DÜNYA
ŞÖHRƏTLİ ALİM, GÖRKƏMLİ OFTALMOLOQ,
QAYĞIKEŞ İNSAN
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
– 90
Bütün
ali təhsil ocaqlarında olduğu kimi, Azərbaycan Tibb
Universitetinin də təşəkkül tapıb inkişaf
etməsində, beynəlxalq aləmdə tanınmasında
onun divarları arasında təhsil alıb məşhurlaşan
məzunlarının danılmaz xidmətləri olub. ATU-nu, o
cümlədən də respublikamızın səhiyyəsini,
tibb elmi və təhsili sistemlərini, bütövlükdə
doğma Azərbaycanımızı beynəlxalq aləmdə
tanıdan, ona şöhrət qazandıran görkəmli elm
xadimlərindən biri də dünya şöhrətli
oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevadır.
Anadan
olmasının 90 illik yubileyi həm
ölkəmizdə, həm də onun hüdudlarından kənarda
geniş qeyd edilən böyük alimin əziz xatirəsi
sonsuz məhəbbətlə anılır, yad edilir.
Zərifə
xanım Əliyeva mənalı və zəngin bir həyat
yolu keçmişdir. Onun qədim Azərbaycan torpağı
olan ata yurdu İrəvandan kənarda, Naxçıvanın
Şərur rayonunda dünyaya göz açması erməni
işğalçıları tərəfindən azərbaycanlılara
qarşı planlı şəkildə
aparılan soyqırımı siyasətinin törətdiyi fəsadlar
nəticəsində baş vermişdir. Tarixi hadisələr
nə qədər ağır, nə qədər kədərli
olsa da, Zərifə xanımın 1923-cü il aprelin 28-də
dünyaya gəlişi həm görkəmli dövlət və
elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsinə,
doğmalarına, yaxınlarına, həm də sonralar bütövlükdə Azərbaycan
xalqına düşərli olmuşdur. Onun dünyaya göz
açdığı ildə Əziz
Əliyevin ailəsi Bakıya köçmüşdür.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində
orta məktəbi əla qiymətlərlə bitirərək
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda
oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə
Əliyeva hələ gənclik illərində fitri istedada, dərin
zəkaya, geniş dünyagörüşünə, yüksək
mədəni səviyyəyə malik, təvazökar bir tələbə
olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər
elmlərin də tədrisinə xüsusi maraq göstərir,
hərtərəfli biliyə malik həkim kimi
formalaşırdı. Hələ tələbəlik illərindən
tibb elminin öyrənilməsinə sonsuz həvəs göstərən
Zərifə Əliyeva Tibb İnstitutunda keçirilən Tələbə
Elmi Cəmiyyətinin konfranslarında məruzələrlə
çıxışlar edir, elmi təhlillər
aparırdı.
Görkəmli
oftalmoloq-alim məzunu olduğu və özü
üçün “Alma mater” hesab etdiyi Azərbaycan Dövlət
Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən
sonra da onu heç vaxt unutmamış, onunla daim sıx əlaqə
saxlamışdır. Azərbaycan Tibb Universitetinin oftalmologiya
kafedrasının həm əvvəlki,
həm də indiki əməkdaşları da özlərini Zərifə
xanımın yetirmələri, onun yaratdığı elmi məktəbin
davamçıları hesab edirlər. 1977-ci ildə Zərifə
xanımın görkəmli dövlət və elm xadimi Əziz
Əliyevin N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunda keçirilən 80 illik yubileyindəki
çıxışı institut kollektivinin qəlbində
silinməz izlər buraxmış, xoş xatirələrə
çevrilmişdir. ATU-nun professor-müəllim heyəti,
çoxminli tələbələri
ali tibb təhsili ocağının dünya şöhrətli
məzunu olan unudulmaz Zərifə xanım Əliyevanın
xatirəsini həmişə əziz tuturlar. Bu qocaman təhsil
ocağında onun xatirəsinə həsr olunmuş
elmi-praktik konfranslar, yubiley gecələri keçirilir. Azərbaycan
Tibb Universitetinin akt zalının və 11 mərtəbəli
tədris binasının foyesində akademik Zərifə Əliyevanın
həyat və fəaliyyətini əks etdirən foto-guşə
yaradılmışdır. ATU-nun professor-müəllim heyəti
və tələbələri hər gün bu guşənin
önündən keçərək görkəmli alimin əziz
xatirəsini ehtiramla yad edirlər.
