ULU ÖNDƏR
HEYDƏR ƏLİYEV Gürcüstandakı
soydaşlarımızın da arxası, dayağı idi
Gürcüstanın böyük dövlət xadimi Eduard Şevardnadze “Keçmiş və gələcək günlər barədə memuarlar”ında ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, eləcə də dahi şəxsiyyət tərəfindən 90-cı illərin gərgin dövrlərində bu ölkədə yaşayan soydaşlarımıza göstərilən tükənməz qayğıdan geniş bəhs olunur.
Mənim üçün xüsusilə xoşdur ki, soydaşlarımızın üzləşdikləri problemlərin diqqət mərkəzində saxlanılması, çətinliklərin aradan qaldırılması o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi mənə həvalə edilmişdi. E. Şevardnadze yazır ki, Aslan Aslanov əziz dostum Heydər Əliyevin tapşırıqlarını tam dəqiqliyi ilə operativ şəkildə yerinə yetirirdi... Aslan Aslanov Azərbaycan Prezidentinin tapşırıqları və tövsiyələrinin, ümumiyyətlə, onun daxili siyasətinin əsil ötürücüsü idi. Cənab Aslanov dövlət başçısı Heydər Əliyevin tapşırdığı işləri çox yüksək səviyyədə görür, iki qonşu xalq arasında əsil dostluq körpüsü rolunu oynayır və bütün bunlara görə biz də onu “Sədaqət” ordeni ilə təltif etdik".
İndi
bu sözləri oxuyarkən yaxın keçmişin
çoxlu adi və qeyri-adi olayları yada düşür. Ulu
öndərin 90 illik yubileyi günlərində onun
tapşırığı və tövsiyəsi ilə
görülmüş işləri
yada salmaq, ümumilli liderimizin soydaşlarımıza olan sevgi
və məhəbbəti barədə oxucularda təsəvvür yaratmaq
istərdim.
...O
dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda
olduğu kimi, qonşu Gürcüstanın azərbaycanlılar
yaşayan bölgələrində də ağır vəziyyət
hökm sürürdü. Terror terroru, faciə faciəni
əvəz etdikcə camaat qorxu, həyəcan içində
çaş-baş qalmışdı. Bir növ arxasız,
köməksiz olan soydaşlarımızın Azərbaycana köçhaköçü,
kütləvi axını
başlanmışdı.
Azərbaycanın öz problemlərinin,
necə deyərlər,
başdan aşdığı bir dövrdə Prezident
Heydər Əliyev əzabkeş soydaşlarımızı əsla
unutmurdu. Ölkəmizə axının
qarşısının alınması üçün
Gürcustanla əlaqələri
yaxşılaşdırmağı,
soydaşlarımızın əmin-amanlığını təmin
etməyi, burada azərbaycanlılara məxsus olan abidələri,
adət-ənənələri qorumağı, onlara
qayğı və diqqət göstərməyi ön plana
çəkirdi.
İlk növbədə soydaşlarımızın itirilmiş inamını, etibarını, tapdalanmış milli hisslərini dirçəltmək, elindən-obasından bir növ əllərini üzmüş insanları yenidən öz dədə-baba yurdlarına bağlamaq kimi mühüm bir prosesin həyata keçirilməsi diqqət mərkəzində idi. Ulu öndər vəziyyətlə müntəzəm maraqlanır, bizə tövsiyələr, tapşırıqlar verirdi...Şaxtalı, çovğunlu bir qış günündə ilk humanitar yardım maşın karvanı Dmanisi rayonuna yola salındı. Sonra daha bir karvan... Daha bir karvan... Həftələr, aylar keçdikcə xeyriyyə karvanları daimi xarakter aldı. Soydaşlarımız hiss elədilər ki, müstəqil ölkəmiz, Azərbaycan xalqı, xüsusilə dünya şöhrətli Heydər Əliyev mövcud problemlərlə dərindən maraqlanır və onlara hər an, hər cür kömək göstərməyə hazırdır. Nankor ermənilərin, eləcə də Qamsaxurdiya rejiminin fitnə-fəsadından, terror əməllərindən sarsılaraq evini-eşiyini yiyəsiz qoyub Azərbaycana gəlmək istəyən insanların qarşısı alındı.
