunan mal və nəqliyyat vasitələri üzrə gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının alınmasına nəzarətin artırılması ən vacib məsələlər hesab edilirdi. Tədricən qarşıya qoyulan vəzifələrin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlandı və qısa zaman kəsiyində müsbət nəticələr əldə olundu.
20 illik zaman məsafəsində, xüsusilə 1995-ci ildən başlayaraq gömrük xidmətinin inkişafı və modernləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu illər ərzində gömrük qanunvericiliyi bazası möhkəmləndirilmiş, Avropa standartlarına cavab verən normativ-hüquqi aktlar qəbul edilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulmuşdur. Son 15 ildə gömrük infrastrukturunun inkişaf etdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, bütün sərhəd-keçid məntəqələri, gömrük idarələri və postlarında əsaslı təmir və tikinti işləri başa çatdırılmış, onlar müasir avadanlıq və qurğularla təmin edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarıyla təsdiq edilən sosial-iqtisadi inkişaf dövlət proqramları, eləcə də "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən, gömrük xidmətində yenidənqurma işləri həyata keçirilmişdir. Bu illər ərzində gömrük sisteminin infrastrukturu tamamilə yenilənmişdir. Təkcə ötən 2010-2011-ci illərdə Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binaları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə gömrük əməkdaşlarının xidməti istifadəsinə verilmişdir. Hazırda isə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 14 aprel 2009-cu il tarixli fərmanına uyğun olaraq Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda, Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşası həyata keçirilir.
Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrəedilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, qabaqcıl dövlətlərdə olduğu kimi vaxt itkisinin minimuma endirilməsinə nail olunmuşdur. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.
Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi, o cümlədən, gömrük orqanlarının maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri həmişə diqqət mərkəzində olmuşdur. Bu baxımdan, ötən ilin oktyabrında Bakıda Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin yeni tikilmiş inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisələrdən biri kimi yadda qalmışdır. Yeni inzibati binanın inşası Azərbaycan Prezidentinin 2011-ci il fevralın 25-də imzaladığı müvafiq fərmanla ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsinin təmin edilməsi məqsədilə respublikanın aidiyyəti orqanlarına verdiyi tapşırığa əsasən gerçəkləşdirilmişdir. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" həmin fərmanla, eyni zamanda, Dövlət Gömrük Komitəsinə qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etmək tapşırılmışdır.
Bütün bunlar nəzərə alınaraq, zəruri texniki təchizat vasitələrilə təmin edilən və üç mərtəbədən ibarət olan Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binasında "elektron növbə" əsasında idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Bundan başqa, idarədə müraciət edən şəxsləri gömrük rəsmiləşdirilməsi qaydaları və digər zəruri məlumatlarla təmin etmək üçün iki ədəd elektron "məlumat köşkü" quraşdırılmışdır.
Beləliklə, Azərbaycan Respublikasında gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulmuş və bu gün də inkişaf etdirilməkdədir. Gömrük sisteminin ən mühüm fəaliyyət istiqamətlərindən biri də fiskal siyasətin həyata keçirilməsidir. Yarandığı ilk illərdə bu sahədə də vəziyyət çox acınacaqlı idi.Təkcə bir faktı qeyd etmək kifayətdir ki, o illərdə gömrüyün fiskal siyasətinin real mənzərəsini yaratsın. 1992-ci ildə hətta kənd təsərrüfatı məhsullarına gömrük vergi və rüsumlarının tətbiq olunmasına baxmayaraq, büdcəyə cəmi 897 min Amerika dolları məbləğində vəsait köçürülüb.
