Şamaxı
(etnoqrafik etüdlər)
Şamaxı!
Ey mənim sevimli yurdum, Mən sənin qoynunda xaniman qurdum...
Azərbaycanın
ən qədim yurd yerlərindən biri də
Şamaxıdır. Şamaxı Şirvanın mərkəzi
hissəsində, dəniz səviyyəsindən təqribən
749 metr hündürlükdə, əlverişli coğrafi bir
mövqedə yerləşir. Şamaxının cənubunda
Zoğalavay, şərqində isə Pirsaat çayları
axır.
Şəhəri şimaldan Binaslı, Quşhan, şimal-qərbdə
Pirdirəki və Qız qalası-Gülüstan, qərbdən
isə Meysəri dağları əhatə edir. Bu
dağları şəhərin təbii müdafiə istehkamları
da hesab etmək olar. Dağlardan şəhər əhalisini və
ətraf kəndləri içməli su ilə təchiz edən
bulaqlar var.
Ərazinin şimal tərəfdən
dəniz səviyyəsindən 2700 metrə çatan mürəkkəb
relyefi burada mürəkkəb iqlim və bitki
örtüyünün formalaşmasına səbəb olub. Bu
da tarixən ərazidə təsərrüfatın
maldarlıq, arıçılıq və ipəkçilik,
eləcə də bağçılıq və
üzümçülük kimi sahələrinin
inkişafına şərait yaratmışdır. Vaxtilə
Şamaxının "Abbasi" və "Maləccə"
armud sortları bütün Qafqazda məşhur olmaqla, xaricə
də ixrac edilib.
"Şamaxı"
sözünün etimalogiyası ilə bağlı müxtəlif
fikirlər mövcuddur. Ərəb müəllifi Y.Həməvi
qeyd edir ki, sözün kökü "yüksəklik" mənasını
verən "şamax"dır. Başqa bir ehtimala görə,
"Şamaxı" "şam" və "əxi"
sözlərinin birləşməsindən əmələ gəlib
ki, bu da "Şamdan (Dəməşqdən) gələnlər"
deməkdir. A.Bakıxanov "Şamaxı"
sözünün etimologiyasını Ptolomeyin əsərində
"Kemaxeya" kimi qeyd olunan yaşayış məntəqəsinin
adı ilə əlaqələndirir. A.Salamzadənin fikrincə,
"Şamaxı" sözü ərəb mənşəli
"şam"+"əxi" birləşmələrindən
əmələ gəlib ki, birinci mənasında
"Şamın qardaşı", ikinci mənasında isə
"yüksəklik" mənalarını ifadə edir. Başqa bir fikrə görə, bəzi mənbələrdə
"Kemaxeya" kimi qeyd olunan "Şamaxı" toponimi
öz mənşəyini qədim Çin mənbələrində
qeyd olunan türk etnonimi "kimak"dan almışdır
(Akademik V.V.Bartolda görə, "kimak" etnonimi iki türk
mənşəli "iki" və "oymaq" sözlərinin
birləşməsindən yaranıb). Köçəri
maldar tayfaları olan kimaklar qıpçaqların məskunlaşdığı
İrtış və Volqa çaylarının yuxarı hissəsində
yaşamış və 11 kolondan ibarət olub. Mənbələrdən
məlumdur ki, qədim dövrlərdən etibarən Volqa
çayı və Dərbənd yolu vasitəsilə
köçərilərin şimaldan cənuba doğru
köçü baş verib ki, kimakların da məhz bu
köç zamanı Azərbaycana gəlməsi ehtimal olunur.
Ümumiyyətlə, müxtəlif mənbələrdə "Kemaxeya", "Mamaxeya" (Qədim
yunan coğrafiyaşünsı Ptolomeyin məşhur
"Coğrafiya" əsərində Albaniyanın tərkibində
olan 29 yaşayış məntəqəsindən biri
"Kemaxeya" və ya "Mamaxeya" kimi göstərilir),
"Əşşamaxiyə" və s. kimi adı çəkilən
şəhər məhz Azərbaycanın ən qədim mədəni
və inzibati mərkəzlərindən olan indiki
Şamaxı şəhəridir.
