Azərbaycanın içməli su təchizatı sektorunun bugünkü inkişafı ulu öndər HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

 

Ötən əsrin ikinci yarısında  sovetlər birliyinin tərkibində olan Azərbaycan geridə qalmış aqrar respublikası kimi tanınırdı. Son dərəcə ləng inkişaf edən iqtisadiyyata malik respublikamızda həm də sosial problemlər dərin kök salmışdı və  xalqın həyat səviyyəsi olduqca aşağı idi. 1969-cu ildə isə respublikamızın, xalqımızın həyatında ciddi dönüşün əsası qoyuldu, böyük həyat və siyasət məktəbi keçmiş Heydər Əliyev Azərbaycana rəhbər təyin olundu. Xalqımızın böyük oğlu Heydər Əliyev respublika iqtisadiyyatını böhrandan çıxarmaqla yanaşı, sosial infrastrukturun yaradılması, əhalinin üzləşdikləri problemlərin təcili surətdə aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər planı işləyib hazırladı. Bu baxımdan Bakı şəhərinin içməli suya gündən-günə artan tələbatının ödənilməsi də prioritet vəzifə  kimi qarşıya qoyuldu.

Xatırladaq ki, həmin dövrdə respublikamızın paytaxtı  içməli su ilə “Şollar” və ikinci  Bakı su kəməri vasitəsilə  təchiz olunurdu. Bu isə mövcud tələbatı ödəmir, sakinlərin içməli su  təminatında ciddi çətinliklərə səbəb olurdu. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranmışdı. Kür su kəmərinin birinci növbəsi kompleksinin inşasına 1968-ci ildə başlanılsa da, işlər olduqca ləng gedirdi. Yalnız respublikamızın rəhbəri Heydər Əliyevin 1970-ci ilin iyun ayının 10-da Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı təşkilatlara verdiyi konkret tapşırıqlardan sonra işlər əsl məcrasına düşdü. Respublikanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, şənbə iməciliklərinin mütəşəkkil şəkildə keçirilməsi Kür su kəmərinin çəkilişini əsl ümumxalq tikintisinə çevirdi. Məhz bunun nəticəsi idi ki, 30 ayda görülməli işlər təqribən 4 ay ərzində başa çatdırıldı.

1970-ci il sentyabr ayının 28-də Kür su magistralının birinci növbəsi istifadəyə verildi. Paytaxtımızın sosial-iqtisadi həyatı üçün son dərəcə  mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisəyə həsr olunmuş  təntənəli mərasimdə çıxış edən respublika rəhbəri Heydər Əliyev, ilk növbədə, Bakı və Sumqayıt sakinlərinə səmimi təbriklərini çatdıraraq demişdir: “Bu gün biz Kür su kəmərinin çəkilişinin birinci mərhələsində qazanılan qələbəni bayram edirik. Su hər bir kəs üçün sevinc və səadət rəmzidir. Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksinin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”. Yeri gəlmişkən, respublika inşaatçıları və quraşdırıcılarının gərgin əməyi sayəsində kəmərin tikintisində 50 min tondan artıq polad boru qaynaqizolyasiya edilərək xəndəklərə düzülmüş, 180 min kubmetr monolit və yığma dəmir-beton, eləcə də metal-konstruksiyalar quraşdırılmış, 1,5 milyon kubmetrdən artıq torpaq işləri görülmüşdü. Bir sözlə, Kürün məcrasından Bakıyadək uzanan 140 kilometrlik magistral kəmər boyunca  son dərəcə mürəkkəb və ağır zəhmət tələb edən işlər həyata keçirilmişdi.

Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci qolunun çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Respublikamızın rəhbəri Heydər Əliyevin diqqət və qayğısı sayəsində cəmi bir il sonra-1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verildi. Azərbaycanın ictimai həyatı  xalq təsərrüfatı  üçün son dərəcə mühüm əhəmiyyət daşıyan həmin obyektin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev belə bir mürəkkəb texniki obyektin tikintisini və quraşdırılmasını qısa müddətdə başa çatdırmış inşaatçıları, quraşdırıcıları, layihəçiləri, istismar işçilərini böyük əmək qələbəsi münasbətilə təbrik etmiş, onların  fədakar əməyini yüksək qiymətləndirmişdir. Xatırladaq ki, o dövr üçün zərbəçi tikintisi elan olunmuş Kür su kəməri kompleksinin tam istifadəyə verilməsi Bakı və Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaratmışdır.

