Heydər Əliyev
və dinamik, tarazlı inkişafın Azərbaycan modeli
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bütün bunlar Heydər Əliyevin xidmətləridir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bu günlərdə
müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakı şəhəri beynəlxalq iqtisadi
marağın diqqət mərkəzində oldu. Aprelin 8-də nüfuzlu Dünya İqtisadi
Forumunun (Davos Forumu) növbəti strateji
dialoqunu burada keçirməsi
Azərbaycanın iqtisadi-sosial uğurları ilə dünya
sistemində
qazandığı
mövqeyin, regionun lider dövləti kimi daşıdığı önəmin bir daha
etirafı və təsdiqi oldu.
Keçmiş sovet imperiyasının ucqar əyaləti kimi beynəlxalq aləmdən təcrid,
milli haqlarından məhrum
edilmiş bu respublika dövlət
suverenliyinin ilk 2 onilliyində
avtoritar siyasi sistemin
hüquqi-demokratik cəmiyyətə, mərkəzləşmiş
inzibati üsullarla idarə
olunan iqtisadi sistemin
liberallaşdırılmış, dünyaya
açılmış bazar münasibətlərinə
transformasiyası yönündə qazandığı misilsiz
uğurları ilə
postsovet məkanın
öndə gedən, diqqətçəkən ölkəsidir.
Keçmiş kommunist
sisteminin parçalanma və dəyişmə
ağrılarını
yaşasa da, ərazisinin 20 faizinin
itirilməsi, əhalisinin 1 milyonunun qaçqın-köçkünə
çevrilməsi ilə nəticələnmiş müharibə vəziyyəti davam etsə də Azərbaycan
Respublikası bu dağıdıcı proseslərin cəngindən qurtula bilmiş,
sivil, demokratik inkişaf
yolunda dünyanı heyran qoyan
uğurlar qazanmışdır.
Necə
olmuşdur ki, yeni yola başqa sovet respublikaları ilə müqayisədə ən
əlverişsiz mövqedən çıxmış bu Qafqaz
dövləti tarixən
qısa müddətdə inkişaf etmiş ölkələrin on illər, hətta
yüz illər boyu keçdiyi məsafəni qət edə bilmişdir? Bəs
dünyanın
aparıcı dövlətlərinin
qlobal iqtisadi böhranın məngənəsində çapaladığı bir dövrdə Azərbaycan bu bəladan necə
kənarda qala bilmiş və hərtərəfli inkişafını davam etdirməkdədir?
Dünyanın iqtisadi-maliyyə mərkəzləri, nüfuzlu
strateji qurumlar,
tanınmış alim və
mütəxəssislər
bu aşkar sualların cavablarını axtarırlar. Dirçəliş və
tərəqqinin, sabitlik və dinamizmin Azərbaycan modeli öyrənilməkdə, dəyərləndirilməkdədir. Dünya İqtisadi Forumunun (Davos
Forumu) “Cənubi Qafqazın və
Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq” mövzusunda
Bakıda keçirdiyi söhbət açılan məclisi də bu yöndə daha bir ciddi təşəbbüs oldu.
Dünya
İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvabın Bakı
forumunun iclasında dediyi
sözlər iqtisadi inkişafın Azərbaycan modelinin
kənardan ümumi
görüntüsündən
xəbər verir: “Sonuncu dəfə
mən 20 il bundan
əvvəl burada olmuşam.
Həqiqətən,
deməliyəm ki, o vaxtdan
bəri çox
böyük dəyişikliklər
baş verdiyini müşahidə etdim. Bakı şəhəri, həqiqətən, çox gözəl bir məkana çevrilmişdir. Dünya
İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox
böyük imkanların
olduğu bir ölkədir.
Ümumiyyətlə, son
illər ərzində ölkədə çox böyük iqtisadi
göstəricilər qeydə
alınmışdır. Bu,
ilk növbədə, ölkənin müstəsna təbii potensialının
düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin
resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla
və bacarıqla istifadə
sayəsində
qazanılmışdır.
Azərbaycan informasiya
texnologiyaları, maliyyə, tikinti
sahələrində
qabaqcıl bir ölkədir”.
Tanınmış
iqtisadçı-strateqə görə, bunlar hələ yaxşı bir təməldir,
əsl yüksəliş qabaqdadır: “Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil
almış
işçi qüvvəsi vardır. Buradakı sağlam
mühit, ümumiyyətlə,
birgə iş və əməkdaşlıq çərçivəsində çox
uğurlar əldə oluna
bilər”.
