Ölkəmizdə
monqolistikanın əsasını qoyan kitab
Görkəmli türkoloq
alim, filologiya elmləri
doktoru, professor Ramiz Əskər TürkSOY
kitabxanası seriyasından növbəti - 17-ci kitabı ana dilimizə çevirərək nəşr
etdirmişdir. Bu, dünyada orta əsrlər
Asiya tarixinə aid ən
nüfuzlu mənbələrdən biri sayılan "Monqolların gizli tarixi"
kitabıdır.
Məlum olduğu
kimi, TürkSOY-un bu layihəsi türk
xalqlarını bir-birinin ədəbi abidələri
ilə tanış etmək məqsədi güdür.
Ancaq
"Monqolların gizli tarixi"
ümumtürk ədəbiyyatına birbaşa aid olmasa da, türkologiya
ilə bağlılığını nəzərə alan Ramiz Əskər onu türkcə, rusca, almanca nəşrlər əsasında tərcümə
edərək Azərbaycan oxucusuna təqdim
etmişdir.
On iki bölmədən ibarət olan
bu kitab böyük tarixi şəxsiyyət,
sərkərdə və dövlət xadimi,
Monqol İmperiyasının qurucusu Çingiz xanın
(Temuçinin) həyat və fəaliyyətinə
həsr olunmuşdur. "Monqolların
gizli tarixi" Çingiz xanın şəxsiyyəti,
yürüşləri, bir sıra ölkələri
(o cümlədən Türküstanı)
istila etməsi, türk-monqol
müharibələri haqqında ilkin mənbə
olması baxımından türk tarixi və türkologiya elmi üçün mühüm əhəmiyyət kəsb edir.
Bu barədə
fikirlərini kitaba yazdığı on sözdə ümumiləşdirən Ramiz Əskər ürək yanğısı
ilə qeyd edir: "Nə
qədər qəribə olsa da, Azərbaycanda monqolist və
monqolistika yoxdur. Halbuki, türkologiya ilə
monqolistika addımbaşı
qarşılaşır, çarpazlaşır, üst-üstə
düşür, qovuşur
və bəzən heç ayrıla bilmir. Eyni dil ailəsinə mənsubluq, oxşar ictimai-siyasi, tarixi inkişaf və həyat
tərzi, bənzər ordu sistemi,
yüzlərlə ortaq termin
və söz, türk
və monqol xalqlarının etnogenezində
iştirak etmiş eyni tayfa birlikləri, bu xalqlara məxsus olan eyni fütuhat
və cəngavərlik ruhu, dövlət qurma bacarığı, eyni ox və yay, eyni qılınc və
at və s.
müştərək cəhətlər varkən, bunların
tədqiqi, araşdırılması çox
vacib ikən, Azərbaycanda
monqolistikanın inkişaf etməməsi
təəssüf doğurmaya bilməz".
1240-cı ildə yazılıb
tamamlanmış bu əsər (onun Çin nüsxəsi)
ilə rastlaşan ilk
avropalı görkəmli rus sinoloqu (çinşünası) Palladius olmuşdur. Alim kitabı 1866-cı ildə rus
dilinə tərcümə etmiş,
1872-ci ildə isə onun
transkripsiyasını hazırlamışdır.
Bundan sonra dünyanın hər yerində (xüsusən
Rusiya və Almaniyada) bir çox görkəmli
tədqiqatçılar bu əsərlə
bağlı dəyərli araşdırmalar aparmışlar. Bütün bunların nəticəsi olaraq 1935 - 1942-ci illərdə
"Monqolların gizli tarixi"nin tam mətni Almaniya, Yaponiya, Monqolustan və Rusiyada nəşr
edilmişdir.
Əsər
haqqında, onun səciyyəvi xüsusiyyət
və məziyyətləri barədə Azərbaycan oxucusunda tam dolğun təsəvvür yaratmaq
üçün Ramiz
Əskər kitabın əvvəlində Azərbaycanca nəşrinə
özünün yazdığı ön sözdən əlavə əsərin tədqiqatçısı
olmuş iki böyük monqolistin məqaləsini
- alman alimi, professor Erix Hanişin əsərin almanca
nəşrinə "Ön söz"ünü və
türk alimi professor Əhməd Temirin
türkcə nəşrinə "Giriş"ini də vermişdir.
Onların mülahizələrini öz fikri ilə tamamlayan tərcüməçi
yazır: "Bu əsər monqol ədəbiyyatının şah əsəridir. Bizim
üçün Dədə Qorqud kitabı nədirsə, monqollar
üçün də "Monqolların gizli tarixi" odur".
TürkSOY
kitabxanası seriyasından nəşr edilən kitabların bir çoxu kimi, "Monqolların gizli
tarixi" də AMEA Folklor
İnstitutu Elmi
Şurasının qərarı ilə nəşr olunmuşdur.
Nəşrin redaktoru
AMEA-nın müxbir üzvü
filologiya elmləri doktoru,
professor Tofiq
Hacıyevdir.
Səkkiz əsrə yaxın
yaşı olan bu
möhtəşəm əsər 150 ildən artıqdır elmi araşdırmalar hədəfi olsa da, onun
açılmamış cəhətləri, gizli
məqamları hələ də çoxdur.
Kitabın nüfuzlu tədqiqatçısı
professor Əhməd Temirin
qeyd etdiyi kimi, "bu kitab yalnız tarixi sənəd
deyil, ədəbiyyat, etnoqrafiya,
filologiya və hərb tarixi
baxımından da böyük
önəmə sahibdir. Ancaq
bu mövzular öz mütəxəssisləri tərəfindən
işləndikdən sonra əsər tam dəyəri ilə ortaya
qoyula biləcəkdir".
Ramiz Əskərin
nəşrinin dəyəri bir də
ondadır ki, "Monqolların gizli tarixi"ni Azərbaycanın elmi
çevrəsinə daxil etməklə bizim mütəxəssislər üçün
də bu çətin və şərəfli
işə qoşulmaq imkanı
yaratmışdır.
İlham ABBASOV
Xalq qəzeti.- 2012.- 29 yanvar.- S. 7.