Fəaliyyətimizi müasir tələblər səviyyəsində qururuq

 

Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür... Keçən ilyeni şəhərciklərin açılışını qeyd etmişdik. Bu ilqeyd edəcəyik. Hesab edirəm ki, bu il bu məsələlərə nəzərdə tutulduğundan ən azı iki dəfə çox vəsait sərf edilməlidir, ən azı iki dəfə, bəlkə də üç dəfə. Çünki bu məsələ ən ciddi, vacib məsələdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

B u yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ölkə başçısının iclasdakı nitqi bu gün bütün dövlət qurumlarında geniş müzakirə edilir, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər müəyyənləşdirilir. Prezident İlham Əliyev bildirmişdir: "2011-ci ildə ölkə qarşısında duran bütün sosialiqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın".

Doğrudan da, bu gün ölkəmizin hər guşəsində quruculuq işləri həyata keçirilir. Yeni binalar, məktəblər, səhiyyə müəssisələri tikilir, yollar, körpülər, ötürücü qovşaqlar inşa edilir, yeni müəssisələr işə salınır. Təkcə 2011-ci ildə 94 min yeni yeri yaradılmışdır.

Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ problemi hələ də həll olunmamış qalır. Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşmüşdür. Onların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha bu qayğını ifadə edərək demişdir: "Məcburi köçkünlər üçün yeni tikiləcək şəhərciklərin sayı da çoxalmalıdır. Yataqxanalarla bağlı, o da Proqramda vardır. Biz gərək köçkünləri fin evlərindən, yataqxanalardan yaxşı mənzillərə köçürək. Bütün bu işlər vəsait tələb edir. Ona görə deyirəm, onsuz da böyük vəsait ayrılır. Ancaq indi hələ ki, mən rəqəmləri dəqiq demək istəmirəm. Bu məsələ indi hökumətdə müzakirə edilir. Ən azı nəzərdə tutulduğundan iki dəfə çox olmalıdır".

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev hələ 2004-cü il iyulun 7-də "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın qəbul edilməsini təsdiq edən sərəncam imzalamışdır. Sonrakı illərdə isə iki dəfə bu proqramına əlavələr edilmiş və onların icrası böyük sürətlə həyata keçirilmişdir.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının sürətləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin 1999-cu il 6 dekabr tarixli fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılmışdır. Həmin fondun idarəetmə orqanı olan Müşahidə Şurasının yaradılması isə Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli qərarı ilə təsbit edilmişdir. Fondun əsas məqsədi Azərbaycan Hökuməti və digər beynəlxalq donor təşkilatları tərəfindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün yerlərinin açılmasını, əsasən sosial infrastrukturun bərpasını təmin edən layihələrin həyata keçirilməsindən ibarətdir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun fəaliyyətə başladığı ilk dövrlərdə Azərbaycan Hökuməti ilə bərabər, beynəlxalq donorlar da onun formalaşmasında iştirak etmişlər. Belə ki, 2000-ci ildə BMT-nin İnkişaf Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən fondun institusional inkişafı məqsədilə 40 min ABŞ dolları həcmində vəsait ayrılmışdır. Fondun praktiki fəaliyyəti 2001-ci ildən başlamışdır. Onun maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan Hökumətinə 10 milyon ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olmuşdur. Bu vəsait hesabına mikrolayihələr və mikrokreditlərin verilməsi layihəsi həyata keçirilmişdir.

Sonradan fondun fəaliyyəti ilbəil genişlənməyə başlamış, ən əsası isə onun maliyyələşmə mənbələri artmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dövlət büdcəsi, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondus. donorlar sırasına qoşulmuşlar.

Dövlət Neft Fondu bu donorlar arasında xüsusilə fərqlənmişdir. Hələ ulu öndərin fərman və sərəncamları ilə 2001-ci ildən başlayaraq MKSİF ölkədə çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı hesab edilməyən yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisinə başlamışdır. Ümumiyyətlə, qaçqın və məcburi köçkünlər üçün müvafiq rayonların ərazilərində yeni qəsəbələr inşa edilmişdir. Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, Göygöl, Qəbələ, Yevlax rayonlarında salınmış bu qəsəbələrdə çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlər yerləşdirilmişdir. Həm də həmin qəsəbələrdə bütün infrastrukturlar vardır ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəldilmiş çox mühüm tədbir kimi dəyərləndirilir. Məktəblər, bağçalar, istirahət guşələri, istehsal müəssisələri və s. əhalinin rahatlığının təminatı kimi çox əlverişlidir.

