Bəhruz
Kəngərliyə həsr olunmuş elmi konfrans
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisi sədrinin "Görkəmli rəssam Bəhruz Kəngərlinin
120 illik yubileyinin
keçirilməsi haqqında" 12 yanvar
2012-ci il tarixli sərəncama
müvafiq olaraq AMEA
Naxçıvan Bölməsində Naxçıvan Dövlət
Universiteti ilə birgə "Azərbaycan
realist rəssamlıq məktəbinin banisi" adlı elmi konfrans keçirilib.
Elmi
konfransı giriş sözü
ilə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq
rəssamlıq sənətimizdə boyakarlıq, qrafika, dəzgah boyakarlığının təşəkkülü,
portret və mənzərənin müstəqil
janr kimi
formalaşmasında böyük xidmətləri
olan ilk Azərbaycanın
realist rəssamı Bəhruz Kəngərlinin
keçdiyi ömür
yolu haqqında, rəssamın təsviri sənətimizdə
tutduğu mövqe barədə
ətraflı bəhs etmişdir. Akademik cəmi
30 il yaşamış görkəmli rəssamın
cəmi 7 il yaradıcılıqla məşğul
olmasına baxmayaraq, 2000-dən çox dəyərli sənət əsərləri
yaratdığını bildirmişdir ki, bunlardan da
500-ə qədəri bizə gəlib
çatmışdır. Qeyd olunub ki, çox
acınacaqlı bir həyat
yaşamış rəssamın akvarel, karandaş, kömür və
tuşla çəkdiyi müxtəlif janrlara aid rəsm əsərləri
var ki, bu
əsərlərin də bir çoxu eskiz və
etüdlərdən ibarətdir. Naxçıvanın
tarixi-memarlıq abidələri ilə yanaşı, rəssam
1918-1920-ci illərdə ermənilər tərəfindən azərbaycanlıların
öz dədə-baba torpaqlarından deportasiya edilməsi nəticəsində
Naxçıvana pənah gətirmiş
qaçqınların portretlərindən ibarət
"Qaçqınlar" silsiləsini fırçaya
alıb ki, bu əsərlər
həm də tarixi sənət kimi dəyərlidir.
Tədbirdə
ümummilli lideri Heydər
Əliyev tərəfindən Bəhruz Kəngərli
yaradıcılığı çox
yüksək qiymətləndirildiyi bildirilərək qeyd olunub ki,
müstəqil Azərbaycan naminə apardığı yorulmaz, məqsədyönlü fəaliyyətində
hər zaman incəsənətimizə böyük qayğı göstərən ulu öndərin tövsiyəsi ilə 2002-ci
ildə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin
xatirəsini əbədiləşdirmək məqsədi ilə
rəssamın ev muzeyi
fəaliyyətə başlanıb. Bu gün Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin
imzaladığı sərəncam da Bəhruz
Kəngərli yaradıcılığına göstərilən
diqqət və qayğının davamıdır.
Xüsusi
olaraq qeyd edilib ki, bu
gün realist rəssamın
yaradıcılığı tədqiqatçılarımız
tərəfindən müasir dövrün tələbinə uyğun olaraq
araşdırılmalı, rəssamın
yaradıcılığı hərtərəfli təbliğ
edilməlidir.
Elmi
konfransda AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü,
professor Əbülfəz Quliyevin
"Bəhruz Kəngərlinin həyat və
yaradıcılığı", Naxçıvan Dövlət
Universitetinin baş
müəllimi, p.ü.f.d. Mahir Xəlilovun
"Bəhruz Kəngərlinin yaradıcılığında
portret janrı", İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
şöbə müdiri Nizami
Aliyevin "Bəhruz Kəngərli Azərbaycanda
ilk peşəkar rəssam kimi",
həmin institutun böyük
elmi işçisi, s.ü.f.d. Ələkbər Qasımovun "Bəhruz
Kəngərlinin obrazı səhnədə" mövzusunda elmi məruzələri
dinlənilmişdir.
Daha
sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, AMEA-nın müxbir
üzvü Qadir Qədirzadə
və İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin aparıcı elmi işçisi, dosent Fərqanə
Kazımova mövzu ilə bağlı
çıxış etmişlər.
Tədbirin sonunda
Azərbaycan realist rəssamlıq məktəbinin
banisi Bəhruz Kəngərlinin həyat və
yaradıcılığı ilə bağlı bölmə əməkdaşlarını
maraqlandıran suallar cavablandırılmışdır.
AMEA Naxçıvan bölməsinin informasiya şöbəsi
Xalq qəzeti.- 2012.- 29 yanvar.- S. 7.