Tarixlər şahidi qocaman şəhər!
Nədir qəlbindəki bu
döyüntülər!?
Qanlı-qadalı müharibələrə,
işğallara, dağıntılara və təbii fəlakətlərin
törətdiyi itkilərə baxmayaraq (1667, 1859 və 1902-ci
illərdə Şamaxıda dəhşətli zəlzələlər
olub), Şamaxı sənətkarlarının
ucaltdığı binalar, yaşayış evləri, tarixi
abidələr günümüzə qədər gəlib
çatmış, bu diyarın şanlı keçmişi
haqqında tutarlı mənbələr kimi
çıxış etməkdədir. Belə abidələr
sırasında dini-ibadət yerlərimizdən olan məscidlər,
ziyarətgahlar, qalalar və s. mühüm yer tutur. Qədim
Şamaxının ən məşhur məscidlərindən
Cümə məscidini, İmamzadəni, Qala- bayır məscidini
və s. misal göstərmək olar.
Şamaxı Cümə məscidi
IX-XI əsrlərin (bəzi mənbələrdə XIII əsrin)
yadigarıdır. Məscid 1902-ci ilin dəhşətli zəlzələsində
dağılıb və əvvəlki görkəmini, demək
olar ki, tamamilə itirib. 1903-cü ilin oktyabrında məscidin
ianə yolu ilə bərpası üçün komitə
yaradılır. Layihə işləri əslən
şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova
həvalə edilir və ona uçulmuş cizgilərini
saxlamaqla köhnə bünövrə üzərində məscidin
layihələndirilməsi tapşırılır.
Lakin az sonra komitə ilə
memar arasında fikir ayrılığı meydana gəldiyindən,
Zivərbəy Əhmədbəyov tikintini tərk edir. Məscidin
layihə işlərinin davam etdirilməsi mülki mühəndis
İ.K.Ploşkoya tapşırılır. Ploşko öz
variantını təklif etməklə yanaşı, həm də
Z.Əhmədbəyovun memarlıq variantını saxlayır
və məscidi bərpa edir. Abidənin bir çox elementləri
xaricdə hazırlanır, o cümlədən daxili həcm məkanını
bəzəyən günbəzaltı metal karkas Varşavadan gətirilir.
Bərpası 1912-ci ildə başa çatan məscidin
fasadının naxışları və daşları el sənətkarı
Usta Kəli tərəfindən yonulur.
Azərbaycan memarlıq tarixində
Cümə məscidinin böyük əhəmiyyəti
vardır. Məscidin arxeoloji və memarlıq baxımından
tədqiqi Şirvan-Abşeron memarlıq məktəbinin hələ
də açılmayan bir çox sirlərini öyrənməyə
imkan verə bilər. Təsadüfi deyil ki,
2009-cu ildən Azərbaycan Respublikasının birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
tapşırığı ilə burada yeni əsaslı təmir
işlərinə başlanılıb. 2010-cu il okyabrında
Şamaxıya səfəri çərçivəsində
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Cümə məscidini də ziyarət etmiş, təmir
işlərinin gedişi ilə maraqlanıblar.
Zivərbəy Əhmədbəyovdan
başqa, Şamaxının memarlıq tarixində yeri olan
şəxslərin sırasında yuxarıda adını
çəkdiyimiz Usta Kəli və onun şagirdi Usta Tərxanın
da adlarını qeyd etmək vacibdir. Cümə məscidindəki
işlərdən əlavə, Şamaxının "Laləzar",
"Şaxəndan", "Yeddi günbəz" və
"Qəriblər" məzarlıqlarındakı
daşların çoxunu da Usta Kəli yonub. Həmin
daşların üzərində tez-tez rast gəlinən
"Mən bir vaxt yaxşı bağban idim", "Mən
sürücü idim", "Mən hələ məktəbdə
oxumalıydım" və s. kimi yazılar böyük maraq
kəsb etməklə məşhur ustanın həyatı,
peşə və sənəti haqqında müəyyən
fikir yürütməyə imkan verir.