Gediş-gəliş
artdıqca soydaşlarımızın qəlbində
inamsızlığı ümid, qorxunu cəsarət əvəz
etdi. Əsrlərdən bəri mehriban
qonşuluq şəraitində yaşamış
xalqlarımız arasında Heydər Əliyevin müdrik siyasəti
sayəsində dostuğun yeni mərhələsi
başlandı. Müntəzəm görüşlər, əlaqə-ünsiyyət,
səmimi münasibətlər insanların psixologiyasına, əhval-ruhiyyəsinə
güclü təsir etdiyindən
soydaşlarımızın öz dədə-baba
yurdlarından perikməsinə son qoyuldu.
Qaçqın
karvanı əvəzinə bizə minnətdarlıq məktublarının
axını başlandı. Gürcüstan
dövlət başçısının Borçalı
quberniyası üzrə nümayəndəsinin müavini
Hacımurad Xəlilovun bu qayğı və köməkdən
ürəklənən həmyerliləri adından şəmkirlilərə
ünvanladığı məktubu indi də həyəcansız oxumaq olmur: “Əziz
Aslan müəllim, hər dəfə Siz, Azərbaycan
Prezidenti möhtərəm Heydər Əliyevin
tapşırığı ilə bu yerlərə gəlib-gedəndə
inanın ki, qəlbimiz dağa dönür. Istər hökumət
nümayəndələrinin, istərsə də şair və
yazıçıların, ayrı-ayrı peşə sahiblərinin
səfərləri bizə daim qol-qanaq verir. Bu ağır
günlərdə bir də yəqin elədik ki, Azərbaycan
bizim ümid yerimiz, cənab Heydər Əliyev isə
arxamız, dayağımızdır...”.
Bu sözləri oxuduqca AXC-Müsavat hakimiyyəti dövründə ölkənin müxtəlif rəhbər orqanlarına atamın yazdığı məktublar, teleqramlar yada düşür. Atam Şəmkir Dövlət Damazlıq Birliyinin rəisi idi. Azərbaycandakı hərc-mərcliyi görəndə vəzifəsindən imtina etdi. Sözü bu idi ki, Heydər Əliyev respublika rəhbərliyinə dəvət olunsun. Gördü ki, yuxarılarda bu fikrə əhəmiyyət verən yoxdu, 1992-ci il aprelin 16-da özü birbaşa Heydər Əliyevə məktub yolladı (həmin məktubu və sonra göndərilən məktubları atamın əziz yadigarı kimi saxlayıram). Məktubda deyilirdi: “Möhtərəm Heydər Əlirza oğlu! Respublikamız böhran içindədir. Xalqı bu faciədən yalnız Siz xilas edə bilərsiniz. Sizdə bu qabiliyyət, qətiyyət, təcrübə, savad və mənlik vardır. Ona görə də artıq dərəcədə xahiş edirəm, tezliklə Azərbaycan Respublikası prezidentliyinə öz namizədliyinizi verəsiniz. Xalqımızın ümidi yalnız Sizədir. Ölkəni bu bəladan yalnız Siz xilas edə bilərsiniz.
Dərin hörmətlə,
Əli Aslanov".
...Xalqın tələb və təkidi ilə
Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı xaosdan xilas etdi. İndi də ondan
Gürcüstandakı soydaşlarımız nicat gözləyirdilər.
Budur, dağ vüqarlı, polad iradəli Heydər
Əliyev soydaşlarımızın köməyinə gəlib...
1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər
Əliyevin Gürcüstan Respublikasına ilk rəsmi səfəri
çox mətləblərə işiq saldı.