Zərifə
Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra
oftalmoloq ixtisasını seçmişdi. Lakin gənc məzun
bilirdi ki, dar ixtisas, o cümlədən oftalmoloq ixtisası
üzrə kamil mütəxəssis olmaq üçün
institutda aldığı diplomaqədərki təhsil kifayət
etmir və mütləq bir neçə il də
diplomdansonrakı hazırlığa sərf edilməlidir. Bu məqsədlə
o, institutu bitirdikdən sonra Moskvaya getmiş və orada
Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda məşhur alimlərin iş təcrübəsi
ilə tanış olmuş, praktiki vərdişlərə
yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis
kimi təkmilləşmə hazırlığı
keçmiş, iki ildən sonra Vətənə
qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda elmi işçi vəzifəsində
çalışmağa başlamışdır. Bununla da
onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin
təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi
ET Göz Xəstəlikləri İnstitutunun aspiranturasına
daxil olmuş, elmi axtarışları dövründə
özünə rahat yollar seçmək stereotipindən uzaq
olmağa çalışaraq, şablonlardan
qaçmış, vətənə, xalqa həqiqi mənada
xeyir verə biləcək ən çətin sahələrdə
özünü sınamağa can atmış, istəyinə
nail ola bilmişdir. Belə ki, o, tapdanmış yollarla getməmiş,
hər sahədə özü yeni elmi cığırlar
açmış, bu cığırları
başqalarının da keçə biləcəyi geniş
yollara çevirmişdir. İkinci Dünya müharibəsinin
təzəcə başa çatdığı illərdə
keçmiş SSRİ-nin çox yerində olduğu kimi Azərbaycanda da traxoma xəstəliyi
yenidən baş qaldırmışdı və ona
qarşı aparılan ara-sıra mübarizə tədbirləri
o qədər də effektli təsir göstərmirdi.
Xalqın sağlamlığının vacibliyini ön plana
çəkən gənc alim ölkəmizi
bürümüş yoluxucu göz xəstəliklərinin
qarışısını almaq və bu xəstəliklərin
ləğvinə nail olmaq üçün yollar
axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, dünyada 400 milyona qədər
insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində
80 milyon insan kor olmuşdu, çünki traxoma xəstəliyinin
müalicəsinə zəmin yarada biləcək o qədər
də güclü təsirə malik dərman preparatları hələ
mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə
çıxmış ölkənin iqtisadi-siyasi durumu da qənaətbəxş
olmadığından ölkənin ümumi vəziyyətinin
nikbin qiymətləndirilməsinə əsas verən stimul belə
yox idi. Bu kimi problemlərlə
üzləşən gənc tədqiqatçı Zərifə
xanım Əliyeva ruhdan düşməyərək
axtarışlarını davam etdirmiş, əsl vətəndaş
mövqeyində dayanaraq, ölkə daxilində yayılmaqda
olan traxoma xəstəliyinin qarşısını almaq
üçün diaqnostika, müalicə və profilaktika
üsullarının kompleks şəkildə tətbiqi istiqamətində
mühüm tədbirlər planı hazırlamış və
həyata keçirməyə başlamışdır. Onun
başlıca məqsədlərindən biri də Azərbaycanda
traxoma xəstəliyinin müalicə və
profilaktikasını vaxtında və yetərincə həyata
keçirməkdən, bu prosesin elmi istiqamətlərini
müəyyənləşdirərək səhiyyə
praktikasına tətbiqini reallaşdırmaqdan ibarət
olmuşdur.
Gənc
oftalmoloq traxoma ilə əlaqədar respublikadakı real vəziyyəti
əyani olaraq müşahidə etmək üçün Azərbaycanın
bütün rayonlarına gedərək göz xəstəliklərinin
regional lokallığını müəyyənləşdirir,
xəstəliyin epidemioloji xüsusiyyətlərini
araşdırır, xəstələrə öz məsləhətlərini
verir, bir sıra göz xəstəliklərinin profilaktika və
müalicəsi haqqında maarifləndirici söhbətlər
keçirirdi. O, traxomanın müalicəsində istifadə
edilən mövcud üsullarla yanaşı, o dövrün
güclü antibiotiklərindən hesab edilən sintomitsindən
istifadə etməklə yeni və uğurlu nəticələrə
nail olmuşdur. Dəyərli elmi kəşflərdən
sayılan “Z.Ə.Əliyeva üsulu”nun kompleks profilaktik tədbirlərlə
birlikdə praktik səhiyyədə geniş tətbiqindən
sonra traxoma xəstəliyinin müalicəsində əsaslı
dönüş yaranmış, onun yayılmasının
qarşısı alınmış və bu da tədricən
xəstəliyin ləğvinə gətirib
çıxarmışdır. Beləliklə, Zərifə
xanımın fədakar zəhmətsevərliyi
sayəsində yerinə yetirilən tibbi tədbirlər əhalinin
dünya işığından məhrum olmasının, əlilliyə
düçar olaraq əmək qabiliyyətini itirməsinin,
çarəsizlikdən kütləvi depressiya vəziyyətinə
düşməsinin qarşısını
almışdır. Yalnız bundan sonra dissertasiya müdafiə
etməyi qərara almış və 1959-cu ildə o, sərbəst
surətdə yerinə yetirdiyi
elmi istiqamətlərinin nəticələrinə əsasən
“Traxomanın digər terapiya üsulları ilə birlikdə
sintomitsinlə müalicəsi” mövzusu üzrə namizədlik
dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi
elmi dərəcəsinə layiq
görülmüşdür.