Şamaxının
abidələr "kolleksiyasına" yaxın-uzaq tariximizin
bir çox səhifələrini özündə qoruyub
saxlayan "İmamlı hamamı", "Topal
Mövsümün hamamı", "Məşədi
Mursalın karvansarası", "Gülüstan
qalası", "Qəleybuğurt qalası",
"Qız döyüşü istehkamı", "Govurxana
sərdabəsi", "Diri Baba türbəsi",
"Şeyxməhəmməd", "Pir-Mərdəkan"
və s. tarixi abidə və qalaları, xalqımızın mənəvi
dünyası, inam və etiqadları ilə bağlı olan
müqəddəs ziyarətgahları da əlavə etsək,
böyük bir siyahı alınar: Mir Səyid
(Pirsaat. İki alim qardaş olub), Qara Sofi (yel piri də deyirlər),
Ağdaş piri, Göydaş piri, Şeyx Eyyub piri, XVIII əsrdə
buranın mürşidi olub), Pirsaat piri, Uzun yol piri
(Xınıslı məhəlləsində), Pir
küleyiş (Qəriblər piri), Yeddi günbəz piri (Kələxana
kəndi), Alçalı piri (Pirqulu
yaylağındakı bu pirə "Ziyil piri" də deyirlər)
və s.
Xatırladaq ki,
Şamaxının qədim və zəngin tarixi
yadigarlarına ağır zərbə vuran 1902-ci il zəlzələsi
həm də böyük insan tələfatına səbəb
olmuşdu. Rusiyada çap olunan məşhur "Niva"
jurnalı (1902-ci il, № 14) bu zəlzələ haqqında
yazırdı: "...Zəlzələ ərəfəsində
şəhərdə 22 min adam yaşayırdı. 2000 nəfər
ölmüş, 16 min adam evsiz-eşiksiz qalmış, 4000 ev,
8 məscid dağılmış, bazar yanmışdır. Zəlzələ
nəticəsində 900 illik tarixə malik Cümə məscidi
də dağılmışdır. 11 şəhər
hamamında qadınlar və uşaqlar batmışdır.
...Zəlzələ qadınların hamam növbəsində
(saat 3-dən sonra) baş verdiyindən, ölənlərin
çoxu qadın olmuşdur. Bundan əlavə, hüzr yerlərində
də 70-dən çox adam ölüb. Yaralılara cəmi 3
həkim və 1 tibb bacısı yardım edib. Fevralın 4-dək
daha 21 nəfər ölüb".
Küçə-küçə,
məhəllə-məhəllə...
Mənbələrdə
Şamaxı şəhərinin məhəllələrindən
bəhs olunur. Müxtəlif mənbələrdə bu məhəllələrin
sayı müxtəlif rəqəmlərlə ifadə olunur.
Yerli sakinlərlə söhbət zamanı bizə 35-dən
artıq məhəllənin adı çəkildi ki, bu da
Şamaxının öz dövrü üçün kifayət
qədər böyük bir şəhər olduğundan xəbər
verir. Məhəllə adları etnoqrafik cəhətdən
böyük maraq kəsb etməklə, şəhərin
strukturu, əhalinin etnik tərkibi, təsərrüfat həyatı,
məşğuliyyəti və s. məsələlərin tədqiqi
baxımından da əhəmiyyətlidir: İçəriqala,
Qaladibi, Sarıtorpaq, Bərbərlər ("Barbarlar" da
deyiblər. Çünki, buranın sakinləri
çox davakar olublar), Garuslar, Quşçular,
İmamlılar, Padarlar, Cuhudlar, Talışlar, Qəriblər,
Axundlar, Laləzar məhləsi, Şaxəndan,
Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı,
Qırmızı məhlə, Cırta-pırta,
Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi,
Ağçılar məhləsi, Ərəblər məhləsi,
Bozavand məhləsi, Yuxarı İmanlı, Aşağı
İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər,
Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli,
Ucarlı, Yarıslı, Qala bazar, Dərəməhəllə
(S.Ə.Şirvaninin yaşadığı məhəllə),
Qurdlar, Gürcübazar, Başmanbazar. Hər məhəllənin
öz ibadət yeri, karvansarası və hamamı olub.