Dünya
İqtisadi Forumunun Bakı dialoqunun
məramı belə
açıqlandı: “Azərbaycanın uğurlarını öyrənmək və onu regional məcraya
çıxarmaqla
Avrasiya məkanında nadir
iqtisadi inteqrasiya konveyerini
işə salmaq mümkündür. K.Şvab
Bakı tribunasından bəyan
etdi: “Avropa qitəsinə, yaxud
Asiya regionuna baxsaq,
görərik ki, iqtisadi,
sosial sahələrdə
uğurlar əldə etmək üçün mütləq etibar
və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər
göstərilməkdədir”. Əlavə edək ki, Azərbaycan Avrasiya məkanında belə bir
mütləq etibar qazanmış və
uzunmüddətli birgə əməkdaşlığa
töhfələri ilə möhkəm təməllər yaratmışdır.
Azərbaycanın bugünkü beynəlxalq nüfuza,
gerçək yüksəlişə
milli tariximizin ən böyük azərbaycanlısı olan Heydər Əliyevin dərin
zəkası, sonsuz Vətən sevgisi, böyük amalları, qüdrətli iradəsi
və bitib-tükənməyən enerjisi
gətirib çatdırmışdır. Bu amal ulu öndəri 35
il müddətində
respublikamızı iqtisadi cəhətdən inkişaf
etdirən, xalqın
gerçək həyatını dəyişdirən, dünyanın nəzərlərində Azərbaycan iqtisadi möcüzəsini yaradan
əfsanəvi bir qəhrəman səviyyəsinə qaldırmışdır. Heydər Əliyevin bu qəhrəmanlığı özünü hansı
cəhətlərlə
aşkara çıxartmışdır:
— Əvvəla, fitri ağlında və
istedadında; ikincisi, müstəsna bir zəhmətkeşliyində; üçüncüsü aydın
və dəqiq hədəflər seçməsində;
dördüncüsü,
ardıcıl və qətiyyətli
olmasında, nəhayət, hər
bir qələbəsilə xalq
qarşısında
daha bir borcunu yerinə yetirməsindən duyduğu
sevincində.
1969-cu ildə
Azərbaycanı gerilikdən çıxaracaq, mövcud problemləri həll edəcək rəhbərə ehtiyac yarananda Heydər Əliyevin parlaq
fiqurası, siyasi, mənəvi-intellektual keyfiyyətləri başqa
namizədlərə
üstün gəldi.
1969-cu il iyulun
14-də respublikanın siyasi
rəhbərliyinin
birinci şəxsi seçilən 46 yaşlı Heydər
Əliyev qısa müddətdə bu
böyük etimada yüksək layiqliyini sübuta yetirdi.
Yeni rəhbər dahiyanə
bir zəka və duyumla Azərbaycanı hərtərəfli inkişaf
etdirməyin yolunu iqtisadi
sferada arayıb-tapdı.
Bunun üçün o, alim və
mütəxəssislərin
obyektiv elmi mülahizələrini
öyrənib, sovet gerçəkliklərini nəzərə alıb
sürətli inkişaf
konsepsiyası hazırladı.
Bu
konsepsiyanın əsasında təbii-iqtisadi resursların maksimum
qiymətələndirilməsi,
təşəbbüskarlıq,
düzgün kadr siyasəti, möhkəm icra intizamı dayanırdı.
İnzibati-amirlik sisteminin
imkanlarının tükəndiyi yerdə yeni rəhbər mənəvi-siyasi mexanizmləri işə
salırdı.
Bütün bunlarla Heydər Əliyev
respublikanın
potensialını hərəkətə gətirdi,
xalqın ümumi rifah,
xoş güzəran, milli
varlığı təsdiq
naminə böyük hərəkata qoşdu. Elmi cəhətdən əsaslandırılmış məhsuldar iqtisadiyyat,
dəqiq
hazırlanmış icra
mexanizmləri, prinsipial tələbkarlıq
1970-ci ildən başlayaraq respublika
iqtisadiyyatını sürətli inkişaf yoluna çıxartdı. Götürülən yüksək qazanc
tikinti-quruculuq işlərini
sürətləndirməyə,
rabitə, nəqliyyat sahələrini genişləndirməyə, təhsil,
elm, səhiyyə sahələrinin maddi-texniki bazasını gücləndirməyə şərait
yaratdı. O illərin heyrətli yüksəlişi tarixə
silinməz-pozulmaz hərflərlə
yazılmışdır.