Gürcüstan–Azərbaycan dostluğunun qədim tarixinə
yeni səhifələr yazıldı, yeni fəsillər
əlavə olundu... Burada uzaqgörən ulu öndərimizin müdrikliyindən,
tükənməz milli təəssübkeşliyindən,
soydaşlarımıza, onların ata-baba yurdlarına olan dərin
məhəbbətindən xəbər verən bir epizod yada
düşür. Cənab Heydər Əliyevin Gürcüstana
səfəri ilə əlaqədar keçirilən təntənəli
toplantı zamanı çıxış edən Eduard
Şevardnadze xalqlarımızın tarixi dostluğundan
danışarkən necə oldusa “Azərbaycan diasporu”
sözünü işlətdi. Cənab Heydər Əliyev o dəqiqə
söhbətə müdaxilə etdi. “Diaspor-yox-dedi, -azərbaycanlılar
sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə
yaşayırlar. Buralar onların əzəli, əbədi məskənləridir”.
Şevardnadze gülümsədi və cənab Heydər Əliyevin
sözünü təsdiq etdi.
Bu tarixi görüşdən sonra Prezident Heydər Əliyevin tapşırığı ilə Gürcüstanda yaşayan soydaşlarımıza şəmkirlilərin xeyriyyəçilik ənənələri yeni vüsət aldı. Qardabanidə köhnə, uçulub dağılmaqda olan məscid binası bərpa olundu. Marneuli rayonunda yeni məscid tikildi, Kosalı kənd orta məktəbinə xeyli miqdarda yanacaq və tədris ləvazimatı verildi. Bolnisi rayonunda Arkivan kənd orta məktəbi təmir edildi. Qardabani və Dmanisi rayonlarında ehtiyac içində yaşayan onlarca ailəyə vaxtaşırı ərzaq və tikinti materialı göndərildi. Tbilisidə azərbaycanlı uşaqların oxuduqları 73 saylı orta məktəb əsaslı təmir olundu, onun bağlanmaq təhlükəsi aradan qaldırıldı. Qısa müddət ərzində burada şagirdlərin sayı 60-dan 300 nəfərə çatdı. Həmin dövrdə Tbilisidə azərbaycanlı uşaqların oxuduqları daha bir məktəbin də maddi-texniki bazası möhkəmləndirildi.
...“Gürcüstan”
qazeti 75 illik yubileyə hazırlaşırdı. Qəzetin
maddi-texniki bazası isə çox zəif idi. Söhbətlərdən
birində dövlətimizin başçısı
soydaşlarımızın mətbu orqanı olan
“Gürcüstan” qəzetinə lazımi qayğı göstərilməsinin
vacibliyini bildirmişdi. Prezidentin tövsiyəsini,
tapşırığını dərhal
reallaşdırdıq. Qəzetin 75 illik yubileyi ərəfəsində
yaradıcı kollektivə bir neçə ton kağız,
kompyuter dəsti, faks, surətçıxaran aparat, iki ədəd
printer və digər avadanlığı hədiyyə etdik. Qəzet
əməkdaşlarının bir neçə aylıq əmək
haqqının ödənilməsini yoluna qoyduq. Gördük
ki, qəzetin kollektivi nəqliyyat sarıdan əziyyət
çəkir. Bunu eşidən rəhmətlik atam “Qaz-24” markalı “Volqa”
maşınını redaksiyaya bağışladı.
Biz təkcə
soydaşlarımıza yox, ulu öndərin tövsiyəsi ilə
gürcü dostlarımıza da yardımlar aparırdıq.
Xüsusən, Abxaziyada milli münaqişələrdən
sonra doğma ev-eşiklərindən, yurd-yuvalarından
qaçqın düşüb Tbilisidəki “İveriya”
mehmanxanasında məskunlaşan gürcülərə, eləcə
də ölkənin müxtəlif bölgələrində
sığınacaq tapan qaçqınlara da əl tutur, müəyyən
yardımlar edirdik.
O
qanlı-qadalı günlərdə “İveriya”
mehmanxanasında olan bir görüş heç yadımdan
çıxmır. Abxaziyada milli münaqişələrdən
sonra yurd- yuvalarından didərgin düşmüş
gürcülərə, eləcə də ölkənin
müxtəlif bölgələrindən gəlib
sığınacaq tapan qaçqınlara Şəmkirdən
xeyli ərzaq aparmışdıq.