Məhəllə
adlarının etimologiyasından, həmçinin tarixi tədqiqatlardan
məlum olur ki, Şamaxıda aparıcı Azərbaycan
türkləri ilə bərabər zaman-zaman tat, cuhud, malakan,
ukraynalı və digər etnik və etnoqrafik qrupların
nümayəndələri də yaşayıblar. Bu baxımdan türkdilli padarlar (pay+dar - kömək
edən, pay verən sözündən olub, həmişəlik,
daimilik, sabit, davamlı, möhkəm mənalarını ifadə
edir. Ehtimallara görə, onların həmişəlik
köçürülməsi ilə əlaqədardır),
şahsevənlər, udulular (Orta Asiyada yaşayan
"dulu" tayfasından olması ehtimal edilir), şamlı
(VIII əsrdə Şamdan (Dəməşqdən) Azərbaycana
köçən tayfa. 1945-46-cı illərdə
Şamaxıda Ərəbşamlı kəndi olub) və s.
böyük maraq doğurur.
Əfsanələr
də bir tarixdir
Bu
günün özündə də Şamaxının
ayrı-ayrı yaşayış məntəqələri,
yurd yerləri, toponim və tarixi abidələri haqqında
xalqın mənəvi dünyasını, inam və
etiqadlarını, müdrikliyini, qəhrəmanlıq tarixini
və s. sözündə ehtiva edən əfsanələr
dolaşmaqdadır. Böyük maraq doğuran həmin əfsanələrdən
biri də Dədə-Günəş əfsanəsidir. Əfsanədə
deyilir: "Məlhəm kəndində məşhur şair
İbrahim Əli Nəccar Xaqaninin doğma əmisi Kafiyyəddin
Ömər İbn Osman oğlu adlı bir filosof, astronom,
riyaziyyatçı, kimyaçı və həkim
yaşayıb. O, Xaqaninin tərbiyəçisi və hamisi
olub. Kafiyyəddin Ömər İbn Osman
oğlu ölərkən xalq onu özünün iqamətgahı
yaxınlığında, gün düşən bir yamacda dəfn
edib. Ömər İbn Osman oğlu bütün ətraf kənd
əhlini müalicə edə bildiyindən, çox şəfalı,
yüngül əli olduğundan, Günəş
şüasının müalicəvi xüsusiyyətlərini
təbliğ etdiyindən onun dəfn olunduğu yerə "Dədə
Günəş" adı, yəni "Günəşin
atası" adını veriblər. O, öləndən sonra
da camaat şəfa tapmaq ümidilə onun qəbri istünə
gəlməkdə davam edib".
Yeri gəlmişkən qeyd edək
ki, burada adı çəkilən Məlhəm kəndi
Şamaxının ən qədim və səfalı kəndlərindən
biridir. Dünyanın ilk tibb ocağı - "Mədrəseyi-Tibb"
(Tibb Mədrəsəsi) adı ilə tanınan Tibb
Akademiyası XII əsrin əvvəllərində məhz bu kənddə
yaradılıb və burada ilk dəfə olaraq tibb stasionarı
fəaliyyət göstərib. Məlhəm Tibb
Akademiyasında ilk dəfə olaraq gənclərə təbabət
sənətinin sirləri öyrədilir, müalicə məqsədilə
şəfalı məlhəmlər yaradılıb.
Digər bir əfsanə isə
məhz "Məlhəm" toponiminin özü ilə
bağlıdır. Həmin əfsanə isə belədir:
"Qədim zamanlarda bir padşah ova çıxır. Gəzə-gəzə
məmləkətdən uzaq düşür. Nədənsə
özünü pis hiss edir. Qoşun əhli bir-birinə dəyir.