Belə bir fakta diqqəti yönəltmək istərdim. Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manatya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Təkcə 2011-ci ildə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və məşğulluğunun artırılmasına 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu büdcədən, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılmışdır.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılmasını Nazirlər Kabinetinin iclasındakı çıxışında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov əsaslandırmışdır: "İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınmış, 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır".

Bütün bunlar bir daha təsdiq edir ki, dövlət başçısı İlham Əliyev öz yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraitinin yaxşılaşdırılmasına həmişə xüsusi qayğı göstərmişdir. 2003-cü ildən bəri bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. O cümlədən, 2011-ci ildə bu sahə üzrə Prezident 7 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti 12 qərar və sərəncam, Milli Məclis isə 1 qanun qəbul etmişdir. Bu faktlar qaçqın və məcburi köçkünlərin daim diqqətdə olduğunu bir daha təsdiq edir.

Ölkədə hazırda bir dənə də olsun çadır şəhərciyinin qalmaması və həmin yerlərdə yaşayan qaçqın və məcburi köçkünlərin abad qəsəbələrdə yerləşdirilməsi də məhz dövlətin yüksək qayğısının nəticəsində mümkün olmuşdur. Bütün bu işlərin icrasının təşkilində MKSİF-nin xüsusi xidmətləri olmuşdur.

Yuxarıda qeyd etdim ki, MKSİF-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlıdır. 2004-cü ildə qəbul olunmuş Dövlət Proqramında qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmiş və 2007-2010-cu illərdə həmin proqramma edilən əlavələr üzrə işlər davam etməkdədir.

Proqrama uyğun olaraq 2010-cu ildə Yevlax şəhərinin ərazisində 612 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllə, Ağdam rayonu Quzanlı bələdiyyəsi ərazisində 689 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən ibarət qəsəbə bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilmişdir. Eyni zamanda, Naftalan Sanatoriya-Kurort Birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi üçün 3 ədəd 5 mərtəbəli bina ucaldılmış və məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir.

Mingəçevir şəhəri ərazisində 502 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli yaşayış binalarından ibarət yeni yaşayış məhəlləsinin, Şəki rayonu ərazisində 423, İmişli rayonu ərazisində 550 ailə üçün bütün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələrin, eləcə də Ağcabədi raoynu ərazisində 556 ailə üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllə salınmışdır.

2011-ci ildə bu işlər davam etdirilmiş, bir neçə yeni yaşayış qəsəbəsi və məhəllələr salınaraq məcburi köçkünlərin daha rahat yaşamaları təmin olunmuşdur. Belə ki, Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbə salınmışdır. Bundan başqa, Goranboy rayonu ərazisində 552 ailəlik beşmərtəbəli 9 yaşayış binasının istifadəyə verilməsi təmin edilmişdir. Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmışdır.

Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında respublika Prezidentinin sərəncamının icrası lə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkünlərin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılmışdır.

Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkə başçısı İlham Əliyev salınan yeni məhəllə və qəsəbələrin açılışında şəxsən iştirak edir, insanlarla görüşərək onların problemləri ilə yaxından tanış olur, müvafiq icra qurumlarına tapşırıq və tövsiyələrin verir. Ötən il dekabr ayının 24-də cənab Prezident xanımı Mehriban Əliyeva ilə Qarabağ bölgəsinə səfər edərək burada məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirak etmişdir. Buradakı çıxışında cənab Prezidentin dediyi bu sözlər məhz məcburi köçkünlərə böyük qayğının ifadəsidir: "Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz". Göründüyü kimi Prezident bu insanların problemlərini daim diqqətdə saxlayır, onun həllini vacib məsələ kimi dəyərləndirir.

Əlbəttə, 2011-ci il məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün salınan qəsəbə və məhəllələr yuxarıda adlarını çəkdiklərimizlə bitmir. İnvestisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məsəkunlaşmış məcburi köçkünlər üçün 24 evin inşası başa çatdırılmışdır. Hazırda yeni yaşayış massivlərinin salınması işləri davam etməkdədir.

