Davos İqtisadi Forumu dünya iqtisadiyyatının qarşısında duran vəzifələrin həlli yollarını axtarır

 

Azərbaycan bu prosesə özünəməxsus töhfələr verməkdədir

 

Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti Davos, 27 yanvar 2012-ci il

 

Ötən əsrin son onilliklərində dünya siyasətçilərinin gündəliyində dayanan qloballaşma məsələsi müxtəlif sahələri təmsil edən mütəxəssisləri bu istiqamətdə yeni yollar axtarılmasına sövq edirdi. Qloballaşmanın uğurlu şəkildə reallaşdırılması üçün ən mühüm şərt iqtisadi birliyinin yaradılması sayılırdı.

SSRİ-nin çökməsindən sonra bu proses daha dönməz xarakter aldı və artıq iqtisadi birliyi məsələsi ölkələr və dövlətlər müstəvisindən çıxaraq başqa çoxsaylı formatlara keçdi. Tutaq ki, bir Avropa ölkəsi Asiyanın hansısa şirkəti ilə, yaxud, bir qitədə fəaliyyət göstərən korporasiya başqa qitənin bir neçə dövləti ilə geniş iqtisadi əməkdaşlıq formalaşdırmağa başladı. Əslində bu, tərəflərin hamısının iqtisadi sərbəstliyinin təmin edilməsi idi. Davos İqtisadi Forumu isə bu istiqamətdə fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biridir. Bu qurum 2012-ci ilin yanvarında artıq 42-ci dəfə dünya iqtisadiyyatına rəhbərlik edən şəxsləri bir araya toplamışdı.

Azərbaycanda Davos İqtisadi Forumuna verilən önəmin miqyası barədə dəfələrlə söz açmışıq. Dövlətimizin bu toplantını yüksək qiymətləndirməsinin daha bir nümunəsini isə Prezident İlham Əliyevin Davosa səfəri çərçivəsində bu forumun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşməsi oldu. Cənab Şvab görüşündə qeyd edib ki, Azərbaycanın bu forumda ildən-ilə artan fəallığı, eləcə də bu ölkənin iqtisadi inkişafı dünyanın və Avropanın bir sıra nüfuzluböyük şirkətlərinin Bakı ilə əməkdaşlığa marağını artırır.

Yeri gəlmişkən, Davos İqtisadi Forumunun təsisçisi və icraçı sədri haqqında bəzi məlumatları oxuculara təqdim etmək istərdik. Milliyyətcə alman olan görkəmli İsveçrə iqtisadçısı Klaus Martin Şvab 1938-ci ildə Almaniyanın Ravensburq şəhərində doğulub.

Ali mühəndislik təhsilini İsveçrənin Sürix şəhərində alan Şvab 1965-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsinə çatıb. Frayburq şəhərində ikinci ali təhsilə yiyələndikdən sonra ikinci alimlik dərəcəsinə - iqtisadiyyat üzrə elmlər doktoru adına layiq görülüb. O, üçüncü ali təhsilini bütün dünyada məşhur olan Harvard Universitetində alıb və ictimaiyyətlə inzibati rəhbərlik sahəsində növbəti elmi dərəcəyə yiyələnib.

Professor Klaus Şvabın 1971-ci ildə Cenevrə Universitetində təsis etdiyi Menecmentlərin Avropa Konfransı adlı qeyri-hökumət təşkilatı iqtisadi inkişafın ən yeni konsepsiyalarının müzakirəsini açmış və dərhal öz ətrafında çoxsaylı mütəxəssisləri toplamışdı. Onun 1979-cu ildə təsis etdiyi "Qlobal Kompetitivennes Report" illik jurnalında dünyanın bütün guşələrini əhatə edən mütəxəssislərin iqtisadiyyat, rəqabətədavamlılıq və sahibkarlıq mövzusunda məqalələri verilirdi. Bundan başqa doktor Şvab dünyanın aparıcı siyasət xadimlərini, iqtisadçıları və intellektual təbəqənin təmsilçilərini bir araya cəmləyib qlobal problemləri müzakirə etmək üçün xüsusi fond təsis etmişdi. Dünya üzrə birləşdirici platforma xarakteri olan həmin fond 1987-ci ildən etibarən Ümumdünya İqtisadi Forumu adlandırıldı. SSRİ-nin çökməsindən sonra isə bu qurumu daha çox Davos İqtisadi Forumu adlandırdılar.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda məhz bu görkəmli iqtisadçı alimlə, dünyanın siyasətçilərini, iqtisadçılarını və yüzlərlə şirkətin, korporasiyanın və alyansın təmsilçilərini bir araya cəm edən böyük təşkilatçı mütəxəssislə görüşmüşdür. Həmin mütəxəssisin Azərbaycanın sosial-iqtisadi inkişafı barədə söylədiyi fikirlər isə bizim üçün çox dəyərli idi.

