Tanrı ondan heç nə əsirgəməmişdi

 

Tümendə Azərbaycan kinosu günləri keçirilməli idi. O vaxt nümayəndə heyətinə Leyla xanım Bədirbəyli də dxil idi. Təyyarəyə bilet almaq üçün Leyla xanımın pasportu lazım idi. Mən Leyla xanımın yaşadığı mənzilə getdim və xahiş etdim ki, pasportunu versin, onun üçün də bilet alınsın. Pasportu aldım və o vaxt mübahisəli olan bir məsələni özüm üçün aydınlaşdırdım. Belə ki, mətbuatda Leyla xanımın doğum tarixi 1923-cü il göstərilirdi. Ancaq pasportunda 1920-ci il yazılmışdı. Sonralar özü də təsdiq edirdi ki, o həqiqətən 1920-ci il yanvarın 8-də anadan olmuşdur. Aramızda olmasa da biz bu görkəmli sənətkarı həmişə xoş xatirələrlə yad edir, ona ulu Tanrıdan rəhmət diləyirik.

 

Leyla xanım böyük, şərəfli bir həyat yolu keçmişdir. Onun yaradıcılığı Azərbaycan kino salnaməsinin çox qiymətli səhifələrini təşkil edir.

1945-ci il. II Dünya müharibəsi artıq başa çatmışdı. Ölkədə quruculuq işləri aparılır, mədəniyyətin əsas sahələrindən olan kinoya diqqət artırdı. Stalinin göstərişi ilə Azərbaycanda "Arşın mal alan" filminin çəkilişləri başlamışdı.

Filmdə əsas 2 obraza - Əsgər və Gülçöhrə rollarına dahi Üzeyir Hacıbəyov iki nəfəri dəvət etmişdi. Rəfael adını dəyişməyə məcbur etdiyi Rəşid Behbudovu və Leyla Bədirbəylini.

Leyla Bədirbəyli 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirin Musa xanının qızı, atası Ağalar bəy isə həmin rayonun kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. İçərişəhərdəki evlərində Leyladan başqa özündən 18 yaş kiçik olan bacısı Ofeliya da böyüyürdü. Çox mehriban bacı idilər. Leyla ona həm böyük bacı kimi, həm də anaları ola-ola ana qayğısı göstərib. Uşaqlıqda Ofeliyanı nə qədər çox istəsə də, bir o qədər ciddi yanaşırdı.

Ofeliya xanımın xatirələrindən: "Heç yadımdan çıxmaz. Nardarandakı bağımıza gedəndə anam məni Leylaya bərk-bərk tapşırmışdı ki, uşağı aparırsansa, ona fikir ver. Mən çox arıq idim. Yeməklə heç aram yox idi. Nahar vaxtı bacım nə qədər çalışsa da məni yedizdirə bilmədi. Onu o qədər bezdirdim ki, axırda məni gicitkənlə vurdu. Mən qışqırdım və ağlaya-ağlaya Leylaya dedim ki, gedib anama deyəcəm, qoy məni internata qoysun, çünki sən məni döyürsən. Leyla həmişə deyərdi ki, ömrümdə bir pis iş görmüşəmsə, o da bacımı həmin gün incitməyimdi".

Ərköyün idi Leyla. 12 yaşına qədər hər hansı bir qonaqlığa gedərkən atasının qucağında qayıdardı. "Yorulmuşam, gedə bilmirəm" deyən Leylanı atası məcbur olub qucağına alardı. O zaman Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

O, səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qoyulurdu. "Toy" və Əlibaba Abdullayevin "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu.

Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"-sı olub.

Yenə Ofelya xanımın xatirələrindən: "Tamaşalarda həmişə baş rolları oynayırdı. Bacımın incəsənətdə heç bir çətinliyi olmayıb. Çünki öz işinə çox ciddi yanaşırdı. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gəlirdi. Leyla "Solğun çiçəklər"də Saranı oynayırdı. Səhnələrin birində Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb. Amma bir dəfə də olsun yadıma gəlmir ki, tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə çıxsın. Deyirdi axı, Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim. Sənətinə belə məsuliyyətlə yanaşırdı...

Leyla xanımın Üzeyir bəylə tanışlığı da Filarmoniyadan başlayıb. 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyət Günləri keçirilən zaman nümayəndə heyətinə Üzeyir bəy rəhbərlik edirdi və o, şəxsən özü Leylanı nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Onların Moskvadakı çıxışı çox böyük uğurla qarşılanmışdı. Çıxışlardan birində Stalin də iştirak edirdi. O, Leyla Bədirbəylini görəndə heyran olur. Kim olduğunu soruşur. Azərbaycanlı cavan bir rəqqasə olduğunu və Filarmoniyada çalışdığını öyrənir. Görüşlərin birində Stalin onu çağırır və deyir: "Tı krasavitsa Azerbaydjana".

O, qənirsiz gözəl idi. Onun gözəlliyinə hamı heyran olurdu.

