Prezident İlham ƏLİYEV: Ölkəmizdə çox sürətli və uğurlu inkişaf gedir

 

Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır. Dövlətimizin başçısı bu qədim diyarın müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir.

 

Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da dövlət başçısının tövsiyələrinə uyğun qəbul olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumental ünsürlərin əlavə edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür.

Prezident İlham Əliyev Gəncəyə səfər çərçivəsində Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak etmiş, Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə də tanış olmuşdur. Dövlət başçısı eyni zamanda "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin fəaliyyətinə də diqqət yetirmişdir. Məlumat verilmişdir ki, "DET AL" alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anodkatod karbon bloku anbarları, inzibati binalaboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.

Qeyd edilmişdir ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulmuşdur. Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.

Bildirilmişdir ki, Gəncə "DET AL" alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunmuşdur. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılmışdır. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr "DET.AL AZE" loqotipinə malik olmaqla 22,5 kiloqramdır.

Vurğulanmışdır ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmışdır. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulmuşdur. Alüminium sənayesinin inkişafı məqsədilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılmışdır. Layihə çərçivəsində istisoyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulansifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanmış və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaqdır. Soyuq yayma zavodunun isə tikintisinə başlanmış və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaqdır. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni yerinin açılması planlaşdırılır.

Dövlət başçısına məlumat verilmişdir ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülmüşdür. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaqqazma işləri həyata keçirilmiş, ərazi təmizlənmiş və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilmişdir.

Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə bu şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, ölkədə metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi tədbirlərin uğurla reallaşdırıldığını diqqətə çatdırmışdır. Dövlət başçısı daha sonra demişdir: "Dünyada hələ də davam edən və yeni mərhələsi gözlənilən maliyyə və iqtisadi böhran zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin yaradılması bizim düzgün yolda olmağımızı göstərir. Biz inkişafdayıq. Azərbaycanda iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır. Keçən ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin toplantısında bütün bu rəqəmlər səslənmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulmuşdur, ondan əvvəlki ildə 17,6 milyard. Böyük məbləğdir və bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir, işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı daha da böyük vəsait ayrılacaqdır. Məktəb tikintisi davam etdirilir.

Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir, kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə çox böyük abadlıq işləri aparılır. Bilirsiniz ki, mən Gəncədə tez-tez olurambu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyükçox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir, yeni parklar salınır, yeni ictimai yerlər yaradılır. Biz bu gün səhər Gəncə Dövlət Filarmoniyasının təməl daşını qoyduq. Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir arzuladıqları bir hadisədir. Əminəm ki, yaxın iki il ərzində gözəl, memarlıq cəhətdən çox gözəl və möhtəşəm Gəncə Filarmoniyası da öz işinə başlayacaqdır".

Prezident İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma, "İmamzadə" kompleksinin təmir-bərpası, "Qala" kompleksinin tikintisi ilə tanış olmuş, Nəriman Nərimanov parkının, Bayraq Meydanının və "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında, Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısı Gəncəyə səfərini başa çatdırdıqdan sonra Goranboy rayonunda olmuşdur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı çay süfrəsi arxasında hərbçilərlə görüşərək demişdir: "Bütün hərbi hissələrdə xidmət edən əsgərlər, zabitlər böyük qiymətə layiqdirlər. Amma xüsusilə, ön cəbhədə, düşmənlə üz-üzə olan mövqelərdə xidmət göstərənlərə xüsusi diqqət göstərilməlidir və onların fəaliyyəti xüsusilə qiymətləndirilməlidir.

Ordu quruculuğu prosesi uğurla gedir. Keçən il, ondan əvvəlki illərdə silahlar, texnikalar alınıb. Bu gün göstərilən silahların bir hissəsi yeni alınmış silahlardır. Həm özümüz istehsal edirik, həm ki, dünyanın aparıcı istehsalçılarından lazımi texnikanı alırıq alacağıq. Bu gün döyüş potensialına görə ordumuz bölgənin ən qüdrətli ordusudur.

Bu, bizim gözəl dağlarımızdır. Bu dağların bir hissəsi düşmən tərəfindən işğal edilib. Buradan, bizim döyüş mövqelərimizdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları başlayır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın müəyyən ölçüdə muxtariyyəti olmuşdur, muxtar vilayət idi, ancaq yenə Azərbaycan Respublikasının tərkibində. Bu gün dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır bu, belə olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. "Qarabağ" sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır".

Azərbaycan Prezidenti İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında da iştirak etmişdir. Qeyd edilmişdir ki, buradakı mənzillər bir, iki, üçdörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istiliksu ilə təchizatı yüksək səviyyədə həyata keçirilmişdir. Bildirilmişdir ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Goranboya səfəri çərçivəsində şahmat məktəbinin, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının, şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının, habelə mədəniyyət evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı mərasimlərində iştirak etmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 28 yanvar.- S. 1;2.