Ötən əsrin 70-ci illərində ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən respublikamızın paytaxtı Bakı şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bakı şəhərində İttifaqyerli əhəmiyyətli bir sıra sənaye obyektlərinin istifadəyə verilməsi və xidmət sahələrinin  fəaliyyətə başlaması işçi qüvvəsinə tələbatı xeyli artırır. Bununla əlaqədar olaraq paytaxtda, eləcə də Sumqayıtda yeni yaşayış massivləri salınır. Bu da Bakı və Abşeron yarımadasının içməli su təchizatını daha da yaxşılaşdırmaq zərurətini yaradır. Bu məqsədlə 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisi həyata keçirilir. İkinci növbə çərçivəsində mərhələlərlə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi xeyli artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır.

Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan su anbarı, təmizləyici qurğular kompleksi və magistral su kəmərlərinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Xatırladaq ki,  üç mərhələdə həyata keçirilən bu layihənin sonuncu mərhələsi 1978-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə işə salınmışdır. Bununla da, Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,38 kubmetrə çatdırılmışdır. İçməli suyu istehlakçılara çatdırmaq üçün sutəmizləyici qurğular kompleksindən 6 ədəd iri diametrli su xətti çəkilmişdir.

Həmin illərdə Bakı və Abşerona verilən suyun həcminin xeyli artması, eləcə də yeni-yeni yaşayış massivlərinin salınması geniş imkanlara malik kanalizasiya şəbəkəsinin yaradılmasını da tələb edirdi. Məhz bunun nəticəsi idi ki, 1970-ci ildə əhalinin 2000-ci ilə qədərki perspektiv artımı nəzərə alınaraq paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanmışdır. Ötən illərdə layihə çərçivəsində Hövsan aerasiya stansiyası ilə yanaşı, 4 nasos stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı”  və “Sahiltunel kollektorları tikilib istifadəyə verilmişdir. Bunun nəticəsində paytaxtın çirkab sularının 85 faizinin toplanıb Hövsan aerasiya stansiyasındakı qurğularda təmizlənərək dənizə axıdılması təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, respublikamızın digər iri şəhər və rayonlarında da yeni su anbarları inşa olunmuşdur. Bu da kənd təsərrüfatının suvarma suyuna olan tələbatının ödənilməsini təmin etməklə yanaşı, əhalinin içməli su təchizatının da xeyli yaxşılaşdırılmasına səbəb olmuşdur.

Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etmək imkanı qazandı. Lakin müstəqilliyin ilk illərində naşı, səriştəsiz adamların hakimiyyət sükanı arxasına keçməsi nəticəsində ölkə həyatının bütün sahələri böhranla üzləşmişdi. Həmin dövrdə iqtisadi müstəqilliyini əldə edə bilməyən respublikamızın dövlət müstəqilliyi üçünciddi təhlükə yaranmışdı. Yalnız ölkəmiz, xalqımız üçün son dərəcə məsul bir dövrdə Azərbaycanı üzləşdiyi bu bəlalardan qurtarmaq üçün xilaskarlıq missiyasını üzərinə götürmüş ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində təhlükə sovuşdu. Məhz  1993-cü ilin yayında xalqın təkidli xahişi ilə hakimiyyətə gələn ulu öndərin  müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı. Ümummilli liderimiz ölkədə siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, iqtisadi müstəqilliyin də əsasını qoymaq barədə götür-qoy etdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin, xalqımızın gələcək firavanlığının təminatına yönəldilməsini nəzərdə tutan mükəmməl neft strategiyası işlənib hazırlandı. 1994-cü il sentyabr ayının 20-də  “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda iqtisadi sabitliyin təməli qoyuldu. Bu da öz növbəsində beynəlxalq maliyyə qurumlarının ölkəmizdə  həyata keçirilən iqtisadiinfrastruktur layihələrinə marağını artırdı.

Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə ulu öndərin göstərişi ilə fiziki və mənəvi cəhətdən köhnəlmiş CeyranbatanKür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də  Avropa Yenidənqurma və İnkişaf  Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və şəxsi nüfuzu sayəsində ölkəmizin su sektoruna ilk dəfə olaraq güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu.  Həmin danışıqların nəticəsi olaraq sözügedən banklarBöyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verdilər. Xatırladaq ki, bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk kredit idi.

1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Ceyranbatan sutəmizləyici qurğular kompleksininin reagent təsərrüfatı, şəffaflaşdırıcılar, birinci növbə süzgəclər sexi tam bərpa olundu. Bundan əlavə, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ikinciüçüncü növbə süzgəclər sexi qismən yenidən quruldu, hər üç növbə üçün yeni xlorator təsərrüfatı yaradıldı. Bakı və Sumqayıt şəhərlərinin təxminən 40 faizini içməli su ilə təmin edən Ceyranbatan su anbarının ekoloji cəhətdən çirklənməsinin qarşısını almaq məqsədilə Avropa Birliyinin Azərbaycana fövqəladə yardım proqramı üzrə ayrılmış qrantı hesabına mühüm layihələr həyata keçirildi.