O,
1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük
elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət
göstərdiyi elm ocağında oftalmologiya elminin
bütün sahələrinin inkişafına yaxından
kömək göstərmiş, bu istiqamətin tərəqqisinə
öz dəyərli töhfələrini vermişdir. SSRİ
Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş
təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə
“Böyük elmi işçi” elmi adını təsdiq
etmişdir.
Zərifə
Əziz qızı Əliyeva göz xəstəliklərinin
diaqnostikası, müalicə və profilaktikasını
düzgün təşkil etməklə yanaşı, daim
yeniliyə can atır, yeni laboratoriyalar yaradır, insan
sağlamlığı amilini
ön plana çəkirdi. O, yalnız ölkəmizin
paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə,
Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyanda və
respublikanın digər şəhər və rayonlarında zərərli
iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə
də insan orqanizminin digər xəstəliklərini aşkar
edir, həm xəstələrin müalicəsinə,
onların iş yerlərində mövcud olan mənfi təsirlərdən
qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına diqqət yetirir,
onlarda ekoloji prinsiplərə riayət edilməsi
konsepsiyalarının həyata keçirilməsi
yollarını göstərirdi. Bununla da Zərifə
xanım Əliyeva peşə amillərinin törətdikləri
göz xəstəliklərinin və bütövlükdə
orqanizmi tam şəkildə müalicə edərkən, təkcə
məşhur alim-oftalmoloq kimi
deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi
tanınmışdır. Zərifə xanım ölkəmizdə
ilk dəfə olaraq həm oftalmologiyanın peşə
etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə
və profilaktikasının, həm də ekoloji təmizlik
ideyasının əsasını qoymuş, bu ideyanın
praktik səhiyyədə həyata keçirilməsinə
nail olmuşdur.
O,
ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri
ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək
səviyyədə aparırdı. 1967-ci ildən etibarən Əziz
Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasında
pedaqoji fəaliyyətə başlamış, əvvəlcə
kafedrranın dosenti, sonra professoru, daha sonra isə həmin
kafedranın müdiri vəzifələrini yüksək səviyyədə
yerinə yetirərək, həkimlərin diplomdansonrakı
hazırlıqlarının tədris-metodiki göstərişlərə
uyğun şəkildə aparılmasına əlverişli
şərait yaratmış,
müxtəlif mövzulu monoqrafiyaların, tədris-metodik
göstərişlərin, dərs vəsaitlərinin
yazılmasına böyük əmək sərf etmişdir.
Onun Sovet İttifaqında hələ o dövrdə
böyük nüfuz qazanmış Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda
göz xəstəlikləri üzrə SSRİ-nin müxtəlif
guşələrindən gəlmiş və təkmilləşmə
kursu keçən həkimlərlə apardığı
mühazirə və praktik məşğələlərinin
əsasını tibb elmində əldə edilən yeniliklərin
şərhi, praktik vərdişlərə yiyələnmənin
istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə
tətbiqi üsullarının dərindən mənimsənilməsi
və s. təşkil edirdi.