Sovqatlar paylanan zaman Gürcüstanın xalq
yazıçısı Quram Pancikidze həyəcanla deyirdi: “Mənim
xalqım gözütox, zadəgan, knyaz nəslindəndir.
Onlar acından və şaxtadan ölsələr də,
öz qürurlarını saxlayaraq heç kimə əl
açmayıblar. Bu gün şəmkirlilərin
sovqatını qardaş payı kimi qəbul edirik. Bilirik ki,
bu yardımlar gürcü ziyalıların sevimlisi Heydər Əliyevin
tapşırığı ilə gətirilib”.
Ulu
öndərin ünvanına belə xoş sözlər
tez-tez səslənirdi. Bir dəfə din xadimlərinin
dilindən eşitdiyim söhbətləri heç unuda bilmirəm.
Soyuq qış günlərindən biri idi. Təbii
qaz balonları və ərzaq məhsulları
aparmışdıq. Ümumgürcüstan katolikosu-patriarx II
İlya Azərbaycan xalqının xeyirxahlığından
minnətdarlıqla söz açdı. Dövlətimizin
başçısının müdrikliyini xüsusi
vurğuladı. “Cənab Heydər Əliyevin qədrini
bilin-dedi, -o, bütün Qafqazın ağsaqqalıdır.
Həmişə insanlar arasında səmimiyyət,
mehribanlıq yaratmağa çalışır. Çətinə,
dara düşənlərə əl tutur, qayğı
göstərir. Qoy Tanrı onu qorusun”. Sonra da məndən dönə-dönə
xahiş etdi ki, Gürcüstanın bütün din xadimlərinin
səmimi salamlarını və dərin təşəkkürünü
cənab Heydər Əliyevə yetirim.
XIX əsrin
sonlarında və XX yüzilliyin əvvəllərində
Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən
biri sayılırdı. Azərbaycan Xalq
Cümhuriyyəti süqut edəndə azadlıq fədailərinin
sığınacaq məkanlarından birinə
çevrilmişdi. Ulu öndər
tapşırıq verdi ki, bu qədim şəhərdə
dünyasını dəyişən ziyalıların taleyini
araşdırım. İlk öncə Mirzə Fətəli
Axundovun geniş və yaraşıqlı evi müəyyən
təmir-bərpa işləri aparılaraq azərbaycanlıların
mədəniyyət mərkəzinə çevrildi.
Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli
nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində,
“Molla Nəsrəddin” jurnalının redaksiyasında, “Qeyrət”
mətbəəsində təmir-bərpa işləri
aparılaraq xatirə muzeyləri yaradıldı.
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin
nəzdində İbrahim İsfahanlı adına teatrın fəaliyyəti
bərpa olundu. Az qala, unudulmaqda olan bu səhnə fədaisinin
100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Cümə məscidinin qənşərində böyük sənətkarın
yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Tbilisidəki
Nəbatat bağında yenidənqurma işləri
aparıldı. Köhnə qəbirlər tamamilə
sıradan çıxa bilərdi. Ulu öndərin tövsiyəsilə
iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı.
Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə
qovuşduğu bu müqəddəs yer əsil ziyarətgaha
çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli
Axundovım büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə
Şəfı Vazehin qəbirüstü abidəsi
ucaldıldı. Görkəmli ziyalı Həsən bəy
Ağayevin büstü qoyuldu. Qədim müsəlman qəbiristanlığında
Tiflis ədəbi mühitindən çıxmış,
müstəqil Azərbaycan dövlətçiliyi uğrunda
mübarizə aparmış insanların, tanınmış
elm və mədəniyyət nümayəndələrinin,
ictimai-siyasi xadimlərin adları yazılmış fəxri
güşə yaradıldı. Zərli boya ilə “Azərbaycan
övladları” sözləri yazılmış mərmər
lövhədə öz dövrünün
adlı-şanlı ziyalıların, böyük şəxsiyyət
kimi tanınan soydaşlarımızın: Mirzə
Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan
Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar,
Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov,
Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə,
Müzəffər Nərimanov və onlarca
başqalarının adları həkk olundu.
Bütün bunlar bilavasitə xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü və
tövsiyəsi ilə həyata keçirildi.