Təbib axtarmağa başlayırlar. Bir əsrarəngiz yerə
çatırlar. Sən demə, bu adamlar qədim Şirvan
torpağına gəlib çatıbmışlar. Rastlarına
çıxan çobandan təbib soruşublar. Çoban
"təbib nədir"- deyə təəccüblənib.
Onlarsa deyiblər: "Bəs sizdə xəstələri necə
sağaldırlar?". Çoban məsələni başa
düşüb qonaqlara "xoş gəldiniz" edir və
deyir: Bizdə heç kəs xəstələnmir. Xəstələnəndə
isə bax, o bulağın suyundan içirlər. Padşah da
həmin sudan içir və sağalır. "Bu ki, su deyil,
məlhəmdir!" - deyir. Elə o vaxtdan da bu diyarın
adı Məlhəm qalır.
Şamaxıdakı
"Nağaraxana" toponimi də böyük maraq doğurur
(ötən il Milli Məclis tərəfindən bu toponimin
adı dəyişdirilib). Şamaxı sakinlərindən
aldığımız məlumata görə
"Nağaraxana" sözü əslində
"naharxana"dır. Guya vaxtilə Şirvan meşələrində
ov ovlayan Şirvan xanları günorta saatlarında bu səfalı
məkanda kabab bişirib nahar edir, Günəşin
doğmasını seyr edirlərmiş.
Qədim
sənətkarlar diyarı
Şamaxı Azərbaycanın ən
qədim sənətkarlıq mərkəzlərindəndir.
Burada tarixən sənətkarlığın müxtəlif
sahələri inkişaf edərək diyarı bütün
dünyada məşhurlaşdırıb. Belə sənət
sahələrindən biri də ipəkçilik olub. Orta əsrlərdən
başlayaraq Təbriz və Şamaxı xam ipək
toxuculuğunun başlıca mərkəzləri kimi
tanınıb. Mənbələr göstərir ki, hələ
XIII-XIV əsrlərdən başlayaraq venesiyalılar
Şamaxıya gələrək ipək aparıblar.
Böyük İpək Yolunun üzərində yerləşən
bu şəhər bütün italyan səyahətçiləri
tərəfindən ticarət və sənaye mərkəzi
kimi qeyd olunur. Məsələn, italyan səyyah Kontarini
yazır: "1475-ci ilin 1 noyabrında biz Şamaxıya gəldik.
Burada bizdə "Talaman ipəyi" adı ilə məlum
olan ipək istehsal olunur, müxtəlif ipək məmulatları,
saya ipək parçalar və s. hazırlayırlar.
...Doğrudur, Şamaxı Təbriz qədər böyük
şəhər deyil, lakin mənim fikrimcə,
yaşayış üçün, təbii ehtiyatlar
baxımından Təbrizdən qat-qat üstündür".
XVI əsrin məşhur səyyahı
A.Cenginson isə yazırdı: "Tatarlar bura pambıqdan,
yundan və ipəkdən hazırlanmış müxtəlif
mallar gətirirlər. Məhz Şamaxıdan ipək saplar,
Rusiya bazarlarında böyük tələbat olan boyaq, alabəzək
ipəklər gətirirlər".
XVIII əsrdə ipək
istehsalında və ticarətində Şamaxının
mühüm rolunu, Avropa ticarət dövriyyəsində əhəmiyyətini
rus müəllifi Solovyovun aşağıdakı məlumatı
da təsdiqləyir: "...Ləzgilərin 1812-ci ildə
Şamaxıya hücumu zamanı Matvey Evreinov adlı bir tacir
170.000 rubl dəyərində ziyana düşür və nəticədə
Rusiyanın ən böyük tacirlərindən biri
müflisləşir. Bütövlükdə Şamaxıda
rus tacirləri 500.000 rubl həcmində ziyana düşür,
300-ə qədər rus taciri döyülür və qarət
olunur". Qeyd olunan dövrdə Şamaxı şəhəri
ilə bərabər ətraf Mücü və Basqal kəndləri
də mühüm ipəkçilik mərkəzləri idi.