Zərifə
xanım Əliyeva ADHTİ-da çalışarkən ilk illərdən
görmə orqanının patologiyasına xüsusi diqqət
yetirmiş, zərərli sənaye müəssisələrində
çalışan insanların oftalmoloji müayinədən
keçmələrini təşkil etmiş, peşə ilə
əlaqədar əmələ gələn göz xəstəliklərinin
profilaktikası və müalicəsi ilə ciddi məşğul
olmuşdur. O, peşə amili etiologiyalı göz xəstəliklərinin
yayılma qanunauyğunluqlarını aşkar etmək
üçün Bakı Şin zavodunda, neft-kimya və yod sənayesi
müəssisələrində, Sumqayıt “Üzvi sintez”
istehsalat Birliyində, Mingəçevir
“İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə
gil-torpaq kombinatında və digər
obyektlərdə işləyənlərin görmə
orqanlarına mənfi təsir göstərən amilləri,
onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli
peşələrin törətdikləri göz xəstəliklərinin
yaranma mexanizmini elmi surətdə əsaslandırmış,
onların qarşısını almaq üçün əməli
tədbirlər görmüşdür. Zərifə xanım Əliyeva
bu xeyirxah işləri yerinə yetirərkən zərərli
amillərin təkcə görmə orqanına deyil,
bütövlükdə, orqanizmə və onun ayrı-ayrı
orqanlarına göstərdiyi təsirləri də mükəmməl
öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin
bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Alim zərərli
müəssisələrdə çalışanların
görmə orqanlarını müalicə etməklə,
bütövlükdə onların ayrı-ayrı
orqanlarını da müxtəlif növ toksinlərin təsirindən
mühafizə edərək birbaşa insanların həyatını
qoruyurdu.
Görkəmli
alimin aktual problemin həlli yollarında apardığı səmərəli
işlər tezliklə öz bəhrəsini vermiş və
o, 1976-cı il may ayının 27-də M.Helmholts adına
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri
işçilərində görmə orqanının vəziyyəti”
mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri
doktoru elmi dərəcəsinə
layiq görülmüşdür. Dissertasiya müdafiəsi
günü alim özünün tutarlı əyani dəlillərə
əsaslanan nüfuzedici çıxışında elmi
istiqamətlərinin üstünlüklərini, elmi
kamilliyini, cəsarətli eksperimentatorluq
bacarığını Moskvada keçmiş SSRİ-nin məşhur
oftalmoloqları qarşısında bir daha təsdiq edərək,
onların rəğbətini qazanmışdır. Rusiya Tibb
Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov
adına II Moskva Tibb İnstitutunun göz xəstəlikləri
kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı A.R.Nesterov akademik Z.Ə.Əliyevanın
doktorluq dissertasiyasının müdafiəsi gününü
xatırlayaraq yazır: “Həmişə olduğu kimi,
Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutu yanındakı
İxtisaslaşdırılmış Şuranın iclası
adət etdiyimiz rəsmi qaydada başladı. Kürsiyə bəstəboy,
qara saçlı, suyu şirin, iri gözlü, qaynar
baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və
aydın tələffüzü ilə, ən çətin məsələləri
belə sadə dildə ifadə etmək bacarığı ilə
seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına
rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə
aydınlıq gətirirdi. Zərifə Əziz
qızının məruzəsi şurada diqqətlə dinlənildi.
Rəsmi və qeyri-rəsmi opponentlərin rəyləri yekdil
idi. Gizli səsvermə yolu ilə şura yekdilliklə Zərifə
Əziz qızı Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi
vermək barədə qərar çıxardı.
Müdafiədən
sonra biz Zərifə xanımla bəzi istehsalat məsələlərini
müzakirə etmək üçün
görüşdük və beləcə, uzunmüddətli
ailə dostluğunun əsası qoyuldu. 21-22 oktyabr 1977-ci ildə
Zərifə xanımın təşəbbüsü ilə
Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə
Heyətinin VII plenumunun keçirilməsi cəmiyyətin həyatında
mühüm hadisəyə çevrildi. Həmin plenumda 200 nəfər
iştirak edirdi. Plenumda ölkənin görkəmli alimləri
uşaqların görmə qabiliyyətinin mühafizəsinə,
qlaukomanın profilaktikasına və müalicəsinə,
ağır göz zədələrinə həsr olunmuş məruzələrlə
çıxış etdilər...
Zərifə
xanımın həmin plenumda kimya sənayesi müəssisələrində
görmə orqanının peşə xəstəliyinə həsr
olunmuş məruzəsi hamının diqqətini cəlb
etdi. Qeyd etmək lazımdır ki, ÜOEC-nin İdarə Heyətinin
plenumunda oftalmologiyada ayrıca əsas istiqamət sahəsi
kimi peşə patologiyasının problemləri ilk dəfə
müzakirə olunurdu. Zərifə Əziz qızı rəhbərlik
etdiyi kollektivin apardığı tədqiqatların əsas nəticələrini
şərh edərək kimya və neftkimya sənayesinin
sürətli artımına diqqət çəkdi. Z.Ə.Əliyevanın
plenumdakı məruzəsi və onun müzakirəsi görmə
orqanının peşə patologiyası üzrə tədqiqatların
gələcək inkişafına təkan verdi”.