Burada çox önəmli bir epizodu da xatırlatmaq istərdim. 1996-cı ilin soyuq qış günlərindən biri idi. Həmişə olduğu kimi, soydaşlarımızla görüş üçün Tbilisiyə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat doqquz olardı. Mənə məlumat verdilər ki, ağbirçək bir qadın təklikdə görüşmək, nəsə bir söz demək istəyir. Görüşdük, söhbətdən məlum oldu ki, qocaman müəllimə xalqımız üçün çox böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq fikrindədir. Müəllimə illər boyu heç kimə bildirmədiyi bir həqiqəti-Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı: “O zaman-dedi, -Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar...”.
Sonra
qadın o yeri göstərib dedi ki, buradakı ermənilər
xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni
cənab Heydər Əliyevə
çatdırmağınızı xahiş edirəm.
Həmin
gün axşam Şəmkirə qayıtdım və ulu
öndər Heydər Əliyevlə əlaqə saxlayıb
Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda
ölkə Prezidentinə ağbirçək müəllimənin
dediklərini də çatdırdım. Ümummilli liderimiz dərhal
soruşdu: “Bu məsələdən daha kimin xəbəri
var?” Cavab verdim ki, məndən başqa sürücüm və
daha iki nəfər bilir. Ani sükutdan sonra Heydər Əliyev
soruşdu:
-Yorulmamısan? Dedim: -Xeyir. Tapşırdı
ki, elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər
isə Tbilisi Cümə məscidinin axundunu da
götürüb müsəlman adət-ənənəsi ilə,
deputatlarımızın və digər
ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin
M. F. Axundovun büstünün yanına
köçürülməsini təmin edin. F.X.Xoyskiyə
xüsusi məhəbbətim olduğu üçün qəbirüstü
abidənin açılışında mən özüm
iştirak edəcəyəm.
Ulu öndərin dediyi kimi də elədik. Abidə
vaxtında hazır oldu. Çox gözəl
də alındı. 1996-cı il mart
ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan
Xoyskinin büstünün açılışında şəxsən
iştirak etdi.
Bu cür geniş miqyaslı əlaqəli-əhatəli
problemlərin həlli ilə yanaşı, dövlətimizin
başçısı hər bir ziyalının, hər bir
soydaşımızın qeydinə qalır, onun taleyi ilə
maraqlanırdı. Yəqin oxucuların yadındadır: 1996-ci ilin mart
ayının 17-də Bakıdan Borçalı mahalına gedən
avtobus Tovuz rayonu ərazisində qəzaya
uğramışdı. İyirmi altı nəfər
bir anda həyatdan köçdü. Aralarında
yenicə dil açan körpələr də var idi,
nişanlı qızlar da, yeniyetmə oğlanlar da. Elə həmin gün ulu öndər Şəmkirə
zəng çaldı. Mənə
tapşırdı ki, mərhumların ata-baba yurdlarına
çatdırılmasını, onların el adətincə
son mənzilə yola salınmasını və onların
hüzn məclislərinin keçirilməsini təşkil
edim. O qəmli-hüznlü günlərdə qədirbilən
insanların, el ağsaqqallarının göz yaşları
içərisində Heydər Əliyevə necə xeyir-dua
etdiklərini ömürboyu unuda bilmərəm. Onu da qeyd edim ki, ulu
öndərimizə hörmətin ifadəsi olaraq həmin mərasimlərdə Eduard
Şevardnadze də mənimlə birgə iştirak edirdi.
Ustad
aşıq Kamandar dünyasını dəyişəndə
ulu öndər mənə dedi ki, dəfnində, yasında
iştirak etmək lazımdır.
Bax gör, nəyi var, nəyi yox... Qəbirüstü
abidəyə də özün fikir ver.
Bir də görürdün ən “sadə” bir insanın
günü-güzəranı, xeyri-şəri ilə maraqlanır. Biz də
çalışırdıq ki, hər işi o böyük,
dahi insanın adına layiq görək.
Gürcüstanın xalq artisti İbrahim
İsfahanlının yüz illik yubileyi, demək olar ki,
unudulmuşdu.