Tarixən
Şamaxı öz xalçaları ilə də şöhrət
qazanmışdı. Təsadüfi deyil ki, qədim Şirvan
torpağı bu gün də Azərbaycanın dörd əsas
xalçaçılıq məktəbindən biri hesab
olunur. Şamaxının "Şirvan",
"Şamaxı", "Qobustan", "Salyan", "Qəbələ",
"Ərciman", "Mərəzə",
"Sorsor", "Şilyan" və s.
xalçaları öz kompazisiya quruluşuna və
naxışlarının incəliyinə görə geniş
şöhrət qazanıb. Medalyon və
xırda naxış çeşnilərindən əlavə,
bu qrupa "Namazlıq", və "Bəndi-rumi" kimi
orijinal kompozisiyalı xalça çeşniləri də
daxildir. Şirvan xalçalarında həmçinin buta
motivli bəzək ünsürləri (gülabdan buta,
çiçəkli buta, bala buta, badamı buta və b)
üstünlük təşkil edir.
Bu gün
Şirvan xalçaları dünyanın bir sıra məşhur
muzeylərinin ekspozisiyalarını da bəzəməkdədir.
İstanbulun Türk və İslam muzeyində saxlanılan
"Şirvan" (XIII əsr), Berlin İncəsənət
Muzeyinin Şərq bölgəsində saxlanılan
"Şirvan" (XV əsr), Amerikanın Pensilvaniya muzeyində
saxlanılan "Şamaxı" (XVII əsr) xalçaları
deyilənələrə misal ola bilər.
Zarat-xeybəridə, Dəmirçidə,
Məlhəmdə və digər kəndlərdə divar və
yer hanasında xurcun, naxır torbası, çuval, çuxa,
örkən, şal, corab, fərməş, yəhərüstü
və s. toxuculuğu daha geniş yayılmışdı.
Digər sənət
sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq,
dərziçilik, zərgərlik, ağacişləmə,
oyma sənəti, dəmirçilik (dəmirçi Alsəhab
çox məşhur olub) və s. də Şamaxıda
yüksək səviyyədə inkişaf etmişdi.
...
Qonaq gəl bizə
Şamaxının
tarixi kimi mətbəx mədəniyyəti də qədim, zəngin
və çoxçeşidlidir. Şamaxı zaman-zaman öz
ləziz yeməkləri və qonaqpərvərliyi ilə
buraya gəlmiş səyyahların və ticarət
adamlarının dillər əzbəri olub. Buna əmin
olmaq üçün ingilis səyyahı A.Cenginsonun Abdulla xan
tərəfindən qarşılanma mərasimini xatırlatmaq
da kifayət edir. A.Cenginson Abdulla xanın nahar süfrəsində
onun şərəfinə 290 cür yemək çeşidinin
verildiyini qeyd edir. Bu cür məlumatlara A.Kontarini, A.Oleari,
E.Çələbi və başqalarının yol qeydlərində
də rast gəlmək mümküdür.
Şamaxı əhalisinin geyim və
bəzəkləri də çox zəngindir. Həmin geyim
növlərinin çoxunun rəsmləri rus rəssamı
Q.Qaqarin tərəfindən çəkilib və müxtəlif
dərgilərdə çap olunub. Tanınmış
Şirvan şairi Azay Dovğaçı oğlunun
(Bağırlı kəndi) aşağıdakı şeri də
bu barədə xoş təəssürat yaradır:
Nişanlım qərib eldədi,
Gümüş kəməri
beldədi,
Qızıl sırğanı
yellədi,
Cilvələnib gedəndə
bax.
Çutqusu aldı, xaradı,
Bafta qoyub zərxaradı,
Yarıb ürəyim yaradı,
Göz yaşımı siləndə
bax.
Dik dabanlı
başmağına,
Dodağında
yaşmağına,
Məhnə-mahnı
qoşmağına,
Şirin deyib güləndə
bax.
Böyük
mesenat, mədəniyyət hamisi
XIX əsrdə Azərbaycanın
muğam mərkəzlərindən biri də Şamaxı olub.