Əvvəlki
50 ildə mövcud olmuş
735 iri
sənaye müəssisəsinin
sayı 1982-ci ilədək 1048-ə çatdırıldı. Respublikada buraxılan 350 adda
məhsul dünyanın 65 ölkəsinə ixrac
edilirdi. 14 ildə əvvəlki yarım
əsrdəki qədər sənaye
məhsulu istehsal edildi. Aqrar
respublikada qısa müddətdə ümumi
daxili məhsulda sənayenin payı 66
faizə yüksəldi. 14 ildə pambıq istehsalı 300 min tondan 1 milyon,
üzüm isə 272 min tondan 2 milyon
tona yüksəldi. Azərbaycan
ittifaqda yetişdirilən
pambığın 9,2,
üzümün 27
faizini verirdi.
Bu
dövrdə ümumi sənaye
istehsalı 2,7 dəfə,
kənd təsərrüfatı məhsulları 2,5 dəfə
artdı. 1969 - 1982-ci illərdə
iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki yarım əsrdəkindən 4,5
dəfə çox kapital
qoyuldu. 1982-ci ildə bu rəqəm 1950-ci ildəkini 30 dəfə
üstələmişdi. Həmin illərdə respublikada 20 milyon kvadratmetrə yaxın
mənzil, 483,4 min şagirdlik məktəb, 13,5 min
çarpayılıq
xəstəxana,
13,7 min
xəstəlik
poliklinika istifadəyə
verilmişdi. Yeni
səhiyyə ocaqlarının həcmi
14 ildə 42,2 faiz artmışdı. Həmin
illərdə əmtəə dövriyyəsi,
xidmətlər 2,9
dəfə yüksəlmişdi.
Əmək fəaliyyətinə cəlb edilmiş adamların sayı
1,5 milyon nəfərdən
2,4 milyon
nəfərə
çatmışdı.
Bütün bunlar paytaxt Bakının
SSRİ-nin cənubunda dünyaya boy göstərən bir
şəhərə
çevrilməsi, digər şəhərlərin də
böyüməsi,
abadlaşması, kənd
və qəsəbələrin
simasının tamamilə dəyişməsi, sivil tələbat amillərinin bütün evlərə yetişməsi, rifahın
əsaslı surətdə
yaxşılaşması, mədəni
yüksəlişə nail
olunması demək idi.
14
ildə geridə
qalmış aqrar
respublikanı göylərə qaldırmış, SSRİ-nin öncül diyarına
çevrilmiş Heydər
Əliyev 1982-ci ildə Sovet İttifaqını bürümüş gizli böhranı və durğunluğu aradan
qaldırmaq təşəbbüsləri
başlananda Moskvaya, sovet
dövlətinin rəhbərliyinə aparıldı. Burada
o, 20-dək
ittifaq nazirliyinin işində dönüş
yaratmaq
üçün ciddi səylər göstərdi. O illərdə
Heydər Əliyev Azərbaycanın inkişafına da qayğı və diqqətini
artırdı.
SSRİ-nin
dağılması, keçmiş iqtisadi əlaqələrin qırılması, müharibə
şəraiti, talançılıq, bacarıqsızlıq
iqtisadiyyatı alt-üst etdi. Sovet dövrünün son 4, müstəqilliyin isə ilk 2 ilini Azərbaycan xalqı
bax beləcə dağılma və fəlakətlərin
ağuşunda keçirdi. Nəhayət, xalq fəlakətlərdən cana doyub öz qəhrəmanını — ümummilli lideri təkidlə siyasi
hakimiyyətə dəvət etdi.
1993-cü ilin
böhranlı yayında Bakıya qayıdıb, ikinci
dəfə öz xalqının tale məsuliyyətini üzərinə götürən, müstəqil dövlətin ilk həqiqi seçilmiş Prezidenti
olan Heydər Əliyev dahiyanə
bir zəka və iradə ilə
xilaskarlıq
missiyasını həyata keçirdi. Ulu öndər qısa müddətdə iqtidarsız
hakimiyyəti möhkəmləndirdi,
siyasi sabitliyi bərpa
etdi, xarici əlaqələri
sahmana saldı, cəbhədə
atəşkəsə
nail oldu.
Bütün
bunlarla o, dövlət suverenliyinin dönməzliyinə təminat yaradacaq quruculuq işlərinə başlandı.
Ümummilli lider yerli tarixi
şəraiti nəzərə
almaqla qabaqcıl dünya təcrübəsinə meydan açdı.