Cənab Heydər Əliyev yada saldı. Yığışıb Tbilisiyə getdik.
Şota Rustaveli
adına Dövlət Akademik Dram teatrında təntənəli
yubiley gecəsi keçirildi. Yaşadığı binaya xatirə
lövhəsi vuruldu,
barelyefi qoyuldu... Bu cür tədbirlər saysız-hesabsızdır.
2001-ci ilin avqust ayında cənab Heydər Əliyevin tapşırığı ilə mən, akademik Məmmədtağı Cəfərov və yazıcı-jurnalist Əhməd İsayev Marneuli şəhərinə getdik. Azərbaycanın uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar onun dədə-baba ocağında ev muzeyinin və barelyefinin açılışında iştirak etdik. Xatırladım ki, ev muzeyin yerləşdiyi küçəyə həmin vaxt asfalt örtük çəkilməsi də unudulmamışdı. Onu da deyim ki, sözügedən açılış mərasimində şairin oğlu, ədəbiyyatşünas-alim Kamal Talıbzadə çıxışında ulu öndər Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Azərbaycanda
hamı yaxşı bilir ki, Şərqin böyük siyasətçilərindən
hesab olunan yazıçı, həkim Nəriman Nəcəf
oğlu Nərimanov Tbilisidə anadan olub. N. Nərimanov
doğulub, boya-başa çatdığı binanı Kərbəlayı
Allahverdi qədim müsəlman məhəlləsində
oğlu Nəcəf üçün, yəni Nəriman Nərimanovun
atası üçün tikdirib... Sovet rejimi bərqərar
olandan, daha dəqiq desək, 1929-30-cu illərdən sonra hərə
bir yana dağılıb, mülk əldən-ələ
keçib. İndi isə bütün dünya azərbaycanlıları
fəxrlə, qürurla deyə bilərlər ki,
tanınmış dövlət xadimi, yazıçı,
doktor Nəriman Nərimanovun Tbilisidə də ev-muzeyi
var. Qeyd edim ki, həmin ev-muzey ulu öndərin
tapşırığı ilə mənin adıma özəlləşdirilmişdir.
Yeri
gəlmişkən, N.Nərimanovun və C.Məmmədquluzadənin
(“Qeyrət” mətbəəsi də burada yerləşir)
ev-muzeyləri ermənilərdən alınaraq mənim
adıma özəlləşdirilmiş və Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin mülkiyyətinə keçirilməsi tarixi
bir hadisədir. Bu missiyada iştirak etdiyimə
görə məmnunluq hissi keçirirəm. Ümumiyyətlə,
həmin evlərin xalqa qaytarılması ilə bağlı
müraciətimə tez bir zamanda cavab və icrasına
göstəriş verdiyinə görə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevə minnətdaram.
Müdrik
Heydər Əliyev iki qonşu xalq arasında
mehribanlığın, səmimi dostluğun, əlaqə-ünsiyyətin
günü-gündən inkişafı üçün
mümkün olan hər bir tədbirdən istifadə edirdi. Həyatın
hər sahəsində-istər mənəvi münasibətlər,
istərsə də ədəbi-mədəni əlaqələr
getdikcə genişlənirdi. Bununla bağlı bir neçə
faktı diqqətə çatdırmaq istərdim. Dövlətimizin
başçısının yeritdiyi müdrik siyasət sayəsində
Eduard Şevardnadzenin “Mənin seçimim” kitabı
gürcücədən Azərbaycan dilinə, “Azərbaycan-Gürcüstan.
Dostluğumuzun təntənəsi” adlı məqalələr
toplusu isə azərbaycancadan gürcü dilinə çevrilərək
nəşr olunmuşdur. Görkəmli türk
publisisti İrfan Ülkünün Prezidentimiz-ulu öndər
Heydər Əliyevin həyatından bəhs edən
“Qızıl ulduzdan hilala doğru” əsəri türk dilindən,
“Əsrin adamı”, habelə Mir Cəlalın “Bir gəncin
manifesti” əsəri, Aşıq Ələsgərin
“Qoşmalar”ı Azərbaycan dilindən gürcü
dilinə tərcümə edilmiş, gürcücə-azərbaycanca
lüğətlər nəşr olunmuşdur. Nodar
Dumbadzenin “Mən günəşi görürəm” adlı əsəri,
Quram Pançikidzenin “Saf daş” romanı, Çansuq
Çarkvianinin “Mən və mən” şeirlər kitabı,
Moris Posxişvilinin “İki məhəbbət” poeması,
İmir Məmmədlinin “Peyğəmbərin kəlamları”,
ümumən 50-dən çox kitab Azərbaycan oxucusuna
çatdırılmışdır.