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə
(1826-1896) bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti,
şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər
bir mesenat - incəsənət himayəçisi idi. O, dövrünün görkəmli
musiqişünası, mahir tarzən və muğam bilicisi
olmaqla bərabər, gözəl avazla pəsdən
oxuyarmış. Qafqazın bütün məşhur xanəndə
və tarzənləri Mahmud ağanın məclisində
iştirak edirdilər.
Bu dövrdə Şamaxıda
böyük maarifçi və şair Seyid Əzim
Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa"
adlı ədəbi məclis də fəaliyyət göstərirdi.
Mahmud ağa həmin məclisin üzvlərinə də himayədarlıq
edir və şeiri çox sevirdi. O, öz malikanəsində
musiqili gecələri, xanəndələrin müsabiqəsini
keçirir, qaliblərə qiymətli hədiyyələr və
mükafatlar verirdi. Hacı Hüsü, Məşədi
İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan,
Cabbar Qaryağdı oğlu kimi dövrün məşhur xanəndələri
Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi
musiqi məclislərində iştirak ediblər. Tarixi sənədlərdən
onların arasında Tiflis, Qarabağ və İran
musiqiçilərinin olduğu da qeyd olunur.
Yeri gəlmişkən
qeyd edək ki, Mahmud ağanın musiqi məclislərində
iştirak edən məşhur şamaxılı rəqqasələr
hamını heyrətə salırmış. 1858-ci ilin
noyabrında Mahmud ağanın təşkil etdiyi belə məclislərin
birində fransız A.Düma, rus etnoqrafı və səyyahı
İ.Yevlaxov (Yevlaxaşvili. Əslən Yevlax rayonundan olub) və
məşhur rus rəssamı, knyaz Q.Q.Qaqarin (1810-1893) də
iştirak edib. A.Düma yazır: "Şamaxıya yola
düşərkən Knyaz Dondyukov dedi: "Şamaxı rəqqasələrini
mütləq görün! Knyaz Baqration dedi: "Şamaxı
rəqqasələrini mütləq görün! Bakıda
hamı birnəfəsə təkrarlayırdı:
"Şamaxı rəqqasələrini mütləq
görün! ...Təəssüf ki, həmin rəqqasələrdən
yalnız üçü qalıb: iki qadın və bir
oğlan". Xatırladaq ki, Mahmud ağa Şamaxı şəhərinin
abadlaşdırılmasında da müstəsna xidmətlər
göstərib.
Bir
az da nostalgiya...
...Şamaxı Rayon Mədəniyyət
və Turizm şöbəsindəyik. Şöbə
müdiri Məleykə Kamilova və aparıcı məsləhətçi
Rafael Tağızadə bizi rayonun yaxın keçmişinin mədəni
həyatını əks etdirən materiallarla tanış
edirlər. Məlum olur ki, sovet dönəmində
Şamaxıda ənənəvi xalq bayramları ilə bərabər,
sakinlərin təsərrüfat həyatı və peşə
məşğuliyyəti ilə bağlı bir çox
bayramları da qeyd ediblər. Məhsul
bayramları, "Çobanlar günü",
"Sağıcılar günü", "Yaylağa
köçmə" və s. bayramlar burada böyük təntənə
ilə keçirilib. Şamaxıda ayrı-ayrı illərdə
"Şirvan" xalq çalğı alətləri
ansamblı, "Gülüstan" xalq çalğı alətləri
ansamblı, "Şirvan" folklor ansamblı, "İncə
tellər" aşıqlar ansamblı, "Nağaraçılar"
ansamblı, müxtəlif rəqs kollektivləri fəaliyyət
göstərib. Ötən əsrin 60-70-ci illərində
muğam üçlükləri, xüsusilə Ağakərim
Nafizin muğam üçlüyü nəinki Şamaxıda,
bütün Azərbaycanda məşhur olub. Müntəzəm
olaraq keçirilən folklor bayramları və
festivallarının, şəhər mədəniyyət
parkında "Bahar və söz" adı ilə təşkil
olunan Novruz şənliklərinin repertuarlarını nəzərdən
keçirdikcə, bu bayramların hansı təntənə və
coşqu ilə keçirildiyi göz önünə gəlir.
