Kənan YAVUZ: Azərbaycanın qondarma "erməni soyqırımı" məsələsində gördüyü işlər Türkiyənin gördüyü işə bərabərdir

 

Türkiyənin TGRT kanalının "Başbaşa" verilişində "Fransa parlamentində qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu və Türkiyəyə təbii qazın satılması məsələsində Azərbaycanın rolu" mövzusunda müzakirələr aparılmışdır.

Azərbaycanın Türkiyədəki enerji nəhəngi "SOCAR-Türkiyə A.Ş"nin rəhbəri Kənan Yavuz verilişdə Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanununa Azərbaycanın reaksiyası və Türkiyəyə təbii qazın satılması məsələsində ölkəmizin rolu ilə bağlı maraqlı fikirlər söyləmişdir.

Kənan Yavuz demişdir ki, Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ilə əlaqədar Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi məlumatları yayılmışdır.

Bu məsələ ilə bağlı qardaş Azərbaycanın rəsmi mövqeyi də Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Milli Məclisində 125 deputatın iştirakı ilə iki gün xüsusi iclas keçirilmişdir. Milli Məclis 125 deputatın imzası ilə Fransa parlamentinin bu addımına etiraz bildirən müraciət qəbul etmiş və Senata göndərmişdir. Fransanın Azərbaycandakı səfiri qardaş ölkənin Xarici İşlər Nazirliyinə çağırılmış və xəbərdarlıq edilmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yaymışdır.

Azərbaycan Fransadakı səfirinə həmin qanunla bağlı Türkiyənin bu ölkədəki səfiri ilə birgə fəaliyyət göstərmək haqqında tapşırıq vermişdir. Dünyada belə bir həmrəylik mövcuddurmu? Bakıda bu məsələ ilə bağlı Fransa səfirliyi qarşısında etiraz nümayişləri keçirilir. Fransadakı nümayişləri göz önünə gətirin. Bu nümayişlərdə də Azərbaycanın və Türkiyənin bayraqları birgə dalğalanırdı. Azərbaycan rəsmiləri kəskin bəyanatlarla çıxış etmişlər.

Bunlar qardaş ölkənin bu məsələyə necə həssas yanaşmasının göstəricisidir. Azərbaycan dövləti bu məsələdə bundan artıq daha nə etməlidir ki?!

Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qərarı ilə bağlı Türkiyənin gördüyü işlərlə Azərbaycanın gördüyü işləri yan-yana qoysaq, ən azından bərabər olar.

Bu günlərdə Azərbaycanda Ermənistana qarşı, erməni iddialarına qarşı etirazlar Türkiyədən beşqat çoxdur.

Verilişdə K.Yavuz Azərbaycan ilə Türkiyənin enerji sahəsində birgə layihələrindən də danışmışdır.

"SOCAR-Türkiyə A.Ş"-nin rəhbəri demişdir ki, ötən əsrin 90-cı illərində Bakıda "Əsrin müqaviləsi" imzalandı, Bakı- Tbilisi-Ceyhan neft kəməri çəkildi. Bilirsiniz ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəlin bu layihənin həyata keçməsi üçün çox böyük xidmətləri olmuşdur. O zaman beynəlxalq aləmdə bu layihənin əleyhinə olanlar çox idi.

Azərbaycan Türkiyənin kimya sənayesinə ən böyük sərmayəni yatırmışdır. Ötən il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Petkim" neft-kimya holdinqinin inkişaf konsepsiyası çərçivəsində şirkətin yerləşdiyi ərazidə 5 milyard ABŞ dolları dəyərində yeni neft emalı zavodunun inşa edilməsi üçün qoyulmuş investisiya Türkiyənin özəl sektor tarixində ən böyük sərmayədir. Bu da Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin bəhrəsidir. Əgər bu kəmərlər olmasaydı, belə böyük nəticələr də olmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri ilə 50 milyon tona yaxın neftin nəqli dünyada enerji mərkəzi adlandırdığımız Ceyhan limanını nəhəng bir struktura çevirdi.