Bütün
bu sosial-mənəvi məsələlərlə
yanaşı, ulu öndər Heydər Əliyev bir sıra
beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm
proqramların həyata keçirilməsində də qonşu
Gürcüstan Respublikasının maraqlarına xüsusi
önəm verirdi. Uzun illər cənab
Heydər Əliyevlə çiyin-çiyinə
çalışmış Eduard Şevardnadze öz
“Memuarlar”ında ulu öndərimizin bu tarixi xidmətlərini
minnətdarlıqla xatırlayaraq yazır: “...Əliyev enerji
daşıyıcılarının əsas marşrutunun
Gürcüstandan keçməsi üçün əlindən
gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft
borusu tez bir zamanda 6-7 ay ərzində inşa olundu...
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikilişi beynəlxalq
maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv
dəstək obyektinə çevrilməsinə səbəb
oldu və Gürcüstana çox əhəmiyyətli bir
beynəlxalq funksiya qazandırdı”. Bütün bunlar
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
Gürcüstan–Azərbaycan dostluğu yolunda
yaratdığı ulu körpünün qızıl kərpicləri
sayıla bilər. Bu dostluq bədxah qonşularımız istəsələr
də, istəməsələr də getdikcə möhkəmlənir,
yenilməz qüvvəyə çevrilir.
2007-ci
ilin may ayında Tbilisidə Heydər Əliyevin
büstünün təntənəli açılış mərasimində
Gürcüstan Prezidenti Mixail Saakaşvili tarixin reallıqlarına
söykənən çıxışında demişdir:
“Regionumuzun geosiyasəti məhz Heydər Əliyevin qərarından
sonra dəyişdi... Heydər Əliyev müasir Azərbaycan
dövlətinin banisi, müasir Azərbaycan millətinin
atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan,
uğurlu Azərbaycan isə Gürcüstanın
özünün daxilində inteqrasiya və müvəffəqiyyətin,
ümumi gələcəyimizin rəhnidir”.
Tarixin
yaddaşında müdrik Heydər Əliyevin əvəzsiz
işləri barədə saysız-hesabsız faktlar
yaşayır. Eduard Şevardnadze öz “Memuarları”nda ulu öndər Heydər
Əliyevlə bağlı
çox mühüm mətləblərdən söz
açır: “Tale elə gətirdi ki, Əliyev və mən
10 il ərzində öz ölkəmizə rəhbərlik
etdik. Bu illər mükəmməl dostluq və
qardaşlıq illəri idi. Moskvada olduğumuz zaman biz ailəvi
yaxın idik-mənim həyat yoldaşım Nanulı Heydər
Əliyevin həyat yoldaşı Zərifə xanımın xətrini
səmimi-qəlbdən istəyirdi. O, çox gözəl
insan, həkim və professor idi... Xatırlatmaq
istəyirəm ki, Əliyevə öz kurasiyasından
başqa, tez-tez digər məsələlərlə birgə,
müxtəlif regionlarda xarici-siyasi əlaqələrin həllini
də tapşırırdılar, o da bunu özünəməxsus
məsuliyyətlə yerinə yetirir və böyük nailiyyətlər
əldə edirdi. Möhkəm iradəli və olduqca
müdrik bir dövlət xadimi idi. Tezliklə bütün
ittifaq miqyasında nüfuzu artdı...”.
Burada
bir məqamı da nəzərə çarpdırmaq istərdim.