Bu gün dövlət büdcəsinin zəngin olması cəmiyyətin sosial və iqtisadi problemlərinin həllinin hədəflənməsi üçün hökumətə əsaslı şərait yaradıb. Büdcədaxilolmalarında xüsusi çəkisi olan Azərbaycan gömrüyünün fiskal funksiyası formalaşmağa başladığı ilk illərdən keçən zaman ərzində əsaslı dərəcədə fərqlənir. Gömrük ödənişlərinin statistikası belə deməyə əsas verir. Əgər 1993-cü ildə gömrük orqanları tərəfindən dövlət büdcəsinə 13,6 milyon manat köçürülmüşdüsə bu il DGK üçün 1 milyard 200 milyon manat proqnoz müəyyənləşdirilib. 2011-ci ildə isə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 1 milyard 140 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 141 milyon 528,5 min manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.
Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi, gömrük işi ilə bağlı beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi işinin davam etdirilməsi, həmçinin "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Kioto Konvensiyasının müddəalarının milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisində müzakirəyə çıxarılmış, qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə təsdiq olunmaqla 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülmüşdür. Bu tədbirlər gömrük orqanlarının əməliyyat bölmələri tərəfindən əsasən qabaqlayıcı, profilaktik və əməliyyat-axtarış tədbirləri vasitəsilə qaçaqmalçılıq kanallarının, gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların aşkar olunmasına və qarşısının alınmasına, habelə hüquqpozma faktları üzrə təhqiqat və ibtidai istintaq aparmaqla təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə istiqamətləndirilmişdir.
Əvvəla qeyd edim ki, Azərbaycan Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"ın icrasını təmin etmək məqsədilə görülmüş tədbirlər nəticəsində 2007-2011-ci illər ərzində 461 fakt aşkar olunmuş, 1 ton 345 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamin də daxil olmaqla əsasən "ağır" və "güclü təsirli" daha təhlükəli narkotiklər dövriyyədən götürülmüşdür. Narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilmişdir ki, onlardan da 70 nəfərini qadınlar təşkil etmişdir. Ümumiyyətlə, son illər narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatlıq doğurur.
Ayrıca 2011-ci ilə nəzər salsaq, həmin dövr ərzində aşkar edilmiş 18330 hüquqpozma faktından 245-i cinayət xarakterli olmuşdur. Ötən il 18085 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 455 hüquqi və 17594 fiziki şəxs inzibati məsuliyyətə cəlb olunmuş, həmin şəxslərə qarşı 1 milyon 418 min 022 manat cərimə tətbiq olunmaqla, dəyəri 123 min 541 manat olan mallar müsadirə edilmişdir. Bundan başqa, ötən ildə 138 fakt üzrə 227 kiloqram 565 qram narkotik vasitə və psixotrop maddə tutulmuşdur.
Onu da qeyd edim ki, 2011-ci ildə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi üzrə aşkarlanmış faktlar statistik siyahıda öndədir. Dünya ölkələrinin güclü mübarizə üsullarına baxmayaraq beynəlxalq narkomafiya inkişaf edir. Təəssüf ki, Azərbaycanın coğrafi mövqeyi narkoqaçaqmalçıları özünə cəlb edir və narkotiklərin qanunsuz dövriyyəsində ərazimizi dəhlizə çevirmə imkanlarını artırır. Amma Azərbaycan mübarizəni qətiyyətlə aparır. Gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların açılma faizinin yüksəlməsinə nail olmaq üçün gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin məlumat təminatının avtomatlaşdırılmasına, riskin idarəolunması sisteminin təkmilləşdirilməsinə, xarici iqtisadi fəaliyyət sahəsində kriminal meyillərin qarşısının alınması və xəbərdar olunmasına xüsusi diqqət yetirilir. Dövlət Gömrük Komitəsi riskin idarəolunması sisteminin yaradılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, müasir texniki nəzarət vasitələrinin tətbiqi, kadrların peşəkar fəaliyyətinin artırılması istiqamətində əhəmiyyətli işlər görür.
Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlər də həyata keçirir. Elə 2011-ci ilin yanvarında Bakı şəhərindəki Muzey Mərkəzində "Narkomaniyaya yox deyək!" plakat və foto müsabiqəsinin yekun sərgisi də növbəti belə tədbirlərdən olmuşdur. Tədbirin təşkilində Dövlət Gömrük Komitəsi və Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Rəssamlar İttifaqı da yaxından iştirak etmişdir. Dövlət Gömrük Komitəsi "Narkotiklərə yox deyək!" adlı daha bir sərgini 2011-ci ilin martında Vyana şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 54-cü sessiyası çərçivəsində keçirmişdir. Sərgidə Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlər, profilaktik işlər, eləcə də narkotiklərdən istifadənin ağır nəticələri haqqında cəmiyyətin maarifləndirilməsi məsələləri barədə məlumat verilmişdir.
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans çərçivəsində ötən ilin oktyabrında daha bir tədbir Muzey Mərkəzində baş tutmuşdur. Burada "Narkotiklərə yox!" devizi altında "Molla Nəsrəddin" məcmuəsinin 105 illiyinə həsr olunmuş "Molla Nəsrəddin-Azərbaycan" beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirilmişdir. Dövlət Gömrük Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FECO) dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılmışdır. Müxtəlif ölkələri təmsil edən rəssamlar narkomaniya kimi ciddi bir bəlaya etiraz səslərini ucaldaraq müsabiqəyə bir-birindən maraqlı və orijinal əsərlər təqdim etmişlər.
Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə layihələr əsas strateji istiqamətlərdən birini təşkil edir. Son illər bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması sahəsində mühüm addımlar atılmışdır. İKT-nin inkişafı "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" əsasında həyata keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının geniş miqyasda və planlı şəkildə işlənməsi və tətbiqi 1995-ci ildən sonra başlanmışdır. 1995-1999-cu illərdə korporativ şəbəkənin qurulması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Eyni zamanda, gömrük orqanları arasında informasiya mübadiləsi yalnız məlumatların fiziki olaraq toplanması və vahid bazaya yazılması yolu ilə həyata keçirilirdi.
1999-cu ildə gömrük xidmətinin İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində qurulmağa başlanmışdır. Belə ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsi avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsir göstərmişdir. Layihənin icrası nəticəsində "on-line" rejimdə Dövlət Gömrük Komitəsi və gömrük orqanları arasında birbaşa informasiya mübadiləsi, həmçinin sərhədyanı postların şəbəkə ilə əhatə olunması təmin edilmiş, həmçinin radiokanallar və "frame-relay" texnologiyaları tətbiq edilmişdir.
2000-2009-cu illərdə isə gömrük işinin avtomatlaşdırılması, biznes prosesin idarə olunmasında kompyuter texnologiyalarından istifadə olunması, gömrük prosedurlarına müvafiq olan proqram təminatlarının işlənməsi və vahid məlumat bazasının yaradılması istiqamətləri üzrə layihələr həyata keçirilmişdir.
2009-cu ildən başlayaraq Dövlət Gömrük Komitəsi İKT sahəsində yeni bir mərhələyə, gömrük işinin avtomatlaşdırılmış idarəetmə sisteminin WEB texnologiyası əsasında qurulması mərhələsinə keçmişdir. Bu illərdə DGK-nın korporativ şəbəkəsi yeni texnologiyalar əsasında yenidən fiberoptik rabitə xətləri əsasında qurulmuş, server sistemi tam yenidən formalaşmışdır. "Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS)" layihəsi işlənmiş və tətbiq edilmişdir. Hazırda VAİS gömrük işinin əsas sahələri üzrə bütün gömrük orqanlarında fəaliyyət göstərir və gömrük rəsmiləşdirilməsi, gömrük təmizlənməsi və digər gömrük prosedurlarını tam əhatə edir.
Ümumiyyətlə, Azərbaycan gömrük xidmətinin bu sahədə əldə etdiyi uğurlar müxtəlif beynəlxalq tədbirlərin müzakirə mövzusuna çevrilmiş, bir çox ölkələrin ciddi marağına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Dövlət Gömrük Komitəsində elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələrlə və DGK-nın İKT strategiyası ilə tanış olmaq məqsədi ilə Özbəkistan, Rusiya Federasiyası, Makedoniya və Argentina gömrük xidmətlərinin nümayəndələri Azərbaycana gəlmişlər.