Təkcə Azərbaycan Prezidenti İlham Əliyevin Davos səfəri çərçivəsində keçirdiyi görüşlərin sayını və əhatə dairəsini nəzərə alsaq, cənab Klaus Şvabın hələ 42 il əvvəl nə qədər uzaqgörən bir addım atdığının təsdiqini görərik.

Azərbaycan Prezidenti səfər çərçivəsində İsveçrə Prezideni xanım Eveline Vidmer Şlümf, İsrail Prezidenti Şimon Peres, Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Rouss, ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats, "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger, Avropa İttifaqının enerji məsələri üzrə komissarı Günter Ottinger, cənab Klaus Şvab, Gürcüstanın Baş naziri Nika Gilauri, İordaniyanın Baş naziri Ayn Al Xasaundaha ondan çox nümayəndə heyətinin rəhbərləri ilə görüşmüş, ölkəmizin maraqlarını təmin edəcək danışıqlar aparmışdır: "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı - 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi" adlı panel iclasda, eləcə də "Avrasiyanın gələcəyi" adlı sessiyada Azərbaycan Prezidentinin də iştirakı gənc müstəqil dövlətimizin dünya iqtisadi birliyinin və beynəlxalq aləmin ən fəal üzvlərindən biri olduğunu göstərirdi.

Ancaq bizim üçün daha maraqlı olan məqam Davosda Azərbaycana həsr olunan interaktiv sessiyanın keçirilməsi idi. Tədbirin aparıcısı, Davos Forumunun icraçı direktoru Börge Brend giriş çıxışında qeyd etmişdir ki, dünyada maliyyə böhranının mövcud olduğu bir dövrdə Azərbaycanın neyri-neft sektorunda 9 faiz iqtisadi artım qeydə alınmışdır. Xatırladaq ki, bu gün bütün dünyada qeyri-neft sektorundakı iqtisadi vəziyyət hamının diqqət mərkəzindədir. Çünki mütəxəssislər neftqaz sektorunun iti sürətlə inkişafı fonunda qeyri-neft sektorunun geriləməsindən böyük narahatlıq ifadə edirlər. Azərbaycanda isə bu sahədə 9 faiz illik artımın olması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün ölkəmiz uğurla inkişaf edir. Son bir ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da heyranedicidir: 2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neftqaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır.

Dövlət başçımız qeyd etdi ki, "Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır... Əlbəttə ki, enerji sektoru iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edir. Bu, təbiidir, çünki neft istehsalı təqribən 50 milyon ton təşkil edir. Qaz istehsalı isə bu il 30 milyard kubmetrə yaxın olacaqdır. Yeni layihələr və sərmayələrlə bu rəqəm 50 milyarda da çata bilər. Beləliklə, qeyri-enerji iqtisadiyyatımızda nə qədər artım əldə etməyə çalışmağımıza baxmayaraq, enerji həmişə ümumi daxili məhsulda üstünlük təşkil edəcəkdir. Lakin bu, təbii haldır və yeni üfüqlər açır. Çünki indi Azərbaycanın iqtisadienerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur".

Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirməsindən məmnunluq ifadə edərək dedi: "Təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Lakin bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs verdi".

Beləliklə, Azərbaycan Prezidentinin bütün xarici səfərləri kimi Davos İqtisadi Forumunda iştiakı da ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının daha da sürətləndirilməsinə növbəti təkan oldu. Dünya siyasətçiləri Azərbaycan həqiqətlərini yenidən eşitdilər, iqtisadçılar ölkəmizin iqtisadi potensialı ilə növbəti dəfə tanış olmaq imkanı əldə etdilər. Bu isə ölkəmizin yeni uğurlarının yönəldəcəkdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 1.