Verilişdə K.Yavuz Azərbaycan ilə Türkiyə arasındakı təbii qaz alqı-satqısının bəzi detalları haqqında da məlumat verərək demişdir:

- Türkiyənin üç təbii qaz tədarükçüsü vardır - Azərbaycan, Rusiya və İran. Türkiyə ildə 40 milyard kubmetr təbii qaz istehlak edir. Bunun 6,6 milyard kubmetri Azərbaycanın təbii qazıdır. Azərbaycandan alınan "mavi yanacaq" həm keyfiyyətlidir, həm də qiymət baxımından Rusiya və İran qazından daha ucuz olmuşdur və bu gün də ucuzdur. Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazın əsas hissəsi Türkiyəyə ixrac olunur. ARDNŞ-in də iştirak etdiyi "Şahdəniz" konsorsiumunda xarici şirkətlər də vardır. Konsorsium təbii qazın qiymətini bazarla uyğunlaşdırmağa çalışsa da, ARDNŞ Türkiyəyə təbii qazı ucuz satır. Türkiyənin Azərbaycandan idxal etdiyi təbii qaz digər iki mənbədən 30 faiz ucuzdur. Hazırda İran qazının qiyməti daha yüksəkdir, Rusiya ikinci yerdədir. Bir daha təkrar edirəm, qardaş Azərbaycan Türkiyəyə təbii qazı ucuz qiymətə satır.

Qış mövsümündə Türkiyədə təbii qazla bağlı problem yaranarsa, Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını vurğulayan K.Yavuz demişdir: - Hər il qışda Türkiyədə təbii qaz böhranı yaşanır, təbii qaza ehtiyac çoxalır. Belə vaxtlarda Azərbaycan Türkiyəyə göndərdiyi qazın həcmini 2,5 dəfə artırır. Qardaş ölkə bunu daxili ehtiyatlara qənaət hesabına edir. Azərbaycan Türkiyə üçün belə bir fədakarlıq göstərir. Qardaş ölkə Türkiyəyə nəql etdiyi gündəlik qazın həcmini 3 qat artırıb.

Azərbaycan ilə Türkiyənin "Botaş" şirkətinin işgüzar əlaqələrinə də aydınlıq gətirən K.Yavuz demişdir:

- Qardaş ölkələrimiz arasında münasibətlərin korlanmasında maraqlı olan bəzi dairələr, Azərbaycandan alınan təbii qazın qiymətinin baha olması səbəbindən, guya, Türkiyənin 150 milyon ABŞ dolları məbləğində zərər çəkməsini yazırlar. Mən bu məlumatları qətiyyətlə təkzib edirəm. "Botaş" və onun tabeliyindəki qurumlar heç bir ziyan çəkməmişlər. Əksinə, ARDNŞ "Bill" şirkətinin ziyana düşməsinin qarşısını almışdır. Beləliklə, Türkiyənin heç bir şirkəti zərərə düşməmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin İzmir şəhərinə səfəri çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə imzaladıqları müqavilə isə daha strateji hədəflərə yol açmışdır. Bir daha təkrar edirəm, ötən il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Petkim"in inkişafı konsepsiyası çərçivəsində şirkətin yerləşdiyi ərazidə 5 milyard ABŞ dolları dəyərində yeni neft emalı zavodunun təməlini qoydular. Bu səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında Transanadolu təbii qaz boru kəmərinin çəkilməsinə dair 6 milyard ABŞ dolları dəyərində müqavilə də imzalandı. Bu böyük layihənin reallaşdırılması Türkiyədən keçməklə Avropanı Bakı ilə bağlayacaqdır. Bu da Azərbaycan və Türkiyə üçün yeni strateji hədəflərə yol açacaqdır.

Azərbaycan indiyədək Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng layihələri reallaşdırmışdır. Türkiyə İran və Rusiya qazının, sadəcə, alıcısıdır. Ancaq Azərbaycanın reallaşdırdığı layihələrdə isə Türkiyə tərəfdaşdır. Bu tərəfdaşlıq Transanadolu təbii qaz boru kəməri layihəsində digər layihələrdəkindən daha yüksək səviyyədə olacaqdır.

 

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 1.