Mədəni tədbirlər
sırasından 1986-cı ildə Şamaxıda
keçirilmiş "Biz muğama qayıdırıq"
adlı tədbir isə çox böyük əks-səda doğurub.
Hesab edirik ki, dövlət tərəfindən muğam sənətinə
çox böyük diqqət və qayğının
göstərildiyi indiki şəraitdə belə tədbirlərin
bərpası lap yerinə düşərdi.
Heyran
olmuşam axı...
Şamaxı zəngin tarixi
keçmişini yaşatmaqla bərabər, günbəgün
müasirləşir, abadlaşır və gözəlləşir.
Hazırda Şamaxıda bir neçə ölkə əhəmiyyətli
sənaye müəssisəsi - "Star" məişət
xidməti cihazları zavodu, "Azsamand" avtomobil zavodu,
"Azeleloktronik" soyuducular zavodu, müxtəlif təyinatlı
sexlər və s. fəaliyyət göstərir. "Azsamand"
avtomobil zavodunun yaxın gələcəkdə daha da
genişləndirilməsi və burada "Pejo-206",
"Pejo-405" avtomobillərinin istehsalının təşkili
də nəzərdə tutulur.
Son bir
neçə ildə rayonda bütün standartlara cavab verən
Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi,
Tarix-Diyarşünaslıq muzeyinin yeni binası tikilmiş,
neçə-neçə məktəb və uşaq
bağçası yüksək səviyyədə təmir
edilərək istifadəyə verilib.
Rayon iqtisadiyatının əsasını
təşkil edən kənd təsərrüfatı da
dirçəliş yolundadır. Son illər aparılan islahatlar
nəticəsində üzümçülük,
taxılçılıq, bostançılıq, meyvəçilik,
arıçılıq və s. sahələrdə yüksəliş
nəzərə çarpır. Bütün
bunlar isə Azərbaycan Respublikası Prezidentinin
imzaladığı "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
həyata keçirilən tədbirlər sayəsində
mümkün olub. 2010-cu ildə isə cənab İlham Əliyev
Şamaxı rayonunun sosial-iqtisadi inkişafı haqqında
xüsusi sərəncam imzalayıb. Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin
mühafizəsini, müasir turizm infrastrukturunun
yaradılmasını və abadlıq-quruculuq işlərinin
davam etdirilməsini nəzərdə tutan həmin sərəncamda
Şamaxının Azərbaycan tarixində yeri və rolu da
çox dəqiq müəyyənləşdirilib: "...Zəngin tarixi olan qədim Şamaxı şəhəri
Azərbaycan dövlətçiliyinin, incəsənətinin
və ədəbiyyatının inkişafına böyük
töhfələr vermiş, ölkəmizin mühüm
sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən
biri kimi tanınmışdır".
Beləliklə
də, bütün bu məqsədyönlü fəaliyyət
kontekstində Şamaxının etnoqrafik baxımdan öyrənilməsinin
vacibliyi də otaya çıxır. Çünki maddi və
mənəvi dəyərlərimizin çoxu müasir
qloballaşma proseslərinin amansız burulğanında
itib-batmaqdadır. Bundan başqa, zaman keçdikcə, nəsillər
bir-birini əvəz etdikcə, tariximizin yazılmayan səhifələrini
yaddaşlarında qoruyub saxlayan insanların sayı da tədricən
azalır və tükənir. Etnoqrafik tədqiqatların
kökündə isə məhz həmin insanların söz
yaddaşı və onların ürəyində gizlənmiş
söz xəzinəsi dayanır.
Tofiq
BABAYEV,
tarix üzrə fəlsəfə
doktoru,
Tahir ŞAHBAZOV,
tarix üzrə fəlsəfə
doktoru,
Bahar ƏMƏNOVA,
kiçik elmi işçi, AMEA
Arxeologiya
İnstitutunun əməkdaşları
Xalq qəzeti.- 2012.- 29 Yanvar .- S. 6.