Qeyd edim ki, Azərbaycanda məcburi köçkünlər üçün Dövlət Proqramına uyğun olaraq daha bir neçə yeni məhəllə və qəsəbələrin salınması üçün işlər aparılır. Müdafiə Nazirliyinin hərbi hissələrinə aid binalarda müvəqqəti məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün zəruri sosial-texnki infrastrukturu olan yeni mikrorayonun salınması nəzərdə tutulur. Bu qəsəbənin salınması üçün Qaradağ rayonunun inzibati ərazisində 14 nömrəli qış yatağından 22 hektar (örüş) torpaq sahəsi (Müşfiqabad qəsəbəsinin yaxınlığında) ayrılmışdır. Bundan başqa, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsinin köçürülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli sərəncamı ilə çoxmərtəbəli binalardan ibarət məhəllənin layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları MKSİF-ya həvalə edilmişdir. Nazirlər Kabinetinin 1 noyabr 2010-cu il tarixli digər sərəncamı ilə Abşeron rayonunun Masazır bələdiyyəsinin ərazisində yeni məhəllənin salınması üçün 12 hektar torpaq sahəsi ayrılmışdır.

Azərbaycanda məcburi köçkünlər üçün daha 3308 mənzil və ev tikiləcək. Bunların yarısının Bakıda və Abşeronda inşa edilməsi nəzərdə tutulur. İmişli, Bərdə, Şəki, İsmayıllı, Beyləqan kimi rayonlarda tikiləcək yeni qəsəbələr üçün hazırlıq işləri görülür. İmişlidə 550, Şəkidə 423, Bərdədə 195, İsmayıllıda 45, Beyləqanda 320 ailəlik bütün sosial infrastrukturu olan yeni qəsəbələr salınacaq. Bundan başqa, Qəbələ rayonu ərazisində də 155 ailə üçün 2 beşmərtəbəli binanın tikintisi nəzərdə tutulur.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məcburi köçkünlərin məşğulluğunun artırılması da bu gün əsas problemlərdən biridir. Nazirlər Kabinetinin iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, "2011-ci ildə 2171 nəfər məcburi köçkün daimi, 5 min nəfəri isə mövsümi işlə təmin olunmuş, 10600 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Son 8 ildə 83 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmişdir".

Əlbəttə, bu sahədə MKSİF-in də xidmətləri vardır. Belə ki, Dünya Bankı ilə mütəmadi əlaqələr, kreditlərin verilməsi bu sahədə əhəmiyyətli rol oynamışdır. Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün fondun müvafiq fəaliyyətini maliyyələşdirmək məqsədilə Dünya Bankı Azərbaycan Hökuməti ilə ardıcıl üç güzəştli kredit sazişi bağlamışdır.

Son layihə 15 may 2008-ci il tarixdə başlanmışdır. 15 milyon ABŞ dolları həcmində "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə" artıq həyata keçirilmişdir. Bu Kredit Sazişi 2008-ci ildə başa çatmış ikinci layihənin davamıdır. Bu Kredit Sazişi əsasında 2011-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edən 106 müxtəlif icma mikrolayihəsi həyata keçirilmiş, nəticədə 55 min nəfər faydalanmışdır. O cümlədən, 2004 - 2011-ci illərdə 75 faizi məcburi köçkün olan 289 min nəfərin faydalandığı dəyəri 34,5 milyon ABŞ dolları təşkil edən 478 icma mikrolayihəsi icra edilmişdir.

Həmçinin, son 8 ildə 9,6 min nəfər məcburi köçkünə 4,5 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 44 min nəfər məcburi köçkün faydalanmışdır.

Artıq Dünya Bankı ilə yeni saziş imzalanmış, yaxın vaxtlarda icrasına başlanılacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, məşğulluğunu artırmaq üçün bundan sonra da öz fəaliyyətini genişləndirəcək.

Sözumu cənab Prezident İlham Əliyevin qəsəbələrdən birinin açılışında dediyi aşağıdakı sözləri ilə bitirmək istəyirəm: "Belə gözəl evləri biz yaradırıq. On minlərlə vətəndaşımızı biz yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, biz 90 minə yaxın köçkünü belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Hər yerdə fərdi evlər, mənzillər tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq, bu, necə deyərlər, müvəqqəti ünvandır".

Biz inanırıq ki, ölkə başçısının apardığı davamlı siyasət nəticəsində tezliklə torpaqlarımız boşaldılacaq məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaqlar.

 

 

Ayaz ORUCOV,

Məcburi Köçkünlərin Sosial İnkişaf

Fondunun direktoru, Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 5.