1994-cü il oktyabr və 1995-ci ilin mart
hadisələrində ölkəmiz xarici düşmənlərin təsiri altına
düşmüş daxili qüvvələrin təcavüzünə
məruz qalanda, dövlət
çevrilişinə cəhd göstəriləndə bunun
qarşısının alınması məqsədilə
Şəmkir rayonunda, qərb bölgəsində mənim rəhbərliyim
altında xüsusi qərargah yaradılmışdı. O
zaman ulu öndərin ölkədə sabitliyin qorunub
saxlanması üçün verdiyi tapşırıqlar nə
qədər çətin və ağır olsa da, qətiyyətlə
yerinə yetirdim. Yaxşı xatırlayıram: həmin günlər od-alov içində
keçirdi. İndi bununla fəxr duyuram ki, dahi rəhbərin
mənə verdiyi tapşırıqları ləyaqətlə
yerinə yetirmişəm...
Yeri gəlmişkən, həmin dövrdə Kəlbəcər uğrunda ağır döyüşlər gedirdi. Cəbhənin silah-sursatla təchizatı ilə bağlı ulu öndər mənə də müəyyən tapşırıqlar vermişdi. Bununla əlaqədar Tbilisidən 30 ədəd tank mühərriki alıb hərbi hissəyə göndərmişdim. Dahi öndər bundan xəbər tutduqda zəng edib soruşdu ki, mühərrikləri neçəyə almısan?.. Qiyməti dedim. Gülərək bildirdi ki, bu işi davam etdir. Ölkənin maliyyə vəziyyətinin indiki ağır vaxtında bizim Müdafiə Nazirliyi həmin ehtiyat hissələrini dəfələrlə baha qiymətə Ukraynadan alır... Xatırladım ki, o zaman 30 ədəd “Zil-131" maşını, 17 ədəd raketi ucuz qiymətlərlə alıb cəbhə bölgəsinə təhvil verdim. Əlbəttə, bu, qonşu ölkə ilə aramızdakı şəxsi dostluq münasibətinin nəticəsi idi...
Burada cənab Prezidentimiz İlham Əliyevin
2004-cü ildə Qurtuluş Günündə şəmkirlilərlə
görüşündə dediyi sözləri diqqətə
çatdırmaq istəyirəm: “ESiz bütün dövrlərdə
Azərbaycanın dövlətçiliyinə xidmət
etmisiniz. Müstəqil Azərbaycanımızın,
müstəqil dövlətimizin müstəqilliyini gücləndirmisiniz.
Azərbaycan üçün ən çətin dövrlərdə
şəmkirlilər Azərbaycan dövlətçiliyinə
arxa və dayaq olmuşdur. Bunu bütün Azərbaycan bilməlidir”.
Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş nəcib ənənə davam edir. Eduard
Şevardnadzenin dediyi kimi, bu gün Heydər Əliyevin
işini və ölkəmizin qardaşlıq ənənələrini
onun oğlu—böyük ziyalı, dövlət xadimi İlham Əliyev
uğurla davam etdirir. O, atasının irsinə dəyərli
şəkildə başçılıq edir və Azərbaycanda,
eləcə də Gürcüstanda böyük inam və
nüfuz qazanmışdır.
Dövlətimizin
başçısı İlham Əliyev və Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
xalqımızın ümummilli lideri Heydər Əliyevin
uzaqgörənliklə yeritdiyi siyasi kursa sadiq qalaraq
Gürcüstan-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi
üçün böyük işlər görürlər. Azərbaycanlılar
yaşayan bölgələrdə məktəblər təmir
edilir, yollar abadlaşdırılır, körpülər
salınır, su və qaz problemləri aradan
qaldırılır. Hər il qonşu respublikaya Azərbaycan
dilində yüzlərlə dərslik, kompyuter və digər
avadanlıq göndərilir. Soydaşlarımızın
adı ilə bağlı olan hər bir guşənin
abadlığı və əbədiliyi üçün
lazımi qayğı və kömək göstərilir.
Gürcüstan–Azərbaycan dostluğunun tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu isə ilk öncə ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.
Aslan ASLANOV,
YAP Siyasi
Şurasının üzvü
Xalq qəzeti.- 2013.- 18 aprel.- S. 6.