Heydər Əliyev köhnə
iqtisadi sistemin demontajını həyata keçirərkən bazar iqtisadiyyatının Azərbaycan modelini yaratdı. Bu, dövlət
tərəfindən
tənzimlənən
və xalqın
maraqlarını maksimum
nəzərə alan bazar münasibətləri
oldu.
İqtisadiyyatın strateji sahələri dövlətin əlində saxlandı və iri səhmdar cəmiyyətlərə çevrildi. Əkinə yararlı 1,4 milyon hektar torpaq, mal-qara, kolxoz-sovxozların bütün əmlakı 3,5 milyon kənd adamına paylandı. Dövlət müəssisələrinin yerdə qalan hissəsi 3 mərhələdə (kiçik, orta, iri) özəlləşdirildi. Ölkənin əsas təbii sərvəti neftin yüksək texnologiyalar əsasında çıxarılmasını təmin etmək üçün əvvəlcə “Azəri” – “Çıraq” –“Günəşli” yatağı üzrə 8 ölkənin 13 şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bunun ardınca neft-qaz hasilatı üzrə 19 ölkənin 41 şirkətini əhatə edən daha 26 layihəyə start verildi.
Hasil ediləcək nefti dünya bazarına çıxartmaq üçün Bakı –Novorossiysk və Bakı – Supsa kəmərləri yenidən
quruldu. Bakı
– Tbilisi – Ceyhan adlı misilsiz bir kəmər çəkildi.
Neft layihələrinin işə salınması ilə
ölkədə neft hasilatı 4-5 dəfə
artaraq 45-50 milyon tona çatdı. Ulu öndərin Azərbaycan iqtisadiyyatını dünyaya açıq elan etməsi,
xarici aləmə fəal inteqrasiya xətti ölkəyə
milyardlarla manat investisiya gətirdi.
Bu siyasət nəticəsində bu günədək
Azərbaycan iqtisadiyyatına 300 milyard manatadək xarici sərmayə yatırılmışdır.
İqtisadi inkişafın Heydər
Əliyev modeli Azərbaycan iqtisadiyyatını qısa müddətdə sivil
inkişaf yoluna çıxararaq böhrana
son qoydu, ümumi həyatı
dirçəltdi və
sürətli inkişafa qoşdu. 1996-cı ildən başlayan yüksəliş nəticəsində 2003-cü ilədək
ölkədə ümumi daxili
məhsul 71 faiz
artdı. Bunun 75 faizi qeyri-dövlət
bölməsinin
payına düşürdü. Artan neft gəlirlərini
ölkənin gələcək
tələbatına
və bugünün
ümummilli layihələrinə yönəltmək
üçün ulu öndər ayrıca Neft Fondu yaratdı. 1993-cü ildə
xəzinəsi boş
olan valyuta
fonduna on
milyard manatlarla vəsait
yığıldı. Azərbaycan
borc alan ölkədən borc
verən ölkəyə
çevrildi. Respublikada yeni elektrik enerjisi
mərkəzləri işə salındı, kənardan qaz
alınmasına son qoyuldu. Hazırda dövlət büdcəmizin xərcləri 25 milyard dollar,
valyuta ehtiyatlarımız isə 46 milyard
dollar həcmindədir.
Ulu
öndər daha böyük arzularını, yarımçıq qalmış işlərini başa
çatdırmaq üçün
çox zəruri bir amili
də maksimum nəzərə almış — öz siyasi
varisini və qadir siyasi
qüvvəni də yetişdirmişdir. Heydər Əliyevin layiqli siyasi
varisi Prezident İlham Əliyev onun kursunu
ardıcıl və yüksək səviyyədə davam
etdirir. Ulu öndərin
siyasi irsini yaşadan Yeni Azərbaycan Partiyası və
Heydər Əliyev Fondu
respublikanın yeniləşmə
və tərəqqi yolu ilə yüksəlişinin önündə gedir.
Bu
günlərdə başa çatmış Dünya
İqtisadi Forumunun
yekununda cənab Klaus
Şvab Prezident İlham Əliyevə xitabən bu həqiqətə
mötəbər bir
möhür basdı: “Cənab
Prezident, Sizin rəhbərliyiniz altında
bu qədər
böyük nailiyyətlər
əldə etmiş Azərbaycan gələcəkdə qlobal
miqyasda ən mühüm
rol oynayan mövqelərdən birini tutacaqdır”. Bu uğur, bu tərəqqi, bu perspektiv ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatında
yaratdığı dinamik təməllər üzərində yüksəlir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 1.