Səbail qadınlarının konfransı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon qadınlarının IV konfransı keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təbrik sözündə bildirmişdir ki, Azərbaycanda qadına münasibət tarixən yüksək olmuşdur. Onlar XX əsrdən kişilərlə çiyin-çiyinə, bərabərhüquqlu vətəndaş kimi yaşamış, cəmiyyətin  ağır yükünü paylaşmışlar. Azərbaycan müstəqillik qazandıqdan sonra isə qadınlarımıza hörmət və diqqət daha da artmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi ulu öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə də qadın problemi mərkəzi yerlərdən birini tutur.

Asif Əsgərov daha sonra  demişdir ki, bu gün heç bir prossesdən kənarda qalmayan qadınlarımız rəhbər vəzifələrə irəli çəkilir, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova isə qeyd etmişdir ki, Səbail rayonunda yaşayan əhalinin 51,2 faizini qadınlar təşkil edir. İqtisadiyyatın müxtəlif sahələrində çalışanların 31,1 faizi qadınlardır. Onların 13,3 faizi təhsil, 8,1 faizi səhiyyə, 7,7 faizi mədəniyyət və incəsənət, 9,2 faizi rabitə, 11,5 faizi ticarət, 8 faizi dövlət idarəetməsində işləyirlər. 23 mindən çox üzvü olan YAP Səbail rayon təşkilatının 55,6 faizini qadınlar təşkil edir.

Rayonda qadınların sağlamlığının qorunması, hüquqlarının müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müstəqillik illərində qadınlarımızın qazandığı uğurlardan, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən ailə, qadın və uşaq siyasətindən, Səbail rayon qadınlarının fəaliyyətindən danışmışdır. 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları qadınların cəmiyyətdə  artan rolunu vurğulamışlar.

Konfransda respublika qadınlarının qurultayına 18 nəfər nümayəndə seçilmişdir.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 13 aprel.- S. 6.