Dünya Bankı, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının  krediti hesabına maliyyələşdirilən “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Kür sutəmizləyici qurğular kompleksində də mühüm işlər görülmüşdür. Layihəyə uyğun olaraq radial, üfuqi durulducular, süzgəclər, xloratorreagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulmuş,  Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində də bir sıra yenidənqurma işləri aparılmışdır. Bütövlükdə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə  Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla 100,93 milyon dollar xərclənmişdir. ABŞ, Almaniya, İngiltərə və İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilmiş tədbirlər nəticəsındə təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılmışdır ki, bu da  paytaxt sakinlərinin  təmiz içməli su ilə təminatına imkan yaratmışdır.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü sosial-iqtisadi strategiyaya əsaslanan islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi bütün sahələrdə olduğu kimi, ölkənin içməli su təchizatı sektorunda da  iri infrastuktur layihələrinin reallaşdırılmasına səbəb olmuşdur. Son illər bu sahədə həyata keçirilmiş ən böyük layihə isə, heç şübhəsiz, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlıdır. Yeri gəlmişkən, Bakını ekoloji cəhətdən təmiz və keyfiyyətli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da  ümummilli lider Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, hələ vaxtilə “Bakıya bol-bol su gətirəcəyik” deyən ulu öndər 2002-ci ilin dekabr ayında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmişbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir.

Ulu öndərin bu nəcib təşəbbüsü onun layiqli varisi ölkə Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrildi. Belə ki, dövlət başçısının  sədrliyi ilə 2005-ci ilin sentyabrında Böyük Bakının su təchizatının yaxşılaşdırılması ilə bağlı keçirilən müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edilmiş və işlərin başlanmasına qərar verilmişdir. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş həmin layihə çərçivəsində diametri 2 min millimetr olan borularla 262,5 kilometr uzunluğunda su kəməri çəkilmişdir. Tikinti işləri ilə yanaşı, kəməri su ilə doldurmaq məqsədilə çoxlu artezian quyusu qazılmış, ərazidə yarımstansiya quraşdırılmış, dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksisuyun təmizlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur.

Son illər Azərbaycanın içməli su sektorunda həyata keçirilən ən böyük layihələrdən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilmişdir. Paytaxta saniyədə 5 kubmetr yüksək keyfiyyətli içməli suyun nəqlinə imkan yaradan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatdırılmışdır. Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə Yeni il ərəfəsində istifadəyə verilmiş su kəməri paytaxt sakinlərinə əsl bayram töhfəsi olmuşdur.

Son illər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri ilə yanaşı, ölkəmizin regionlarında da içməli su təchizatının yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülür, bu sahədə mühüm infrastruktur layihələri həyata keçirilir. Bu məqsədlə həm  dövlət büdcəsi, həm də beynəlxalq maliyyə təşkilatlarının vəsaitlərindən istifadə olunur. Ötən illər ərzində Azərbaycan hökuməti su təchizatı və kanalizasiya layihələrinin reallaşdırılması məqsədilə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Səudiyyə Fondu və digər beynəlxalq maliyyə qurumları ilə sazişlər imzalamışdır. Hazırda həmin sazişlər çərçivəsində regionlarda içməli su təsərrüfatının yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilir. Vaxtilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayan Kür su mənbəyi artıq ətraf rayonların  ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Elə hazırda regionların su təchizatının yaxşılaşdırılması sahəsində reallaşdırılan ən böyük layihə də məhz beş şəhərin və 121 kəndin içməli su probleminin birdəfəlik həllinə imkan verəcək Şirvan-Muğan qrup su kəmərinin tikintisidir. Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara buraxılması, eləcə də Ceyranbtanda ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisi ilə əlaqədar olaraq Abşerona  verilən içməli suyun həcmi xeyli artmışdır. Bu da Kür təmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaratmışdır. Məhz bu məqsədlə də ötən  ilin iyul ayında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi keçirilmişdir.  Bundan əlavə, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarında regionların, eləcə də Bakı şəhərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur. Artıq həmin tədbirlərin xeyli hissəsi uğurla başa çatdırlmış, bəzilərinin icrası isə sürətlə davam etdirilir. Bütövlükdə isə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası ölkə əhalisinin keyfiyyətli və dayanıqlı su təminatına mühüm töhfələr verəcəkdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 18 aprel.- S. 8.