Doktorluq
dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə
xanım Əliyeva ADHTİ-də müsabiqə yolu ilə
professor vəzifəsinə seçilmiş və qısa
müddətdə onun
çoxdan layiq olduğu bu elmi adı da təsdiq
edilmişdir.
Tibb
elmləri doktoru, professor Z.M.Skripniçenko “Alim ömrü”
adlı xatirəsində akademik Z.Ə.Əliyeva ilə ilk
görüşünü belə xatırlayır: “Bizim ilk
görüşümüzü daha dəqiq xatırlayıram.
Oktyabr 1977-ci il. Akademik V.P.Filatov adına Odessa Göz Xəstəlikləri
İnstitutunun nümayəndə heyəti Azərbaycan
oftalmoloqlarının elmi konfransında iştirak etmək
üçün Bakıya gəlib. Odessadan gələn
konfrans nümayəndələrini aeroportda mehribanlıqla
qarşılayıb, rahat mehmanxanada yerləşdirdilər.
Daha sonra sabah öz işinə başlayacaq konfransın
keçiriləcəyi yerə apardılar.
Konfrans
başladı. Dinlədiyimiz məruzələrdən ən
çox professor Z.Ə.Əliyevanın Azərbaycanın
şin istehsalı sahəsində gözün peşə xarakterindən
asılı olaraq zədələnməsi barədə etdiyi
çıxış yadda qaldı...”
Bakıda
ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun
təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə
qədəm qoymasına güclü təkan verdi. Plenumda
professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə
orqanının peşə patologiyasının öyrənilməsi
üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat
laboratoriyası yaradılması haqqında təklif irəli
sürdü və iştirakçılar yekdilliklə bu təklifi
müdafiə etdilər. Professor Z.Əliyeva 1979-cu ildə
Bakı məişət kondisionerləri zavodu nəzdində
Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun
“Görmə orqanının fiziologiyası və peşə
patologiyası” adlı unikal bir laboratoriyanın
yaradılmasına və onun səmərəli fəaliyyət
göstərməsinə nail oldu. Elmin və texnikanın ən
son nailiyyətlərinə əsaslanan üç şöbədən
ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi
və görmə orqanının peşə xəstəliklərinin
profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə
çevrildi. Şöbələrdən birində görmə
orqanının vəziyyəti yoxlanılır, ikincisində
diaqnostik-funksional müayinələr
aparılır, üçüncüsündə isə cərrahi
əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə
malik istehsal sahələrində görmə orqanına
fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin
öyrənilməsi həyata keçirilirdi. Zərifə
xanımın bu təcrübəsi keçmiş SSRİ-nin
digər şəhərlərində də bəyənilərək
rəğbətlə qarşılanmış, təcrübədə
əyani olaraq geniş tətbiq edilmişdir. Professor Zərifə
xanım Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri
alimin “Şin istehsalında gözün peşə
patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı
oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin
profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində
özünün dolğun əksini tapmışdır.
1981-ci
ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə
mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə
qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz
qızı Əliyeva görmə orqanının peşə
patologiyası sahəsində apardığı silsilə
elm-tədqiqat işlərinin dəyərli nəticələrinə
görə SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ. Averbax adına mükafatına layiq
görülmüşdür.
Akademik
Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasının
müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri
və təcrübi təbabətdə qazandığı
müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin
səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı
tibb kadrlarının hazırlanması yolunda göstərdiyi
dəyərli xidmətlərə görə Azərbaycan SSR
Elmlər Akademiyasının həqiqi üzvü
seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilmiş ilk
alimdir.
Zərifə
xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi
çoxşaxəli və genişdir. O, görmə
orqanlarının virusla zədələnməsinə, bu səpkidə
aparılan müalicə-profilaktika tədbirlərinə silsilə
işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”,
“Ağır virus konyunktivitləri” və sair əsərləri
bu qəbildəndir.
