Lerik: ucqar kəndlər də abadlaşır

 

Son illərdə Lerik rayonunun keçdiyi inkişaf yolu dağlar diyarının hər bir sakinini fərəhləndirir. Abadlıq-quruculuq tədbirləri ucqar kəndləri də əhatə edir. Yaşayış məntəqələrində zəruri infrastruktur, xidmət sahələri yaradılır, həyat səviyyəsi yaxşılaşır.

Ötən il rayonun Vizəzəmin kənd inzibati ərazi dairəsi sosial-iqtisadi inkişaf cəhətdən fərqlənib. Bu ərazi dairəsi 12 kəndi, 4200 nəfərlik əhalini əhatə edir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Vətəndaşların şəxsi təsərrüfatında iki min baş qaramal, 2580 baş xırda heyvan, 225 arı ailəsi var. Bitkiçilikdə əsasən kartof, tərəvəz, paxlalı bitkilər yetişdirilir. Ötən il vətəndaşlar sahələrdən bol məhsul götürüblər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun iştirak etdiyi illik hesabat yığıncağı Vizəzəmində işgüzar şəraitdə keçdi. Rayon rəhbəri çıxışında ölkəmizin keçdiyi tərəqqi yolu, 2011-ci ilin uğurları barədə məlumat verdi. Rayonun sosial-iqtisadi inkişafını konkret faktlar əsasında diqqətə çatdırdı. Qeyd edildi ki, məqsədyönlü tədbirlər nəticəsində Lerik respublikanın gözəl əyalət şəhərinə çevrilib. Artıq yenidənqurma yürüşü rayonun kəndlərinə doğru istiqamət götürüb. Belə ərazilərdən biri də Vizəzəmindir.

İnzibati ərazi dairəsinin icra nümayəndəsinin hesabat məruzəsi dinlənildi. O dedi ki, ərazidə təhsil sahəsində müəyyən uğurlar əldə edilmişdir. Dövlət qayğısının bariz nümunələrindən biri Hamarmeşə kəndində tikilmiş 220 şagird yerlik yeni məktəb binasıdır. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü və Təhsil Nazirliyinin vəsaiti ilə yeni uslubda tikilən geniş sinif otaqları, idman zalı, müasir istilik sistemi, kompyuter otağı burada şagirdlərin normal təhsil alması üçün zəruri şərait yaradır. Ümumiyyətlə, ərazidə fəaliyyət göstərən 2 tam orta, 3 ümumi orta və 2 ibtidai məktəbdə 477 şagirdin təlim-tərbiyəsi ilə 146 müəllim məşğul olur. Ötən il neçə-neçə məzun universitetorta ixtisas məktəblərinə qəbul olunub. Vizəzəmin məktəbinin şagirdi Nərmin Əmirova tarix fənni üzrə respublika olimpiadasında 4-cü yerə layiq görülərək Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılıb. Hamarmeşə, Almu və Siyəkəran kənd məktəbləri üzrə mərkəzləşdirilmiş test imtahanlarında 100 faiz nəticə göstərilib.

Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də müəyyən işlər görülüb. Peştətük kənd xəstəxanasının, Vizəzəmin həkim ambulatoriyasının tibb heyətləri əhali arasında və təhsil müəssisələrində vaxtaşırı profilaktik tədbirlər həyata keçiriblər. Vaxtlı-vaxtında immunlaşdırma tədbirləri aparılır. Ərazidə yaşayan şəkərli diabet xəstələrinin hər birinə qanda şəkərin miqdarını müəyyən edən cihazpulsuz dərman verilib.

İnzibati ərazi dairəsində mədəni-kütləvi tədbirlər bir mədəniyyət evidörd kitabxana vasitəsi ilə həyata keçirilir. Vaxtaşırı konsertlər, bayram şənlikləri təşkil edilir.

Elektrik enerjisi təchizatı və rabitə xidməti yaxşılaşıb. Poçt şöbəsi fəaliyyətini yeni binada davam etdirir. Ərazidəki hər iki ATS elektronlaşdırılıb, Hamarmeşə stansiyasından istifadə edən abonentlər internetə qoşulublar.

Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə rayon mərkəzinə qaz xətti çəkildikdən sonra kəndlər də qazlaşdırılır. Ötən il Lənkəran-Piran-Vizəzəmin qaz xəttinin çəkilişində işlər davam etdirilib. Bu il işlər daha da sürətləndirilməlidir. Təbii qazın çəkilişi qiymətli sərvətimiz olan meşələrin qorunmasında mühüm stimuldur.

Şəhid ailələri, Böyük Vətən müharibəsinin iştirakçıları və Qarabağ müharibəsi əlillərinə rayonda lazımi diqqət göstərilir. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Hamarmeşə kəndindən Qarabağ əlili Sehran Hacıyevin ailəsi üçün fərdi yaşayış evi tikilib. Bəhmən Yəhyayevə isə Lerik şəhərində 16 ailə üçün inşa olunmuş binadan mənzil verilib.

"Turizm ili" ilə əlaqədar ötən il ərazidə çoxlu işlər görülüb. "Relax" istirahət mərkəzində "Akvapark"ın tikintisi reallaşdırılıb. Çoxlu sayda yeni istirahət evləri, inzibati binalar, digər yardımçı tikililərin inşası davam etdirilir. Bu gün onlarla ailənin dolanacağı məhz istirahət mərkəzlərindəndir. "Cənub", "Meşəbəyi", "Təbəssüm" və başqa mərkəzlər genişləndirilir.

Digər natiqlər də görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdılar. Ərazidə bankomatın qoyulmasını, internet xidmətinin geniş təşkilini, mədəniyyət eviBibiyani kənd ümumi orta məktəbi üçün yeni bina tikilməsini, elektrik xətlərinin təmir edilməsini xahiş etdilər.

Yığıncağa yekun vuran Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, ucqar Lerik hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Sosial-iqtisadi inkişaf naminə rayonda görülən bütün işlər məhz Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Rayonun ən iri inzibati ərazilərindən sayılan Vizəzəminin sosial infrastrukturun inkişafı fərəh doğurur. Təkcə buradakı turizm-istirahət mərkəzlərində 200 sakin çalışır. Əraziyə qaz çəkilişi bu il sürətləndiriləcək. Bütün tədbirlər məhz insan amili əsas götürülməklə həyata keçiriləcək.

Daha sonra Vizəzəmində rayon icra hakimiyyəti başçısının vətəndaşlarla səyyar görüş-qəbulu oldu. Sakinlərin müraciətləri dinlənildi, qaldırılan problemlərin həllindən ötrü idarə, təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 31 yanvar.- S. 6.