1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayan zaman Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməmişdi. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb deyir: "Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır". Leyla qayıdır evə. Gecə nə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradılır. Üzeyir bəy isə "mən belə dedim ki, gedib öz üzərində çalışasan" deyir. Və beləcə Leyla Bədirbəyli dünya ekranlarına çıxan "Arşın mal alan" filminə çəkilir. Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa - 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. Onların tanışlıqları Filarmoniyadan başlayıb. K.Aslanov rəqs etməyi xoşlayırdı və gözəl də rəqs edirdi. O, da Əli Bayramov klubuna gedirmiş. Görünür, elə o vaxtdan Leylada gözü olub. Anam danışardı ki, bir gün Leyla gəlib bacısına deyib ki, yaxşı bir diş həkimi var gedək onun yanına. Anası ilə gedərdi. Nə vaxt yanına gedirdisə, deyirdi anamın bu dişini çəkmək lazımdı. Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli oldu. Anam dedi ki, "bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çəkdirməzdim". Bir neçə il övladları olmur. Lakin 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlib. 1964-cü ildə isə ikinci qızları olur. O, nənəsi Bikə xanımın adını daşıyır. Ofelya xanımın xatirələrindən: "Anam avqustda rəhmətə getdi. Qız isə oktyabrda dünyaya gəldi. Anamın qırxı çıxan kimi Kamil bizə heç nə demədən uşağın adını doğum şəhadətnaməsinə yazdırır. Kamillə anam ana-bala kimi mehriban idilər. O, anama qaynana kimi yox, ana gözü ilə baxırdı. Hətta o dərəcədə hörmətlə yanaşırdı ki, uşağın adını Bikə yox, Bikəxanım yazdırmışdı. Kamil çox yaxşı insan idi. Onlar 55 il birlikdə gözəl bir həyat sürüblər".

Hazırda Leyla xanımın adını kiçik nəvəsi daşıyır. Bu xatirəni də Ofelya xanım danışıb. "Leyla xanımın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin xəbəri gəlir. Bikə xanım adət-ənənəyə sadiq qalaraq həyat yoldaşının yasını saxlayıb, qırxını verir. 4 ildən sonra gözlənilməz bir hadisə baş verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə olublar. Hətta evləri yaxın olduğu üçün Filarmoniyaya da birlikdə gedib gələrdilər. Bir gün onlar Sara xanımgildə olarkən telefon zəng çalır. Ondan Leylagilin orada olduqları barədə soruşurlar və deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım çaşır, bilmir nə etsin və Kamili çağırıb ona deyir. Stol arxasında oturarkən Kamil deyir: "Yeməyimizi burada yedik, çayı da gedək anangildə içək". Evə yaxınlaşanda Sara Qədimova deyir: "Leyla, gedək evə görək ki, atan qayıdıb". O isə: "Nə danışırsan, elə şey olar? Atamın xəbəri 3-4 il əvvəl gəlib". Pilləkənləri qalxanda Sara xanım fikirləşirdi və həyəcan keçirirdi ki, Leyla atasını sağ və salamat geri dönmüş görəndə nə edəcək: "Qapını açanda gördü ki, evdə çoxlu adam var. Əvvəl qorxdu, elə bildi, anama nə isə olub. Ancaq içəri girib atamı görəndə qışqırıb ağladı və ürəyi getdi".

Tanrı ona hər şeyi nəsib etmişdi. Gözəllik, ailə səadəti, sənət uğuru. Onun xoşbəxt ailə həyatı var idi. Onu sevən və sevilən həyat yoldaşı, 2 övladı və nəvələri. O, dünyada ən gözəl hiss olan analıq hissini yaşamışdı. Ürəyində heç bir arzusu qalmamışdı. Qadınlar arasında birinci "İstiqlal" ordenini Leyla Bədirbəyli, ikincisini isə Əminə Dilbazi alıb. Lakin hər şey öz axarı ilə davam etdiyi zaman ailədə faciə baş verir.

1995-ci ildə həyat yoldaşı Kamil xarici ölkədə yol qəzasına düşür. Yağışlı havada maşın sürüşür, çevrilir və... Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş buna bənzər daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Həyatdan küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Təzə-təzə Kinematoqrafçılar İttifaqına və Teatr Xadimləri İttifaqına bir neçə dəfə getmişdi. Ancaq sonra əlini hər şeydən üzdü. Onun üçün artıq heç nə maraqlı deyildi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi...

Hər şeyin bir sonu olduğu kimi, bu ağrıların da sonu çatdı. 1999-cu il noyabrın 23-də. Həmin gün hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumdu. Dünyasını dəyişən günü o, heç kimlə danışmadı. Elə bil hamıdan, hər şeydən küsmüşdü, həyatdan da. O, həyatdan getsə də qiymətli rolları ilə xatirələrdə əbədiləşdi. "Səbuhi" filmində, "Fətəli xan"da, "Dəli Kür"də, "Görüş"də, "Onun böyük ürəyi"ndə, "Kişi sözü"ndə neçə gözəl rollar yaratdı. SSRİ xalq artisti adına 1959-cu ildə layiq görülmüşdü. SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı olmuşdu. Nə qədər orden və medallarla təltif olunmuşdu.

Leyla xanımın əziz xatirəsi onu sevənlərin, sənətinə pərəstiş edənlərin yaddaşından heç zaman silinməyəcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 28 yanvar.- S. 8.