Dövlət Gömrük Komitəsi gömrük işində informasiya sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin öyrənilməsi və gömrük xidmətində informasiya texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə artıq üçüncü ildir ki, gömrük işində İKT üzrə beynəlxalq elmi-praktiki konfrans keçirir. Konfranslarda gömrük xidmətində informasiya-kommunikasiya texnologiyaları və "e-gömrük" xidmətləri, gömrük-biznes əməkdaşlığında İKT-nin rolu və dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili məsələləri müzakirə olunmuşdur. Məsələn, ötən ilin sentyabrında Bakı şəhərində "Elektron gömrük xidmətləri: gələcəyə baxış" mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilmiş, tədbirdə 20-yə yaxın ölkənin nümayəndəsi daxil olmaqla, dövlət və qeyri-dövlət təşkilatlarından 200-dən çox iştirakçı iştirak etmişdir.
Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü işlər aparmışdır. 1995-ci ildən bu günədək 40 ölkə ilə gömrük əməkdaşlığına dair müxtəlif səpkili sənədlər imzalanmışdır. 2011-ci il ərzində də ikitərəfli gömrük əməkdaşlığının inkişaf etdirilməsi üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində aparılmış işlərin nəticəsi kimi Argentina Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya Respublikası və İsrail Dövləti ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında hökumətlərarası sazişlər imzalanmışdır.
Dünyada və regionda gömrük işi sahəsində baş verən dəyişikliklərlə ayaqlaşmaq və beynəlxalq əməkdaşlıq əlaqələrini istər regional, istərsə də beynəlxalq səviyyədə gücləndirmək baxımından digər ölkələrin gömrük xidmətlərinin iş fəaliyyətinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması Dövlət Gömrük Komitəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ikitərəfli əməkdaşlıq əlaqələrinin davam etdirilməsi istiqamətində Qazaxıstan Respublikası Gömrük Nəzarəti Komitəsinin Manqistau vilayətinin Gömrük Nəzarəti Departamentinin bir qrup əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gömrük işinin təşkili ilə əlaqədar təcrübə mübadiləsi həyata keçirmişlər. Bununla yanaşı, Bakı şəhərinə səfər etmiş Makedoniya Respublikası Gömrük İdarəsinin Baş direktoru Vancho Kargov və Təlim İdarəsinin rəhbəri Zlatko Veterovski və Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə direktoru Erik Kiek Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşlər keçirmiş, Azərbaycan gömrük xidmətinin nailiyyətləri ilə tanış olmuş və perspektiv məsələləri müzakirə etmişlər.
Bununla yanaşı, Argentina Respublikası Gömrük İdarəsinin baş direktoru Maria Siomara Ayeranın rəhbərliyi ilə Bakı şəhərinə səfər etmiş nümayəndə heyəti komitədə gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə, həmçinin yerli gömrük orqanlarının iş fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onu da qeyd edim ki, Argentina nümayəndə heyətinin tərkibində iştirak edən kinoloji xidmətin nümayəndələri DGK-nın Kinoloji Mərkəzində də olmuş, burada xidməti itlərin təlim-məşq prosesini izləmiş və təcrübə mübadiləsi aparmışlar.