Akademik
Z.Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi
görmə orqanının bədxassəli
şişlərinin, qlaukomanın etimologiyası,
diaqnostikası və müalicəsi məsələlərini
əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin
anatomo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar dəyişiklikləri
və görmə-sinir yolları” adlı monoqrafiyaları və
digər əsərləri göz xəstəliklərinin
yaş xüsusiyyətlərinə, “Göz sulanmasının
fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə
üsulları ilə müalicəsi” və digər
monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə
xanım Əliyevanın qələmə aldığı
fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”,
“İridodiaqnostikanın əsasları” və sair kitabları
bu gün də oftalmoloqların
ən çox müraciət etdikləri, oxuyub
faydalandıqları əsərlərdəndir.
Zərifə
xanım elm və texnologiyaların etikası, həkimlik
deontologiyası haqqındakı zərif və saf düşüncələrini
öz dəyərli əsərlərində təsbitləndirə
bilib. Onun qələmə aldığı “Yüksək
etimad” kimi kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri
həm bu gün, həm də gələcəkdə gənc
həkimlərə düzgün yol göstərən, istiqamət
verən, onların bir həkim, bir şəxsiyyət kimi
formalaşmalarında böyük əhəmiyyət kəsb
edən əsərlər olaraq qalacaq və
aktuallığını heç vaxt itirməyəcəkdir.
Akademik
Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin,
monoqrafiya, səmərələşdirici
təklif və dərs vəsaitlərinin müəllifi
olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində,
yüksək səviyyəli həkim-oftalmoloqların,
professional elmi kadrların
yetişdirilməsində böyük xidmətlər göstərmişdir.
O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri
və məsləhətçisi olmuş, böyük bir elmi
məktəb yaratmışdır. Təkcə Azərbaycanda
deyil, onun hüdudlarından kənarda da görkəmli alim
kimi tanınan Z.Əliyeva oftalmologiya elmində əldə
etdiyi nailiyyətlərlə, xalqımızın
sağlamlığı keşiyində dayanan çoxsaylı
həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi
əvəzsiz xidmətlərinə görə Azərbaycanın
“Əməkdar elm xadimi” fəxri adına layiq
görülmüşdür.
Akademik
Z.Ə.Əliyeva həm də keçmiş SSRİ-nin
Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi
fədakarcasına çalışmış, bir sıra
xarici ölkələrdə səmərəli
görüşlər keçirərək dəyərli
çıxışlar, məruzələr etmiş, dünya
xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir.
O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin,
keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti
İdarə Heyətinin, Moskvada
çıxan “Oftalmologiya xəbərləri”
jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
2010-cu
ildə yaranmasının 80 illik yubileyi təntənə ilə
qeyd edilən Azərbaycan Tibb Universiteti haqqında tərtib
edilən kitabın bir hissəsi
onun məşhur məzunlarına həsr edilmişdir və kitabda
akademik Zərifə xanım Əliyeva dəsti-xəttinin
geniş oxucu kütləsinə çatdırılmasına
da geniş yer verilmişdir. Şübhəsiz ki, Azərbaycan
Tibb Universitetini uzun illərdən bəri yaşadan, ona beynəlxalq
miqyasda uğur və nüfuz qazandıranlardan biri də onun
akademik Z.Ə.Əliyeva kimi məzunları, alimləri, müəllimləridir.
Akademik
Zərifə Əliyeva 1985-ci ilin aprel aynının 15-də əbədiyyətə
qovuşmuşdur. Bu il görkəmli alimin anadan
olmasının 90 illik yubileyidir. İllər bir-birini əvəz
etsə də, əvəzolunmaz alimin əziz xatirəsi
heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Qədirbilən
xalqımızın, eləcə də ölkəmizin tibb
işçilərinin ona olan məhəbbətinin əbədiliyi artıq vaxt, zaman çərçivəsindən
çıxaraq sonsuzlaşmış, daimiləşmişdir.
Azərbaycan
Tibb Universitetinin əməkdaşları, tələbə-gəncləri
həmişə olduğu kimi, bu il də görkəmli elm
xadimi, qayğıkeş müəllim, təvazökar insan
kimi qəlblərdə daimi yer tutan, tarixdə əbədiləşən
akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 90 illik yubileyini geniş qeyd edir, unudulmaz məzununun xatirəsinə
həsr olunumuş silsilə tədbirlər keçirir.
Akademik
Zərifə Əziz qızı Əliyeva özünün səmimiliyi,
xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi,
bəşəri duyğuları ilə ölməzliyə
qovuşub. Onun unudulmaz xatirəsi qəlbimizdə əbədi
yaşayacaqdır.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
Mükafatı laureatı,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2013.- 14 aprel.- S. 3.