Dövlət Gömrük Komitəsi qonşu ölkələrlə də əməkdaşlıq əlaqələrini davam etdirməkdədir. Belə ki, ötən il Bakı şəhərinə səfər etmiş Rusiya Federasiyası Ural Gömrük İdarəsinin və Mərkəzi Ekspert-Kriminalistik Gömrük İdarəsinin nümayəndələrindən ibarət heyətə DGK-nın iş fəaliyyəti və yerli gömrük orqanları barədə ətraflı məlumat verilmiş, həmçinin yerli istehsalla məşğul olan müəssisələrə səfər təşkil edilmişdir. İkitərəfli əməkdaşlıq zəminində ötən il Ukrayna Dövlət Gömrük Xidmətinin sədri İqor Kaletnikin rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya səfəri zamanı da DGK rəhbərliyi ilə keçirilmiş görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış və perspektiv mövzular müzakirə olunmuşdur. Bu səfər zamanı "Azərbaycan Respublikası və Ukrayna gömrük orqanları arasında 2012-2013-cü illərdə əməkdaşlığın səmərəliliyinin yüksəldilməsinə yönəlmiş Tədbirlər Planı" imzalanmışdır.
Dövlət Gömrük Komitəsi öz fəaliyyətində mədəni tədbirlərə də geniş yer ayırmış, Qərb və Şərq mədəniyyətləri arasında dialoqun inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Belə ki, 2006-cı ilin mart ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi yaradılmış, 2007-ci ilin yanvarında isə "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin inzibati binasında Heydər Əliyev Xatirə Muzeyi və DGK Gömrük Tarixi Muzeyinin bölməsi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən dünyanın bir sıra ölkələrində - Belçika Krallığında, İsveçrədə, Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Fransada sərgilər təşkil edilmiş, bu sərgilərdə Azərbaycan gömrüyünün tarixini özündə əks etdirən müasir rəsm əsərləri, respublikamızın gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər kəsb edən əşyalar nümayiş olunmuşdur.
Ötən il isə Argentina Respublikasının Buenos-Ayres şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Argentinada Azərbaycan gömrüyü günü" adlı tədbir çərçivəsində "Azərbaycan gömrüyü: bəşəri dəyərlərin prizmasından" mövzusunda sərginin açılışı, həmçinin "Azərbaycanın gömrük muzeyləri", "Azərbaycan gömrüyü mədəni irsin keşiyində", "Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə" və "Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik" adlı kitabların təqdimat mərasimi keçirilmiş və Azərbaycan gömrüyünün nailiyyətlərini əks etdirən "Zamanla irəli" adlı film nümayiş etdirilmişdir.
Ümumiyyətlə, Azərbaycan gömrük xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, hələ 2003-cü ildə Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin Bakı şəhərində fəaliyyətə başlaması, 2011-ci ilin oktyabrında isə Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə regional ofisinin də Bakı şəhərində yaradılması təsadüfi olmamışdır. ÜGT-nin potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlərdir. Belə ki, bir çox inkişaf etmiş ölkələr, o cümlədən, Avropa İttifaqına daxil olan dövlətlər bu ofisin öz ölkələrində tikilməsini istəmişlər. Lakin sonda məsələ Azərbaycanın xeyrinə həll olunmuş, ofisin Azərbaycanda yaradılmasına 174 ölkə səs vermiş və ÜGT-nin əhatə etdiyi 6 regiondan birinin fəaliyyətinin Bakıdan koordinasiya edilməsi qərara alınmışdır. Avropa regionu və MDB üzrə 51 ölkənin gömrük xidmətini əhatə edən ofisin Bakı şəhərində fəaliyyət göstərməsi həm Azərbaycanın dünyada bir daha tanınmasına, eləcə də yerli gömrük mütəxəssislərinin bu ofisdə çalışaraq dünya standartlarına uyğun daha yüksək səviyyə əldə etməsinə və onların təkmilləşməsinə imkan yaradacaqdır.
Bəli, bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır, gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim diqqət və qayğı ilə əhatə olunurlar. İnanıram ki, gələcəkdə də gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqlar. Dövlət başçımızı, eləcə də hökumətimizi əmin edirəm ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda apardığı mübarizədə yaxından iştirak edəcək, qarşımızda qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığımızı sərf edəcəyik.
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti
general-leytenantı
Xalq qəzeti.- 2012.- 27 yanvar.- S.
4-5.